A A A A A

Bir il Bibliya


Avqust 2


Ester 5:1-14
1. Üçüncü gün Ester mələkə libasını geyindi və sarayının içəri həyətində padşahın otağı ilə üzbəüz dayandı. Padşah otağında üzü qapıya tərəf taxtında oturmuşdu.
2. O, mələkə Esterin həyətdə dayandığını görəndə gözündə Esterə qarşı lütf yarandı. Padşah qızıl əsasını ona tərəf uzatdı. Ester də yaxınlaşıb əsanın ucuna toxundu.
3. Padşah ona dedi: «Mələkə Ester, sənə nə olub? İstəyin nədir? Padşahlığın yarısını belə, istəsən, verəcəyəm».
4. Ester dedi: «Əgər padşahın xoşuna gələrsə, bu gün onun üçün qurduğum ziyafətə gəlsin, Hamanı da gətirsin».
5. Padşah dedi: «Hamanı tez buraya gətirin, Esterin sözünü yerinə yetirək!» Padşahla Haman Esterin qurduğu ziyafətə gəldi.
6. Şərab içiləndə padşah Esterə dedi: «Arzun nədir? De, sənə verim! İstəyin nədir? Padşahlığın yarısını belə, istəsən, verəcəyəm».
7. Ester cavab verdi: «Arzu-istəyim budur:
8. Əgər padşahın gözündə lütf tapdımsa və mənim arzu-istəyimi yerinə yetirmək padşaha xoş görünürsə, padşahla Haman onlar üçün quracağım yeni ziyafətə gəlsin. Mən də sabah padşahın sualına cavab verərəm».
9. O gün Haman sevinclə, könlü xoş oradan çıxdı, lakin saray darvazasında Mordokayın ayağa qalxmadığını və hüzurunda yerindən belə, tərpənmədiyini görəndə köksü Mordokaya qarşı qəzəblə doldu.
10. Haman özünü ələ alaraq evə getdi. Adam göndərib dostlarını və arvadı Zereşi çağırtdırdı.
11. Onlara cah-calalından, çoxlu oğullarından, padşahın neçə dəfə rütbəsini qaldıraraq ona digər rəislərdən və əyanlardan üstün mövqe verməsindən danışdı.
12. O belə dedi: «Bəli, mələkə Ester də qurduğu ziyafətə padşahla bərabər gəlmək üçün məndən başqa kimsəni layiq görmədi. Sabah da o məni padşahla bərabər ziyafətə dəvət edib.
13. Amma mən Yəhudi Mordokayı saray darvazasında oturan görəndə gözümdə hər şey qiymətdən düşür».
14. Arvadı Zereş və dostları belə dedi: «Hündürlüyü əlli qulac olan bir dar ağacı düzəltdir. Səhər açılanda isə padşaha söylə ki, Mordokayı ondan asdırsın və padşah ziyafətinə əhvalı xoş get». Bu sözlər Hamanın ürəyinə yatdı və dar ağacı düzəltdirdi.

Ester 6:1-14
1. Həmin gecə padşahın yuxusu qaçdı. O əmr etdi ki, hökmranlığının xatirə kitabı – salnamələr kitabı gətirilsin. Bunlar padşahın hüzurunda oxundu.
2. Orada belə bir yazı tapıldı: «Saray darvazasının keşikçilərindən Biqtana ilə Tereş adlı iki hərəmağası padşah Axaşveroşa sui-qəsd hazırlamışdı. Mordokay bunu padşaha xəbər vermişdi».
3. Padşah dedi: «Buna görə Mordokaya hansı şərəf və mükafat verildi?» Onun xidmətində duran nökərlər dedi: «Buna görə ona heç nə edilməyib».
4. Padşah dedi: «Həyətdə kim var?» Bu zaman Haman padşah sarayının bayır həyətinə girmişdi ki, padşahla danışıb Mordokayı düzəltdiyi dar ağacından asdırsın.
5. Padşahın nökərləri ona dedi: «Budur, Haman həyətdə dayanıb». Padşah dedi: «Gəlsin içəri».
6. Haman içəri gələndə padşah ona dedi: «Padşahın şərəfləndirmək istədiyi adama nə edilməlidir?» Haman da özlüyündə düşündü: «Məndən başqa kimi şərəfləndirmək istər ki?»
7. Bu halda Haman padşaha belə dedi: «Padşah kimi şərəfləndirmək istəyirsə, qoy belə edilsin:
8. padşahın geyindiyi şahlıq libası, padşahın mindiyi və başına şahlıq kəkili qoyulan at gətirilsin.
9. Həmin paltar və at padşahın ən yüksək rütbəli rəislərindən birinin əlinə verilsin ki, padşahın şərəfləndirmək istədiyi adamı geyindirərək ata mindirsinlər və şəhər meydanında gəzdirsinlər və qabağa düşüb belə car çəksinlər: “Padşah istədiyi adamı bu cür şərəfləndirir”».
10. Padşah Hamana dedi: «Paltar və atı tez götürüb saray darvazasında vəzifəsi olan Yəhudi Mordokaya dediklərinin heç birini əskiltmədən et».
11. Haman paltar və at götürüb Mordokayı geyindirdi. Sonra ata mindirərək şəhərin meydanında gəzdirdi və qarşısında car çəkərək dedi: «Padşah istədiyi adamı bu cür şərəfləndirir».
12. Bundan sonra Mordokay saray darvazasına qayıtdı. Haman isə dərdli və başıörtülü halda tez evə qayıtdı.
13. O, arvadı Zereşə və dostlarına başına gələn bütün əhvalatları danışdı. Müdrik məsləhətçiləri ilə arvadı Zereş ona dedi: «Qarşısında mövqeyini əldən verdiyin Mordokay Yəhudi soyundandırsa, ona gücün çatmaz, mütləq qarşısında məhv olacaqsan».
14. Elə onunla söhbət edirdilər ki, padşahın hərəmağaları Hamanı tələsik Esterin qurduğu ziyafətə apardı.

Zəbur 90:1-6
1. Ey Xudavənd, bütün nəsillərdən bəriBizə pənah yeri olmusan.
2. Dağlara təvəllüd verməmişdən əvvəl,Kainatı, dünyanı doğmazdan əvvəlƏzəldən axıradək Allah Sənsən.
3. İnsanları torpağa çevirirsən,Deyirsən: «Qoy bəşər övladları toza dönsün».
4. Sənin gözündə min il ötən bir günə,Bir gecə növbəsinə bənzər.
5. İnsanları silirsən, çəkilirlər,Elə bil ki yuxudurlar.Sanki sübh çağı yerdə bitən otdurlar,
6. Səhər boy atar, çiçək açar,Axşamsa solar, quruyar.

Süleymanın Məsəlləri 22:9-9
9. Əliaçıq bərəkət qazanar,Çünki çörəyindən kasıba paylar.

Romalılara 4:1-25
1. Bəs onda cismani əcdadımız İbrahim haqqında nə deyə bilərik? O nə əldə etdi?
2. Əgər İbrahim öz əməlləri ilə saleh sayılsaydı, öyünməyə haqqı olardı, amma Allahın önündə yox.
3. Müqəddəs Yazı nə deyir?«İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı».
4. Əməl edənin muzdu ona hədiyyə sayılmaz, bu onun haqqıdır.
5. Lakin əməl etməyib allahsız adamları saleh sayan Allaha iman edən şəxsin imanı ona salehlik sayılır.
6. Davud da o adamın bəxtiyarlığından danışır ki, Allah əməlinə baxmayıb onu saleh sayır:
7. «Üsyankarlığı bağışlanan,Günahı əfv olunan insanNə bəxtiyardır!
8. Rəbb tərəfindən təqsirkar sayılmayan insanNə bəxtiyardır!»
9. Məgər bu bəxtiyarlıq yalnız sünnətlilərə məxsusdur, yoxsa sünnətsizlərə də aiddir? Bəli, biz deyirik ki, İbrahimin imanı ona salehlik sayıldı.
10. Nə vəziyyətdə sayıldı? Sünnət olunandan sonra, yoxsa sünnət olunandan əvvəl? Sünnət olunandan sonra deyil, sünnət olunandan əvvəl!
11. O, sünnətsiz ikən imanla malik olduğu salehliyi təsdiq edən möhür olaraq sünnət əlamətini aldı. Beləcə İbrahim sünnətsiz olaraq iman edən hamının atası oldu ki, onlara da imanları salehlik sayılsın.
12. Atamız İbrahim həm də o sünnətli olanların atası oldu ki, sadəcə sünnətli olmaqla qalmayıb, onun sünnət edilməmişdən əvvəl malik olduğu iman izi ilə gedirlər.
13. Çünki İbrahimə və onun nəslinə dünyanı irs almaq vədi Qanun vasitəsilə deyil, imanla saleh sayılmaq vasitəsilə verildi.
14. Əgər Qanuna əsaslananlar varis olsaydı, onda iman mənasız, vəd də təsirsiz olardı.
15. Çünki qanun Allahın qəzəbini üzə çıxarır. Amma qanun olmayan yerdə onun pozulması da olmur.
16. Buna görə də vəd imanla həyata keçir ki, Allahın lütfünə bağlı olsun və İbrahimin bütün nəslini – yalnız Qanuna deyil, İbrahimin malik olduğu həmin imana da əsaslananları əhatə etsin. İbrahim iman etdiyi Allahın – ölülərə həyat verən, yoxluqdan varlıq yaradan Allahın önündə hamımızın atasıdır. Necə ki yazılıb: «Səni çoxlu millətin atası etdim».
17.
18. Heç bir ümid olmadığı halda İbrahim çoxlu millətin atası olacağına ümidlə inandı. Çünki ona deyilmişdi ki, «nəslin o qədər olacaq».
19. Hətta təxminən yüz yaşında ikən öz bədəninin artıq ölüyə bənzədiyini, arvadı Saranın da bətninin ölü olduğunu anladı, amma imanı azalmadı.
20. Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi.
21. Tamamilə əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə də qadirdir.
22. Buna görə də imanı ona salehlik sayıldı.
23. «Salehlik sayıldı» sözləri yalnız İbrahim üçün yazılmayıb;
24. Rəbbimiz İsanı ölülər arasından Dirildənə iman etməklə saleh sayılacaq bizlər üçün də belə yazılmışdır.
25. İsa bizim təqsirlərimizə görə ölümə təslim edildi və bizim saleh sayılmağımız üçün dirildi.