A A A A A

Bir il Bibliya


Avqust 24


Əyyub 39:1-30
1. Dağ keçilərinin nə vaxt doğduğunu bilirsənmi?Maralların balalamasının vaxtını sən gözləyirsənmi?
2. Onlar boğaz olanda ayını-gününü sən sayırsanmı?Nə vaxt doğacaqlarını bilirsənmi?
3. Diz çöküb balalarını doğar,Ağrılardan qurtarar.
4. Balaları çöldə böyüyüb güc alar,Gedər, geri qayıtmaz.
5. Kim vəhşi eşşəyi azad buraxdı?Kim onun iplərini açdı?
6. Ona çölləri məskən verdim,Şoran düzləri ona yurd etdim.
7. O, şəhərdəki izdihama gülər,Sahibinin hay-küyünü eşitməz.
8. Təpələri dolaşıb otlar,Yaşıllığı axtarar.
9. Çöl öküzü sənə xidmət etmək istəyərmi?Gecəni sənin axurunda keçirərmi?
10. Kotan sürsün deyə onu boyunduruğa sala bilərsənmi?Ardınca dərələrdə şırım aça bilərmi?
11. Onun hədsiz gücünə bel bağlaya bilərsənmi?Ona ağır iş gördürə bilərsənmi?
12. Çöl öküzünə etibar edə bilərsən ki,Əkininin məhsulunu daşısın,Onu xırmanına yığsın?
13. Dəvəquşu qanadını sevinclə çırpar,Amma onun qanadı nə leyləyin qanadları ilə,Nə də ki pərləri ilə müqayisə olunur.
14. Yerdə yumurtalayır,Onları toz-torpaq üstündə qızdırır.
15. Yadından çıxarır ki, yumurtalar ayaq altında sınır,Çöl heyvanlarının ayağı altında qalır.
16. Balaları ilə elə sərt rəftar edir ki,Elə bil özününkü deyil,Çəkdiyi zəhmətin boşa getməsindən narahat olmaz.
17. Çünki Allah ona müdriklik verməyib,Ona dərrakə bəxş etməyib.
18. Qaçmaq üçün yenə qanad açandaAta və atlıya gülər.
19. Ata güc verən sənsənmi?Boynuna yalı qoyan sənsənmi?
20. Onu çəyirtkə kimi tullandıran sənsənmi?Onun təmtəraqlı kişnəməsi xof salır.
21. Dərələrə ayağını bərk vurur,Öz qüvvəsi ilə sevinib-coşur,Silahlıların qabağına çıxır.
22. Qorxuya gülər, heç bir şeydən çəkinməz,Qılınc qarşısında ayağını geri çəkməz.
23. Onun üstündə oxdan cingildəyir,Parlaq nizə və mizraq şimşək tək keçir.
24. Coşanda qəzəblənib yeri-yurdu qapır,Şeypur çalınan kimi yerindən dik atılır.
25. Şeypur çalınanda “hiaaa!” deyib kişnəyir,Döyüş qoxusunu, sərkərdələrin gurlayan səsini,Döyüşün nərəsini uzaqdan hiss edir.
26. Məgər qırğı sənin dərrakənləmi uçur,Cənuba tərəf qanad açır?
27. Məgər qartal sənin əmrinləmi göyə qalxır,Uca yerlərdə özünə yuva qurur?
28. Sıldırım qayalarda yaşayır,Şiş uclu qayalarda məskən salır.
29. Oradan şikarını axtarır,Gözləri onları uzaqdan görür.
30. Onun balaları qanla qidalanır,Harada leş olsa, o da oradadır».

Əyyub 40:1-24
1. Rəbb Əyyuba belə dedi:
2. «Kim ki tənbehə layiq görülür,O, Külli-İxtiyarla mübahisə edə bilərmi?Qoy buna Allahı ittiham edən cavab versin».
3. Onda Əyyub Rəbbə belə cavab verdi:
4. «Mənim gərəksizliyimə bax,Sənə necə cavab verim,Ağzımı əlimlə tutmuşam.
5. Bir dəfə danışdım, daha cavabım yoxdur,Artıq ikinci dəfə nə danışım».
6. Rəbb qasırğanın içindən Əyyuba cavab verdi:
7. «İndi kişi kimi belinə qurşaq bağla,Sual verəcəyəm, Mənə cavab ver.
8. Sənmi ədalətimi boşa çıxaracaqsan?Özünə haqq qazandırmaq üçün sənmi Məni günahlandıracaqsan?
9. Allahın qolu kimi qolun varmı?Səsin Onunku kimi gurlayarmı?
10. Əgər belədirsə, şərəfə, şana bürün,Ehtişamı, əzəməti geyin.
11. Qoy qəzəbinin alovu saçsın,Hər qürurluya baxıb onları alçalt.
12. Qürurluların hamısına baxıb aşağı endir,Pisləri yerindəcə təpiyinin altına sal.
13. Hamısını birlikdə torpaq altında basdır,Məzarda üzləri kəfənə bürünsün.
14. O zaman Mən də bunu qəbul edərəm,Belə ki sağ qolun səni qurtarır.
15. Behemotabax, öküz kimi ot yeyir,Səni yaratdığım kimi onu da Mən yaratmışam,
16. Gör belində nə qədər güc var,Qarın əzələləri necə möhkəmdir.
17. Sallanan quyruğu sidr ağacına bənzəyir,Budlarındakı vətərlər bir-birinə hörülüb.
18. Sümükləri sanki tunc borudur,Qabırğaları elə bil dəmir çubuqdur.
19. Allahın işləri arasında şah əsərdir,Yalnız Yaradan ona qılıncla yaxınlaşa bilir.
20. Təpələr məhsullarını ona verir,Bütün çöl heyvanları yanında oynaşır.
21. Nilufərlərin altında,Qamışla örtülü bataqlıqlarda yatır.
22. Nilufərlər üstünə kölgə salır,Dərənin söyüdləri onu əhatəyə alır.
23. Coşğun çaylardan qorxmur,Sellər boğazına çatsa da, arxayındır.
24. Gözləri açıq ikən kim onu tuta bilər?Kim qıra ilə onun burnunu deşər?

Zəbur 101:1-4
1. Məhəbbətini, həqiqətini tərənnüm edəcəyəm,Ya Rəbb, Sənə ilahi söyləyəcəyəm!
2. Kamillik yolunda müdrik olacağam.Sən yanıma nə zaman gələcəksən?Təmiz ürəklə evimdə yaşayacağam,
3. İyrənc şeylərdən gözümü çəkəcəyəm.Azğınların işlərinə nifrət edirəm,Qoymaram məndən yapışsın.
4. Əyri ürəkdən dönəcəyəm,Şəri tapdalayacağam.

Süleymanın Məsəlləri 23:29-30
29. Kimdir yaslı?Kimdir dərdli?Kimin münaqişəsi var?Kimin şikayəti var?Kim boş yerə yaralandı?Kimin gözləri qızarar?
30. Şərab içməyə oturub qalxmayan,Gedib müxtəlif şərab dadanlar!

1 Korinflilərə 6:1-20
1. Sizlərdən birinin başqası ilə iddiası varsa, müqəddəslərin qarşısında yox, haqsızların qarşısında mühakimə olunmağa cəsarəti çatarmı?
2. Dünyanı müqəddəslərin mühakimə edəcəyini bilmirsinizmi? Madam ki dünyanı mühakimə edəcəksiniz, belə xırda işləri mühakimə etməyə ixtiyarınız çatmırmı?
3. Mələkləri bizim mühakimə edəcəyimizi bilmirsinizmi? Bəs gündəlik həyata aid işlər harada qaldı?
4. Əgər elədirsə, gündəlik həyatda məhkəməyə veriləcək işləriniz varsa, imanlılar cəmiyyətində saymadığınız adamlarımı hakim seçirsiniz?
5. Mən bunu sizi utandırmaq üçün deyirəm. Yəni öz bacı-qardaşlarınız arasında hakim olmaq üçün sizlərdən bir nəfər müdrik adam tapılmadı?
6. Amma qardaş qardaşla məhkəməyə gedir, üstəlik imansızlar qarşısında!
7. Əslində bir-birinizi məhkəməyə çəkməyiniz sizin üçün artıq tam məğlubiyyətdir. Əvəzində haqsızlığa qatlaşmaq daha yaxşı deyilmi? Aldanıb, dözmək daha yaxşı deyilmi?
8. Amma siz özünüz haqsızlıq edib başqalarını aldadırsınız. Üstəlik bunu bacı-qardaşlarınıza edirsiniz.
9. Məgər bilmirsiniz ki, haqsızlıq edənlər Allahın Padşahlığını irs olaraq almayacaq? Aldanmayın, çünki əxlaqsızlar, bütpərəstlər, zinakarlar, fahişə kişilər, kişibaz kişilər,
10. oğrular, tamahkarlar, əyyaşlar, böhtançılar, soyğunçular Allahın Padşahlığını irs olaraq almayacaq.
11. Sizlərdən bəzisi belə idi. Amma Rəbb İsa Məsihin adı ilə və Allahımızın Ruhu ilə yuyulub təmizləndiniz, təqdis olundunuz və saleh sayıldınız.
12. «Mənim üçün hər şeyə icazə var» deyirsiniz, lakin hər şey xeyir vermir. Mən də «hər şeyə icazə var» deyə bilərəm, amma özümü heç bir şeyə tabe etməyəcəyəm.
13. «Yemək qarın üçün, qarın da yemək üçündür» deyirsiniz, amma Allah həm qarını, həm də yeməyi yox edəcək. İnsan bədəni də əxlaqsızlıq üçün deyil, Rəbb üçündür. Rəbb də bədən üçündür.
14. Rəbbi dirildən Allah Öz qüdrəti ilə bizi də dirildəcək.
15. Bilmirsiniz ki, bədənləriniz Məsihin üzvləridir? İndi Məsihin üzvlərini götürüb bir fahişənin üzvləri edimmi? Əsla!
16. Bilmirsiniz ki, fahişə ilə birləşən onunla bir bədən olur? Çünki deyilmişdir: «İkisi bir bədən olacaq».
17. Rəblə birləşənsə Rəblə ruhən bir olur.
18. Cinsi əxlaqsızlıqdan uzaqlaşın. İnsanın etdiyi bütün digər günahlar bədəndən kənardadır, amma əxlaqsızlıq edən öz bədəninə qarşı günah edir.
19. Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz,
20. çox baha qiymətə satın alınmısınız. Beləliklə, bədəninizlə Allaha izzət gətirin.