A A A A A

Bir il Bibliya


Iyul 7


2 Salnamələr 9:1-30
1. Səba mələkəsi Süleymanın şöhrətini eşidib onu tapmacalarla sınamağa gəldi. O, çox böyük karvanla – ətriyyat, çoxlu qızıl və qiymətli daşlarla yüklənmiş dəvələrlə Yerusəlimə, Süleymanın yanına gəldi və ürəyində olan hər şey barədə onunla söhbət etdi.
2. Süleyman onun bütün suallarına cavab verdi, elə bir gizli şey olmadı ki, padşah ona izah etməsin.
3. Səba mələkəsi Süleymanın hikmətini və onun tikdiyi sarayı,
4. süfrəsindəki yeməyi, əyanlarının oturuşunu, qulluqçularının xidmətini və onların geyimlərini, saqilərini və onların geyimlərini, Rəbbin məbədində gətirdiyi yandırma qurbanları görəndə daha özünü saxlaya bilmədi.
5. O, padşaha dedi: «Sənin işlərin və hikmətin barədə öz ölkəmdə eşitdiyim sözlər düz imiş.
6. Gəlib öz gözlərimlə görənə qədər mən bu sözlərə inanmamışdım. Mənə sənin böyük hikmətinin yarısı belə, danışılmayıb, sənin şöhrətin barədə eşitdiklərimdən də üstünsən.
7. Sənin adamların nə bəxtiyardır və bu qulluqçuların nə bəxtiyardır ki, həmişə önündə durub hikmətini eşidirlər.
8. Allahın Rəbbə alqış olsun ki, səni istəyib Allahın Rəbb üçün padşah kimi İsrail taxtında oturtdu! Allahın İsraili əbədi möhkəmləndirməkdən ötrü ona olan sevgisi naminə ədalət və salehliklə hökm etmək üçün səni onlar üzərinə padşah qoydu».
9. Səba mələkəsi padşaha yüz iyirmi talant qızıl, çoxlu ətriyyat və qiymətli daşlar bağışladı. Onun padşah Süleymana verdiyi qədər ətriyyat hələ heç vaxt gəlməmişdi.
10. Ofirdən qızıl gətirən Xiramın adamları ilə Süleymanın adamları ardıc ağacı və qiymətli daşlar da gətirdilər.
11. Padşah ardıc ağacından Rəbbin məbədi və padşah sarayı üçün pilləkənlər, musiqiçilər üçün lira və çəng düzəltdi. Yəhuda diyarında bu günə qədər beləsi görünməmişdi.
12. Padşah Süleyman Səba mələkəsinin arzuladığı və istədiyi bütün şeyləri ona verdi; bu, mələkənin padşaha gətirdiklərindən də çox idi. Sonra mələkə əyanları ilə birgə qayıdıb öz ölkəsinə getdi.
13. Bir ildə Süleymana gələn qızılın çəkisi altı yüz altmış altı talant idi.
14. Alver edən adamların və tacirlərin gətirdiyi qızıl buraya daxil deyildi. Bütün Ərəb padşahları və ölkənin valiləri də Süleymana qızıl və gümüş gətirərdi.
15. Padşah Süleyman döymə qızıldan iki yüz sipər düzəltdi. Bir sipərə altı yüz şekel döymə qızıl işləndi.
16. O, döymə qızıldan üç yüz qalxan da düzəltdi və bir qalxana üç yüz şekel qızıl işləndi. Padşah onları «Livan meşəsi» adlı sarayına qoydu.
17. Padşah fil sümüyündən böyük taxt düzəltdi və onu xalis qızılla örtdü.
18. Taxtın altı pilləsi və ayaq qoymaq üçün qızıl kətili var idi, bunlar taxta bağlı idi. Oturacağın hər iki tərəfində qollar var idi və qolların yanında iki şir təsviri var idi.
19. Altı pillənin iki tərəfində isə on iki şir təsviri var idi. Heç bir padşahlıqda belə bir şey yox idi.
20. Padşah Süleymanın bütün içki qabları qızıldan idi. «Livan meşəsi» adlı sarayında olan bütün əşyalar da xalis qızıldan idi. Çünki gümüş Süleymanın dövründə heç nə sayılırdı.
21. Padşahın gəmiləri Xiramın adamları ilə birgə Tarşişə gedərdi. Üç ildə bir dəfə Tarşiş gəmiləri qızıl, gümüş, fil sümüyü, meymunlar və əntərlərlə yüklənərək gəlirdi.
22. Padşah Süleyman var-dövlətdə və hikmətdə yer üzünün bütün padşahlarından üstün idi.
23. Bütün yer üzünün padşahları Süleymanın ürəyinə Allahın qoyduğu hikməti eşitmək üçün onun üzünü görmək istəyirdi.
24. Onun yanına gələn hər kəs hədiyyə gətirirdi. Beləcə ona hər il qızıl qablar, gümüş qablar, paltarlar, silahlar, ətriyyat, atlar və qatırlar gətirilirdi.
25. Süleymanın dörd min axurunda döyüş arabaları üçün atları və on iki min süvarisi vardı. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi.
26. O, Fərat çayından Filiştlilərin torpağına və Misir sərhədinə qədər bütün padşahlar üzərində hökmranlıq edirdi.
27. Padşah Yerusəlimdə çoxluğuna görə gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən firon ənciri ağacına bərabər etdi.
28. Süleymanın atları Misirdən və bütün ölkələrdən gətirilirdi.
29. Süleymanın qalan işləri, ilk işlərindən son işlərinə qədər peyğəmbər Natanın tarix kitabında və Şilolu Axiyanın peyğəmbərliyində və görücü İddonun Nevat oğlu Yarovam haqqındakı vəhylərində yazılmışdır.
30. O, Yerusəlimdə bütün İsrail üzərində qırx il padşahlıq etmişdi.

2 Salnamələr 10:1-19
1. Rexavam Şekemə getdi, çünki bütün İsraillilər onu padşah etmək üçün Şekemə gəlmişdi.
2. Nevat oğlu Yarovam bunu eşitdiyi zaman padşah Süleymanın əlindən qaçdığı Misirdən oraya qayıtdı.
3. Onu çağırtdırdılar. Yarovam gəldi və bütün İsraillilərlə birgə Rexavama söylədi:
4. «Atan üzərimizə ağır boyunduruq qoydu. Sən isə indi atanın çətin qulluğunu və üzərimizə qoyduğu ağır boyunduruğu yüngülləşdir, biz də sənə qulluq edərik».
5. Rexavam onlara dedi: «Üç gündən sonra yenə mənim yanıma gəlin». Xalq getdi.
6. Padşah Rexavam atası Süleymanın sağlığında onun önündə duran ağsaqqallarla məsləhət edib dedi: «Bu xalqa cavab vermək üçün mənə nə məsləhət verirsiniz?»
7. Ağsaqqallar ona dedi: «Əgər sən bu xalqa xeyirxahlıq göstərməklə onları razı salıb yaxşı sözlər desən, daim sənə qul olacaq».
8. Ancaq o, ağsaqqalların verdikləri məsləhətə məhəl qoymadı, onunla birgə böyümüş və onun önündə duran cavan adamlarla məsləhətləşdi.
9. Onlara dedi: «Siz nə məsləhət verirsiniz? Mənə “atanın üzərimizə qoyduğu boyunduruğu yüngülləşdir” deyən bu xalqa nə cavab verim?»
10. Onunla birgə böyümüş cavan adamlar ona dedi: «Sənə “atan üzərimizə ağır bir boyunduruq qoydu, sən isə onu yüngülləşdir” deyən bu xalqa belə söylə: “Mənim kiçik barmağım atamın belindən yoğundur.
11. Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə sizin boyunduruğunuzu daha da artıracağam. Atam sizi qamçılarla cəzalandırırdı, mən isə sizi əqrəblərlə cəzalandıracağam”».
12. «Üç gün sonra yenə yanıma gəlin» deyə padşahın söylədiyi kimi Yarovam bütün xalqla birgə üç gün sonra Rexavamın yanına gəldi.
13. Padşah onlara sərt cavab verdi. Padşah Rexavam ağsaqqalların məsləhətinə məhəl qoymayıb
14. cavan adamların məsləhətinə görə xalqa dedi: «Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə onu daha da artıracağam. Atam sizi qamçılarla cəzalandırırdı, mən isə əqrəblərlə cəzalandıracağam».
15. Padşah xalqa qulaq asmadı, çünki bu hadisə Allah tərəfindən oldu ki, Rəbb Şilolu Axiya vasitəsilə Nevat oğlu Yarovama söylədiyi sözü yerinə yetirsin.
16. Bütün İsraillilər padşahın onlara qulaq asmadığını gördü. Onda xalq ona cavab verib dedi:«Davudla bizim nə şərikliyimiz var?Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur!Ey İsraillilər, çadırınıza!İndi, ey Davud, öz evinin halına özün bax!»Bütün İsraillilər evlərinə getdi.
17. Rexavam yalnız Yəhuda şəhərlərində yaşayan İsrail övladları üzərində padşahlıq etdi.
18. Padşah Rexavam mükəlləfiyyətçilər üzərində nəzarətçi olan Adoniramı göndərdi. İsrail övladları onu daşqalaq edib öldürdülər. Padşah Rexavam Yerusəlimə qaçmaq üçün tələsik öz döyüş arabasına mindi.
19. Beləcə İsraillilər Davudun sülaləsinə qarşı qalxdı və bu indiyə qədər belədir.

Zəbur 80:7-13
7. Ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar,Üzündən nur saçıb bizi qurtar!
8. Misirdən tənək fidanı gətirərəkQovduğun millətlərin torpağında əkdin.
9. Bunun üçün sahə hazırlamışdın,Tənək rişələnib ölkəni bürüdü.
10. Budaqları dağlara,Böyük sidr ağaclarına kölgə saldı.
11. Dənizə qədər qol-budaq atdı,Zoğ atıb Fərat çayına çatdı.
12. Bəs niyə ətrafdakı hasarını uçurdun?Budur, yoldan keçən hər kəs məhsullarını qoparır,
13. Tənəyi meşənin qabanları korlayır,Onu çöl heyvanları çeynəyir.

Süleymanın Məsəlləri 20:16-18
16. Özgəyə zamin duranın libasını al,Onu qəriblər üçün girov saxla.
17. Kələklə əldə edilən çörək əvvəlcə şirin olar,Axırda ağzı çınqılla doldurar.
18. Nəsihət alaraq möhkəm qərar çıxar,Müharibəni sağlam məsləhətlə apar.

Həvarilərin İşləri 14:1-28
1. Konyada Paulla Barnaba Yəhudilərin sinaqoquna birlikdə daxil olub elə danışdılar ki, həm Yəhudilərdən, həm də Yunanlardan ibarət böyük kütləni imana gətirdilər.
2. Amma inanmayan Yəhudilər başqa millətlərdən olanları qızışdıraraq onları imanlıların əleyhinə qaldırdılar.
3. Xeyli vaxt orada qalan Paulla Barnaba cəsarətlə Rəbb haqqında danışırdı. Rəbb isə onlara əlamət və xariqə göstərmək gücünü verməklə Öz lütfü barədə kəlamı təsdiqlədi.
4. Amma şəhər əhalisi iki hissəyə bölündü. Bəziləri Yəhudilərin, bəziləri isə həvarilərin tərəfini saxladı.
5. Yəhudilərlə başqa millətlərdən olanlar və onların rəhbərləri həvariləri təhqir edərək daşqalaq etmək üçün bir sui-qəsd hazırladı.
6. Bundan xəbər tutan bu həvarilər Likaoniyanın Listra ilə Derbe şəhərlərinə və oranın ətraf yerlərinə qaçdılar.
7. Orada da Müjdəni yaydılar.
8. Listrada ayaqlarından şikəst olan bir kişi var idi. Bu adam anadangəlmə əlil idi, heç vaxt yeriməmişdi.
9. O, Paulun dediklərinə qulaq asırdı. Ona göz qoyan Paul gördü ki, sağalacağına imanı var.
10. Ona görə bərkdən dedi: «Qalx, ayaq üstə dur!» Bu adam yerindən atılıb yeriməyə başladı.
11. Camaat Paulun etdiyini görəndə haray salıb Likaoniya dilində dedi: «Tanrılar insan şəklində yanımıza gəlib!»
12. Barnabaya Zevs, Paula isə aparıcı natiq olduğuna görə Hermes dedilər.
13. Şəhərin qarşısında yerləşən Zevs məbədinin kahini şəhər darvazalarına buğalar və çələnglər gətirdi. O, camaatla birgə qurban kəsmək istədi.
14. Amma həvarilər – Barnaba ilə Paul bunu eşidən kimi paltarlarını cırdılar və izdihamın içinə girib haray çəkdilər:
15. «Ay ağalar, niyə belə edirsiniz? Biz də sizin kimi insanıq, eyni varlığıq. Sizə Müjdə gətirmişik. Əl çəkin bu boş şeylərdən. Yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan, var olan Allaha tərəf dönün.
16. O, əvvəlki nəsillərin dövründə yaşayan bütün millətlərə öz yolları ilə getməyə izin verdi.
17. Lakin yenə də Özünü şahidsiz qoymadı. Sizə yaxşılıq edərək göydən yağışlar yağdırır, cürbəcür məhsullar yetişdirən fəsillər bəxş edir, sizi yeməklə doydurur və ürəyinizi sevincə qərq edir».
18. Bu sözlərlə camaatın onlara qurban kəsməsinin qarşısını bir çətinliklə aldılar.
19. Antakya və Konyadan bəzi Yəhudilər gəlib xalqı öz tərəfinə çəkərək Paulu daşqalaq etdilər. Elə bildilər ki, Paul ölüb, onu şəhərdən kənara sürüdülər.
20. Şagirdlər ətrafına yığılanda isə Paul ayağa qalxıb şəhərə qayıtdı. Ertəsi gün isə Barnaba ilə birlikdə Derbeyə getdi.
21. O şəhərdə də Müjdə yayıb xeyli şagird hazırladılar.Paulla Barnaba daha sonra Listraya, Konyaya və Pisidiyada olan Antakyaya qayıtdı.
22. Şagirdləri ruhən möhkəmləndirdilər və imanda dönməz olsunlar deyə onları həvəsləndirərək dedilər: «Allahın Padşahlığına çox əziyyətlərdən keçərək girməliyik».
23. İmanlılar üçün hər cəmiyyətdə ağsaqqallar seçərək dua və orucla onları inandıqları Rəbbə əmanət etdilər.
24. Pisidiya bölgəsindən keçərək Pamfiliyaya gəldilər.
25. Pergedə kəlamı yayandan sonra Antalyaya getdilər.
26. Oradan gəmi ilə Suriyadakı Antakyaya qayıtdılar. Onların indi yerinə yetirdikləri xidmət üçün burada Allahın lütfünə əmanət edilmişdilər.
27. Oraya çatanda cəmiyyəti bir yerə yığıb Allahın onlar vasitəsilə nə etdiyini, başqa millətlərə iman qapısını necə açdığını söylədilər
28. və şagirdlərin yanında uzun müddət qaldılar.