A A A A A

Bir il Bibliya


Avqust 22


Əyyub 35:1-16
1. Elihu sözünü belə davam etdirdi:
2. «Allah önündə haqlı olduğunu deyirsən.Bunun doğru olduğunumu düşünürsən?
3. Bəs niyə soruşursan ki, “əgər günah işlətməsəm,Bundan xeyrim, qazancım nə ola bilər?”
4. Həm sənə, həm də dostlarınaBelə cavab verəcəyəm.
5. Bir bax səmaya,Nəzər sal başının üstündəki buludlara.
6. Günah işlətsən, bunun Allaha nə ziyanı dəyər?Nə qədər üsyankar olsan da, Ona bir şey olarmı?
7. Sənin salehliyin Ona nə verir?Yaxud da O, əlindən nəyi alıb götürür?
8. Pisliyin özün kimisinə ziyan vurur,Salehliyin isə bəşər oğlu üçündür.
9. İnsanlar ağır təzyiq altında fəryad edir,Güclülərə qarşı yardım istəyir.
10. Amma deyən yoxdur: “Hanı məni yaradan Allah?Hanı bizə gecələr ilahilər oxutduran Allah?
11. O bizi yer üzünün heyvanlarından çox öyrədib,Bizə göydəki quşlardan daha çox hikmət verib”.
12. Orada pislərin qüruru üzündənİnsanlar fəryad edir,Amma Allah cavab vermir.
13. Əslində Allah boş fəryadı dinləmir,Külli-İxtiyar buna əhəmiyyət vermir.
14. Sən onu görmədiyini söylədiyin anda belə,Mübahisən önündədir, Onu gözlə.
15. İndi qəzəblənib cəzalandırmırsa,Təqsirin çoxluğuna baxmır.
16. Ona görə Əyyub boş yerə ağzını yorur,Avam-avam danışdıqca danışır».

Əyyub 36:1-33
1. Elihu sözünü belə davam etdirdi:
2. «Bir az səbir elə, sənə izah edəcəyəm,Çünki Allah barədə deyiləcək çox sözüm var.
3. Geniş məlumat toplayacağam,Yaradanıma haqq verəcəyəm.
4. Dediyimin heç biri, şübhəsiz, yalan deyil,Qarşında dayanan kamil bilicidir.
5. Allah güclüdür, kimsəyə xor baxmaz,Güclüdür, dərin şüura malikdir.
6. Pis adamları yaşatmaz,Fəqirlərin haqqını verər.
7. Salehdən gözünü çəkməz,Onu padşahlarla birgə taxtda oturdar,Əbədilik ucaldar.
8. Amma əgər insanlar zəncirlənibTəzyiq altında saxlanarsa,
9. Onlara əməllərini, günahlarını göstərər,Təkəbbürlü rəftar etdiklərini bildirər.
10. Öyüdlərini eşitdirər,Pislikdən dönmələrini əmr edər.
11. Əgər Ona qulaq asıb qulluq edərlərsə,Qalan günlərini bolluq içində yaşarlar,Qalan illərini əmin-amanlıqda yaşarlar.
12. Qulaq asmazlarsa, qılıncdan keçirilərlər,Cəhalət içində canları çıxar.
13. Allahsızlar ürəklərində kin saxlayırlar,Allah onları qandallayanda belə, Onu çağırmırlar.
14. Vaxtsız ölüb gedərlər,Şərəfsiz ömür sürərlər.
15. Amma Allah əzabkeşləri əzablarından xilas edər,Dara düşəndə onlara səsini eşitdirər.
16. Bəli, O səni çətinlikdənDarısqal olmayan geniş yerə,Yağlı yeməklərlə bəzənmiş süfrəyə çıxarar.
17. Amma şərin hökmü vücuduna dolar,Haqq-ədalət isə yaxandan tutar.
18. Ehtiyatlı ol, qoy pul səni başdan çıxarmasın,Rüşvətin böyüklüyünü görüb azmayasan.
19. Səni dardan qurtarmağa,Varının, yoxsa qüdrətinin gücü çatarmı?
20. Xalqların öz yerlərindənYox edildiyi gecənin həsrətini çəkmə.
21. Ehtiyatlı ol ki, şərə tərəf dönməyəsən,Çünki zəlil olmaqdan çox bunu seçmisən.
22. Budur, Allah əzəməti ilə ucalır,Onun kimi müəllim haradadır?
23. Kim Ona nə etməsinin lazım olduğunu söyləyə bilər?Kim Ona “haqsızsan” deyə bilər?
24. Onun işlərini yada sal,İnsanların ilahilərlə tərənnüm etdiyi işləri mədh etməlisən.
25. Bütün insanlar bunu görür,Hamı bu işləri uzaqdan seyr edir.
26. Bəli, Allah çox böyükdür, Onu tanıya bilmirik,İllərinin sayını araşdıran yoxdur.
27. Su damcılarını yuxarı qaldırır,Buxarlandırır, yağış yağdırır.
28. Bu yağışlar buludlardan tökülür,İnsanların üstünə bol yağışlar səpilir.
29. Buludların necə yayılmasını,Göylərin çadırında guruldamasınıKim dərk edə bilər?
30. Baxın, ətrafında şimşəkləri çaxdırır,Dənizin dərinliklərini doldurur.
31. Allah xalqlara rəhbərlik edir,Onları bol ərzaqla təmin edir.
32. Şimşəyi əlləri ilə tutur,Hədəfə vurmasını buyurur.
33. Gurultusu qasırğadan xəbər verir,Qasırğanın qopacağını öküzlərə belə, bildirir.

Zəbur 99:1-9
1. Rəbb hökmranlıq edir, qoy xalqlar titrəsin,O, keruvlar üstündəki taxtındadır, qoy yer üzü lərzəyə gəlsin!
2. Sionda olan Rəbb əzəmətlidir,O bütün xalqların üzərindədir, yüksəkdədir.
3. Qoy böyük, zəhmli adına şükür etsinlər!O müqəddəsdir!
4. Ey ədalətsevər güclü Padşah,İnsafı bərqərar edən Sənsən,Yaqub nəslinə ədalət və salehliyi göstərmisən.
5. Allahımız Rəbbi ucaldın,Ayaqlarına düşüb səcdə qılın,O müqəddəsdir!
6. Onun kahinləri arasında Musa ilə Harun olub,Onun adını çağıranlar arasında Şamuel olub.Onlar Rəbbə yalvararkənO cavab verərdi.
7. Bulud sütununun içindən onlarla danışdı,Onun göstərişlərinə,Onlara verdiyi qaydalarına bağlı qaldılar.
8. Ya Rəbb Allahımız, Sən onlara cavab verdin,Pis əməllərinin cəzasını versən də,Bağışlayan Allah olduğunu onlara göstərdin.
9. Allahımız Rəbbi ucaldın,Müqəddəs dağında Ona səcdə qılın,Çünki Allahımız Rəbb müqəddəsdir!

Süleymanın Məsəlləri 23:22-25
22. Doğma atana qulaq as,Qoca anana xor baxma.
23. Həqiqət al, onu satma,Hikməti, tərbiyəni, idrakı qoruyub-saxla.
24. Salehin atası bolluca fərəhlənəcək,Hikmətlinin övladı onu sevindirəcək.
25. Qoy ata-anan sevinsin,Səni doğan fərəhlənsin.

1 Korinflilərə 4:1-21
1. Beləcə insanlar bizi Məsihin xidmətçiləri və Allahın sirli niyyətini yerinə yetirən idarəçiləri saysın.
2. İdarəçilərdənsə tələb olunur ki, etibara layiq olsunlar.
3. Siz yaxud insan məhkəməsi mənim işlərimi təhlil edirsə, bu mənim üçün çox az əhəmiyyət kəsb edir; hətta mən öz işlərimi təhlil etmirəm.
4. Heç bir şeyə görə vicdan əzabı çəkməsəm də, beləcə özümə haqq qazandırmıram. Çünki mənim işlərimi təhlil edən Rəbdir.
5. Buna görə də münasib vaxtdan əvvəl, yəni Rəbb gəlməyənədək heç bir işi mühakimə etməyin. O gəlib qaranlıqda gizlənən şeylərə işıq salacaq və insan ürəklərinin niyyətlərini aşkara çıxaracaq. Onda hər kəs Allahdan ona düşən tərifi alacaq.
6. Ey qardaşlar, bizdən nümunə alaraq «yazılanlardan kənara çıxmayın» məsəlinin mənasını öyrənəsiniz deyə bunları özümə və Apolloya tətbiq etdim ki, heç kim başqasının qarşısında lovğalanıb o birisinə xor baxmasın.
7. Axı səni kim başqalarından fərqləndirir? Nəyin var ki onu əldə etməmisən? Əgər əldə etmisənsə, nə üçün əldə etməmiş kimi öyünürsən?
8. Siz daha doymusunuz! Siz artıq varlanmısınız! Siz bizsiz padşah olmusunuz! Kaş ki siz, doğrudan, padşah olaydınız ki, biz də sizinlə bərabər padşahlıq edəydik!
9. Çünki mənə elə gəlir ki, Allah biz həvariləri ölümə məhkum olunanlar kimi ən sonda nümayiş etdirdi. Biz də həm dünya, həm mələklər, həm də insanlar üçün bir tamaşa olduq.
10. Biz Məsih naminə ağılsızıq, sizsə Məsihdə ağıllısınız! Biz zəifik, siz güclüsünüz! Siz şərəfli adamsınız, bizsə hörmətsiz!
11. Bu vaxtadək biz ac-susuz və cındır içindəyik. Biz döyülürük, qalmağa yerimiz də yoxdur.
12. Öz əllərimizlə işləyib zəhmət çəkirik. Bizə böhtan atanda xeyir-dua veririk, təqib olunanda dözürük,
13. təhqir olunanda mülayim cavab veririk. Biz bu anadək dünyanın zibili, hamının tullantısı kimi olmuşuq.
14. Bunları sizi utandırmaq üçün yox, sevimli övladlarım kimi sizə öyüd-nəsihət vermək üçün yazıram.
15. Çünki sizin Məsih yolunda minlərlə mürəbbiniz olsa belə, atalarınız azdır; mən Müjdə vasitəsilə Məsih İsada olan atanız oldum.
16. Buna görə sizə yalvarıram, məndən nümunə götürün.
17. Bu səbəbə görə Rəbdə mənə sadiq və sevimli olan oğlum Timoteyi sizin yanınıza göndərdim. O sizə hər yerdə, hər bir imanlılar cəmiyyətində öyrətdiyim kimi Məsih İsada getdiyim yolları xatırladacaq.
18. Sizdən bəziləri elə bilir ki, mən yanınıza gəlməyəcəyəm və buna görə də lovğa-lovğa danışırlar.
19. Amma Rəbb istəsə, mən bu yaxında yanınıza gələcəyəm. O vaxt bu lovğaların sözlərini yox, gücünü yoxlayacağam.
20. Çünki Allahın Padşahlığı sözdən deyil, gücdən ibarətdir.
21. Siz nə istəyirsiniz? Yanınıza dəyənəklə, yoxsa məhəbbət və həlimlik ruhu ilə gəlim?