A A A A A

Bir il Bibliya


Avqust 11


Əyyub 13:1-28
1. Bax gözlərim hər şeyi gördü,Qulaqlarım bunu eşidib dərk etdi.
2. Sizin bildiyinizi mən də anlayıram,Sizdən geri qalmıram.
3. Amma istəyirəm Külli-İxtiyarla danışım,Allahla mübarizə aparım.
4. Sizlərsə yalandan mala çəkirsiniz,Hamınız dəyərsiz həkimlərsiniz.
5. Kaş hamınız səsinizi kəsəydiniz,Onda hikmətli görünərdiniz.
6. İndi necə bəhsə girdiyimi eşidin,Dilimin iddiasını yaxşı dinləyin.
7. Məgər Allah üçün haqsız sözlər söyləyəcəksiniz?Onun adına yalanmı söyləyəcəksiniz?
8. Sizmi Onun tərəfini tutacaqsınız?Sizmi Onun müdafiəsinə qalxacaqsınız?
9. O sizi istintaq edərsə, yaxşı olarmı?İnsanları aldatdığınız kimi Onu da aldadacaqsınızmı?
10. Əgər Onun tərəfini gizli tutsanız,Şübhəsiz ki, sizi də məzəmmət edər.
11. Onun əzəməti sizi vahimələndirməzmi?Xofu üstünüzə düşməzmi?
12. Fikrinizdəki sözlər, məsəllər külə dəyməz,Müdafiəniz lilə dəyməz.
13. Susun, qoyun danışım,Qoy başıma gələn gəlsin.
14. Həyatım təhlükəyə düşürsə-düşsün.Canım bəlaya düşürsə-düşsün.
15. Məni öldürsə də, Ona etibar edəcəyəm,Amma yolumun müdafiəsi üçün hüzuruna çıxacağam.
16. Əslində bu məni qurtaracaq,Çünki Allaha inanmayan Onun hüzuruna gələ bilməz.
17. Diqqətlə sözlərimə qulaq asın,Qoy elan etdiklərim qulaqlarınızda qalsın.
18. Baxın mühakiməyə hazırlaşmışam,Haqlı çıxacağımı bilirəm.
19. Kim məni ittiham edəcək?Eləsi varsa, son nəfəsimi verib susaram.
20. Ey Allah, mənim üçün bu iki şeyi et ki,Səndən gizlənməyim:
21. Əlini üzərimdən götür,Məni dəhşətinlə qorxutma.
22. Sonra da məni səslə, qoy Sənə cavab verim,Yaxud da qoy mən danışım, Sən cavab söylə.
23. Təqsirlərim, günahlarım nə qədərdir?Mənə üsyankarlığımı və günahlarımı bildir.
24. Niyə üzünü gizlədirsən,Məni düşmən hesab edirsən?
25. Məgər yelin qopardığı yarpağı qorxudacaqsan?Məgər quru saman çöpünü qovacaqsan?
26. Çünki əleyhimə acı şeylər yazırsan,Gənclikdə etdiyim günahları mənə irs olaraq verirsən.
27. Ayaqlarımı buxovlayırsan,Bütün yollarıma göz qoyursan,Hər addımımı yoxlayırsan.
28. Ona görə çürük şey tək məhv oluram.Güvə yemiş paltar kimiyəm.

Əyyub 14:1-22
1. Qadından doğulan insanın ömrü azdır,Həyatı sıxıntı ilə doludur.
2. Çiçək kimi açar, solar,Kölgə kimi keçib-gedər.
3. Gözlərini beləsinəmi dikirsən?Mühakimə etmək üçünmü məni hüzuruna gətirirsən?
4. Kim çirkab içindən təmiz bir şey tapar?Heç kim!
5. İnsana ömür günləri müəyyən edilib,Aylarının sayını Sən bilirsən,Ömrü üçün müəyyən hədd qoymusan,Bu həddi keçən yoxdur.
6. Sən ondan gücünü çək,İş gününü bitirən zəhmətkeş kimiBir az dincəlsin.
7. Bir ağac üçün ümid var,Kəsilsə belə, yenə pöhrəsini verər,Şaxələri əskilməz.
8. Kökü yerdə qocalsa da,Kötüyü torpaqda məhv olsa da,
9. Suyun iyini duyanda çiçəklənər,Cavan ağac kimi şaxələnər.
10. Amma insan ölər, dəfn olunar,Son nəfəsini verər, yox olar.
11. Dəniz suları çəkilib getdiyi kimi,Çaylar azalıb quruduğu kimi
12. İnsan da yatar, bir daha qalxmaz,Göylər yox olanadək oyadılmaz,Yuxularından ayılmaz.
13. Kaş ki məni ölülər diyarında gizlədəydin,Qəzəbin keçənədək saxlayaydın,Mənə möhlət verəydin,Sonra məni yada salaydın.
14. İnsan ölsə, dirilərmi?Növbəm çatanacanBu əzabdan qurtulmaq üçün hər gün gözləyəcəyəm.
15. Sən çağıranda cavab verəcəyəm,Əllərinin bu işinin həsrətini çəkəcəksən.
16. O zaman addımlarımı sayacaqsan,Günahımı nəzərə almayacaqsan.
17. Üsyankarlığım torbada möhürlənəcək,Günahımın üstünü örtəcəksən.
18. Amma dağın uçub dağılması kimi,Qayanın yerindən qopması kimi,
19. Su daşları yuvarladığı kimi,Sellər torpağı yuyub apardığı kimiSən də insanın ümidini yox edirsən.
20. Onu əbədi məğlub edirsən, o köçüb gedir.Görkəmini dəyişdirib yola salırsan.
21. Övladları şərəflənəndə də onun xəbəri olmaz,Düşkün hala düşəndə də heç nəyi başa düşməz.
22. Hamı öz canının ağrısını duyur,Yalnız özü üçün yas tutur».

Zəbur 94:12-19
12. Ya Rəbb, bəxtiyar o insandır ki, ona təlim vermisən,Öz qanununu öyrətmisən!
13. Pislər üçün qəbir qazılanadəkOnu dar gündən çıxarıb dinclik verəcəksən.
14. Çünki Rəbb xalqını Özündən ayırmaz,İrsini Öz əlindən verməz.
15. Yenə ədalətli hökmlər çıxarılacaq,Ürəyidüz olanlar haqqın ardınca gedəcək.
16. Kim mənim üçün pislərə qarşı durar?Şər iş görənlərə qarşı kim müdafiəçim olar?
17. Əgər Rəbb köməyim olmasaydı,Canım sükut diyarına vaxtsız köçərdi.
18. Mən «ayağım büdrəyir» deyən zaman,Ya Rəbb, mənə məhəbbətinlə dayaqsan.
19. Mən daxilən çox narahat olarkənTəsəlli verərək məni fərəhləndirirsən.

Süleymanın Məsəlləri 22:26-27
26. Başqalarının borclarına zamin durmaqdan,Belə işə əl atmaqdan çəkin.
27. Ödəməyə pulun olmasa,Altından yatağını apararlar.

Romalılara 11:1-18
1. Beləliklə, soruşuram: məgər Allah Öz xalqını rədd etdi? Əsla! Çünki mən özüm də İbrahim nəslindən, Binyamin qəbiləsindən olan bir İsrailliyəm.
2. Allah qabaqcadan tanıdığı Öz xalqını rədd etmədi. Məgər siz bilmirsiniz ki, Müqəddəs Yazıda İlyas barədə nə deyilir? İlyas İsraildən Allaha şikayət edib deyir:
3. «Ya Rəbb! Sənin peyğəmbərlərini öldürdülər, qurbangahlarını dağıtdılar. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar».
4. Bəs Allahdan ona hansı cavab gəldi? «Mən Özüm üçün Baal qarşısında diz çökməmiş yeddi min adamı saxlamışam».
5. Beləcə indi də Allahın lütfü ilə seçilmiş sağ qalanlar var.
6. Əgər bu, lütflə oldusa, daha əməllərlə deyil; yoxsa lütf daha lütf olmaz.
7. Onda nə deyə bilərik? İsrail axtardığını əldə etmədi, seçilmişlər əldə etdilər; digərləri isə inadkar oldu.
8. Necə ki yazılıb:«Allah onları dərin yuxuya saldı,Onlara bu günədək görməyən gözlər,Eşitməyən qulaqlar verdi».
9. Davud da belə deyir:«Süfrələri onlara tələ, tor,Büdrəmə daşı və cəza olsun.
10. Gözlərinə qara gəlsin, görməsinlər,Belləri həmişə bükülü qalsın!»
11. Beləliklə, soruşuram: məgər İsraillilər bir daha ayağa qalxmamaq üçün büdrəyib-yıxıldılar? Əsla! Amma onların təqsiri başqa millətlərin xilasına səbəb oldu ki, İsraillilərdə qibtə hissi oyandırsın.
12. Əgər onların təqsiri dünyaya zənginlik, onların qüsuru da başqa millətlərə zənginlik gətirdisə, gör onların bütövlüyü necə böyük zənginlik gətirəcək.
13. Lakin, ey başqa millətlər, sizə bildirirəm: mən başqa millətlərə göndərilən həvari olduğuma görə öz xidmətimi izzətli sayıram ki,
14. bəlkə soydaşlarımda qibtə hissi oyandırıb bəzilərini xilas edə bilim.
15. Çünki onların rədd edilməsi dünyanın Allahla barışması deməkdirsə, onların qəbul edilməsi ölülər arasından həyata dönmək deyilmi?
16. Əgər xəmirin ilk hissəsi müqəddəsdirsə, demək, xəmirin hamısı müqəddəsdir; əgər kök müqəddəsdirsə, budaqlar da müqəddəsdir.
17. Amma bəzi budaqlar qoparılıbsa və sən, ey yabanı zeytun ağacı, onların arasında peyvənd olunub zeytun ağacının barlı kökünə şərik olmusansa,
18. o budaqların qabağında öyünmə; öyünsən, bil ki, sən kökü deyil, kök səni daşıyır.