A A A A A

Bir il Bibliya


Iyul 2


1 Salnamələr 28:1-21
1. Davud İsrailin bütün başçılarını – qəbilə başçılarını, padşaha xidmət edən bölmələrin başçılarını, minbaşıları və yüzbaşıları, padşahla oğullarının bütün mülkünə və heyvanlarına baxanların başçılarını, saray xidmətçilərini, sərkərdələri və bütün igid adamları Yerusəlimə topladı.
2. Padşah Davud ayağa qalxıb dedi: «Ey qardaşlarım və xalqım, məni dinləyin! Ürəyimdə Allahımızın kətili və Rəbbin Əhd sandığı üçün bir rahatlıq evi tikmək arzusu var idi və onu tikmək üçün hazırlıq gördüm.
3. Ancaq Allah mənə dedi: “Sən Mənim adıma məbəd tikməyəcəksən, çünki sən hərb adamısan və qan tökmüsən”.
4. Lakin İsrailin Allahı Rəbb İsrail üzərində əbədi olaraq padşah olmaq üçün bütün nəslimdən məni seçdi, çünki hökmdar olmaq üçün O, Yəhudanı və Yəhuda qəbiləsindən mənim nəslimi seçdi. Bütün İsrail üzərində padşah etmək üçün nəslimin arasında mən xoşuna gəldim.
5. Rəbbin mənə verdiyi çoxlu oğul arasından da İsrail üzərində Rəbbin padşahlıq taxtında oturmaq üçün oğlum Süleymanı seçdi.
6. Rəbb mənə dedi: “Oğlun Süleyman da həmin adamdır ki, Mənim məbədimi və həyətlərimi tikəcək, çünki onu Özümə oğul seçdim və Mən ona Ata olacağam.
7. Əgər bu gün olduğu kimi əmrlərimə və hökmlərimə əməl etməkdə sadiq olsa, onun padşahlığını əbədi olaraq möhkəmləndirəcəyəm”.
8. İndi isə bütün İsraillilərin, Rəbbin camaatının gözü önündə və Allahımız eşidərkən belə tapşırıram: “Allahınız Rəbbin bütün əmrlərinə əməl edin, onları öyrənin ki, bu nemətli torpaqda qalasınız və sizdən sonra övladlarınıza onu əbədi miras verəsiniz”.
9. Sən də, oğlum Süleyman, atanın Allahını tanı, səmimi qəlbdən və həvəslə Ona qulluq et, çünki Rəbb bütün ürəkləri sınayır və ağılların bütün istəklərini bilir. Əgər Onu axtarsan, sən Onu tapacaqsan. Əgər Onu tərk etsən, O da səni əbədi olaraq atacaq.
10. İndi bax Rəbb səni Müqəddəs məkan olan bir ev tikmək üçün seçmişdir, sən də möhkəm ol və bu işi gör».
11. Davud oğlu Süleymana eyvanın, onun evlərinin, xəzinələrinin, yuxarı otaqların, iç otaqların, Kəffarə yerinin, fikrində olan bütün bunların təsvirini və
12. Ruhun vasitəsilə ona aşkar olmuş bütün bunların təsvirini verdi: Rəbbin məbədinin həyətləri, ətrafdakı bütün otaqlar, Allah məbədinin xəzinələri, təqdis olunan şeylərin xəzinələri,
13. kahinlərin və Levililərin bölükləri, Rəbbin məbədində hər cür xidmət işi, Rəbbin məbədində olan bütün xidmət əşyaları,
14. hər cür xidmət üçün işlədilən bütün qızılın çəkisinə görə qızıl əşyalar, hər cür xidmət üçün işlədilən gümüşün çəkisinə görə gümüş əşyalar,
15. hər çıraqdanın və onun çıraqlarının çəkisinə görə qızıl çıraqdanlar və onların qızıl çıraqları, hər cür xidmət üçün çəkisinə görə gümüş çıraqdanlar və onların çıraqları,
16. təqdis çörəkləri qoyulan masalar üçün hər masanın çəkisinə görə qızıl, hər gümüş masa üçün gümüş,
17. xalis qızıldan olan çəngəllər, piyalələr və dolçalar, hər kasanın çəkisinə görə qızıl kasalar, hər kasanın çəkisinə görə gümüş kasalar,
18. çəkisinə görə xalis qızıldan buxur qurbangahı. Davud həm də qanadlarını açıb Əhd sandığını örtən Rəbbin arabası olan qızıl keruvların təsvirini verdi.
19. Davud dedi: «Bunların hamısının təsviri bütün təfsilatı ilə yazılı şəkildə Rəbb tərəfindən mənə aşkar edildi».
20. Davud oğlu Süleymana dedi: «Möhkəm və cəsarətli ol, bu işi gör, qorxma və ruhdan düşmə, çünki Rəbb Allah, mənim Allahım səninlədir. O, Rəbbin məbədinin bütün xidmət işi sona çatmamış səni atmaz və tərk etməz.
21. Allah məbədinin bütün xidməti üçün kahinlərin və Levililərin bölükləri hazır durub. Sənin yanında bütün işlər üçün hər cür xidməti bacaran könüllü adamlar da var. Rəislər və bütün xalq sənin hər əmrini gözləyir».

1 Salnamələr 29:1-30
1. Padşah Davud bütün camaata dedi: «Allahın yeganə seçdiyi oğlum Süleyman cavan və təcrübəsizdir, bu iş isə böyükdür, çünki bu bina insan üçün deyil, Rəbb Allah üçün olacaq.
2. Bütün səyimlə Allahımın məbədindən ötrü qızıl şeylər üçün qızıl, gümüş şeylər üçün gümüş, tunc şeylər üçün tunc, dəmir şeylər üçün dəmir, ağac şeylər üçün ağac, damarlı əqiq daşları və onların sağanaqları, cilalı və cürbəcür rəngli daşlar, hər cür qiymətli daşlar və çoxlu mərmər daşlar hazırlamışam.
3. Bundan başqa, Allahımın məbədini tikməyə həvəsim naminə müqəddəs məbəd üçün hazırladığım hər şeydən əlavə nə qədər qızıl-gümüş xəzinəm varsa, onu da Allahım Rəbbin məbədi üçün verirəm:
4. Ofir qızılından üç min talant qızılı, yeddi min talant xalis gümüşü evlərin divarını örtmək üçün,
5. qızıl şeylər üçün qızılı, gümüş şeylər üçün gümüşü ustaların düzəldəcəyi bütün işlər üçün verirəm. Kim bu gün Rəbbə könüllü nəzir təqdim etmək istəyir?»
6. Nəsil başçıları, İsrail qəbilələrinin başçıları, minbaşılar, yüzbaşılar və padşahın işləri üzərində olan rəislər könüllü gəlib
7. Allah məbədinin xidməti üçün beş min talant və on min darik qızıl, on min talant gümüş, on səkkiz min talant tunc və yüz min talant dəmir verdilər.
8. Kimdə qiymətli daşlar var idisə, onları Gerşon nəslindən olan Yexielin nəzarəti altında olan Rəbbin məbədinin xəzinəsinə verirdi.
9. Xalq onların könüllü nəzir verməsinə sevindi, çünki bütün qəlbi ilə Rəbbə nəzir təqdim etmişdilər. Padşah Davud da çox sevindi.
10. Davud bütün camaatın gözü önündə Rəbbə alqış edib dedi: «Ey atamız İsrailin Allahı Rəbb, əzəldən sonsuza qədər Sənə alqış olsun!
11. Ya Rəbb, əzəmət, qüdrət, calal, zəfər və şöhrət Sənə məxsusdur, çünki göydə və yerdə olan hər şey Sənindir. Ya Rəbb, padşahlıq Sənindir və Hökmdar olaraq hər şeydən ucasan.
12. Var-dövlətlə şöhrət Səndən gəlir və Sən hər şeyə hökmranlıq edirsən. Hər kəsi yüksəltmək və gücləndirmək üçün qüdrət və güc Sənin əlindədir.
13. İndi, ey Allahımız, biz Sənə şükür edirik və izzətli adına həmd edirik.
14. Ancaq mən kiməm və xalqım nədir ki, bu cür könüllü nəzirlər verə bilək? Çünki hər şey Səndəndir və əlindən aldığımızı Sənə verdik.
15. Biz bütün atalarımız kimi Sənin önündə bir qərib və qonağıq. Günlərimiz yer üzündə kölgə kimidir və heç nəyə ümidimiz yoxdur.
16. Ya Rəbb Allahımız, Sənin müqəddəs adına məbəd tikmək üçün hazırladığımız bütün bu var-dövlət Sənin əlinlə verilib, bunların hamısı Sənindir.
17. Bilirəm ki, ey Allahım, Sən ürəyi sınayırsan və düzlüyü sevirsən. Mən bütün bu şeyləri ürəyimin düzlüyü ilə könüllü olaraq təqdim etdim, indi də burada olan xalqının Sənə könüllü nəzir verdiyini sevinclə gördüm.
18. Ya Rəbb, atalarımız İbrahimin, İshaqın və İsrailin Allahı! Xalqının ürəyindəki istəklərində bunu əbədi olaraq qoruyub saxla və onların ürəyini Özünə tərəf yönəlt.
19. Oğlum Süleymana sadiq bir ürək ver ki, Sənin əmrlərinə, göstərişlərinə və qanunlarına əməl etsin, bütün bu işləri görsün, tikintisinə hazırlıq gördüyüm bu binanı tiksin».
20. Davud bütün camaata dedi: «İndi Allahınız Rəbbə həmd edin». Bütün camaat atalarının Allahı Rəbbə həmd etdi. Onlar əyilib Rəbbə səcdə, padşaha isə təzim etdilər.
21. Ertəsi gün Rəbbə qurbanlar kəsdilər və Rəbbə yandırma qurbanı olaraq min baş buğa, min baş qoç, min baş quzu, onların içmə təqdimlərini və bütün İsrail üçün çoxlu qurbanlar təqdim etdilər.
22. O gün onlar böyük sevinclə Rəbbin önündə yeyib-içdilər. Sonra ikinci dəfə Davud oğlu Süleymanı padşah etdilər. Rəbb üçün onu hökmdar və Sadoqu kahin olaraq məsh etdilər.
23. Süleyman atası Davudun yerinə padşah olaraq Rəbbin taxtında oturdu və uğur qazandı. Bütün İsraillilər ona itaət etdi.
24. Bütün rəislər, igid adamlar, həm də Davudun bütün oğulları padşah Süleymana tabe oldu.
25. Rəbb Süleymanı bütün İsraillilərin gözündə çox ucaltdı və özündən əvvəl İsraildə heç bir padşahın malik olmadığı padşahlıq əzəmətini ona verdi.
26. Beləliklə, Yessey oğlu Davud bütün İsrail üzərində padşahlıq etdi.
27. Onun İsrail üzərində padşahlıq etdiyi müddət qırx il idi; yeddi il Xevronda və otuz üç il Yerusəlimdə padşahlıq etdi.
28. O, uzun ömür sürüb sərvət və şöhrətdən doymuş halda xoş bir qocalıq çağında öldü və yerinə oğlu Süleyman padşah oldu.
29. Padşah Davudun əvvəldən axıra qədər bütün işləri görücü Şamuelin kitabında, peyğəmbər Natanın kitabında və görücü Qadın kitabında yazılmışdır.
30. Bu kitablarda həm Davudun padşahlığı və qüdrəti, həm də onun, İsrailin və bütün dünya padşahlıqlarının başına gələn əhvalatlar barədə yazılmışdır.

Zəbur 78:67-72
67. Yusifin nəslini rədd etdi,Efrayim qəbiləsini seçmədi.
68. Yəhuda qəbiləsini,Sevdiyi Sion dağını seçdi.
69. Öz Müqəddəs məkanını səma kimi,Əbədi qurduğu dünya kimi tikdi.
70. Çoban olan qulu Davudu seçdi,Onu qoyun ağıllarından götürdü.
71. Əmlik quzuların qayğısına qalanı gətirdi,Xalqı Yaqub nəslinin və Öz irsi İsrailin çobanı etdi.
72. Davud onları kamil ürəklə otardı,Əlindən gələn məharətlə onları irəli apardı.

Süleymanın Məsəlləri 20:6-7
6. İnsanların çoxu sədaqətindən dəm vurar.Amma sadiq adamı haradan tapmaq olar?
7. Saleh kamalı ilə yaşar,Özündən sonra gələn nəsli bəxtiyar olar.

Həvarilərin İşləri 10:24-28
24. Sonrakı gün Qeysəriyyəyə çatdı. Korneli öz qohumlarını və yaxın dostlarını bir yerə yığıb onları gözləyirdi.
25. Peter içəri girəndə Korneli ayağına düşüb ona səcdə etdi.
26. Peter isə onu ayağa qaldıraraq dedi: «Qalx, mən də sənin kimi insanam».
27. Peter Korneli ilə danışa-danışa içəri daxil olanda gördü ki, oraya xeyli adam yığılıb.
28. Onlara belə dedi: «Bilirsiniz ki, Yəhudilərə hər hansı bir yadelli ilə ünsiyyət yaratmaq, onlara qonaq getmək qadağandır. Amma insanları haram və murdar saymamağı Allah mənə göstərdi.