A A A A A

Bir il Bibliya


Iyul 5


2 Salnamələr 5:1-14
1. Rəbbin məbədi üçün Süleymanın gördüyü bütün işlər qurtardı. Atası Davudun təqdis etdiyi qızıl-gümüşü və əşyaları Süleyman içəri gətirib Allahın məbədinin xəzinələrinə qoydu.
2. O zaman padşah Süleyman İsrailin ağsaqqallarını, bütün qəbilə başçılarını, yəni İsrail övladlarının nəsil rəhbərlərini Yerusəlimə, özünün yanına topladı ki, Rəbbin Əhd sandığını Davudun şəhəri olan Siondan yuxarı gətirsinlər.
3. Yeddinci ayda olan bayram vaxtı bütün İsrail xalqı padşahın yanına toplandı.
4. Bütün İsrail ağsaqqalları gələndə Levililər sandığı götürdü.
5. Onunla birgə Hüzur çadırını və çadırda olan bütün müqəddəs əşyaları Levili kahinlər yuxarı gətirdi.
6. Padşah Süleyman və onun yanına toplanmış bütün İsrail icması sandığın önündə çoxluğuna görə sayı-hesabı bilinməyən qoyun-keçi və mal-qara qurban kəsirdi.
7. Kahinlər Rəbbin Əhd sandığını öz yerinə, məbədin iç otağına – Ən Müqəddəs yerə, keruvların qanadları altındakı yerinə gətirdi.
8. Keruvlar qanadlarını sandığın yeri üzərində açmışdı, onlar sandığı və onun şüvüllərini örtmüşdü.
9. Şüvüllər elə uzun idi ki, onların ucu iç otağın önündəki Müqəddəs yerdən görünürdü, ancaq bayır tərəfdən görünmürdü. Onlar bu günə qədər oradadır.
10. İsrail övladları Misirdən çıxdıqları zaman Rəbbin onlarla əhd bağladığı Xorevdə Musa sandığın içinə iki lövhə qoymuşdu. Bunlardan başqa onun içində heç bir şey yox idi.
11. Kahinlər Müqəddəs yerdən çıxdılar. Hazır olan kahinlərin hamısı bölmələrini gözləmədən özlərini təqdis etmişdi.
12. İlahi oxuyan Levililərin hamısı da – Asəf, Heman, Yedutun və onların oğulları ilə qohumları incə kətan geyərək sinclər, çənglər və liralarla qurbangahın şərq tərəfində dayandılar və onlarla bərabər yüz iyirmi kahin kərənay çalırdı.
13. Kərənay çalanlar və ilahiçilər bir səslə Rəbbə həmd və şükür etməklə səslərini birgə ucaltdılar. Kərənayların, sinclərin, musiqi alətlərinin səsi yüksələndə onlar dedi: «Rəbbə həmd edin, çünki yaxşıdır, çünki məhəbbəti əbədidir». O vaxt bulud Rəbbin məbədini elə doldurdu ki,
14. o buluda görə kahinlər ibadət etmək üçün orada dayana bilmədilər, çünki Rəbbin izzəti Allahın məbədini doldurmuşdu.

2 Salnamələr 6:1-42
1. O zaman Süleyman dedi: «Rəbb istədi ki, qatı qaranlıqda məskən salsın.
2. Mən Sənin üçün uca bir məbəd tikdim ki, Sənin əbədi yaşayacağın yer olsun».
3. Padşah dönüb bütün İsrail camaatına xeyir-dua verdi. Bu zaman bütün İsrail camaatı ayaq üstə durmuşdu.
4. Padşah dedi: «İsrailin Allahı Rəbbə alqış olsun ki, atam Davuda Öz ağzı ilə dediyini Öz əli ilə yerinə yetirdi. O söyləmişdi:
5. “Mən xalqımı Misir torpağından çıxartdığım gündən bəri bir məbəd tikmək üçün İsrailin heç bir qəbiləsindən şəhər seçməmişdim ki, adım üstündə olsun. Xalqım İsrail üzərində hökmdar olmaq üçün bir adam da seçməmişdim.
6. İndi isə adım orada olsun deyə Yerusəlimi seçmişəm və xalqım İsrail üzərində hökmdar olmaq üçün Davudu seçmişəm”.
7. Atam Davudun ürəyində İsrailin Allahı Rəbbin adına bir məbəd tikmək istəyi var idi.
8. Lakin Rəbb atam Davuda dedi: “Sən yaxşı eləmisən ki, Mənim adıma bir məbəd tikmək niyyətinə düşmüsən.
9. Ancaq məbədi sən tikməyəcəksən, sənin belindən gələn oğlun Mənim adıma məbəd tikəcək”.
10. Rəbb vəd etdiyini yerinə yetirdi: belə ki mən atam Davudun yerinə qalxdım, Rəbbin dediyi kimi İsrail taxtında oturdum və İsrailin Allahı Rəbbin adına məbəd tikdim.
11. Sandığı oraya qoydum. Rəbbin İsrail övladları ilə bağladığı əhd onun içindədir».
12. Süleyman Rəbbin qurbangahı önündə, bütün İsrail camaatının qarşısında durub əllərini göyə açdı.
13. O, tuncdan uzunluğu ilə eni beş qulac, hündürlüyü isə üç qulac olan bir kürsü düzəldib həyətin ortasına qoymuşdu və indi onun üstündə dururdu. Bütün İsrail camaatı önündə diz çöküb əllərini göyə açdı.
14. Süleyman dedi: «Ya Rəbb, İsrailin Allahı! Nə göydə, nə də yerdə Sənin kimi Allah yoxdur. Sən bütün ürəkləri ilə yolunla gedən qullarına əhdini və lütfünü saxlayırsan.
15. Sən qulun atam Davuda verdiyin vədə əməl etdin, Öz dilinlə söylədiyini bu gün Öz əlinlə yerinə yetirdin.
16. Ya Rəbb İsrailin Allahı, indi də qulun atam Davuda dediyin sözə əməl et. Özün söyləmişdin: “Sən yolumla getdiyin kimi oğulların da qanunuma görə əməl edərək öz yollarına diqqət edərlərsə, İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq”.
17. Ey İsrailin Allahı Rəbb, indi qulun atam Davuda dediyin sözü təsdiq et!
18. Lakin, doğrudan da, Allah yerdə, insanların yanında yaşayarmı? Sən göyə və göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim məbədə!
19. Ancaq Sən bu qulunun duasına və yalvarışına nəzər sal, ya Rəbb Allahım, bu gün onun önündə etdiyi fəryadı və duanı eşit.
20. Qoy Sənin nəzərin gecə-gündüz bu məbədin üstündə olsun. Bu yer barədə Sən demisən ki, adını orada qoyursan. Qulunun buraya üz tutub etdiyi duanı eşit.
21. Bu yerə tərəf dua etdikləri vaxt Öz qulunun və xalqın İsrailin yalvarışlarını Sən eşit, göydən – Öz məskənindən eşit və bağışla!
22. Əgər bir adam öz yaxınına qarşı günah edərsə və ondan and içmək tələb olunarsa, o da gəlib bu məbəddə, Sənin qurbangahın önündə and içərsə,
23. o vaxt Sən göydən eşit və belə et, qulların üzərində hökm et: əməlini öz başına döndərərək müqəssiri ittiham et və təqsirsizə salehliyinə görə bəraət ver.
24. Əgər xalqın İsrail Sənə qarşı günah etdiyi üçün düşmən önündə məğlub olsa və onlar təkrar Sənə dönüb adını dillərinə gətirsələr və bu məbəddə Sənə yalvarıb fəryad etsələr,
25. o vaxt Sən göydən eşit və xalqın İsrailin günahını bağışla, onları yenə özlərinə və atalarına verdiyin torpağa qaytar.
26. Əgər xalqın Sənin önündə günah etdiyi üçün göy bağlanıb yağış yağmayan vaxt bu yerə tərəf dua edərək adını dillərinə gətirsələr və Sən onlara bəla göndərdiyin vaxt öz günahlarından dönsələr,
27. o vaxt Sən göydə eşit, qullarının və xalqın İsrailin günahını bağışla və gedəcəkləri doğru yolu onlara göstər. Xalqına irs kimi verdiyin torpağına da yağış göndər.
28. Əgər ölkədə aclıq, vəba olarsa, səmum küləyi ya kif, çəyirtkə ya bitki qurdu olarsa, əgər düşmən onları ölkənin hər hansı bir şəhərində mühasirəyə alarsa – hansı bəla, hansı xəstəlik olursa-olsun –
29. kimsə tərəfindən yaxud da bütün xalqın İsrail tərəfindən bir dua və yalvarış olarsa, hər kəs öz bəlasını və dərdini bilib bu məbədə tərəf əllərini açsa,
30. o vaxt Sən göydən – Öz məskənindən eşit və bağışla. Ürəyini bildiyin hər adama bütün əməllərinə görə əvəz ver, çünki insan ürəklərini yalnız Sən bilirsən.
31. Ta ki onlar atalarımıza verdiyin torpaqda yaşadıqları bütün günlər boyu Sənin yolunla getmək üçün Səndən qorxsun.
32. Əgər xalqın İsraildən olmayan yadelli də uzaq ölkədən gəlsə, Sənin böyük adın, qüdrətli əlin və uzanan qolun barədə eşidib bu məbədə tərəf dua etsə,
33. o vaxt Sən göydən – Öz məskənindən eşit və yadellinin Sənə fəryad etdiyi hər şeyi et ki, yer üzünün bütün xalqları da Sənin adını tanısın, xalqın İsrail kimi Səndən qorxsun və tikdiyim bu məbədin Sənin adınla çağırıldığını bilsin.
34. Əgər xalqın göndərdiyin yolla düşmənlərinə qarşı müharibəyə çıxsa və Sənin seçdiyin bu şəhərə tərəf, Sənin adına tikdiyim məbədə doğru üz çevirib Sənə dua etsə,
35. Sən göydən onların dualarını və yalvarışlarını eşit, onların tərəfində ol.
36. Əgər onlar önündə günah etsələr – çünki günah etməyən insan yoxdur – Sən qəzəblənib onları düşmənə təslim etsən və düşmən onları əsir edib yaxın ya uzaq torpağına aparsa,
37. onlar əsirlikdə olduqları ölkədə ürəklərini döndərib tövbə etsələr və Sənə dua edərək “biz günah və haqsızlıq etdik, pislik etdik” desələr,
38. onların əsir olunub aparıldığı ölkədə bütün ürəkləri və canları ilə Sənə tərəf dönsələr, atalarına verdiyin torpağa, seçdiyin şəhərə və adına tikdiyim məbədə tərəf üz tutub Sənə dua etsələr,
39. o vaxt Sən göydən – Öz məskənindən onların dua və yalvarışlarını eşit və onların tərəfində ol. Sənin önündə günah edən xalqını bağışla.
40. İndi, ey Allahım, Sənə yalvarıram, bu yerdə edilən duanı gözlərin görsün və qulaqların eşitsin.
41. Ya Rəbb Allah, qüvvənin rəmzi olan sandığınla birgə,Gücün rəmzi olan sandığınla birgəİstirahət edəcəyin yerə qalx.Ya Rəbb Allah, kahinlərin zəfərinlə əhatə olunsun,Möminlərin xeyirxahlığına görə sevinsin.
42. Ya Rəbb Allah, məsh etdiyindən üz döndərmə,Qulun Davuda göstərdiyin məhəbbətini yada sal».

Zəbur 79:11-13
11. Qoy əsirlərin ah-naləsi hüzuruna çatsın,Ölümə aparılanları böyük qüdrətinlə qoru.
12. Ey Xudavənd, Sənə tənə vuran bizim qonşularınTənələrini yeddi qat artıq kökslərinə qaytar.
13. Biz Sənin xalqın, otlağının sürüsüyük,Əbədilik Sənə şükür edərik,Nəsildən-nəslə qədər həmdlərini bəyan edərik!

Süleymanın Məsəlləri 20:13-14
13. Sevmə yatmağı, yoxsullaşarsan,Ayıq ol, onda bol çörəyə çatarsan.
14. Müştəri deyər: «Pisdir, pis maldır»,Amma alıb gedəndə özünü öyər.

Həvarilərin İşləri 13:1-25
1. Antakyadakı cəmiyyətdə peyğəmbərlər və müəllimlər var idi: Barnaba, Niger adlanan Şimeon, Kirenalı Luki, hökmdar Hirodun süd qardaşı Menaxem və Şaul.
2. Bu adamlar Rəbbə xidmət edib oruc tutarkən Müqəddəs Ruh onlara dedi: «Barnaba ilə Şaulu Mənim tapşırdığım iş üçün ayırın».
3. Beləliklə, oruc tutub dua etdikdən sonra Barnaba ilə Şaulun üzərinə əllərini qoydular və onları yola saldılar.
4. Müqəddəs Ruhun əmri ilə yola çıxan Barnaba və Şaul Selevkiyaya getdilər və oradan da gəmi ilə Kiprə getdilər.
5. Salamisə çatanda Yəhudilərin sinaqoqlarında Allahın kəlamını bəyan etməyə başladılar. Yəhya isə onların köməkçisi idi.
6. Adanı başdan-başa gəzərək Pafosa çatdılar. Orada Baryeşu adlı bir Yəhudi cadugər və yalançı peyğəmbərə rast gəldilər.
7. Baryeşu vali Sergi Paula yaxın adam idi. Ağıllı kişi olan vali Barnaba ilə Şaulu çağırtdırıb Allahın kəlamına qulaq asmaq istədi.
8. Lakin adı cadugər mənasını verən Elima, yəni Baryeşu buna qarşı çıxaraq valini imandan azdırmağa çalışırdı.
9. Amma Müqəddəs Ruhla dolan Şaul, yəni Paul gözlərini Elimaya dikib
10. dedi: «Ey iblis oğlu, ürəyin hər cür hiylə və fırıldaqla doludur. Ey salehliyə tamamilə düşmən kəsilən, Rəbbin haqq yolunu əyri qələmə verməkdən əl çəkməyəcəksənmi?
11. İndi isə bax, sənin üstünə Rəbbin əli gəlir. Kor olacaqsan, bir müddət gün işığı görməyəcəksən». O anda həmin adamın üzərinə bir duman, bir qaranlıq çökdü. Ora-bura gəzərək kimisə axtarırdı ki, onun əlindən tutub yol göstərsin.
12. Olanları görən vali Rəbbin təliminə təəccübləndi və iman etdi.
13. Paulla yanındakılar Pafosdan yelkən açıb Pamfiliya bölgəsindəki Perge şəhərinə çatdı. Yəhya isə onlardan ayrılıb Yerusəlimə qayıtdı.
14. Onlar yollarına davam edib Pergedən Pisidiyada olan Antakyaya çatdılar. Şənbə günü sinaqoqa girib oturdular.
15. Qanunun və Peyğəmbərlərin yazılarının oxunmasından sonra sinaqoq rəisləri onları çağırtdırıb dedilər: «Qardaşlar, xalqa ürəkləndirici müraciətiniz varsa, buyurub deyin».
16. Paul ayağa qalxıb diqqəti cəlb etmək üçün əlini qaldıraraq dedi: «Ey İsraillilər və Allahdan qorxanlar, qulaq asın.
17. Bu xalqın, yəni İsraillilərin səcdə etdiyi Allah bizim ata-babalarımızı seçdi və Misirdə – qürbət eldə yaşadıqları müddət ərzində onları böyük bir millət etdi. Sonra əlini uzadıb onları Misirdən çıxartdı.
18. Qırx ilə yaxın səhrada qaldıqları müddət ərzində onlara dözdü.
19. Kənan torpağında yaşayan yeddi milləti qırandan sonra bu millətlərin torpaqlarını irs olaraq İsrail xalqına verdi.
20. Bütün bunlar təqribən dörd yüz əlli ili əhatə etdi. Sonra Allah onlar üçün hakimlər yetirdi. Bu, peyğəmbər Şamuelin dövrünə qədər davam etdi.
21. Xalq padşah istəyəndə isə Allah Binyamin qəbiləsindən olan Qiş oğlu Şaulu onlar üçün padşah təyin etdi. O, qırx il padşahlıq etdi.
22. Onu aradan götürəndən sonra Allah Davudu ucaldıb onların üzərində padşah etdi və onun barəsində şəhadət etdi: “Öz ürəyimə yatan adam olaraq Yessey oğlu Davudu tapdım və o Mənim bütün istədiklərimi yerinə yetirəcək”.
23. Allah Öz vədinə sadiq qalıb bu adamın soyundan olan Xilaskar İsanı İsrailə göndərdi.
24. İsanın gəlişindən əvvəl Yəhya bütün İsrail xalqına vəz etmişdi ki, tövbə edib vəftiz olunsunlar.
25. Yəhya işini qurtararkən dedi: “Məni kim sayırsınız? O Şəxs mən deyiləm. Məndən sonra O gəlir. Mən Onun ayağındakı çarığını açmağa belə, layiq deyiləm”.