A A A A A

Bir il Bibliya


Iyul 25


Nehemya 1:1-11
1. Xakalya oğlu Nehemyanın sözləri:Mən iyirminci ildəKislev ayında Şuşan qalasında olarkən
2. qardaşlarımdan biri Xanani və Yəhudadan bəzi adamlar gəldi. Mən onlardan əsirlikdən qurtulub qayıdan Yəhudilərlə Yerusəlim şəhəri barəsində soruşdum.
3. Mənə belə dedilər: «Əsirlikdən qurtulub qayıdanlar orada – vilayətdə böyük məşəqqət və xəcalət içində yaşayır. Yerusəlimin divarı dağıdılıb, darvazaları isə yandırılmışdır».
4. Bu sözləri eşitdikdə oturub ağladım. Günlərlə yas tutdum və göylər Allahının önündə oruc tutaraq dua edib belə dedim:
5. «Ey göylərin Allahı Rəbb! Səni sevənlərlə, əmrlərinə əməl edənlərlə Öz əhdinə sadiq qalıb lütf göstərirsən. Ey böyük və zəhmli Allah!
6. Yalvarıram, mənə diqqətlə qulaq as. Qulların olan İsrail övladları üçün gözlərini aç, Sənin önündə gecə-gündüz bu qulunun etdiyi duanı dinlə. Mən, biz İsrail övladlarının Sənə qarşı etdiyimiz günahları etiraf edirəm. Mən də, atalarım da günah etmişik.
7. Hüzurunda təqsirimiz çoxdur. Qulun Musaya buyurduğun əmrlərə, qaydalara və hökmlərə əməl etmədik.
8. Yalvarıram, qulun Musaya “əgər xəyanət etsəniz, sizi xalqlar arasına səpələyəcəyəm.
9. Amma Mənə tərəf dönsəniz və əmrlərimi tutub onlara əməl etsəniz, göylərin o başına qovulsanız belə, oradan sizi toplayacağam. Adımı yaşatmaq üçün seçdiyim yerə gətirəcəyəm” deyə buyurduğun sözlərini xatırla.
10. Onlar Sənin qulların və xalqındır. Böyük qüvvətinlə və qüdrətli əlinlə onları Sən qurtardın.
11. Ya Xudavənd, yalvarıram, bu qulunun duasına və Sənin adına ehtiram etməkdən zövq alan qullarının duasına diqqətlə qulaq as! Yalvarıram, bu gün qulunun işini uğurlu et, qoy padşahın gözündə lütf tapsın».Mən o vaxt padşahın saqisi idim.

Nehemya 2:1-20
1. Padşah Artaxşastanınhakimiyyətinin iyirminci ili, Nisan ayı idi. Padşahın qarşısına şərab gətirildi. Mən şərab camını qaldırıb ona verdim. O günə qədər mən heç vaxt onun hüzurunda kədərli görünməmişdim.
2. Padşah mənə dedi: «Üzün niyə belə qəmlidir? Xəstə olmasan da, hər halda ürəyin dərdlidir». Onda mən çox qorxdum.
3. Sonra padşaha dedim: «Padşah həmişə sağ olsun! Atalarımın dəfn edildiyi yer, şəhərimiz xaraba qalıb, darvazaları yandırılıb. Bəs mən necə kədərlənməyim?»
4. Padşah isə mənə dedi: «Sən məndən nə diləyirsən?» Mən göylərin Allahına dua edərək padşaha dedim:
5. «Əgər padşaha bu xoş gəlirsə və qulun sənin gözündə lütf tapıbsa, məni Yəhudaya, atalarımın dəfn edildiyi şəhərə göndər ki, oranı bərpa edə bilim».
6. Mələkə də padşahın yanında oturmuşdu. Padşah mənə dedi: «Bu səfərin nə qədər çəkər? Nə vaxt qayıda bilərsən?» Məni göndərmək padşaha məqbul oldu və mən qayıdacağım vaxtı müəyyən etdim.
7. Sonra mən padşaha dedim: «Əgər padşaha xoş gəlirsə, Fərat çayının qərbindəki torpaqların valiləri üçün mənə namələr verilsin ki, Yəhudaya çatana qədər məni vilayətlərindən keçirtsinlər.
8. Həm də padşahın meşə nəzarətçisi Asəfə namə göndərilsin ki, məbədin yanındakı qala darvazalarına, şəhərin divarına və iqamətgahıma tirlər düzəltmək üçün mənə ağac versin». Allahın mərhəmətli əli üzərimdə olduğuna görə padşahdan nə istədimsə, mənə verdi.
9. Fərat çayının qərbindəki valilərin yanına getdim və padşahın namələrini verdim. Padşah mənimlə birgə ordu zabitləri ilə atlıları da göndərmişdi.
10. Xoronlu Sanballat və Ammonlu məmur Toviya İsrail övladlarının xeyrinə çalışan bir nəfərin gəldiyini eşitdikdə çox hirsləndilər.
11. Mən Yerusəlimə gəlib orada üç gün qaldım.
12. Gecə ikən qalxıb özümlə bir neçə adam götürdüm. Yerusəlim üçün nə etmək barəsində Allahımın ürəyimə göndərdiyi fikirləri heç kəsə açmadım. Mindiyimdən başqa heç bir heyvan götürmədim.
13. Gecə Dərə darvazasından çıxıb Əjdaha quyusuna və Peyin darvazasına doğru getdim, Yerusəlimin dağıdılan divarına və yandırılan darvazalarına nəzər saldım.
14. Sonra Çeşmə darvazasına və Padşah hovuzuna tərəf getdim, lakin mindiyim heyvan o yerlərdən keçə bilmirdi.
15. Həmin gecə vadi boyunca çıxaraq divarı gözdən keçirtdim. Sonra dönüb Dərə darvazasından girərək geri qayıtdım.
16. Hökumət məmurları hara getdiyimi, nə etdiyimi bilmirdilər. Çünki Yəhudilərə, kahinlərə, əyanlara, məmurlara və digər vəzifəlilərə heç bir şey danışmamışdım.
17. Mən onlara dedim: «Düşdüyümüz bu pis vəziyyəti görürsünüz; Yerusəlim xarabalığa çevrilmiş, darvazalarına isə od vurulmuşdur. Gəlin Yerusəlimin divarını bərpa edək ki, bir daha rüsvayçılıq içərisində qalmayaq».
18. Mən Allahın mərhəmətli əlinin üzərimdə olduğunu bildirərək padşahın mənə dediyi sözləri onlara çatdırdım. Onlar belə dedilər: «Gəlin qalxaq, buraları bərpa edək». Bu xeyirli iş üçün hamı əlbir oldu.
19. Lakin Xoronlu Sanballat, Ammonlu məmur Toviya və Ərəb Geşem bundan xəbər tutanda bizə xor baxaraq ələ salıb dedilər: «Bu nə işdir tutursunuz? Yoxsa siz padşaha qarşı üsyan qaldırırsınız?»
20. Mən onlara cavab verərək dedim: «Göylərin Allahı işimizi uğurlu edəcək. Onun qulları olan bizlər qalxıb buranı bərpa edəcəyik. Sizin isə Yerusəlimdə nə payınız, nə haqqınız, nə də adınız olacaq».

Zəbur 88:11-18
11. Məhəbbətin məzardamı,Sədaqətin Həlak yerindəmi bəyan olunacaq?
12. Xariqələrin qaranlıqdamı,Ədalətin unudulma diyarındamı tanınacaq?
13. Mən isə, ya Rəbb, Səni imdada çağırıram,Duam hər səhər hüzuruna qalxır.
14. Ya Rəbb, niyə məni rədd edirsən?Niyə məndən üzünü gizlədirsən?
15. Mən uşaqlıqdan məzlumam, ölümcül haldayam,Göstərdiyin dəhşətlərdən çarəsiz qalmışam.
16. Qəzəbin üzərimdən basır,Verdiyin vahimələrdən məhv oluram.
17. Bunlar sel kimi məni dövrəyə salır,Bunlar birgə həmişə başımın üstünü alır.
18. Yarımı, yoldaşımı məndən uzaqlaşdırmısan,Yalnız qaranlıqla həmdəm olmuşam.

Süleymanın Məsəlləri 21:25-26
25. Tənbəlin arzusu onu ölümə aparır,Çünki əlləri zəhmətdən qaçır.
26. Tənbəl bütün gün çox şey arzulayar,Salehsə əsirgəmədən azuqə paylayar.

Həvarilərin İşləri 25:1-27
1. Vilayətə çatandan üç gün sonra Fest Qeysəriyyədən Yerusəlimə getdi.
2. Başçı kahinlərlə Yəhudilərin nüfuzlu adamları Paulla bağlı şikayətlərini ona açıqladılar.
3. Onlara bir yaxşılıq etsin deyə Festə yalvararaq Paulun Yerusəlimə gətirilməsini xahiş etdilər, çünki onu öldürmək üçün yolda pusqu qururdular.
4. Fest cavab verdi: «Paul Qeysəriyyədə həbsdədir və tezliklə özüm də oraya gedəcəyəm.
5. Aranızda səlahiyyəti olanlar mənimlə getsin və əgər bu kişi haqsızlıq edibsə, onu ittiham etsin».
6. Fest onların yanında səkkiz ya on gündən artıq qalmadı və Qeysəriyyəyə qayıtdı. Ertəsi gün hökm kürsüsünə çıxıb Paulun gətirilməsini əmr etdi.
7. Paul içəri girəndə Yerusəlimdən gələn Yəhudilər onun ətrafını bürüdü və onun barəsində dəlil-sübutsuz bir çox ağır ittihamlar irəli sürdülər.
8. Paul «nə Yəhudilərin Qanununa, nə məbədə, nə də qeysərə qarşı heç bir günah işlətməmişəm» deyərək özünü müdafiə etdi.
9. Yəhudilərin rəğbətini qazanmaq üçün Fest Paula belə dedi: «Bu iş üzrə mənim qarşımda mühakimənin Yerusəlimdə olmasını istəyirsənmi?»
10. Paul dedi: «Mən qeysərin hökm kürsüsünün qarşısında dayanmışam. Mənim məhkəməm burada olmalıdır. Sən özün də yaxşı bilirsən ki, Yəhudilərə qarşı heç bir haqsızlıq etməmişəm.
11. Əgər haqsızlıq etmişəmsə, ölüm cəzasına layiq bir iş tutmuşamsa, ölümdən qaçmıram. Yox, əgər bunların ittihamları əsassızdırsa, məni onların əlinə təslim etmək üçün heç kimin səlahiyyəti yoxdur. Mən qeysərin məhkəməsinə müraciət etmək istəyirəm».
12. Fest öz məsləhət şurası ilə müşavirə keçirəndən sonra cavab verdi: «Sən qeysərin məhkəməsinə müraciət etmək istədiyin üçün qeysərin yanına gedəcəksən».
13. Bir neçə gündən sonra padşah Aqrippa ilə Berniki Festi təbrik etmək üçün Qeysəriyyəyə gəldi.
14. Bir müddət orada qaldılar. Fest bu ərəfədə Paulun işini padşaha danışdı. O dedi: «Bir kişi var, Feliks onu məhbus saxlayaraq gedib.
15. Yerusəlimdə olduğum ərəfədə Yəhudilərin başçı kahinləri ilə ağsaqqalları onunla bağlı şikayətlərini açıqladı və onu cəzalandırmağımı istədi.
16. Mən dedim ki, ittiham edilən şəxsi ittihamçılarla üzləşdirmədən, ona edilən ittihamlara müdafiə imkanı vermədən, onlara təslim etmək Romalıların adətinə xas deyil.
17. Onlar mənimlə buraya toplananda heç bir vaxt itirmədən ertəsi gün hökm kürsüsünə çıxıb bu kişinin gətirilməsini əmr etdim.
18. Amma ittihamçılar qalxıb danışanda mənim gözlədiyim cinayətlərin heç biri ilə onu təqsirləndirmədilər.
19. Lakin onunla öz dinləri barədə bir neçə məsələ qaldırdılar. Bunlar ölmüş və Paulun iddiasına görə sağ olan İsa adlı bir şəxslə bağlı məsələlərdir.
20. Bunları necə tədqiq edəcəyimdən şübhələndiyim üçün ondan soruşdum ki, Yerusəlimə gedib bu iş üçün orada mühakimə olmağa razıdır ya yox.
21. Amma Paul imperatorun məhkəməsinə müraciət etmək və bu olana qədər həbsdə qalmaq istədi. Mən də onu qeysərin yanına göndərəcəyim zamanacan həbsdə qalması barədə əmr verdim».
22. Aqrippa Festə dedi: «Bu adama mən də qulaq asmaq istəyirəm». Fest dedi: «Sabah qulaq asarsan».
23. Ertəsi gün Aqrippa ilə Berniki təntənəli surətdə gəlib minbaşılar və şəhərin nüfuzlu şəxsləri ilə birlikdə iclas otağına daxil oldular. Festin əmrinə əsasən Paulu içəri gətirdilər.
24. Fest dedi: «Ey padşah Aqrippa və burada bizimlə olan bütün cənablar, istər Yerusəlimdə, istərsə də burada, bütün Yəhudi xalqının şikayət etdiyi bu insanı görürsünüzmü? “Bu adam daha yaşamamalıdır!” deyə Yəhudilər hay-küy salırdı.
25. Amma mən nəticəyə gəldim ki, bu adam ölümə layiq heç bir iş görməyib. Lakin imperatorun məhkəməsinə müraciət etmək istədiyinə görə onu göndərmək qərarına gəldim.
26. Amma onun barəsində qəti bir sözüm yoxdur ki, cənabıma yazam. Ona görə də onu sizin qarşınıza, xüsusən, padşah Aqrippa, sənin qarşına çıxarıram ki, bu işin istintaqından sonra yazmağa sözüm olsun.
27. Çünki bir məhbusu imperatorun qarşısına göndərəndə ona edilən ittihamları göstərməmək mənə məntiqsiz göründü».