A A A A A

Bir il Bibliya


Avqust 16


Əyyub 23:1-17
1. Əyyub belə cavab verdi:
2. «Bu gün də acı-acı şikayət edəcəyəm,Naləmə baxmayaraq üstümdə Allahın əli ağırdır.
3. Kaş biləydim Onu harada tapmaq olar,Məskəninə çatmaq olar.
4. O zaman davamı Onun hüzurunda dilə gətirərdim,Dəlillərimi dalbadal düzərdim.
5. Mənə verəcəyi cavabı öyrənərdim,Dediyini dərk edərdim.
6. Əzəməti, qüdrəti ilə əleyhimə çıxardımı?Xeyr, yəqin sözümə qulaq asardı.
7. Hüzurunda bir haqlı insan mübahisə etsəydi,Mən hakimimin yanında haqq qazanardım.
8. Şərqə getsəm, Allah orada deyil,Qərbə getsəm, Onu tapa bilmirəm.
9. O, şimalda işləsə, gözüm seçməz,Cənuba dönsə, Onu görə bilmərəm.
10. Amma tutduğum yolu O tanıyır,Məni sınayan zaman qızıl kimi çıxaram.
11. Hər addımını yaxından izlədim,Azmadan yoluna bağlı qaldım.
12. Ağzından çıxan əmrlərdən ayrılmadım,Gündəlik çörəkdən çox ağzından çıxan sözləri qiymətləndirdim.
13. O təkbaşına dayanıb, kim Onu döndərə bilər?Könlü nə istəsə, onu edər.
14. Mənimlə bağlı qərarını yerinə yetirəcək,Belə fikirləri çoxdur.
15. Ona görə hüzurunda dəhşətə gəlirəm,Bunları düşünəndə Ondan vahimələnirəm.
16. Allah qəlbimin cəsarətini qırdı,Külli-İxtiyar məni qorxuya saldı.
17. Sifətimi qatı qaranlıq bürüsə belə,Məni zülmət susdura bilməz.

Əyyub 24:1-25
1. Niyə Külli-İxtiyar hökm üçün zaman təyin etmir?Niyə Onu tanıyanlar hökm günlərini görmür?
2. İnsanlar sərhəd daşlarını qaldırır,Sürüləri oğurlayıb otarır.
3. Yetimlərin eşşəyini əlindən alır,Dul qadının öküzünü girov götürür.
4. Yoxsulları yoldan çıxarır,Ölkədəki fəqirlərin hamısı gizlənməyə məcbur olur.
5. Baxın kasıblar vəhşi eşşəklər kimiYemək tapmaq üçün ertədən işə çıxır,Övladları üçün çöldə çörək axtarır.
6. Zəmilərdən yem yığırlar,Pislərin üzüm bağından üzüm qalıqlarını toplayırlar.
7. Gecə paltarsız, çılpaq qalırlar,Soyuqda üstlərini örtməyə bir şey tapmırlar.
8. Dağlara yağan yağışdan islanırlar,Daldalanacaqları olmadığı üçün qayalara qısılırlar,
9. Yetim uşağı döşdən ayırırlar,Fəqirin körpəsini girov alırlar.
10. Bu yazıqlar paltarsız, çılpaq dolanır,Qarınları acdır, amma taxıl dərzləri daşıyır.
11. Pislərin çəpərləri arasında yağ üçün zeytun sıxırlar,Şərab üçün üzüm sıxırlar,Amma özləri susuzluqdan yanırlar.
12. Şəhərlərdən insan nalələri ucalır,Canı yaralı olanlar fəryad qoparır,Amma Allah dualarını nəzərə almır.
13. Elə insanlar var ki, işığa üsyan edir,Nurlu yolu tanımır,Onun dalınca getmir.
14. Qatil gün batanda qalxır,Fəqiri, yoxsulu öldürür,Gecə oğrusuna bənzəyir.
15. Zinakarın gözü alaqaranlıqdadır,“Kimsə məni görməz” deyə düşünür,Üz-gözünü gizlədir.
16. Oğrular evləri qaranlıqda yarır,Gündüz gizlənir, işıq nədir, bilmir.
17. Çünki onların sabahı qatı qaranlıqdır,Zülmətin dəhşəti onların aşnasıdır.
18. Amma onlar su üzərində köpüyə bənzər,Torpaqdan lənət payı alar,Üzüm bağlarına qayıtmazlar.
19. Necə ki quraqlıq və istilik qarı əridib udar,Ölülər diyarı da günahkarları elə götürüb aparar.
20. Onları ana bətni unudar,Qurdlar üçün ləziz yem olar,Bir də onları heç kim yada salmaz,Haqsızlıq bir ağac kimi sınar.
21. Çünki sonsuz qadınlara yamanlıq edərlər,Dul qadınlara yaxşılıq etməzlər.
22. Allah isə qüdrəti ilə bu güclüləri dartıb yerə vurar,Onlar qalxsa belə, həyatlarından əmin olmazlar.
23. Allah onlara izin verir ki, əmin-amanlıqda yaşasınlar,Amma onlar gedən yollara göz qoyur.
24. Qısa müddətə ucalır, sonra da yox olurlar.Yıxılırlar, lap əvvəlkilər kimi götürülüb aparılırlar,Sünbül kimi dərilib yığılırlar.
25. Əgər belə deyilsə,Yalançı olduğumu kim sübut edə bilər?Sözlərimin dəyərsiz olduğunu kim deyə bilər?»

Əyyub 25:1-6
1. Şuahlı Bildad belə cavab verdi:
2. «Səltənət və zəhm Allaha məxsusdur,Uca göylərdə nizam quran Odur.
3. Orduları saya gələrmi?İşığı kimin üzünə doğmaz?
4. Fani insan Allah qarşısında necə saleh ola bilər?Qadından doğulan necə təmiz ola bilər?
5. Bax Onun gözündə ay belə, parlaq deyilsə,Ulduzlar belə, pak deyilsə,
6. Torpaq qurduna bənzər fani insan necə ola bilər?Axı bəşər oğlu bir cücüyə bənzər».

Zəbur 96:7-10
7. Ey xalqların tayfaları, Rəbbə verin –İzzəti, qüdrəti Rəbbə verin,
8. Adına layiq izzəti Rəbbə verin,Həyətinə girib təqdimlər verin.
9. Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin,Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin!
10. Millətlərə belə elan edin:«Rəbb hökmranlıq edir,O, dünyanı sarsılmaz və möhkəm qurub,O, insafla xalqların hökmünü verəcək».

Süleymanın Məsəlləri 23:9-9
9. Axmağın qulağına söz demə,Çünki sənin ağıllı sözlərinə xor baxar.

Romalılara 15:1-24
1. Biz imanı güclü olanlar imanı gücsüz olanların zəifliklərinə dözməliyik və yalnız özümüzü razı salmamalıyıq.
2. Hər birimiz yaxşılıq naminə inkişaf etdirmək məqsədi ilə qonşumuzu razı salaq.
3. Çünki Məsih də Özünü razı salmadı. Necə ki yazılıb: «Səni təhqir edənlərin təhqirləri altında qaldım».
4. Bundan əvvəl yazılanların hamısı bizi öyrətmək üçün yazıldı ki, dözümlə və Müqəddəs Yazıların ürək-dirəyi ilə ümidimiz olsun.
5. Dözüm verən və ürəkləndirən Allah Məsih İsanın istəyinə uyğun olaraq sizə həmfikirlilik bəxş etsin ki,
6. hamınız birlikdə və bir səslə Rəbbimiz İsa Məsihin Atası olan Allahı izzətləndirəsiniz.
7. Buna görə də Məsih sizi qəbul etdiyi kimi siz də Allahın izzəti üçün bir-birinizi qəbul edin.
8. Mən də bunu bildirirəm: Məsih Allahın haqlı olduğunu göstərmək üçün sünnətlilərin xidmətçisi oldu ki, əcdadlara verilən vədləri yerinə yetirsin;
9. beləcə başqa millətlər də Allahın mərhəmətinə görə Onu izzətləndirsinlər. Necə ki yazılıb:«Buna görə millətlər arasındaSənə şükür edəcəyəm,İsminə tərənnüm söyləyəcəyəm».
10. Yenə deyilir ki:«Ey millətlər, Onun xalqı ilə birgə sevinin!»
11. Başqa bir yerdə:«Ey bütün millətlər, Rəbbə həmd edin!Ey bütün ümmətlər, Onu mədh edin!»
12. Yeşaya da belə deyir:«Yesseyin Kökü gələcək,Millətlərə hökmran olmaq üçün ucalacaq,Millətlər Ona ümid bağlayacaq».
13. Qoy ümid mənbəyi olan Allah iman edən sizləri hər cür şadlıq və sülhlə doldursun ki, Müqəddəs Ruhun qüdrəti ilə ümidlə dolub-daşasınız.
14. Ey qardaşlarım, mən sizin barənizdə əminəm ki, siz yaxşılıqla dolu, hər cür biliklə kamilsiniz və bir-birinizə nəsihət verməyə qadirsiniz.
15. Amma Allahın mənə bəxş etdiyi lütflə bəzi məsələləri sizə xatırlatmaq üçün bu sözləri cəsarətlə yazmışam.
16. Həmin lütfə görə mən başqa millətlər üçün Məsih İsanın xidmətçisi oldum ki, bir kahin kimi Allahın Müjdəsini vəz edim və başqa millətlər Müqəddəs Ruhla təqdis edilərək Allaha məqbul olan qurban olsunlar.
17. Beləcə Allaha xidmət etdiyimə görə Məsih İsa ilə fəxr edirəm.
18. Başqa millətləri itaətə gətirmək üçün Məsihin mənim vasitəmlə söz və əməllə, əlamət və xariqələrin qüvvəti ilə, Allahın Ruhunun qüdrəti ilə etdiklərindən başqa bir şey barədə danışmağa cəsarət etmərəm. Belə ki mən Yerusəlimdən başlayıb İllirikum diyarına qədər hər tərəfdə Məsihin Müjdəsini yayıb qurtardım.
19.
20. Bununla birgə, Müjdəni Məsihin adının hələ eşidilmədiyi yerlərdə yaymaq başlıca məqsədim oldu ki, bir başqasının qoyduğu təməl üzərində bina qurmayım.
21. Amma necə ki yazılıb:«Onun haqqında xəbəri olmayanlar görəcək,Eşitməyənlər anlayacaq».
22. Bu səbəbdən sizin yanınıza gəlmək niyyətim bir neçə dəfə əngəlləndi.
23. İndi isə bu diyarlarda işləyəcəyim başqa bir yer qalmır, illərdir ki, yanınıza gəlməyi arzu edirdim.
24. Buna görə İspaniyaya getmək niyyətindəyəm və ümidvaram ki, yolüstü sizi də görüm və əvvəl qısa müddət də olsa, dostluğunuzdan zövq alandan sonra məni oraya yola salasınız.