A A A A A

Bir il Bibliya


Sentyabr 25


Yeşaya 41:1-29
1. Rəbb deyir:«Susun qarşımda, ey uzaq diyarlar!Qoy ümmətlər yeni güc alsın,Qoy yaxınlaşıb danışsınlar,Məhkəmə üçün birgə toplaşaq.
2. Ədalətli adamı şərqdən kim ayağa qaldırdı?Kim ona xidmət etməyi əmr etdi?Millətləri onun ixtiyarına kim verdi?Padşahları kim məğlub etdi?O öz qılıncı iləOnları torpağın tozuna çevirir,Yayı ilə göyə sovrulan samana döndərir.
3. O onları təqib edir,Ayaqlarını basmadığı yoldan sağ-salamat keçir.
4. Bunları kim etdi, tamamladı?Əzəldən bəri nəsilləri çağıran kimdir?Mən Rəbbəm, birinciyəm və sonuncularla da Mən Oyam».
5. Uzaq diyarlar bunu görüb qorxdu,Dünyanın ucqar yerləri lərzəyə gəldi.Onlar yaxınlaşıb gəldilər,
6. Hər kəs qonşusuna kömək edir,Qardaşına «Cəsur ol!» deyir.
7. Usta zərgəri ürəkləndirir,Hamarlayan zindana çəkiclə vuranı ruhlandırır,«Lehim yaxşı oldu» deyir.Büt yerindən laxlamasın deyə bütün mıxları bərkidirlər.
8. Lakin sən ey qulum İsrail,Seçdiyim Yaqub nəsli,Dostum İbrahimin övladları!
9. Səni dünyanın ucqar yerlərindən topladım,Ən uzaq yerlərdən səslədim:«Sən qulumsan, səni seçdim, rədd etmədim» dedim.
10. Qorxma, çünki Mən səninləyəm,Dəhşətə gəlmə, çünki Allahın Mənəm.Səni qüvvətləndirəcəyəm,Sənə kömək edəcəyəm.Sadiq sağ əlimlə sənə dayaq olacağam.
11. Sənə qarşı hirslənənlər hamısı xəcalət çəkib biabır olacaq,Sənə qarşı çıxanlar heçə çıxıb tələf olacaq.
12. Səninlə düşmənçilik edənləri axtaracaqsan,Amma tapa bilməyəcəksən,Səninlə vuruşanlar heç olacaq,
13. Çünki sənin sağ əlindən tutub«Qorxma, sənə kömək edəcəyəm» deyən Allahın Rəbb Mənəm.
14. «Ey torpaq qurdu olan Yaqub nəsli,Ey İsrail əhli, qorxma!Sənə kömək edəcəyəm» Rəbb bəyan edir.Səni Satınalan İsrailin Müqəddəsidir.
15. Budur, səni təzə, dişləri iti vəl edəcəyəm.Sən dağları döyüb əzəcəksən,Təpələri saman çöpü kimi sovuracaqsan.
16. Sən onları sovurduqda külək aparacaq,Qasırğa onları dağıdacaq,Sənsə Rəbdə sevinəcəksən,İsrailin Müqəddəsi ilə öyünəcəksən.
17. Məzlumlar və fəqirlərSu axtarıb tapmayandaDilləri susuzluqdan quruyur.Mən Rəbb onlara cavab verəcəyəm.Mən İsrailin Allahı onları tərk etməyəcəyəm.
18. Çılpaq təpələrdən çaylar,Vadilərdə su mənbələri açacağam.Səhranı gölməçəyə, quraq torpağı bulaqlara çevirəcəyəm.
19. Səhrada sidr, əbrişim, mərsin və zeytun əkəcəyəm.Quru torpaqda şam, çinar və sərv ağacını bir sırada salacağam.
20. Beləcə insanlar görüb bilsin,Birgə fikirləşib başa düşsün:Bunu edən Rəbbin əlidir,Bunu yaradan İsrailin Müqəddəsidir.
21. Rəbb deyir: «İşinizi təqdim edin,Sübutlarınızı göstərin»,Bunu Yaqubun Padşahı söyləyir.
22. Bütlərinizi gətirin və qoy onlar sonra nə olacağını bizə bildirsin,Olub-keçənləri bizə nəql etsin,Biz dərindən düşünüb sonunu öyrənək.Yaxud onlar gələcəyi bizə agah etsin.
23. Ey bütlər, bundan sonra baş verən hadisələrdən bizə danışın,Qoy sizin allah olduğunuzu bilək!Yaxşılıq ya pislik edin ki, hamımız qorxub vahiməyə düşək.
24. Amma siz heç nəsiniz, əməlləriniz də heçdir.Sizə səcdə etməyi seçən iyrəncdir!
25. Şimaldan bir nəfəri hərəkətə gətirdim, o gəlir.O, gündoğandan adımı çağıracaq.Dulusçu gili tapdalayan kimiO, hökmdarları palçıq kimi tapdalayacaq.
26. Kim bunu başlanğıcdan bəyan etdi ki, biz bilək,Əvvəlcədən kim bildirdi ki,Biz «O haqlıdır» deyə bilək?Amma bunu bəyan edən yox idi,Bildirən yox idi,Sözlərinizi eşidən də yox idi.
27. İlk olaraq Siona «budur, budur onlar» deyirəm.Yerusəlimə müjdəçini göndərəcəyəm.
28. Baxdım, aralarında öyüd-nəsihət verə bilən heç kim yox idi ki,Onlardan soruşum, bir cavab alım.
29. Budur, hamısı puçdur,Etdikləri işlər də heç bir şeydir,İnsanların tökmə bütləri yalnız küləkdir, fanidir.

Yeşaya 42:1-25
1. Budur, Mənim saxladığım, seçdiyim qulum!Könlüm ondan razıdır!Mən Öz Ruhumu onun üzərinə qoymuşam.O, millətlərə ədalət gətirəcək.
2. Çığırmayacaq, səsini qaldırmayacaq,Küçələrdə heç kim onun səsini eşitməyəcək.
3. Əzilmiş qamışı qırmayacaq,Tüstülənən piltəni söndürməyəcək.O, ədaləti sədaqətlə yayacaq.
4. O, yer üzündə ədaləti quranadəkÜmidini, cəsarətini itirməyəcək,Uzaq diyarlar onun qanununa etibar edəcək.
5. Göyləri yaradıb onları sərən,Yeri və onun üzərindəkiləri düzəldən,Dünyadakı adamlara nəfəs verən,Yer üzündə gəzən insanlara ruh verənRəbb Allah belə deyir:
6. «Mən Rəbb salehliyimlə səni çağırdım,Səni əlindən tutacağam,Səni qoruyacağam,Səni xalqım üçün əhd edəcəyəm,Millətlərə nur edəcəyəm ki,
7. Korların gözlərini açasan,Zindandan dustaqları,Zülmətdə, həbsxanada oturanları azad edəsən.
8. Mən Rəbbəm, adım budur.Öz izzətimi heç kimə vermərəm,Həmdlərimi bütlərə bəxş etmərəm.
9. Budur, əvvəlki işlər həyata keçdi,İndi Mən təzə işləri bəyan edirəm,Onlar yetişməmişdən əvvəlSizi xəbərdar edirəm».
10. Ey dəniz səyyahları, dənizdəki canlılar,Uzaq diyarlar və orada yaşayanlar,Rəbbə yeni ilahi oxuyun!Dünyanın ən ucqar yerlərindənOna həmdlər gətirin!
11. Qoy səhra və oradakı şəhərlər,Qedar xalqı yaşayan kəndlər səsini ucaltsın,Sela sakinləri tərənnüm nəğməsi söyləsin,Dağların zirvəsindən qışqırsın.
12. Hamı Rəbbi izzətləndirsin,Uzaq diyarlar da Ona həmd etsin.
13. Rəbb cəsur igid kimi çıxacaq,Cəngavər kimi qeyrətə gələcək,Çığırıb döyüş nərəsi çəkəcək,Düşmənlərinə Öz qüdrətini göstərəcək.
14. Rəbb deyir:«Xeyli vaxtdır ki, dinmirəm,Susuram, səbir edirəm,İndi isə doğuş ağrısı çəkən qadın kimiQışqıracağam, təngnəfəs olub zarıyacağam.
15. Dağları, təpələri dağıdacağam,Bütün yaşıllıqlarını qurudacağam,Çayları adalara çevirəcəyəm, hovuzları qurudacağam.
16. Korları tanımadıqları yolla aparacağam,Onlara bilmədikləri yollarda rəhbər olacağam.Qaranlığı qarşılarında işığa,Kələ-kötür yolları düzənliyə çevirəcəyəm.Bu şeyləri onlar üçün edəcəyəm,Onları tərk etməyəcəyəm.
17. Oyma bütlərə güvənənlər,Tökmə bütlərə “Sizsiniz allahlarımız” deyənlərGeri qaytarılıb utandırılacaq.
18. Ey karlar, eşidin!Ey korlar, baxın, görün!
19. Qulum qədər kor olan varmı?Göndərdiyim qasid qədər kar olan varmı?Özünü Mənə həsr edən, Rəbbin qulu qədər kor olan varmı?
20. Siz çox şey gördünüz, amma nəzərə almadınız,Qulaqlarınız açıq idi, amma eşitmədiniz!»
21. Rəbb Öz salehliyi naminəQanununu ucaldıb izzətləndirməkdən xoşlandı.
22. Lakin bu qarət olunmuş, soyulmuş xalqdır.Hamısı qazamatlarda buxovlanıb zindanlarda saxlanılmışdır.Onlar ovlanıb və qurtaranları yoxdur.Onları qarət edirlər, «geri qaytarın» deyən yoxdur.
23. Sizdən kim buna qulaq asacaq,Gələcəkdə kim diqqətlə dinləyəcək?
24. Yaqub nəslini, İsraili soyğunçular əlinəKim qarət edilmək üçün təslim etdi?Məgər qarşısında günah işlətdiyimiz Rəbb deyilmi?Onlar Onun yolları ilə getmək istəmədi,Qanununa qulaq asmadı.
25. Buna görə alovlu qəzəbini, döyüşün şiddətini üstlərinə yağdırdı.Od onları dövrəyə aldı,Amma onlar anlamadılar,Onları yandırdı,Amma ona ciddi fikir vermədilər.

Zəbur 109:26-31
26. Ya Rəbb Allahım, Sən mənə kömək et,Məhəbbətinə görə məni qurtar.
27. Bilsinlər ki, bu Sənin əlindədir,Ya Rəbb, Sən bunu edə bilərsən.
28. Qoy onlar qarğış etsinlər, Sən mənə xeyir-dua ver,Qoy onlar əleyhimə qalxarkən utansınlar.Sənin qulunam, qoy sevinim!
29. İttihamçılarım rüsvayçılığa bürünsünlər,Xəcaləti xalat kimi geyinsinlər.
30. Mənim dilim Rəbbə bol-bol şükür söyləyəcək,Xalq içində Ona həmd edəcək.
31. Çünki O, fəqirin sağ tərəfində dayanar ki,Edam hökmü verənlərin əlindən onu qurtarsın.

Süleymanın Məsəlləri 26:3-4
3. Ata qamçı, eşşəyə noxta necə yaraşırsa,Axmağın kürəyinə də kötək elə yaraşır.
4. Axmağa səfehliyinə görə cavab vermə,Yoxsa ona bənzərsən.

Qalatiyalılara 3:1-29
1. Ey ağılsız Qalatiyalılar! Sizi kim tilsimlədi? İsa Məsihin çarmıxa çəkilməsi gözləriniz önündə açıqca təsvir olundu!
2. Sizdən yalnız bunu öyrənmək istəyirəm: Ruhu Qanuna əməl etməklə, yoxsa eşitdiyinizə iman etməklə aldınız?
3. Siz bu qədərmi ağılsızsınız? Ruhla başlayandan sonra indi cismani səyləmi bitirirsiniz?
4. Boş yerəmi o qədər əzab çəkdiniz? Həqiqətən, bunlar boş yerə idi?
5. Bəs sizi Ruhla təmin edən və aranızda möcüzələr yaradan Allah bunları Qanuna əməl etməyinizlə, yoxsa eşitdiyinizə iman etməyinizlə icra edir?
6. Məsələn, «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı».
7. İndi isə bunu bilin ki, İbrahimin övladları imana əsaslananlar olur.
8. Müqəddəs Yazı Allahın başqa millətləri imanları ilə saleh sayacağını qabaqcadan görüb İbrahimə «bütün millətlər sənin vasitənlə xeyir-dua alacaq» deyərək Müjdəni qabaqcadan bildirdi.
9. Beləliklə, imana əsaslananlar iman etmiş olan İbrahimlə birlikdə xeyir-dua alırlar.
10. Qanuna əməl etməyə əsaslananların hamısı lənət altındadır. Çünki yazılıb: «Qoy Qanun kitabında yazılan hər şeyə riayət etməyən, onu təsdiq etməyən hər kəsə lənət olsun!»
11. Aydındır ki, Allah qarşısında heç kim Qanun vasitəsilə saleh sayılmır, çünki «saleh adam imanla yaşayacaq».
12. Qanun isə imana əsaslanmamışdır. Əksinə, «bu şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq».
13. Məsih bizim uğrumuzda lənətlənərək bizi Qanunun lənətindən satın aldı. Çünki yazılıb: «ağacdan asılan hər kəsə lənət olsun!»
14. Belə ki İbrahimin aldığı xeyir-dua Məsih İsada bütün başqa millətlərin üzərinə gəlsin və biz vəd edilmiş Ruhu iman vasitəsilə alaq.
15. Qardaşlar, insan düşüncəsi əsasında deyirəm: hətta insanın belə təsdiq etdiyi əhdi heç kəs ləğv edə bilməz yaxud da ona heç bir şey əlavə edə bilməz.
16. Vədlər yalnız İbrahimə və onun nəslinə verildi. Allah çox adam barədə danışırmış kimi «və nəslindən olanlara» yox, tək bir adam barədə danışaraq «və sənin nəslindən olana» deyir; bu «nəslindən olan» Məsihdir.
17. Bunu demək istəyirəm: Allahın təsdiq etdiyi Əhdi bundan dörd yüz otuz il sonra gələn Qanun qüvvədən sala bilməz ki, vədi ləğv etsin.
18. Çünki əgər irs Qanuna əsaslanırsa, artıq vədə əsaslanmır. Amma Allah İbrahimə irsi vəd vasitəsilə lütfə görə verdi.
19. Bəs Qanun nə üçündür? Qanun Əhdi pozanları təqsirləndirmək üçün əlavə olundu. Vədi alan və İbrahimin nəslindən olan Şəxs gələnə qədər qüvvədə qalmalı idi. Mələklər vasitəsilə, bir vasitəçi əli ilə tərtib edildi.
20. Vasitəçi tək bir nəfərə aid deyildir, Allah isə birdir.
21. Deməli, Qanun Allahın vədlərinə ziddirmi? Əsla! Çünki əgər həyat verməyə qadir olan bir Qanun verilsəydi, salehlik, həqiqətən, Qanunla gələrdi.
22. Lakin Müqəddəs Yazı bütün kainatı günahın əsiri elan etdi ki, İsa Məsihə olan imanla vəd olunan şeylər iman edənlərə verilsin.
23. Amma bu iman gəlməzdən qabaq biz Qanun altında saxlanmışdıq, gələcək iman zühur edənə qədər əsir tutulmuşduq.
24. Yəni Qanun bizə Məsihə qədər yol göstərən mürəbbimiz oldu ki, imanla saleh sayılaq.
25. Amma iman gəldiyinə görə biz artıq mürəbbinin əli altında deyilik.
26. Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın övladlarısınız.
27. Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz.
28. Artıq Yəhudi ilə Yunan, qulla azad, kişi ilə qadın arasında fərq yoxdur. Çünki hamınız Məsih İsada birsiniz.
29. Əgər Məsihə aidsinizsə, deməli, İbrahimin nəslindənsiniz və vədə görə varissiniz.