A A A A A

Bir il Bibliya


Iyul 3


2 Salnamələr 1:1-17
1. Davud oğlu Süleyman öz padşahlığını möhkəmləndirdi, Allahı Rəbb onunla idi və onu çox yüksəltdi.
2. Süleyman bütün İsrailliləri, minbaşıları, yüzbaşıları, hakimləri, bütün İsraildə hər bir rəhbəri və nəsil başçılarını çağırdı.
3. Süleyman və onunla bərabər bütün camaat Giveonda olan səcdəgaha getdi, çünki Rəbbin qulu Musanın çöldə qurduğu Allahın Hüzur çadırı orada idi.
4. Ancaq Davud Allahın sandığını Qiryat-Yearimdən onun üçün hazırladığı yerə gətirmişdi, çünki Davud onun üçün Yerusəlimdə bir çadır qurmuşdu.
5. Xur oğlu Uri oğlu Besalelin düzəltdiyi tunc qurbangah Giveonda, Rəbbin məskəni önündə idi və Süleymanla camaat oraya Rəbdən söz soruşmağa getdi.
6. Süleyman oraya – Rəbbin önündə, Hüzur çadırının qarşısındakı tunc qurbangaha qalxdı və onun üzərində min baş yandırma qurbanı təqdim etdi.
7. Həmin gecə Allah Süleymana görünüb ona dedi: «Nə istəyirsən, sənə verim?»
8. Süleyman Allaha dedi: «Sən atam Davuda böyük xeyirxahlıq göstərdin və onun yerinə məni padşah etdin.
9. İndi, ya Rəbb Allah, atam Davuda olan vədin yerinə yetsin, çünki Sən məni yerin tozu qədər çox olan bir xalq üzərində padşah etdin.
10. İndi mənə hikmət və bilik ver ki, bu xalqa nə edib-etməyəcəyimi bilim, çünki bu qədər böyük olan bu xalqına kim hökm edə bilər?»
11. Allah Süleymana dedi: «İndi ki ürəyində bu istək var və sən var-dövlət, əmlak, izzət, hətta sənə nifrət edənlərin canını və özünə uzun ömür istəmədin, ancaq səni üzərində padşah etdiyim xalqıma hökm edəsən deyə özün üçün hikmət və bilik istədin,
12. Mən sənə nəinki hikmət və bilik, həm də var-dövlət, əmlak və izzət verəcəyəm ki, nə səndən əvvəl olan padşahlarda olub, nə də səndən sonrakılarda olacaq».
13. Süleyman Giveonda olan səcdəgahdan, Hüzur çadırının önündən Yerusəlimə gəldi və İsrail üzərində padşahlıq etdi.
14. Süleyman döyüş arabaları ilə süvarilər topladı. Onun min dörd yüz döyüş arabası və on iki min süvarisi var idi. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi.
15. Padşah Yerusəlimdə çoxluğuna görə qızıl və gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən firon ənciri ağacına bərabər etdi.
16. Süleymanın atları Misirdən və Quvedən gətirilirdi, padşahın tacirləri onları Quvedən satın alırdı.
17. Hər bir döyüş arabası altı yüz şekel, hər bir at isə yüz əlli şekel gümüşə başa gəlib Misirdən gətirilirdi. Bütün Xet və Aram padşahları da bunları Süleymanın tacirlərinin vasitəsilə alırdı.

2 Salnamələr 2:1-18
1. Süleyman Rəbbin adına bir məbəd və özü üçün bir saray tikməyi niyyət etdi.
2. Süleyman yük daşıyan yetmiş min nəfər, dağlarda daş yonan səksən min nəfər, onların üzərində nəzarətçi olan üç min altı yüz adam sayıb ayırdı.
3. Süleyman Sur padşahı Xirama xəbər göndərib dedi:«Yaşamaq üçün özünə saray tiksin deyə atam Davuda sidr ağacları göndərdiyin kimi mənə də göndər.
4. Mən Allahım Rəbbə təqdis etmək üçün Onun adına bir məbəd tikirəm ki, Onun önündə xoş ətirli buxur yandırmaq üçün, daimi təqdis çörəkləri üçün, səhər-axşam, Şənbə günlərində, Təzə Ay mərasimlərində və Allahımız Rəbbin bayramlarında yandırma qurbanları üçün olsun. Bunlar İsrail üçün əbədi qaydadır.
5. Tikəcəyim məbəd böyükdür, çünki Allahımız bütün allahlardan böyükdür.
6. Kim Ona ev tikməyə qadirdir? O, göyə və göylərin göyünə sığmaz və mən kiməm ki, Ona bir ev tikəm? Onun önündə yalnız buxur yandırmaq üçün bir yer tikə bilərəm.
7. Atam Davudun hazırladığı, Yəhudada və Yerusəlimdə mənim yanımda olan ustalarla birgə işləmək üçün mənə bir adam göndər ki, qızıl, gümüş, tunc, dəmir işlərini, tünd qırmızı, al rəngli və bənövşəyi parça işlərini bacarsın, hər cür oyma işi görsün.
8. Livandan mənə sidr, şam və ardıc ağacları göndər, çünki bilirəm ki, sənin adamların Livanda ağac kəsməyi bacarır.
9. İndi mənə bol taxta-şalban hazırlasınlar deyə mənim adamlarım sənin adamlarınla birgə olacaq. Çünki tikəcəyim məbəd böyük və möcüzəli bir şey olacaq.
10. Mən isə sənin adamlarına – ağac kəsənlərə iyirmi min kor döyülmüş buğda, iyirmi min kor arpa, iyirmi min bat şərab və iyirmi min bat zeytun yağı verirəm».
11. Sur padşahı Xiram göndərdiyi məktubla Süleymana cavab verdi:«Rəbb xalqını sevdiyi üçün səni onların üzərində padşah etdi».
12. Xiram belə davam etdi:«Göyü və yeri yaradan İsrailin Allahı Rəbbə alqış olsun ki, padşah Davuda Rəbb üçün bir məbəd və özü üçün bir padşah sarayı tikən bacarıqlı, dərrakəli və müdrik oğul verib.
13. Bacarıqlı və həssas olan Xiram-Avini yanına göndərdim ki, sənin ustalarınla və atanın – ağam Davudun ustaları ilə birgə ona da iş tapşırılsın.
14. O, Danlı bir qadının oğludur, atası isə Surlu idi. Bu adam qızıl, gümüş, tunc, dəmir, daş, ağac işlərini, tünd qırmızı, bənövşəyi, al rəngli parça və incə kətan işlərini bacarır, hər cür oyma işini və ona tapşırılan hər naxışı çəkə bilir.
15. Ağamın söylədiyi buğdanı və arpanı, zeytun yağını və şərabı qullarına göndər.
16. Biz isə sənə lazım olduğu qədər Livandan ağac kəsərik, onu sallarla dəniz yolu ilə sənin yanına Yafoya gətirərik və sən də onu Yerusəlimə çıxararsan».
17. Atası Davud İsrail torpağında olan bütün qəribləri siyahıya aldıqdan sonra Süleyman onları bir də saydı. Qəriblər yüz əlli üç min altı yüz nəfər idi.
18. Onlardan yetmiş min nəfəri yük daşımağa, səksən min nəfəri dağlarda daş yonmağa qoydu. Üç min altı yüz adamı da xalqı işlətmək üçün nəzarətçi qoydu.

Zəbur 79:1-4
1. Ey Allah, millətlər Sənin mülkünə giriblər,Müqəddəs məbədini murdar ediblər,Yerusəlimi viranəliyə çeviriblər.
2. Qullarının cəsədini göydəki quşlara yem ediblər,Möminlərinin ətini yerdəki heyvanlara veriblər.
3. Yerusəlimin hər tərəfində onların qanı axıdılıb,Onları dəfn edən yoxdur.
4. Qonşularımızın tənə hədəfinə döndük,Ətrafdakılarımız tərəfindən ələ salınıb lağ edildik.

Süleymanın Məsəlləri 20:8-9
8. Nə zaman ki padşah hökm üçün taxta çıxar,Gözləri ilə bütün pisliyi sovurar.
9. Kim deyər ki, qəlbimi təmizləmişəm,Günahımı silmişəm?

Həvarilərin İşləri 11:1-30
1. Həvarilərlə bütün Yəhudeyadakı imanlı bacı-qardaşlar eşitdilər ki, başqa millətlər də Allahın kəlamını qəbul ediblər.
2. Peter Yerusəlimə gələndə sünnət tərəfdarları onu tənqid edərək
3. dedilər: «Sən sünnətsizlərin evinə gedib onlarla birgə yemək yemisən».
4. Peter sözə başlayıb onlara hər şeyi bir-bir izah etdi:
5. «Mən Yafo şəhərində dua edirdim. Birdən fikrimi görüntü apardı. Gördüm ki, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq göydən enib mənim yanıma çatır.
6. Bu şeyə gözlərimi dikib diqqətlə baxdım. Gördüm ki, onun üstündə yer üzərində yaşayan dördayaqlılar, çöl heyvanları, sürünənlər və göydə uçan quşlar var.
7. Sonra eşitdim ki, bir səda mənə deyir: “Qalx, Peter, kəs və ye!”
8. Mən dedim: “Əsla, ya Rəbb! Heç vaxt mənim ağzıma nə haram, nə də murdar bir şey dəyməyib”.
9. Yenə göydən səda gəldi: “Allahın halal dediyi şeylərə sən haram demə”.
10. Bu, üç dəfə təkrarlanandan sonra hər şey yenə göyə çəkildi.
11. Elə bu zaman Qeysəriyyədən mənim yanıma göndərilən üç kişi qaldığımız evin qapısında dayandı.
12. Ruh mənə dedi ki, tərəddüd etmədən onlarla gedim. İmanlı qardaşlarımız olan bu altı nəfər də mənə qoşulub həmin kişinin evinə girdik.
13. Bu adam bizə nəql etdi ki, öz evində dayanan mələk görüb. Mələk ona demişdi: “Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır.
14. Onun sənə deyəcəyi sözlərlə həm sən, həm də bütün külfətin xilas olacaq”.
15. Mən sözə başlayanda Müqəddəs Ruh başlanğıcda bizim üstümüzə endiyi kimi onların da üstünə endi.
16. Onda Rəbbin dediyi bu sözlər yadıma düşdü: “Yəhya su ilə vəftiz etdi, amma siz Müqəddəs Ruhla vəftiz olacaqsınız”.
17. Beləliklə, Rəbb İsa Məsihə iman edən bizlərə verdiyi eyni bəxşişi Allah onlara da veribsə, mən kiməm ki, Allaha qarşı çıxam?»
18. Bu sözləri eşidib hamı sakitləşdi və Allahı izzətləndirib dedi: «Deməli, Allah başqa millətlərə də imkan yaratdı ki, tövbə edib həyat tapsın».
19. Stefanın öldürülməsi ilə başlanan təqib nəticəsində pərən-pərən düşən imanlılar Finikiya, Kipr və Antakyaya qədər getdilər. Allahın kəlamını yalnız Yəhudilərə dedilər.
20. Amma onların arasından bəzi Kiprli və Kirenalılar Antakyaya gedib yunanca danışanlarla da söhbətə başladılar. Onlara Rəbb İsa ilə bağlı Müjdəni yayırdılar.
21. Rəbbin əli onların üzərində idi və bunun nəticəsində xeyli insan iman gətirib Rəbbə tərəf döndü.
22. Bunların xəbəri Yerusəlimdəki cəmiyyətə çatdı və Barnabanı Antakyaya göndərdilər.
23. O oraya çatanda Allahın lütfünün bəhrəsini görüb sevindi. O hamını həvəsləndirirdi ki, can-dildən Rəbbə bağlı qalsınlar.
24. Çünki özü Müqəddəs Ruhla və imanla dolu, xeyirxah bir kişi idi. Bunun nəticəsində də böyük bir kütlə Rəbbə iman gətirdi.
25. Sonra Barnaba Tarsusa gedib Şaulu axtardı.
26. Onu tapan kimi Antakyaya gətirdi. Bir il ərzində oradakı imanlılar cəmiyyətinə qoşulub bir yerdə yığılaraq böyük bir kütləyə təlim öyrədirdi. Şagirdlər ilk dəfə olaraq Antakyada məsihçi adlandırıldı.
27. Elə həmin günlərdə Yerusəlimdən Antakyaya bəzi peyğəmbərlər gəldi.
28. Bunlardan Aqab adlı biri qalxıb Ruhun təsiri ilə bütün dünyada böyük bir aclıq olacağını bildirdi. Bu aclıq Klavdinin hakimiyyəti dövrünə təsadüf olundu.
29. Şagirdlər qərara aldılar ki, hər biri gücü çatan qədər Yəhudeyada yaşayan imanlı bacı-qardaşlarına yardım göndərsin.
30. Bu qərara əməl edərək yardımları Barnaba və Şaulun əli ilə cəmiyyət ağsaqqallarına göndərdilər.