A A A A A

Bir il Bibliya


Sentyabr 17


Yeşaya 25:1-12
1. Ya Rəbb, Sən mənim Allahımsan,Səni ucaldıram, adına həmdlər oxuyuram.Çünki Sən qədimdən bəri möcüzələrini, niyyətləriniSədaqətlə həyata keçirdin.
2. Çünki Sən şəhəri bir daş yığınına,İstehkamlı şəhəri xarabalığa döndərdin.O şəhər yadellilərin qalası idi,Ondan əsər-əlamət qalmadı,O bir daha bərpa olunmaz.
3. Buna görə qüvvətli xalqlar Səni izzətləndirəcək.Qəddar millətlərə mənsub şəhərlər Səndən qorxacaq.
4. Çünki Sən yoxsula sığınacaq,Sıxıntı içində olan fəqirə pənahgah,Fırtına vaxtı çardaq,İstilik vaxtı kölgəlik oldun.Qəddarların nəfəsi divara çarpan fırtına kimidir,
5. Quraqlıqda bürkü kimidir.Lakin Sən, ya Rəbb,Zülmkarların azğınlığını bulud bürkünün qarşısını alan kimi aldın,Amansız yağıların nəğmə səslərini kəsdin.
6. Bu dağda Ordular Rəbbi bütün xalqlar üçünZəngin yeməklərdən, gözəl şərablardan ibarət ziyafət düzəldəcək,Orada ən ləziz yeməklər, ən dadlı şərablar olacaq.
7. Bu dağda bütün xalqların üzərindəki duvağı,Bütün millətlərin üstündə olan toxunma örtüyü götürəcək.
8. Ölümü əbədi olaraq yox edəcək,Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək,Bütün yer üzündən xalqının rüsvayçılığını götürəcək.Çünki Rəbb belə söylədi.
9. O gün deyəcəklər:«Budur bizim Allahımız!Ona etibar etdik, O bizi qurtardı,Rəbb Odur, biz Ona ümid etdik.İndi isə O bizi qurtardığına görəSevinib şadlanaq!»
10. Rəbbin əli bu dağın üstündə olacaq,Amma Moav peyinliyə düşən saman kimi tapdaq altında qalacaq.
11. Üzgüçü üzərkən əl-qol atdığı kimiMoav peyinlikdə əl-qol atacaq,Amma Allah Moavın qürurunu əllərinin məharəti ilə alçaldacaq.
12. O, Moavın istehkamlarını,Yüksək divarlarını yerə endirəcək,Dağıdıb yerlə yeksan edəcək.

Yeşaya 26:1-21
1. O gün Yəhuda diyarında belə ilahi oxunacaq:«Qüvvətli şəhərimiz var,Allahın qurtuluşu şəhər üçün divarlar, səngərlər kimidir.
2. Açın şəhərin darvazalarını,Qoy sadiq qalan saleh millət içəri girsin.
3. Ağlı Sənə yönəlmiş adamlaraSən kamil sülh verirsən,Çünki onlar Sənə güvənir.
4. Rəbbə həmişə güvənin,Çünki Rəbb Allah əbədi Qayadır.
5. O, yuxarıdan gedənləri alçaldar,Onların yaşadığı şəhəri dağıdar,Yerlə yeksan edər.
6. O şəhər məzlumların ayaqları,Yoxsulların addımları altında tapdalanacaq.
7. Saleh adamın yolu düzdür.Ey Düz Olan, saleh adamın yolunu Sən düz edirsən.
8. Həqiqətən, ya Rəbb, Sənin hökmlərinin yolunda biz Sənə ümid bağlayırıq,Sənin adın, ismin ürəyimizin istəyidir.
9. Qəlbim gecələr Sənin üçün həsrət çəkər,Bəli, ruhum daxilimdə Səni arayar.Hökmlərin yer üzündə həyata keçdikcəDünyanın sakinləri doğruluğu öyrənir.
10. Pis adama rəhm etsələr də,O, doğruluğu öyrənməz,Doğruluq hökm sürən ölkədə də haqsızlıq edər,Rəbbin əzəmətini görməz.
11. Ya Rəbb, əlini qaldırdın,Amma pis adamlar bunu görmür.Öz xalqın üçün göstərdiyin qeyrəti görüb utansınlar.Bəli, düşmənlərin üçün yağdırdığın od onları məhv edəcək.
12. Ya Rəbb, bizə sülh verən Sənsən,Bütün işlərimizi Sən bizim üçün tənzimləyirsən.
13. Ey Allahımız Rəbb,Səndən savayı başqa ağalar üzərimizdə hökm sürürdü,Lakin biz yalnız Sənin adını tanıyırıq.
14. O ağalar öldü, artıq yaşamır,Onlar kölgə kimidir, dirilməyəcək,Çünki Sən onları cəzalandırıb məhv etdin,Onlar haqqında hər bir xatirəni yox etdin.
15. Lakin Sən bu milləti çoxaltdın, ya Rəbb!Bəli, milləti çoxaltdın,Özünü izzətləndirdin.Hər tərəfə ölkənin sərhədlərini genişləndirdin».
16. Ya Rəbb, onlar bəlaya düşəndə Səni axtardı.Sənin cəzan üzərlərində olandaSənə dua edib yalvardı.
17. Hamilə qadın doğuş vaxtı gələndəAğrı çəkib qovrularaq necə qışqırırsa,Biz də Sənin qarşında elə idik, ya Rəbb!
18. Biz də sanki hamilə idik, ağrı çəkirdik,Lakin küləkdən başqa bir şey doğmadıq.Nə dünyaya qurtuluş gətirə bildik,Nə də dünya sakinlərini həyata qovuşdurduq.
19. Sənin ölənlərin həyata qovuşacaq, meyitimlə birgə diriləcəklər.Ey torpaq altında yatanlar, oyanın,Sevinc nəğməsini oxuyun,Çünki şeh torpağı necə təravətləndirirsə,Rəbb də torpaqdakı ölüləri belə dirçəldəcək.
20. Ey xalqım, keç içəri otaqlara,Qapıları ört,Rəbbin qeyzi keçənəcənQısa bir müddətə gizlən!
21. Çünki budur, Rəbb yer üzünün sakinləriniQəbahətləri üzündən cəzalandırmaq üçünÖz məskənindən gəlir.Torpaq udduğu qanı üzə çıxaracaq,Öldürülənləri artıq gizlətməyəcək.

Zəbur 107:23-32
23. Bəziləri gəmilərlə dənizlərdə üzdülər,Dəryalarda böyük işlər gördülər.
24. Orada Rəbbin əməllərinə,Dərin sularda etdiyi xariqələrinə şahid oldular.
25. Çünki Onun əmri ilə qasırğa qopdu,Dənizin dalğaları qalxdı.
26. Gəmiçilər göyə qalxıb dərinə enirdi,Qorxudan canları əldən gedirdi.
27. Onlar sərxoş kimi yırğalanıb-səndələyirdi,Ağıllarına heç bir çarə gəlmirdi.
28. Onlar dara düşəndə Rəbbə fəryad etdilər,Rəbb onları dərdlərindən qurtardı.
29. Qasırğanı yatırdı, sükut gətirdi,Dalğaları sakit etdi.
30. Sakitlik yarananda onlar çox sevindilər,Rəbb də onları istədikləri limana çatdırdı.
31. Rəbbə məhəbbətinə görə,Bəşər övladlarına göstərdiyi xariqələrinə görə şükür etsinlər!
32. Qoy Onu xalqın toplantısında ucaltsınlar,Ona ağsaqqallar məclisində həmd etsinlər!

Süleymanın Məsəlləri 25:18-19
18. Kim ki qonşusuna qarşı yalandan şahidlik edir,Toppuza, qılınca, iti oxa bənzəyir.
19. Dar gündə namərdə bel bağlamaqÇürük dişə, şikəst ayağa güvənməyə bənzəyir.

2 Korinflilərə 1:9-15
9. Daxilən hiss etdik ki, ölümə məhkum olmuşuq. Amma bu özümüzə deyil, ölüləri dirildən Allaha güvənməyimiz üçün başımıza gəldi.
10. Allah bizi belə bir böyük ölüm təhlükəsindən qurtardı və qurtarmaqda davam edəcək. Ümidimizi Ona bağlamışıq
11. və siz də dualarınızla bizə kömək etdikcə bizi yenə qurtaracaq. Belə ki bir çox insanın etdiyi dua nəticəsində bizə verdiyi ənamdan ötrü qoy çoxları bizim üçün Allaha şükür etsin.
12. Vicdanımız da şahiddir ki, dünyaya, xüsusən sizə görə bəşəri müdrikliklə deyil, Allahın lütfü ilə, Allahdan gələn səxavət və səmimiyyətlə həyat sürmüşük. Biz buna görə fəxr edirik.
13. Biz elə bir şey yazmırıq ki, siz oxuyub başa düşə bilməyəsiniz. Hələlik bizi bir az başa düşmüsünüz. Rəbbimiz İsa Məsihin günündə bizim fəxrimiz siz olduğunuz kimi sizin də fəxriniz biz olacağıq. Ümidvaram ki, bunu tamam başa düşəcəksiniz.
14.
15. Buna əmin olub əvvəlcə yanınıza gəlmək niyyətində idim ki, ikiqat xeyir tapasınız.