A A A A A

Bir il Bibliya

Avqust 14

Əyyub 19:1-29
1. Əyyub belə cavab verdi:
2. «Nə vaxtadək məni üzəcəksiniz,Məni sözlə əzəcəksiniz,
3. On dəfədir ki, məni təhqir edirsiniz,Utanmadan mənə kəskin sözlər söyləyirsiniz.
4. Həqiqətən, azıb yanlış yola düşmüşəmsə,Səhvim öz üstümdə qalır.
5. Özünüzü, həqiqətən, məndən üstün tutursunuz,Eybimi üzümə vurursunuz.
6. Amma bilin ki, Allah mənə haqsızlıq etdi,Hər tərəfdən məni toruna saldı.
7. Budur, “Zorakılıqdır!” deyə bağırıram,Bir cavab verən yoxdur,Kömək üçün nalə çəkirəm, ədalət yoxdur.
8. Keçə bilmirəm, yollarıma sədd çəkilib,Yollarımı qaranlığa salıb.
9. Şərəfimi əynimdən soyundurub,Başımdan tacı götürüb.
10. O məni hər tərəfdən yıxdı, əldən gedirəm,Ümidimi ağac kimi kökündən qopartdı.
11. Mənə qarşı qəzəbi od tutub yandı,Məni Özünə düşmən saydı.
12. Orduları üstümə gəlir,Mənə qarşı torpaq qalağı düzəldir,Çadırımın ətrafında ordugah qurur.
13. Qardaşlarımı məndən uzaqlaşdırdı,Tanışlarım mənə yad oldu.
14. Qohumlarım məni tərk eləyib,Yaxın dostlarım məni unudub.
15. Evimin sakinləri və kənizlərMəni özgə sayır,Onların gözündə yad olmuşam.
16. Qulumu çağırıram,Ağız açıb yalvarsam belə, cavab almıram.
17. Nəfəsimdən arvadımın da zəhləsi gedir,Qardaşlarım məndən iyrənir.
18. Mənə hətta kiçik uşaqlar xor baxır,Ayağa duranda məni ələ salırlar.
19. Bütün səmimi dostlarım belə, məndən ikrah edir,Əzizlərim belə, əleyhimə çıxır.
20. Bir dəri, bir sümük qalmışam,Ölüm kandarına çatmışam.
21. Aman, ey dostlarım, aman,Allahın əli məni vurdu!
22. Niyə məni Allah kimi qovursunuz?Niyə mənim ətimdən doymursunuz?
23. Kaş ki sözlərim yazılaydı,Kitaba köçürüləydi,
24. Dəmir qələmlə, qurğuşunlaƏbədi qalmaq üçün bir qayaya həkk olaydı.
25. Amma mən bilirəm ki, Satınalanım yaşayır,Axırda O, yer üzərində dayanacaq.
26. Dərim yox olandan sonraBədən alıb Allahı görəcəyəm.
27. Mən Ona baxacağam,Başqası yox, mən öz gözlərimlə görəcəyəm.Budur, ürəyim həsrətdən üzülür!
28. Mənim üçün “Bəs onu necə qovaq?Bədbəxtliyin kökü ondadır” desəniz,
29. Qılıncdan qorxmalısınız,Çünki qılınc cəzası qəzəblə gəlir.Onda ədalətin var olduğunu görəcəksiniz».

Əyyub 20:1-29
1. Naamatlı Sofar belə cavab verdi:
2. «Düşüncələrimə görə cavab verməyə məcburam,Çünki daxilən narahatam.
3. Məni utandıran bir giley eşidirəm,Ruhum dərrakəsi ilə məni cavab verməyə sövq edir.
4. Bilirsən ki, əzəldən bəri,İnsanın dünyaya gəlişindən bəri
5. Pislərin qələbə çalması qısa çəkər,Allahsızın sevinci bir an sürər.
6. Boyu göylərə çatsa da,Başı buludlara dəysə də,
7. Öz nəcisi kimi əbədilik yox ediləcək,Onu görənlər “O haradadır?” deyəcək.
8. Yuxu kimi uçacaq, bir daha tapılmayacaq,Bəli, gecə röyası kimi yox olacaq.
9. Onu görən gözlər bir daha görməyəcək,Yaşadığı yerdə görünməyəcək.
10. Övladları fəqirlərdən mərhəmət diləyəcək,Sərvətləri əllərindən gedəcək.
11. İnsanın sümükləri gənclik alovu ilə dolar,Amma insanla birlikdə torpaq altında yatacaq.
12. Pislik ağzına şirin gəlsə də,Dilinin altında gizlənsə də,
13. İnsan pisliyi tutub buraxmasa da,Damağının altında saxlasa da,
14. Yediyi yemək mədəsində qıcqıracaq,Daxilində ilan zəhərinə dönəcək.
15. Yediyi sərvətləri qusacaq,Qarnındakıları Allah bayıra çıxaracaq.
16. Başqa yerdə əfi ilan zəhərini əməcək,Gürzənin dişindən öləcək.
17. Axar suların, bal və qaymaq axan dərələrinSəfasını görməyəcək.
18. Zəhmətlə qazandığını yeməyib geri qaytaracaq,Ticarətdən qazandığı sərvətdən ləzzət almayacaq.
19. Çünki fəqirləri əzib üzüqoylu qoymuşdu,Özü tikmədiyi evi zorla almışdı.
20. Könlü rahatlıq nədir bilməz,Zövq aldığı şeylər onu xilas etməz.
21. Yeməyindən artıq qalmayacaq,Ona görə firavanlığı uzun sürməyəcək.
22. Bolluq içində əzaba düşəcək,Fəlakət ona qarşı əl qaldıracaq.
23. Qarnını doldurandaAllah şiddətli qəzəbini onun üzərinə göndərəcək,Onun üstünə tökəcək.
24. Dəmir silahdan qaça bilsə də,Tunc ox onu dəlib-deşəcək,
25. Ox onu dəlib-keçəcək,Onun kürəyindən çıxacaq,Parlaq ucu ödünü dağıdıb tökəcək.Üstünə dəhşət gələcək.
26. Xəzinələrinin aqibəti qaranlıq olacaq,Üfürülməmiş od onu yeyib-qurtaracaq,Çadırında qalanları da yandırıb-yaxacaq.
27. Göylər şər işlərinin üstünü açacaq,Dünya onun əleyhinə qalxacaq.
28. Allahın qəzəb günündəAzğın sellər sərvətini aparacaq.
29. Pis insan Allahdan belə pay alacaq,Allahın ona verdiyi irs budur».

Zəbur 95:6-11
6. Gəlin Ona səcdə edək, əyilək,Bizi yaradan Rəbbin hüzurunda diz çökək.
7. Çünki O, Allahımızdır,Biz Onun otlağının xalqıyıq,Əlinin altındakı sürüsüyük.Əgər bu gün Onun səsini eşitsəniz,
8. «Qoy ürəklərinizMerivada olduğunuz kimi,Səhradakı Massada keçən gündə olduğu kimi inadkar olmasın.
9. Orada atalarınız Məni sınadılar,Əməllərimi görsələr də, Məni yoxladılar.
10. Qırx il o nəsildən zəhləm getdi.Dedim: “Onlar azğın ürəkli xalqdır,Yollarımı tanımır”.
11. Buna görə qəzəblənib and içmişəm:“Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».

Süleymanın Məsəlləri 23:4-5
4. Sərvət qazanmaq üçün özünü əldən salma,İdraklı ol, bu fikirdən vaz keç.
5. Gözünü sərvətə diksən, yox olar,Birdən qanadlanar, uçub qartal tək göyə qalxar.

Romalılara 13:1-14
1. Hər kəs başçılıq edən hakimiyyətlərə tabe olsun. Çünki Allah tərəfindən təyin olunmayan hakimiyyət yoxdur; mövcud olan hakimiyyətlər Allah tərəfindən təyin olunub.
2. Buna görə də hakimiyyətə qarşı çıxan adam Allahın təyin etdiyinin əleyhinə çıxır və əleyhinə çıxan belələri özlərini mühakiməyə düçar edir.
3. Çünki yaxşı iş görənlər deyil, pis iş görənlər hökmdarlardan qorxmalıdır. İstəyirsənmi hakimiyyətdən qorxmayasan? Yaxşı iş gör, onda o səni tərifləyər.
4. Hökmdar sənin xeyrin üçün Allaha xidmət edir. Amma pis iş görürsənsə, qorx! Çünki o, əbəs yerə qılınc daşımır, Allaha xidmət edir ki, pis iş görəndən qisas alsın və Allahın qəzəbini onun başına gətirsin.
5. Bu səbəbdən yalnız qəzəbə görə deyil, vicdanın xatirinə də hakimiyyətə tabe olmaq lazımdır.
6. Vergini də siz buna görə ödəyirsiniz. Çünki hökmdarlar Allahın xidmətçisidir və məhz bu işlə daim məşğuldurlar.
7. Beləliklə, hər kəsə öz haqqını verin: vergi haqqı olana vergi, gömrük haqqı olana gömrük, qorxu haqqı olana qorxu, hörmət haqqı olana hörmət.
8. Bir-birinizi sevməkdən başqa heç nədə heç kimə borclu qalmayın; çünki başqasını sevən Qanunu yerinə yetirmiş olur.
9. Belə ki «zina etmə, qətl etmə, oğurluq etmə, tamah salma» və bunlardan başqa nə əmr varsa, bu kəlamla yekunlaşdırmaq olar: «Qonşunu özün kimi sev».
10. Sevən insan qonşusuna qarşı pis iş görməz, buna görə də məhəbbət Qanunun tamamlanmasıdır.
11. Zəmanəni, yuxudan ayılmaq vaxtınızın gəldiyini anlayaraq belə rəftar edin. Çünki indi xilasımız iman etdiyimiz vaxtda olduğundan daha yaxındır.
12. Gecə keçdi, gündüz isə yaxınlaşdı; buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək.
13. Gün işığında olduğu kimi ləyaqətlə həyat sürək; eyş-işrətə və sərxoşluğa, əxlaqsızlığa və pozğunluğa, münaqişəyə və qısqanclığa qapılmayaq.
14. Əksinə, Rəbb İsa Məsihə bürünün və cismani təbiətinizin ehtiraslarına uymaq fikrində olmayın.