A A A A A

Bir il Bibliya


Avqust 27


Vaiz 3:1-22
1. Hər şeyin öz vaxtı var, göylər altında hər işin öz vaxtı var:
2. Doğulmağın öz vaxtı var, ölməyin öz vaxtı.Əkməyin öz vaxtı, kökündən çıxartmağın öz vaxtı.
3. Öldürməyin öz vaxtı, sağaltmağın öz vaxtı.Yıxmağın öz vaxtı, qurmağın öz vaxtı.
4. Ağlamağın öz vaxtı, gülməyin öz vaxtı.Yas tutmağın öz vaxtı, rəqs etməyin öz vaxtı.
5. Daş atmağın öz vaxtı, daş yığmağın öz vaxtı.Qucaqlaşmağın öz vaxtı, qucaqlaşmamağın öz vaxtı.
6. Axtarmağın öz vaxtı, itirməyin öz vaxtı.Saxlamağın öz vaxtı, atmağın öz vaxtı.
7. Yırtmağın öz vaxtı, tikməyin öz vaxtı.Susmağın öz vaxtı, danışmağın öz vaxtı.
8. Sevməyin öz vaxtı, nifrət etməyin öz vaxtı.Müharibənin öz vaxtı, sülhün öz vaxtı.
9. İşləyən adama zəhmət çəkib gördüyü işin nə faydası var?
10. Gördüm ki, bu işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib.
11. Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz.
12. Mən bilirəm ki, insan üçün şadlıq etməkdən və ömrü boyu xeyirxahlıq etməkdən yaxşı şey yoxdur.
13. Həm də hər kəsin yeyib-içməyi və gördüyü işdən zövq almağı Allahın bəxşişidir.
14. Bunu bilirəm ki, Allahın etdiyi hər iş daim qalır: ona nə bir şey artırmaq, nə də bir şey əskiltmək olar. Allah bunu ona görə edir ki, insanlar Ondan qorxsun.
15. İndi nə olursa, keçmişdə də olub,Nə olacaqsa, lap qədimdən də var idi.Allah olub-keçənləri araşdırır.
16. Səma altında bir şey də gördüm:Ədalətin yerində pislik var,Salehliyin də yerində pislik.
17. Mən ürəyimdə dedim:“Allah həm salehi,Həm də pis adamı mühakimə edəcək.Çünki O hər iş, hər əməl üçünBir vaxt qoyub”.
18. İnsanlar barədə mən ürəyimdə dedim: “Allah onları sınayır ki, heyvan kimi olduqlarını görsünlər”.
19. Çünki heyvanın başına gələn insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur. Necə biri ölürsə, eləcə də o biri ölür. İkisi də eyni nəfəsə malikdir, insan heyvandan üstün deyil, çünki hər şey puçdur.
20. Hamısı bir yerə gedir, hamısı torpaqdan yaranıb, torpağa da qayıdır.
21. Bunu kim bilir ki, insanların ruhu yuxarı qalxır, heyvanların ruhu aşağı – yerin altına enir?
22. Gördüm ki, insanın etdiyi işdən zövq almasından yaxşı şey yoxdur, çünki onun payına düşən budur. Kim onu bir də geri qaytaracaq ki, özündən sonra nə olacağını görsün?

Zəbur 102:12-17
12. Lakin Sən, ya Rəbb, əbədi taxtında əyləşmisən,Sənin şöhrətin nəsildən-nəslə deyiləcək.
13. Sən qalxıb Siona mərhəmət edəcəksən,Zamanını təyin etdin, indi ona lütf ediləcək.
14. Çünki Sənin qulların onun daşlarını əziz tuturlar,Onun toz-torpağına necə də acıyırlar.
15. Millətlər Rəbbin ismindən,Dünyanın bütün padşahları Onun əzəmətindən qorxacaqlar.
16. Rəbb Sionu yenidən bərpa edəcək,Əzəmətində görünəcək,
17. Yoxsulların duasına qulaq asacaq,Yalvarışlarına xor baxmayacaq.

Süleymanın Məsəlləri 24:3-4
3. Ev hikmətlə tikilər,Dərrakə ilə möhkəmlənər.
4. Mənzillər bilik vasitəsilə,Hər cür dəyərli, yaxşı şeylərlə dolar.

1 Korinflilərə 8:1-13
1. Bütlərə təqdim olunan qurbanlara gəlincə, bizə məlumdur ki, bu barədə «hamımızın biliyi var». Bilik insanın lovğalanmağına səbəb olur, məhəbbət isə onu ruhən inkişaf etdirir.
2. Kim fikirləşir ki, bir şey bilir, o hələ lazım olduğu kimi heç nə bilmir.
3. Amma kim Allahı sevirsə, Allah onun haqqında hər şeyi bilir.
4. Beləliklə, bütlərə təqdim olunan qurban ətinin yeyilməsi barəsində bilirik ki, «büt dünyada heç nədir» və «bir olan Allahdan başqası yoxdur».
5. Yerdə və yaxud göydə «allahlar» adlandırılanlar varsa, hətta çoxlu «allahlar» və «sahiblər» varsa,
6. bizim üçünsə bir Allah – Ata var. Hər şey Ondan gəlir, biz də Onun üçün yaşayırıq. Həmçinin bizim bir Sahibimiz var, O da Rəbb İsa Məsihdir. Hər şey Onun vasitəsilə yaranır, biz də Onun vasitəsilə yaşayırıq.
7. Amma bunu hamı bilmir. Hələ bütpərəst adətlərinə uymuş bəziləri yedikləri ətin bütlərə təqdim olunan qurban əti olduğunu düşünür və onlar zəif olduqlarından vicdanları ləkələnir.
8. Yemək bizi Allahın hüzuruna gətirmir. Biz yeməyəndə heç nə itirmirik, yeyəndə də heç nə əldə etmirik.
9. Amma diqqətli olun ki, sizin seçim ixtiyarınız zəif olanların büdrəməsinə səbəb olmasın.
10. Əgər vicdan məsuliyyəti zəif olan şəxs görsə ki, bilik sahibi olan sən büt evində süfrəyə oturmusan, bütlərə təqdim olunan qurbanın ətini yeməyə cürət etməzmi?
11. Bunun nəticəsində bu zəif adam – uğrunda Məsihin öldüyü bu bacı ya qardaş sənin biliyinin ucbatından həlak olacaq.
12. Beləliklə, zəif olan bacı-qardaşlarınıza qarşı günah edib vicdanlarını yaralayanda siz Məsihə qarşı günah edirsiniz.
13. Odur ki, əgər yemək qardaşımı büdrədirsə, mən heç vaxt ət yeməyəcəyəm ki, qardaşım büdrəməsin.