A A A A A

1年の聖書


九月 7


Yeşaya 5:1-30
1. Sevgilimin üzüm bağı barəsindəMəhəbbət nəğməsini oxuyuram:Torpağın məhsuldar bir təpəsindəSevgilimin bir üzüm bağı var idi.
2. O, torpağı belləyib daşlardan təmizlədi,Seçmə meynələr əkdi,Ortada gözətçi qülləsi tikdi,Üzümsıxan düzəltdi,Üzümlüyün barını gözlədi,Amma bağ cır üzüm gətirdi.
3. «İndi isə xahiş edirəm, ey Yerusəlimdə yaşayanlar,Ey Yəhuda adamları,Mənimlə üzüm bağımın arasında hakim olun!
4. Bağım üçün daha nə etməliyəm?Üzümlüyün barını gözləyərkənAxı nə üçün bağım cır üzüm gətirsin?
5. İndi qoy mən sizə bağımla nə edəcəyimi bildirim:Çəpərini sökəcəyəm və onu yeyib-dağıdacaqlar,Hasarını yıxacağam və onlar tapdalanacaq.
6. Oranı viranəliyə çevirəcəyəm,Oranı nə budayacaqlar, nə də belləyəcəklər.Orada tikan və qanqal bitəcək,Buludlara əmr edəcəyəm ki,Üzərinə yağış yağmasın».
7. İsrail nəsli Ordular Rəbbinin üzüm bağıdır,Yəhuda adamları isə Onun sevimli meynələridir!O, ədalət gözləyirdi,Budur, zorakılıq gördü,O, salehlik gözləyirdi,Budur, fəryadlar gördü!
8. Yer qalmayana qədər evi evə,Tarlanı tarlaya birləşdirənlərin vay halına!Yaşamağa yer qoymamısınız,Məgər bu ölkədə tək siz yaşayırsınız?
9. Ordular Rəbbi mənə belə eşitdirdi:«Böyük və yaraşıqlı çoxlu evlər xaraba qalacaq,İçində yaşayan olmayacaq.
10. Üzümlüyün on sahəsindənbir bat şərab əldə ediləcək,Bir xomer toxumdan bir efa taxıl əmələ gələcək».
11. Vay halına səhər erkən qalxıb içki ardınca düşənlərin,Gecə yarısınadək şərab içib keflənənlərin!
12. Onların ziyafətlərindəLira, çəng, dəf və ney çalınar,Şərab içilər,Lakin onlar Rəbbin gördüyü işlərəDiqqət etməzlər, əməllərinə baxmazlar!
13. Buna görə xalqım ağılsızlığından sürgünə gedəcək,Onun adlı-sanlı adamları acından öləcək,Adi adamlar isə susuzluqdan yanacaq!
14. Ölülər diyarı həddindən artıq ağzını açıbDoymaq bilmir.Yerusəlimin adlı-sanlıları,Adi adamları, səs-küylə əylənən insanları bu diyara enəcək.
15. Buna görə də hamı yerə səriləcək,Hər kəs diz üstə çökdürüləcək,Təkəbbürlü baxışlar alçaldılacaq.
16. Amma Ordular RəbbiƏdaləti ilə ucaldılacaq,Müqəddəs Allah salehliyi iləMüqəddəsliyini göstərəcək.
17. Quzular öz otlaqlarındakı kimi otlayacaq,Varlıların viranə qalan evlərini yadellilər alacaq.
18. Pisliyi yalanla hörülmüş iplərlə,Günahı araba kəndirləri ilə çəkənlərin vay halına!
19. Onlar deyir: «Qoy Allah tələssin,Öz əməlini tez həyata keçirsin, biz də görək.Qoy İsrailin Müqəddəsinin niyyəti gerçək olsun ki, bunu bilək!»
20. Vay halına pisə yaxşı, yaxşıya pis söyləyənlərin,Qaranlığı işıq, işığı qaranlıq sayanların,Acıya şirin, şirinə acı deyənlərin!
21. Vay halına özlərini müdrik zənn edənlərin, ağıllı sayanların!
22. Vay halına şərab içməkdə qəhrəman,İçkiləri qarışdırıb içməkdə pərgar olanların!
23. Vay halına rüşvət alıb təqsirkara bəraət qazandıranların,Haqlıların haqqını əlindən alanların!
24. Beləliklə, alovun dili samanı necə yeyib-qurtarırsa,Küləş od içində necə əriyib-gedirsə,Onlar da köklərindən elə çürüyəcək,Tumurcuqları toz kimi havaya sovrulacaq,Çünki Ordular Rəbbinin qanununu rədd etdilər,İsrailin Müqəddəsinin sözünə xor baxdılar.
25. Buna görə də Rəbbin qəzəbi Öz xalqına qarşı alovlandı,Əlini onlara qarşı uzadaraq onları vurdu.Dağlar titrədi, küçələrdə meyitləri zibil kimi qaldı,Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,Əli hələ də cəzalandırmağa hazır idi.
26. Rəbb uzaqda yaşayan millətləriBayraq işarəsi ilə,Onları yer üzünün ucqarlarındanFit səsi ilə səsləyəcək.Tezliklə bu millətlər gələcək.
27. Aralarında yorulan, büdrəyən olmayacaq.Onlar mürgüləməyəcək və yuxuya getməyəcək,Belindəki kəmər açılmayacaq, ayaqqabı bağı qırılmayacaq.
28. Onların oxları iti, yayları da dartılmışdır.Atların dırnaqları çaxmaq daşına bənzər,Döyüş arabalarının təkərləri qasırğa kimidir.
29. Onların nərəsi bağıran şikarlarını qapıb aparan,Kimsə onu əlindən ala bilməyənŞirin, gənc aslanın nərəsinə bənzər.
30. O gün İsrailə qarşı onlar dənizin uğultusu kimi gurlayacaqlar.Kim yerə baxarsa, budur, zülmət, dərd görəcək.Axı işıq qara buludlarla örtülüb.

Yeşaya 6:1-13
1. Padşah Uzziya ölən il mən Xudavəndi gördüm. O, uca və əzəmətli taxtda oturmuş və geyimlərinin ətəyi məbədin döşəməsini örtmüşdü.
2. Onun ətrafında seraflardayanmışdı. Hər birinin altı qanadı var idi. Qanadının ikisi ilə üzlərini, ikisi ilə ayaqlarını örtmüş, ikisi ilə uçurdular.
3. Biri o birini səsləyib deyirdi:«Ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!Bütün yer üzü Onun əzəməti ilə doludur».
4. Serafların səsindən qapı çərçivələri ilə kandarları sarsıldı, məbəd tüstü ilə doldu.
5. Mən dedim:«Vay halıma, həlak oldum!Çünki ağzı murdar bir adamam,Həm də murdar ağızlı adamlar arasında yaşayıram.Buna baxmayaraq, qarşımda Padşahı –Ordular Rəbbini gözlərimlə gördüm».
6. Seraflardan biri mənə tərəf uçdu, əlində də maşa ilə qurbangahdan götürdüyü yanar kömür var idi.
7. O, kömürlə dodaqlarıma toxunaraq dedi:«Budur, bu kömür dodaqlarına dəydi,Pisliyin silindi, günahın bağışlandı».
8. Sonra Xudavəndin səsini eşitdim: «Kimi göndərim? Bizim üçün kim gedəcək?» Mən dedim: «Mən buradayam. Məni göndər».
9. O dedi: «Get bu xalqa bunu çatdır:“Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız,Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız.
10. Bu xalqın ürəyini kütləşdir, qulaqlarını ağır eşidən elə, gözlərini yum ki,Gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər,Ürəkləri ilə anlamasınlarVə Mənə sarı dönüb şəfa tapmasınlar”».
11. «Nə vaxtadək, ya Xudavənd?» deyə soruşdum. Rəbb cavab verdi:«Şəhərlər xarabalıqlara dönüb kimsəsiz,Evlər adamsız, bu torpaq büsbütün viranə qalanadək.
12. Rəbb adamları çox uzaqlara sürgün edəcək,Ölkənin çox yerləri viran qalacaq.
13. Xalqın onda biri qalsa belə,Ölkə yenə dağılacaq;Lakin kəsiləndə kötüyü qalanYabanı püstə və palıd ağacı kimiMüqəddəs nəsil onun kötüyüdür».

Zəbur 105:23-26
23. Sonra İsrail Misirə gəldi,Yaqub Ham ölkəsində yerləşdi.
24. Rəbb onun xalqına bərəkət verdi,Düşmənlərindən çox onlara qüdrət verdi.
25. Rəbb düşmənlərinə fikir göndərdi ki, xalqına nifrət etsinlər,Qullarına qarşı fırıldaq işlətsinlər.
26. Qulu Musanı,Həm də seçdiyi Harunu göndərdi.

Süleymanın Məsəlləri 24:28-29
28. Qonşunun əleyhinə haqsız şahidlik etmə,Qoy dilindən yalan söz çıxmasın.
29. Demə: «Mənə etdiyini mən də ona edəcəyəm,Onun əməlinin əvəzini verəcəyəm».

1 Korinflilərə 15:29-58
29. Yoxsa ölülər uğrunda vəftiz olunanlar nə edəcək? Əgər ölülər heç vaxt dirilməsə, insanlar ölülər uğrunda niyə vəftiz olunur?
30. Biz də nə üçün hər an təhlükələrə uğrayırıq?
31. Ey qardaşlar, Rəbbimiz Məsih İsada sizinlə etdiyim fəxrin haqqı üçün mən hər gün ölümlə qarşılaşıram.
32. Adi insanların bəslədiyi ümidlərlə Efesdə vəhşi heyvanlarla mübarizə aparmağımın mənə xeyri nə idi? Əgər ölülər dirilməzsə, «qoy yeyib-içək, çünki sabah öləcəyik!»
33. Aldanmayın:«Pis adamlarla ünsiyyət yaxşı əxlaqı pozur».
34. Ayılın, saleh olun, daha günaha batmayın. Axı bəziləriniz Allah barəsində heç nə bilmir. Utanasınız deyə bunu yazıram.
35. Lakin bir nəfər belə deyə bilər: «Ölülər necə diriləcək? Onlar nə cür bədənlə gələcəklər?»
36. Ey ağılsız insan! Sənin əkdiyin toxum ölməsə, həyata qovuşmaz!
37. Əkərkən hasil olacaq bədəni deyil, yalnız toxumu – bəlkə buğdanın ya digər bitkinin toxumunu əkirsən.
38. Amma Allah o toxuma istədiyi quruluşu verir. O hər bir bitən toxuma özünə məxsus quruluş verir.
39. Hər canlı məxluqun əti eyni deyil. İnsan əti başqa, heyvan əti başqa, quş əti başqa, balıq əti başqadır.
40. Səma cisimləri var, dünya cisimləri də var. Amma səmavi olanların ehtişamı başqa, dünyəvi olanların da başqadır.
41. Günəşin ehtişamı başqa, ayın ehtişamı başqa, ulduzların ehtişamı başqadır. Ulduz da digər ulduzdan ehtişamına görə fərqlənir.
42. Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər, ondan əmələ gəlib dirilən bədən çürüməz;
43. əkilən toxum hörmətsiz, dirilən bədən izzətlidir; əkilən toxum zəif, dirilən bədən qüvvətlidir;
44. əkilən toxum təbii, dirilən bədən ruhanidir. Təbii bədən varsa, ruhani bədən də var.
45. Necə ki yazılıb: ilk insan Adəm «canlı bir varlıq oldu». Sonuncu Adəm isə həyat verən ruh oldu.
46. Amma ilkin ruhani deyil, təbii bədəndir. Ruhani isə sonra gəlir.
47. İlk insan yerin torpağından, ikinci İnsan göydən yarandı.
48. Torpaqdan yaranan adam necədirsə, torpaqdan yarananlar da elədir; səmavi Adam necədirsə, səmavilər də elədir.
49. Biz torpaqdan yarananın surətini necə gəzdiririksə, səmavi Olanın surətini də elə gəzdirəcəyik.
50. Ey qardaşlar, bunu demək istəyirəm ki, ət və qan Allahın Padşahlığını irs olaraq ala bilməz, eləcə də çürüyən bədən çürüməzliyi irs olaraq almaz.
51. Baxın sizə bir sirr açmaq istəyirəm: hamımız vəfat etməyəcəyik,
52. amma son şeypur çalınanda bir andaca, bir göz qırpımındaca hamımız dəyişiləcəyik. Çünki şeypur çalınacaq, ölülər çürüməzliklə diriləcək, bizsə dəyişiləcəyik.
53. Çünki bu çürüyən bədən çürüməzliyə, bu ölümə düçar olan bədən ölməzliyə bürünməlidir.
54. Çürüyən bədən çürüməzliyə və ölümə düçar olan bədən ölməzliyə büründükdə«Ölüm yox edildi,Onun üzərində qələbə çalındı!»deyə yazılmış söz yerinə yetəcək.
55. «Ey ölüm, qələbən hanı?Ey ölüm, neştərin hanı?»
56. Ölümün neştəri günahdır, günah isə gücünü Qanundan alır.
57. Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!
58. Beləliklə, ey sevimli qardaşlarım, Rəbdə çəkdiyiniz zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın, hər zaman Rəbbin işində səylə çalışın.