A A A A A

Bir il Bibliya


Iyul 6


2 Salnamələr 7:1-22
1. Süleyman duanı bitirdikdə göydən od düşüb yandırma qurbanları və təqdimləri uddu. Rəbbin izzəti məbədi doldurdu.
2. Kahinlər Rəbbin məbədinə girə bilmədi, çünki Rəbbin izzəti Öz məbədini doldurmuşdu.
3. Bütün İsrail övladları odun düşdüyünü və məbədin üzərində olan Rəbbin izzətini görəndə daş döşəmənin üstündə üzüstə yerə çöküb «Rəbbə şükür olsun, çünki O yaxşıdır, Onun məhəbbəti əbədidir» deyərək səcdə etdilər.
4. Padşah və bütün xalq Rəbbin önündə qurbanlar kəsdi.
5. Padşah Süleyman qurban olaraq iyirmi iki min baş mal-qara və yüz iyirmi min baş qoyun-keçi təqdim etdi. Beləliklə, padşah və bütün xalq Allahın məbədini təqdis etdi.
6. Kahinlər öz vəzifələrinə görə dayandı, Levililər isə Rəbbin musiqi alətləri ilə durdu. Padşah Davud bunları düzəltmişdi ki, o, «Rəbbə şükür olsun, çünki məhəbbəti əbədidir» oxuyaraq həmd edəndə Levililər onlarda çalsın. Kahinlər onların qarşısında kərənaylar çalırdı və bütün İsraillilər ayaq üstə dayanmışdı.
7. Süleyman Rəbbin məbədi önündəki həyətin ortasını təqdis etdi ki, yandırma qurbanları və ünsiyyət qurbanlarının piyini orada təqdim etsin. Çünki düzəltdiyi tunc qurbangah kiçik olduğu üçün yandırma qurbanları, taxıl təqdimləri və piy oraya yerləşməzdi.
8. O vaxt Süleyman və onunla birgə çox böyük bir camaat – Xamat keçidindən Misir vadisinə qədər yaşayan bütün İsraillilər yeddi gün bayram etdi.
9. Səkkizinci gün təntənəli toplantı oldu. Qurbangahın təqdisi yeddi gün, bayram da yeddi gün oldu.
10. Yeddinci ayın iyirmi üçüncü günü Süleyman xalqı buraxdı. Rəbbin Davuda, Süleymana və xalqı İsrailə etdiyi yaxşılıqlara görə onlar sevinclə və şad ürəklə öz evlərinə getdi.
11. Süleyman Rəbbin məbədini və padşah sarayını tikib qurtardı. Rəbbin məbədində və öz sarayında ürəyi istədiyi hər şeyi uğurla etdi.
12. Rəbb Süleymana gecə görünüb ona dedi: «Sənin duanı eşitdim və bu yeri Özümə qurban evi seçdim.
13. Göyləri bağladığım və yağış olmadığı vaxt yeri yeyib qurtarsın deyə, çəyirtkəyə əmr etdiyim və xalqımın arasına vəba göndərdiyim zaman
14. əgər Mənim adımla çağırılan xalqım özünü aşağı tutarsa, dua edib Məni axtararsa və pis yollarından dönərsə, o vaxt göydən eşidib onların günahını bağışlayacağam və torpaqlarını sağaldacağam.
15. İndi bu yerdə edilən duanı gözlərim görəcək və qulaqlarım eşidəcək.
16. İndi adımı əbədilik oraya qoymaq üçün bu məbədi seçib təqdis etdim. Mənim nəzərim və ürəyim daim orada olacaq.
17. Əgər sən Mənim əmr etdiklərimi yerinə yetirərək atan Davud kimi yolumla getsən, Mənim qanunlarıma və hökmlərimə əməl etsən,
18. sənin padşahlıq taxtını ucaldacağam. Mən “sənin nəslindən İsrailə hökm edən bir kişi əskik olmayacaq” deyərək atan Davudla əhd bağlamışdım.
19. Ancaq siz dönüb qarşınıza qoyduğum qanunlarımı və əmrlərimi tərk etsəniz, gedib başqa allahlara qulluq edərək onlara səcdə etsəniz,
20. Mən İsrailliləri onlara verdiyim torpaqdan qovub atacağam və Öz adıma təqdis etdiyim bu məbədi hüzurumdan rədd edəcəyəm. Onda İsrail barədə bütün xalqlar arasında məsəl və kinayə söylədəcəyəm.
21. İndi uca olan bu məbədin yanından keçən hər kəs dəhşətə gələrək deyəcək: “Nə üçün Rəbb bu torpağı və bu məbədi bu cür rədd etdi?”
22. Onlara deyəcəklər: “Bu xalq atalarını Misir torpağından çıxaran Allahı Rəbbi tərk etdi və başqa allahlardan yapışdı, onlara səcdə və qulluq etdilər. Buna görə də O bütün bu bəlanı onların üzərinə göndərdi”».

2 Salnamələr 8:1-18
1. Süleyman Rəbbin məbədini və öz sarayını iyirmi ilə tikib qurtardıqdan sonra
2. Xiramın Süleymana verdiyi şəhərləri Süleyman yenə tikdi və İsrail övladlarını orada yerləşdirdi.
3. Süleyman Xamat-Sovaya getdi və bu ölkəni tutdu.
4. Səhrada Tadmoru və Xamatda bütün anbar şəhərlərini tikdi.
5. Yuxarı Bet-Xoronu və Aşağı Bet-Xoronu, divarlarla, qapılarla və sürgülərlə olan qalalı şəhərlər kimi tikdi.
6. Baalatı, özünün bütün anbar şəhərlərini, bütün döyüş arabalarının olduğu şəhərləri, süvarilərin olduğu şəhərləri, Yerusəlimdə, Livanda və onun hökmranlığı altında olan bütün yerlərdə tikmək istədiyi hər şeyi tikdi.
7. Ölkədə İsraillilərdən olmayan başqa xalqlar – Xetlilər, Emorlular, Perizlilər, Xivlilər və Yevuslular qalmışdı.
8. Çünki İsrail övladları onların atalarını məhv etməmişdi. Süleyman onları mükəlləfiyyətçi etdi və bu indiyə qədər belədir.
9. İsrail övladlarından isə heç kəsi öz işi üçün qul etmədi, ancaq onlar Süleymanın əsgərləri, keşik rəisləri, döyüş arabalarının və süvarilərinin başçıları idi.
10. Padşah Süleymanın nəzarətçi rəisləri də İsraillilərdən idi. Xalqa rəislik edən bu adamlar iki yüz əlli nəfər idi.
11. Süleyman fironun qızını Davudun şəhərindən onun üçün tikdiyi evinə köçürdü. Çünki o dedi: «Arvadım İsrailin padşahı Davudun sarayında yaşamasın, ona görə ki Rəbbin sandığının gəldiyi yerlər müqəddəsdir».
12. O vaxt Süleyman eyvanın önündə düzəltdiyi Rəbbin qurbangahında Rəbbə yandırma qurbanları təqdim edərdi.
13. Şənbə günlərində və Təzə Ay mərasimlərində, ildə üç dəfə bayramlarda – Mayasız Çörək bayramında, Həftələr bayramında və Çardaqlar bayramında Musanın əmr etdiyi təqdimlər günündə təqdim edərdi.
14. Atası Davudun hökmünə görə, o, kahinlərin bölmələrini xidmətlərinə görə, hər günün qaydası ilə kahinlərin yanında həmd və xidmət etmək üçün Levililəri vəzifələrinə görə və hər qapıya qapıçıları bölmələrinə görə təyin etdi. Çünki Allah adamı Davud belə əmr etmişdi.
15. Onlar hər məsələdə, xəzinələrlə bağlı məsələlərdə padşahın kahinlərə və Levililərə olan əmrindən çıxmadı.
16. Rəbbin məbədinin bünövrəsinin qoyulmasından tikilib qurtarmasına qədər Süleymanın hər işi hazırlanmışdı. Beləcə Rəbbin məbədi tikilib qurtardı.
17. Süleyman Edom ölkəsində, dənizin körfəzində olan Esyon-Geverə və Elata getdi.
18. Xiram adamlarının vasitəsilə ona gəmilər və dənizə bələd adamlar göndərdi. Onlar Süleymanın adamları ilə birgə Ofirə gəldi və oradan dörd yüz əlli talant qızıl götürüb padşah Süleymana gətirdilər.

Zəbur 80:1-6
1. Ey İsrailin Çobanı,Yusif nəslinə sürü kimi Baxan, qulaq as!Ey keruvlar üstündə Oturan, nurunu saç!
2. Efrayim, Binyamin, Menaşşe qəbilələrinin önündəQoy qüvvətin oyansın, gəl, bizi qurtar!
3. Ey Allah, bizi əvvəlki halımıza qaytar,Üzündən nur saçıb bizi qurtar!
4. Ya Rəbb, ey Ordular Allahı, nə vaxtacanXalqının duasından qəzəblənəcəksən?
5. Onlara çörək yerinə göz yaşı yedirdin,Onlara bolluca göz yaşı içirdin.
6. Qonşularımızla bizi çəkişməyə vadar etdin,Düşmən bizi ələ salıb gülür.

Süleymanın Məsəlləri 20:15-15
15. Qızıl və çox yaqut var,Amma ağıllı söz danışan dil qiymətli cəvahirdir.

Həvarilərin İşləri 13:26-52
26. Qardaşlar, ey İbrahimin nəslinin övladları və aranızda olan Allahdan qorxanlar, bu xilas sözü bizə göndərilib.
27. Çünki Yerusəlim əhalisi və onların rəhbərləri İsanı tanımadı. Beləliklə, Onu mühakimə etməklə hər Şənbə günü oxunan peyğəmbərlərin sözünü yerinə yetirdilər.
28. Onda ölümə layiq heç bir təqsir tapmasalar da, Pilatdan Onun edam olunmasını tələb etdilər.
29. Onun barəsində yazılanların hamısını tam yerinə yetirəndən sonra Onu çarmıxdan düşürüb qəbirə qoydular.
30. Lakin Allah Onu ölülər arasından diriltdi.
31. İsa xeyli günlər ərzində daha əvvəl Qalileyadan Onunla Yerusəlimə gələnlərə göründü. Bu adamlar indi Onun barəsində xalq üçün şahiddir.
32. Biz indi sizə bu Müjdəni bəyan edirik: ata-babalarımıza verilən vəd həyata keçib,
33. Allah İsanı diriltməklə bu vədi onların övladları olan bizlər üçün yerinə yetirib. İkinci məzmurda belə yazılıb:“Sən Mənim Oğlumsan,Mən bu gün Sənə Ata oldum”.
34. Allah Onu ölülər arasından dirildərək heç vaxt çürüməyə qoymayacaq. Ona görə demişdi: “Davuda vəd etdiyim sadiq məhəbbəti sizə göstərəcəyəm”.
35. Buna görə də başqa yerdə belə deyir: “Mömin insanını çürüməyə qoymazsan”.
36. Davud öz müasirlərinə Allahın iradəsinə müvafiq xidmət edəndən sonra vəfat etdi. O da ataları ilə uyudu və cəsədi çürüyüb-getdi.
37. Amma Allahın diriltdiyi İnsanın cismi çürümədi.
38. Bununla da, ey qardaşlar, bilin ki, bu İnsan vasitəsilə günahların bağışlanması sizə elan edilir. Belə ki Musanın Qanununa görə saleh sayılmamanızın səbəblərinin heç birinə baxmayaraq,
39. iman edən hər kəs bu İnsanda saleh sayılacaq.
40. Ehtiyatlı olun ki, Peyğəmbərlərin dedikləri baş verməsin:
41. “Baxın, siz ey xor baxanlar,Mat qalın və yox olun.Sizin vaxtınızda elə işlər görəcəyəm ki,Sizə danışsaydılar, inanmazdınız”».
42. Paulla Barnaba sinaqoqdan çıxarkən camaat onlardan xahiş etdi ki, gələn Şənbə günü yenə də bu mövzudan danışsınlar.
43. Sinaqoqda olan camaat çıxıb gedəndən sonra xeyli Yəhudi və Yəhudi dinini qəbul edən möminlər Paul və Barnabanın ardınca getdilər. Onlar da bu adamlarla söhbətlər edir və Allahın lütfündə dönməz olsunlar deyə onlara öyüd-nəsihət verirdilər.
44. Növbəti Şənbə Rəbbin kəlamına qulaq asmaq üçün demək olar ki bütün şəhər əhalisi toplaşmışdı.
45. İzdihamı görən Yəhudiləri qısqanclıq bürüdü və Paulun nitqinin əleyhinə qalxıb ona böhtan atdılar.
46. Paulla Barnaba isə cəsarətlə dedilər: «Allahın kəlamı əvvəlcə sizə bəyan olunmalı idi. Sizin ondan imtina etdiyiniz və özünüzü əbədi həyata layiq görmədiyiniz üçün biz indi başqa millətlərə üz tuturuq.
47. Çünki Rəbbin bizə əmri belə idi:“Səni millətlərə nur etmişəm ki,Xilası dünyanın ən uzaq yerlərinə yayasan”».
48. Başqa millətlərdən olanlar bunu eşidərkən sevinirdilər və Rəbbin kəlamını izzətləndirirdilər. Əbədi həyat üçün təyin olunanların hamısı iman gətirdi.
49. Beləliklə, Rəbbin kəlamı bütün bölgəyə yayıldı.
50. Amma Yəhudilər hörmətli, mömin qadınları və şəhərin nüfuzlu adamlarını təşvişə saldılar. Onlar da Paulla Barnabanı təqib edib o bölgədən qovdular.
51. Buna görə də Paulla Barnaba ayaqlarının tozunu onların üstünə çırpıb Konyaya getdilər.
52. Şagirdlər isə sevinc və Müqəddəs Ruhla doldular.