A A A A A

Bir il Bibliya


Sentyabr 21


Yeşaya 33:1-24
1. Vay halına, ey yıxıb-dağıdan,Amma özü yıxılmayan insan!Vay halına, ey xain adam,Hərçənd sənə qarşı xəyanət etməmişlər!Sən məhv edib qurtaran zamanÖzün də yıxılacaqsan,Sən xain əməllərindən dönəndəXəyanətlə rastlaşacaqsan.
2. Ya Rəbb, bizə qarşı lütfkar ol,Çünki Sənə ümid etmişik.Hər səhər bizim qüvvətimiz ol,Fəlakət günündə bizi qurtar.
3. Sənin qüdrətli səsindən xalqlar qaçır,Sən ayağa qalxarkənMillətlər pərən-pərən olur.
4. Çəyirtkələr tarlanı nə cür talan edirlərsə,Ey millətlər, qənimətiniz də o cür talan olacaq.Malınızın üstünə çəyirtkə yığını kimi cumacaqlar.
5. Rəbb ucadır, yüksəklərdə oturur,Sionu ədalətlə və salehliklə doldurur.
6. O, yaşadığınız dövrün təməlidir,Qurtuluşun, hikmətin, biliyin mənbəyidir,Rəbb qorxusu sənin xəzinəndir.
7. Budur, millətlərin igidləri küçələrdə çığırırlar.Sülh qasidləri hönkürüb ağlayırlar.
8. Yollar boşalıb, səyyahlar yoxdur.Düşmən əhdi pozdu,Şəhərləri dağıtdı, adamları alçaltdı.
9. Ölkə yas tutur, zəifləyir,Livan məğlub olub, solub,Şaron səhraya dönür,Başan və Karmelin ağacları yarpaqlarını tökür.
10. Rəbb deyir:«İndi qalxacağam,İndi yüksələcəyəm,İndi ucalacağam.
11. Samana hamilə qalıb küləş doğacaqsınız,Nəfəsiniz sizi məhv edən alova dönəcək.
12. Xalqlar yanıb kül olacaq,Kəsilib odda yandırılan tikanlı kollara oxşayacaq.
13. Ey uzaqda yaşayanlar,Nə elədiyimi eşidin,Ey yaxında yaşayanlar,Mənim gücümü bilin».
14. Siondakı günahkarlar dəhşətə,Allahsızlar lərzəyə gəldi:«Hər şeyi məhv edən alovun yanında hansımız yaşaya bilərik?Əbədi yanan atəşin yanında hansımız dayana bilərik?»
15. Amma salehlik yolu ilə gedən,Doğru sözlər danışan,Zorakılıqla əldə edilən qazancı rədd edən,Əlini rüşvətdən uzaq tutan,Qatillərin qurduğu qəsdə fikir verməyən,Pisliyə qarşı gözlərini yuman
16. Yüksəkliklərdə yaşayacaq,Təpələrin başındakı qalalar onun dayağı olacaq.O, çörəklə, su ilə təmin olunacaq.
17. Gözlərin padşahı bütün gözəlliyi ilə görəcək,Ucsuz-bucaqsız ölkəni seyr edəcək.
18. «Haradadır xərac yığan?Haradadır qeydiyyat aparan?Haradadır qüllələrə nəzər salan?» deyərəkDəhşətli günlər haqqında düşünəcəksən.
19. Anlaşılmaz, yad dildə danışanTəkəbbürlü xalqı daha görməyəcəksən.
20. Bayramlar keçirdiyimiz şəhərə – Siona bax!Gözlərin Yerusəlimi,Sarsılmaz çadırı, sülh məskənini görəcək.Onun payaları heç vaxt sökülməyəcək,Kəndirlərinin heç biri qırılmayacaq.
21. Lakin orada –Geniş çayların, irmaqların olduğu yerdəƏzəmətli Rəbb bizimlə olacaq.Oradan avarlı qayıqlar, böyük gəmilərKeçə bilməz.
22. Çünki Rəbdir hakim olan,Rəbdir qanunumuzu qoyan,Padşahımız Rəbdir, Odur bizi qurtaran.
23. Gəmilərinin ipləri boşaldı,Dor ağacları yerində möhkəm dayanmadı,Yelkənləri açılmadı.O vaxt böyük talan malı paylanacaq,Hətta topal adamlar da talan edəcək.
24. Heç bir Sion sakini«Xəstəyəm» deməyəcək,Orada yaşayan xalqın günahları bağışlanacaq.

Yeşaya 34:1-17
1. Ey millətlər, yaxın gəlin, eşidin,Ey ümmətlər, dinləyin!Ey dünya və sakinləri,Yer üzü və onun bütün yetirmələri, qulaq asın!
2. Çünki Rəbb bütün millətlərə qarşı qəzəbləndi,Onların ordularına qarşı qeyzə gəldi.Onların hamısını məhv edəcək,Ölümə məhkum edəcək.
3. Ölüləri kənara atılacaq,Meyitlərindən üfunət qalxacaq,Dağlar onların qanına bulanacaq.
4. Bütün göy cisimləri çürüyəcək,Göylər bir tumar kimi büküləcək.Göy ulduzları meynə yarpağı kimi,Əncir yarpağı kimi düşəcək, saralıb-solacaq.
5. Rəbb deyir:«Çünki qılıncım göylərdə doyub,Bax Edomun üzərinə,Məhv etməyə qərar verdiyim xalqın üzərinə enir».
6. Rəbbin qılıncı qanla, quzu və təkə qanı ilə doydu,Qoç böyrəklərinin yağı ilə piy bağladı.Çünki Rəbb Bosrada qurban,Edomda isə böyük qırğın hazırlayıb.
7. Onlarla birlikdə çöl öküzləri,Buzovlar, güclü buğalar yerə səriləcək.Onların ölkəsi qanla dolacaq, torpaqları piylə münbit olacaq.
8. Çünki Rəbbin qisas günü var,Siona edilən zülmlərin intiqam ili var.
9. Edomun axar suları qatrana,Torpağı kükürdə dönəcək,Ölkənin hər tərəfi yanan qatrana çevriləcək;
10. Gecə-gündüz sönməyəcək, tüstüsü həmişə qalxacaq,Nəsildən-nəslədək viran qalacaq,Əsrlər boyu oradan heç kəs keçməyəcək.
11. Orada ancaq bayquşlarla kirpilər yurd salacaq,Böyük bayquşlarla qarğalar orada yaşayacaq.Rəbb oranı qarmaqarışıqlıq ipi, viranəlik şaqulu ilə ölçəcək.
12. Orada heç bir adlı-sanlı adam qalmayacaq ki,Onu padşah elan etsinlər.Bütün başçıların sonu gələcək.
13. Saraylarında tikanlar,Qalalarında gicitkən və böyürtkən bitəcək.Ora çaqqalların yurdu, dəvəquşuların yuvası olacaq.
14. Vəhşi heyvanlarla goreşənlər orada görüşəcək,Təkələr bir-birini səsləyəcək,Gecə heyvanları da orada məskunlaşıb rahat yer tapacaq.
15. Orada bayquş yuva quracaq, yumurtlayacaq,Öz kölgəsi altında balalar çıxaracaq.Çalağanlar da orada cüt-cüt yığışacaq.
16. Rəbbin kitabını araşdırın, oxuyun,Bunlardan heç biri əskik olmayacaq,Hər bir dişi heyvan öz cütünü tapacaq,Çünki bu əmr Onun ağzından çıxdı,Ruhu da onları toplayacaq.
17. Rəbb Özü onlar üçün püşk atdı,Əli ilə ölkəni ölçüb, onlara payladı.Onlar bu ölkəyə əbədi malik olacaq,Nəsildən-nəslə burada yaşayacaq.

Zəbur 109:1-5
1. Ey tərənnüm etdiyim Allah, susma!
2. Çünki pislər, hiyləgərlər ağzını açıbYalançı dilləri ilə məndən danışırlar.
3. Mənə hər tərəfdən nifrət dolu sözlər deyirlər,Nahaq yerə hücumlarına məruz qalıram.
4. Sevgimin əvəzinə mənə ittiham yağdırırlar,Mən isə dua etməkdəyəm.
5. Yaxşılığımın əvəzinə yamanlıq edirlər,Sevgimin əvəzinə nifrətlə cavab verirlər.

Süleymanın Məsəlləri 25:25-26
25. Susuzluqdan yanana sərin su necədirsə,Uzaq diyardan gələn xoş xəbər də elədir.
26. Əgər saleh insan pis adama təslim olarsa,Bulanan bulağa, murdarlanan quyuya bənzəyir.

2 Korinflilərə 12:1-21
1. Faydalı olmasa da, öyünməliyəm. İndi Rəbdən gələn görüntülərə və vəhylərə keçirəm.
2. Məsihdə olaraq on dörd il bundan əvvəl – bədəndəmi, yoxsa bədəndən xaricmi, mən bilmirəm, Allah bilir – götürülüb göyün üçüncü qatına aparılan bir insanı tanıyıram.
3. Bilirəm ki, bu adam – bədəndəmi, yoxsa bədəndən kənarmı, mən bilmirəm, Allah bilir –
4. cənnətə aparılıb orada dillə ifadə olunmayan, insanın danışması qadağan olunan sözlər eşitdi.
5. Belə birisi ilə öyünəcəyəm, amma özümlə əlaqədar olaraq zəifliyimdən başqa bir şeylə öyünməyəcəyəm.
6. Öyünmək istəsəm belə, ağılsız olmayacağam. Çünki həqiqəti deyəcəyəm. Amma heç kim məni görüb eşitdiyindən artıq bir şəxs saymasın deyə öyünməkdən çəkinirəm.
7. Aldığım vəhylərin üstünlüyü ilə qürurlanmayım deyə cismim üçün bir tikan, yəni mənə əzab vermək üçün Şeytanın bir elçisi göndərildi ki, qürurlanmayım.
8. Bunun məndən uzaq olması üçün üç dəfə Rəbbə yalvardım.
9. Amma O mənə dedi: «Lütfüm sənə kifayətdir, çünki zəiflik olanda qüvvə tam olur». Məsihin qüvvəsi məndə məskən salsın deyə zəifliklərimlə daha çox sevinə-sevinə öyünəcəyəm.
10. Ona görə də Məsih uğrunda zəifliklərə, təhqirlərə, ehtiyaclara, təqiblərə və sıxıntılara məmnuniyyətlə dözürəm, çünki mən zəifləyəndə qüvvətlənirəm.
11. Mən ağılsızlaşdım, çünki siz məni vadar etdiniz. Amma siz mənim barəmdə zəmanət verməli idiniz. Çünki özüm bir şey olmasam da, həmin «böyük həvarilər»dən heç də geri qalmıram.
12. Həvariliyimin nişanələri aranızda əlamətlər, xariqələr və möcüzələr vasitəsilə, böyük dözümlülüklə göstərildi.
13. Mən sizə yük olmadım, bundan başqa sizin digər cəmiyyətlərdən nə əskiyiniz var? Bu haqsızlığımı bağışlayın!
14. Budur, üçüncü dəfə yanınıza gəlməyə hazıram. Sizə yük olmayacağam, çünki sizdən heç nə istəmirəm, yalnız sizi istəyirəm. Axı övladların ata-ana üçün deyil, ata-ananın övladları üçün ehtiyat görməsi doğru sayılır.
15. Mən də sizin həyatınız uğrunda sevinə-sevinə malımdan və canımdan keçəcəyəm. Sizi daha da çox sevsəm, daha az seviləcəyəmmi?
16. Qoy belə olsun. Düşünürsünüz ki, mən sizə ağır yük olmadım, amma çoxbilmiş olduğuma görə sizi fənd işlədərək aldatdım.
17. Yanınıza göndərdiyim adamlardan hansı biri ilə sizi istismar etdim?
18. Titi yanınıza gəlmək həvəsinə saldım və o biri qardaşı da onunla göndərdim. Tit mənə görə sizi istismar etmədi, elə deyilmi? Eyni ruhda həyat sürmədikmi? Eyni izlə getmədikmi?
19. Bu vaxta qədər qarşınızda özümüzü müdafiə etdiyimizi düşünürsünüzmü? Allahın qarşısında, Məsihdə olaraq danışırıq. Sevimlilər, etdiyimiz hər şey sizin inkişafınız üçündür.
20. Qorxuram ki, gəlişimdə sizi istədiyim vəziyyətdə tapmayım, siz də istədiyinizi məndə tapmayasınız və aranızda münaqişə, qısqanclıq, hiddət, özünü göstərmə, böhtan, qeybət, lovğalıq, qarışıqlıq tapam.
21. Bu da məni qorxudur ki, yanınıza gələndə Allahım məni sizin qarşınızda aşağı tutacaq: əvvəllər günah işlədərək batdıqları murdarlıq, əxlaqsızlıq və pozğunluqdan tövbə etməyən bir çox adamlar üçün yas tutacağam.