A A A A A

Bir il Bibliya


Avqust 1


Ester 3:1-15
1. Bir müddət keçəndən sonra padşah Axaşveroş AqaqlıHammedata oğlu Hamanı şərəfləndirib rütbəsini qaldırdı. Ona yanındakı bütün rəislərdən üstün mövqe verdi.
2. Padşahın əmrinə görə padşahın saray darvazasında olan bütün əyanları Hamana baş əyib qarşısında təzim edirdi. Mordokay isə Hamana baş əyərək təzim etmirdi.
3. Padşah sarayının darvazasında olan əyanlar Mordokaydan soruşdular: «Niyə padşahın əmrinə itaət etmirsən?»
4. Bunu Mordokaydan hər gün soruşurdular, lakin o buna əhəmiyyət vermirdi. Bunun xəbəri Hamana çatdı, çünki Mordokay onlara Yəhudi olduğunu söyləmişdi. Hamı bilmək istəyirdi ki, Mordokay belə davranışını davam etdirəcək, yoxsa yox.
5. Haman Mordokayın ona baş əyməyərək qarşısında təzim etmədiyini görəndə kini artdı.
6. Buna görə də təkcə Mordokayı öldürmək niyyəti ilə kifayətlənmədi. Mordokayın hansı xalqa mənsub olması Hamana məlum edilmişdi. Ona görə də o, Mordokayın xalqını – Axaşveroşun padşahlığının hər tərəfində yaşayan bütün Yəhudiləri qırdırmaq qərarına gəldi.
7. Bu işin görüləcəyi günü müəyyənləşdirmək üçün padşah Axaşveroşun hökmdarlığının on ikinci ilində birinci ay olan Nisan ayında Hamanın önündə pur, yəni püşk atdılar. Püşk on ikinci ay olan Adara düşdü.
8. Sonra Haman padşah Axaşveroşa dedi: «Sənin padşahlığının hər vilayətinin xalqları arasına səpələnib yayılan bir xalq vardır. Onların qanunları bütün xalqların qanunlarından fərqlidir və padşahın qanunlarına əməl etmirlər. Onları bu halda qoymaq padşaha yaraşmaz.
9. Əgər padşahın xoşuna gələrsə, qoy onların məhv olunmasına dair fərman yazılsın. Buna görə padşahın xəzinəsinə, bu işi görənlər üçün on min talantgümüş çəkib göndərərəm».
10. Padşah barmağından möhür üzüyünü çıxarıb Yəhudilərin düşməninə – Aqaqlı Hammedata oğlu Hamana verdi.
11. Padşah Hamana dedi: «Gümüş də sənin ixtiyarında olsun, xalq da. Bu xalqa gözündə nə xoşdursa, onu da et».
12. Birinci ayın on üçüncü günündə padşahın mirzələri çağırıldı. Hamanın əmri hər vilayətə öz yazısı və hər xalqa öz dili ilə yazılaraq canişinlərə, bütün vilayətlərin valilərinə və xalqların rəislərinə göndərildi. Bu əmr padşah Axaşveroşun adı ilə yazıldı və padşahın möhürlü üzüyü ilə möhürləndi.
13. On ikinci ay olan Adar ayının on üçündə bütün Yəhudiləri – gəncləri, qocaları, körpə uşaqları və qadınları bir gündə qıraraq məhv edib kökünü kəsmək və mallarını talan etmək üçün qasidlərlə bütün vilayətlərə məktublar göndərildi.
14. Bu fərmanın surəti hər vilayətdə qanun kimi dəst-xətlə yazılmalı və o günə hazır olmaları üçün bütün xalqlara bildirilməli idi.
15. Qasidlər padşahın əmri ilə cəld yola düşdü. Fərman Şuşan qalasında tərtib olundu. Padşahla Haman əyləşib şərab içərkən Şuşan şəhəri çaşbaş qalmışdı.

Ester 4:1-17
1. Mordokay baş vermiş bu hadisələrdən xəbər tutanda paltarlarını cırdı və çula bürünüb başına kül tökdü. Şəhərin mərkəzinə çıxıb nalə ilə acı şivən qopardı.
2. O ancaq padşah sarayının darvazasına qədər gəldi, çünki çula bürünən adam padşah sarayına girə bilməzdi.
3. Padşahın bu əmri və fərmanı hansı vilayətə çatmışdısa, oradakı Yəhudilər arasında böyük matəm, oruc, ağlaşma və fəğan var idi. Bir çoxu da çula bürünüb kül üzərində uzanmışdı.
4. Esterin xidmətçi qızları və hərəmağaları gəlib bu xəbəri ona çatdırdı. Mələkə bundan çox məyus oldu. O, Mordokay üçün paltar göndərdi ki, çulunu çıxarıb əyninə geyinsin, lakin Mordokay bunu qəbul etmədi.
5. Sonra Ester padşahın onun xidmətinə təyin etdiyi hərəmağalarından biri olan Hatakı çağırıb tapşırdı ki, Mordokayın yanına gedərək bu işin nə olduğunu və niyə baş verdiyini öyrənsin.
6. Hatak saray darvazasının qarşısında olan şəhər meydanına – Mordokayın yanına getdi.
7. Mordokay başına gələn hal-qəziyyəni ona danışdı. Yəhudi qırğını üçün padşah xəzinələrinə Hamanın vəd edərək vermək istədiyi gümüşün tam miqdarını ona bildirdi.
8. Sonra Yəhudi qırğını üçün Şuşanda dəst-xətlə yazılan fərmanın surətlərindən birini verdi ki, bunu göstərərək Esterə izah etsin, həm də ona padşahın yanına gedib öz xalqı üçün yalvararaq mərhəmət istəməsini tapşırsın.
9. Hatak qayıdıb Mordokayın sözlərini Esterə çatdırdı.
10. Ester də Mordokaya Hatak vasitəsilə belə bir xəbər göndərdi:
11. «Padşahın bütün əyanları və padşah vilayətlərinin xalqları bilir ki, kişi, qadın – kim olursa-olsun – padşahın çağırışı olmadan içəri həyətə girərsə, onun haqqında təkcə ölüm hökmü veriləcək. Yalnız padşah qızıl əsasını kimə uzatsa, o sağ qalar. Otuz gündür ki, padşahın yanına getmək üçün çağırışım yoxdur».
12. Esterin bu sözləri Mordokaya çatdırıldı.
13. Mordokay Esterə belə cavab vermələrini xahiş etdi: «Elə düşünmə ki, padşah sarayında olduğun üçün o biri Yəhudilər qırılanda təkcə sən sağ qalacaqsan.
14. Əgər sən susarsansa, Yəhudilərə yardım və qurtuluş başqa yerdən gələcək, amma sən və ata evin tamamilə məhv olacaq. Kim bilir, bəlkə sən elə bu gün üçün mələkəliyə çatmısan?»
15. Ester Mordokayın bu cavabı qarşısında belə söylədi:
16. «Get, Şuşanda olan bütün Yəhudiləri topla. Üç gün-üç gecə yeməyib-içməyib mənim üçün oruc tutun. Mən də burada xidmətçi qızlarımla oruc tutacağam və sonra qanunu pozub padşahın yanına girəcəyəm. Buna görə ölməliyəmsə, qoy ölüm».
17. Mordokay gedib Esterin ona tapşırdığı kimi etdi.

Zəbur 89:46-52
46. Ya Rəbb, nə vaxta qədər,Yoxsa əbədilikmi bizdən gizlənəcəksən,Od tutub qəzəbdən yanacaqsan?
47. Ömrümün nə tez keçdiyini xatırla,Bütün bəşər övladlarını nə fani yaratmısan!
48. İnsanlar arasında ölüm görməyən kimdir?Kim canını ölülər diyarının pəncəsindən qurtarar?
49. Ey Xudavənd, əvvəlki məhəbbətin harada qaldı?Çünki bu barədə Davuda sədaqətlə and içdin.
50. Ey Xudavənd, unutma, gör bu bəndən necədir,Köksümdə nə qədər xalqın tənəsini gəzdirirəm.
51. Ya Rəbb, düşmənlərinin etdiyi təhqirləri,Məsh etdiyinin yoluna vurduqları tənələri daşıyıram.
52. Rəbbə əbədilik alqış olsun!Amin, Amin.

Süleymanın Məsəlləri 22:7-8
7. Zəngin yoxsulun ağası olar,Borclu adam borc verənə qul olar.
8. Haqsızlıq əkən şər biçər,Onun qəzəbinin dəyənəyi məhv edilər.

Romalılara 3:1-31
1. Bəs Yəhudi olmağın nə üstünlüyü var? Sünnətin faydası nədir?
2. Hər cəhətdən böyük üstünlüyü var. Hər şeydən əvvəl, Allahın sözləri Yəhudilərə əmanət edilib.
3. Əgər onlardan bəzisi iman etmədisə, onda nə olacaq? Məgər onların imansızlığı Allahın sədaqətini ləğv edə bilər?
4. Əsla! Bütün insanlar yalançı olsa da, Allah haqlıdır. Necə ki yazılıb:«Sən Öz sözlərində haqlı çıxacaqsan,Mühakimə etdiyin zaman qalib gələcəksən».
5. Bəs bizim haqsızlığımız Allahın ədalətli olduğunu üzə çıxarırsa, onda nə deyə bilərik? İnsanların düşündüyü kimi soruşuram: Allah üzərimizə qəzəbini gətirən zaman haqsızdırmı?
6. Əsla, haqlıdır! Bəs Allah dünyanı başqa cür necə mühakimə edə bilər?
7. «Bəs mənim yalanım Allahın həqiqətini ucaldıb Ona izzət gətirirsə, nə üçün mən üstəlik bir günahkar kimi mühakimə olunmalıyam?» deyə soruşa bilərlər.
8. Belə isə, «gəlin pislik edək ki, bundan yaxşılıq əmələ gəlsin» deyə bilərikmi? Bəzi adamlar bizə böhtan atıb söyləyir ki, biz belə öyrədirik. Belə söyləyənlər haqlı olaraq cəza alacaq.
9. Bəs nə deyək? Biz Yəhudilərin üstünlüyü varmı? Əlbəttə, yox! Çünki biz artıq həm Yəhudiləri, həm də Yunanları təqsirləndirdik ki, onların hamısı günahın hökmü altındadır.
10. Necə ki yazılıb:«Saleh olan yoxdur,Bir nəfər belə, yoxdur.
11. Dərk edən bir kəs yoxdur,Allahı axtaran yoxdur.
12. Hamısı yoldan azıb,Onlardan fayda yoxdur.Bir nəfər də olsunYaxşı iş görən yoxdur».
13. «Boğazları açıq qəbirdir,Dilləri yalan danışır».«Dodaqlarında gürzə zəhəri var».
14. «Ağızları lənət və acı sözlərlə doludur».
15. «Ayaqları qan tökməyə tələsir,
16. Yollarında viranəlik və fəlakət var,
17. Əmin-amanlıq yolu nədir, bilmirlər».
18. «Onların gözündə Allah qorxusu yoxdur».
19. Biz bilirik ki, Qanunda deyilənlərin hamısı Qanunun hökmü altında olanlara aiddir; belə ki bütün dillər sussun və bütün dünya Allahın hökmünə məruz qalsın.
20. Beləliklə, Qanuna əməl etməklə heç bir insan Allahın önündə saleh sayılmayacaq. Çünki Qanun vasitəsilə günah dərk olunur.
21. Amma indi Qanuna bağlı olmayaraq Allahdan gələn salehlik zahir olub. Buna Qanun da, Peyğəmbərlərin yazıları da şəhadət edir.
22. Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur.
23. Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub
24. və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır.
25. Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu.
26. Bunu etdi ki, indiki zamanda salehliyini zahir etsin; beləcə Özü ədalətli olsun, İsaya olan imana əsaslananı da saleh saysın.
27. Bəs biz nə ilə öyünə bilərik? Heç bir şeylə. Hansı ehkama əsaslana bilərik? Qanuna əməl etmək ehkamınamı? Xeyr, yalnız iman ehkamına!
28. Çünki bu nəticəyə gəlirik ki, insan Qanuna əməl etməklə deyil, iman vasitəsilə saleh sayılır.
29. Məgər Allah yalnız Yəhudilərin Allahıdır? Başqa millətlərin də Allahı deyilmi? Əlbəttə, başqa millətlərin də Allahıdır.
30. Çünki yalnız bir Allah var və O, sünnətliləri imanla, sünnətsizləri də iman vasitəsilə saleh sayacaq.
31. Onda biz iman vasitəsilə Qanunu ləğv edirikmi? Əsla! Əksinə, onu bir daha təsdiq edirik.