A A A A A

Bir il Bibliya


Iyul 16


2 Salnamələr 28:1-27
1. Axaz padşah olduğu vaxt iyirmi yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. O, babası Davuddan fərqli olaraq Rəbbin gözündə doğru olan işlər etmədi.
2. Axaz İsrail padşahlarının yolları ilə getdi, həm də Baallar üçün tökmə bütlər düzəltdi.
3. Ben-Hinnom vadisində buxur yandırdı və Rəbbin İsrail övladları önündən qovduğu millətlərin iyrənc əməllərini edərək oğullarını odda yandırdı.
4. O, səcdəgahlarda, təpələr üzərində və hər kölgəli ağac altında qurban gətirər və buxur yandırardı.
5. Bundan ötrü Allahı Rəbb onu Aram padşahına təslim etdi. Aramlılar onu məğlub edib çoxlu əsir götürdülər və onları Dəməşqə gətirdilər. Özü də İsrail padşahına təslim edildi. O da onu böyük tələfatla məğlub etdi.
6. Remalya oğlu Peqah Yəhudada yüz iyirmi min adamı bir gündə öldürdü, hamısı igid adam idi. Çünki onlar atalarının Allahı Rəbbi tərk etmişdi.
7. Efrayimli bir igid olan Zikri padşahın oğlu Maaseyanı və saray rəisi Azriqamı, padşahdan sonra ikinci adam olan Elqananı da öldürdü.
8. İsraillilər öz qohumlarından qadınlar, oğullar, qızlar, iki yüz min nəfər əsir götürdü, həm də onlardan çoxlu qənimət götürüb Samariyaya apardılar.
9. Ancaq orada Rəbbin bir peyğəmbəri vardı, adı Oded idi. O, Samariyaya gələn ordunun qarşısına çıxdı və onlara dedi: «Budur, atalarınızın Allahı Rəbb Yəhudaya qarşı qəzəbləndiyi üçün onları sizə təslim etdi, siz də göylərə çatan qəzəblə onları öldürdünüz.
10. İndi Yəhuda və Yerusəlim xalqını kölə və cariyə olaraq özünüzə tabe etmək istəyirsiniz. Ancaq sizin də Allahınız Rəbbə qarşı təqsiriniz yoxdurmu?
11. İndi mənə qulaq asın! Qohumlarınızdan aldığınız əsirləri geri göndərin, çünki Rəbbin qızğın qəzəbi üzərinizdədir».
12. Efrayimlilərin başçılarından olan Yehoxanan oğlu Azarya, Meşillemot oğlu Berekya, Şallum oğlu Yexizqiya və Xadlay oğlu Amasa döyüşdən gələnlərə qarşı qalxıb dedi:
13. «Əsirləri buraya gətirməyin, çünki etmək istədiyiniz şey Rəbbə qarşı üzərimizə təqsir gətirməklə günahlarımızı və təqsirlərimizi artıracaq. Onsuz da təqsirimiz çoxdur və İsrail üzərinə qızğın qəzəb var».
14. Silahlı əsgərlər əsirləri və qəniməti rəislərin və bütün camaatın önünə qoydular.
15. Adları çəkilən adamlar qalxdı və əsirləri götürüb onlardan çılpaq olanların hamısını qənimətdən götürülmüş paltar və çarıqla geyindirdilər. Onları yedirib-içirdilər və onlara yağ sürtdülər, zəif olanların hamısını eşşəklərə mindirdilər və onları xurma ağacları şəhəri Yerixoya – qohumlarının yanına apardılar və sonra Samariyaya qayıtdılar.
16. O zaman padşah Axaz özü üçün kömək istəyərək Aşşur padşahlarına xəbər göndərdi.
17. Çünki yenə Edomlular gəlib Yəhudalıları məğlub edib əsir götürmüşdülər.
18. Filiştlilər də yamaclı-düzənlikli bölgədə və Yəhudanın cənubunda olan şəhərlərə basqın etdilər. Bet-Şemeşi, Ayyalonu, Gederotu və Soko ilə qəsəbələrini, Timna ilə qəsəbələrini və Gimzo ilə qəsəbələrini almışdılar və orada yaşayırdılar.
19. Beləcə İsrail padşahı Axazın üzündən Rəbb Yəhudanı alçaltmışdı, çünki o, Yəhudada azğınlıq edib Rəbbə qarşı çox xainlik etmişdi.
20. Aşşur padşahı Tiqlat-Pileser onun üstünə gəlib kömək etmək əvəzinə onu sıxışdırdı.
21. Axaz Rəbbin məbədindən, saraydan və rəislərin evlərindən pay toplayıb onu Aşşur padşahına vermişdi. Ancaq bu ona kömək etmədi.
22. Bu padşah Axaz sıxıntılı vaxtında Rəbbə qarşı xainliyi artırdı.
23. Onu məğlub edən Dəməşqlilərin bütlərinə qurban kəsdi və dedi: «Madam ki Aram padşahlarının allahları onlara kömək etdilər, mən də onlara qurban kəsəcəyəm ki, mənə də kömək etsinlər». Ancaq bunlar onun və bütün İsrailin büdrəməsinə səbəb oldu.
24. Axaz Allahın məbədinin əşyalarını yığıb parçaladı və Rəbbin məbədinin qapılarını bağladı. Yerusəlimin hər küncündə özü üçün qurbangahlar,
25. Yəhudanın hər şəhərində başqa allahlara buxur yandırmaq üçün səcdəgahlar düzəltdi. Beləcə atalarının Allahı Rəbbi qəzəbləndirdi.
26. Onun qalan işləri və bütün əməlləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır.
27. Axaz ataları ilə uyudu və onu Yerusəlim şəhərində basdırdılar. Onu İsrail padşahlarının qəbirlərinə qoymadılar. Onun yerinə oğlu Xizqiya padşah oldu.

2 Salnamələr 29:1-36
1. Xizqiya padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Zəkəriyyə qızı Aviya idi.
2. Xizqiya babası Davudun etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.
3. Xizqiya padşahlığının birinci ilində, birinci ayda Rəbbin məbədinin qapılarını açdı və onları təmir etdi.
4. Kahinləri və Levililəri içəri çağırdı, onları şərq meydanına topladı.
5. Xizqiya onlara dedi: «Ey Levililər, məni dinləyin! İndi özünüzü və atalarınızın Allahı Rəbbin məbədini təqdis edin və müqəddəs yerdən murdar şeyləri çıxarın.
6. Atalarımız Rəbbin gözündə xainlik və pis olan işlər edib Onu tərk etdilər. Rəbbin məskənindən üz döndərib Ona arxa çevirdilər.
7. Eyvanın qapılarını bağladılar, çıraqları söndürdülər, İsrail Allahının müqəddəs yerində buxur yandırmadılar və yandırma qurbanları gətirmədilər.
8. Yəhuda və Yerusəlim üzərinə Rəbbin qəzəbi gəldi və gözlərinizlə gördüyünüz kimi onları dəhşət, heyrət və təhqir hədəfinə çevirdi.
9. Ona görə də atalarımız qılıncla öldürülmüş, oğullarımız, qızlarımız və arvadlarımız əsirlikdədir.
10. İndi isə İsrailin Allahı Rəbb ilə əhd bağlamağı ürəyimə qoydum ki, Öz qızğın qəzəbini bizdən döndərsin.
11. Oğullarım, laqeyd olmayın, çünki Rəbb sizi seçib ki, Onun önündə xidmət edəsiniz və Onun buxur yandıran xidmətçiləri olasınız».
12. Levililərdən bu adamlar qalxdı: Qohat nəslindən Amasay oğlu Maxat və Azarya oğlu Yoel; Merari nəslindən Avdi oğlu Qiş və Yehallelel oğlu Azarya; Gerşon nəslindən Zimma oğlu Yoah və Yoah oğlu Eden;
13. Elisafan nəslindən Şimri və Yeiel; Asəf nəslindən Zəkəriyyə və Mattanya;
14. Heman nəslindən Yexiel, Şimeyi və Yedutun nəslindən Şemaya və Uzziel.
15. Onlar qohumlarını topladı və özlərini təqdis etdi. Padşahın əmr etdiyi kimi Rəbbin sözünə görə Rəbbin məbədini təmizləmək üçün getdilər.
16. Kahinlər isə Rəbbin məbədinin içərisinə girib oranı təmizlədilər və böyük otaqda tapdıqları bütün murdar şeyləri məbədin həyətinə çıxartdılar. Levililər isə onları götürüb bayıra, Qidron vadisinə apardı.
17. Birinci ayın birinci günündə təqdisetmə işinə başladılar və həmin ayın səkkizinci günündə Rəbbin eyvanına qədər çatdılar. Səkkiz gün Rəbbin məbədini təqdis etdilər və birinci ayın on altıncı günündə bitirdilər.
18. Onlar padşah Xizqiyanın yanına girib dedilər: «Biz Rəbbin bütün məbədini, yandırma qurbanlarının gətirildiyi qurbangahını və onun bütün avadanlığını, təqdis çörəkləri qoyulan masanı və onun bütün ləvazimatını təmizlədik.
19. Padşah Axaz padşah olanda xainlik edib tulladığı bütün əşyaları da hazırladıq və təqdis etdik. İndi onlar Rəbbin qurbangahı önündədir».
20. Padşah Xizqiya səhər tezdən durdu və şəhərin rəislərini toplayıb Rəbbin məbədinə qalxdı.
21. Padşahlıq, Müqəddəs məkan, Yəhudalılar üçün günah qurbanı olaraq yeddi buğa, yeddi qoç, yeddi quzu və yeddi təkə gətirdilər. O, Harun nəslindən olan kahinlərə əmr etdi ki, onları Rəbbin qurbangahında qurban gətirsinlər.
22. Mal-qaranı kəsdilər və kahinlər qanı götürüb qurbangaha səpdilər, qoçları kəsdilər və qanı qurbangaha səpdilər, quzuları kəsdilər və qanı qurbangaha səpdilər.
23. Təkələri isə günah qurbanı olmaq üçün padşahın və camaatın önünə gətirdilər və əllərini onların üstünə qoydular.
24. Kahinlər onları kəsdi və qurbangahda günah qurbanı olaraq onların qanını bütün İsraillilərin günahlarını bağışlamaq üçün axıtdı. Çünki padşah əmr etmişdi ki, yandırma qurbanı və günah qurbanı bütün İsrail üçün gətirilsin.
25. Davudun, padşahın görücüsü Qadın və peyğəmbər Natanın əmrinə görə Xizqiya Levililəri sinclərlə, çənglərlə və liralarla Rəbbin məbədinə qoydu. Bu əmr peyğəmbərlər vasitəsilə Rəbdən gəlmişdi.
26. Levililər Davudun musiqi alətləri ilə, kahinlər kərənaylarla dayandı.
27. Xizqiya əmr etdi ki, yandırma qurbanı qurbangahda təqdim edilsin. Yandırma qurbanının təqdimi başlananda kərənayların və İsrail padşahı Davudun musiqi alətlərinin sədası altında Rəbbin ilahisi də başlandı.
28. Bütün camaat səcdə etdi, ilahiçilər ilahi oxudu, kərənay çalanlar çaldı. Bunların hamısı yandırma qurbanının təqdimi qurtarana qədər davam etdi.
29. Yandırma qurbanının təqdimi qurtaranda padşah və yanında olanların hamısı əyilib səcdə etdi.
30. Padşah Xizqiya və rəislər Levililərə əmr etdilər ki, Davudun və görücü Asəfin sözləri ilə Rəbbə həmd oxusunlar. Onlar sevinclə həmd oxudu və əyilib səcdə etdilər.
31. Sonra Xizqiya dedi: «İndi özünüzü Rəbbə həsr etdiniz, yaxın gəlin, Rəbbin məbədinə qurbanlar və şükür təqdimləri gətirin». Camaat qurbanlar və şükür təqdimləri gətirdi, ürəyi istəyənlərin hamısı yandırma qurbanları təqdim etdi.
32. Camaatın gətirdiyi yandırma qurbanlarının sayı yetmiş baş mal-qara, yüz qoç, iki yüz quzu idi. Bunların hamısı Rəbbə yandırma qurbanı gətirildi.
33. Təqdis olunan heyvanların sayı isə altı yüz baş mal-qara və üç min baş qoyun-keçi idi.
34. Ancaq kahinlər az idi və bütün yandırma qurbanlarının dərisini soya bilmədilər. İş qurtarana və kahinlər özlərini təqdis edənə qədər qohumları olan Levililər kahinlərə kömək etdilər. Çünki Levililər kahinlərdən artıq sidq ürəklə özlərini təqdis etmişdi.
35. Ünsiyyət qurbanlarının yağı və yandırma qurbanları ilə birgə gətirilmiş tökmə təqdimlər də çox idi. Beləcə Rəbbin məbədinin xidməti bərpa olundu.
36. Allahın xalq üçün gördüyü işinə görə Xizqiya və bütün xalq sevindi. Çünki bu iş gözlənilmədən olmuşdu.

Zəbur 84:8-12
8. Ya Rəbb, ey Ordular Allahı, duamı dinlə,Ey Yaqubun Allahı, qulaq as!
9. Ey Allah, bizə sipər olana bax,Məsh etdiyinin üzünə bax!
10. Sənin həyətində keçən bir günümBaşqa yerdə keçən min günümdən yaxşıdır.Allahımın evinin keşiyində dayanmağımPislərin çadırında rahat ömür sürməkdən yaxşıdır.
11. Axı Rəbb Allah günəşdir, sipərdir,Rəbb lütf və şərəf verir,Xeyirxahlığını düz yolla gedənlərdən əsirgəmir.
12. Ey Ordular Rəbbi, Sənə güvənən nə bəxtiyardır!

Süleymanın Məsəlləri 21:6-8
6. Yalançılıqla qazanılan xəzinəHavaya yayılan sis-dumandır, bir ölüm tələsidir.
7. Zorakılığına görə pislər süpürülüb atılacaq,Çünki onlar ədalətə əməl etmək istəmir.
8. Günahkarın yolu dolaşıqdır,Pak insanın etdiyi doğru sayılır.

Həvarilərin İşləri 19:21-41
21. Bunlar baş verəndən sonra Paul qərara gəldi ki, Makedoniya və Axayyadan keçərək Yerusəlimə getsin. O dedi: «Oraya gedəndən sonra gərək Romanı da görəm».
22. Xidmətçilərindən ikisini – Timoteylə Erastı Makedoniyaya göndərərək özü bir müddət Asiya vilayətində qaldı.
23. O ərəfədə İsa yolu ilə bağlı böyük bir qarışıqlıq yarandı.
24. Dimitri adlı bir zərgər gümüşdən ilahə Artemidanın ev səcdəgahlarını düzəldirdi və sənətkarlara çoxlu gəlir gətirirdi.
25. O, sənətkarları və bu cür işlə məşğul olanları bir yerə toplayıb belə dedi: «Ay kişilər, bilirsiniz ki, gəlirimiz bu işdən asılıdır.
26. Amma bu Paul deyir ki, əl işi olan allahlar həqiqi allahlar deyil. Yalnız Efesdə deyil, demək olar ki, bütün Asiya vilayətində nə qədər insanı tovlayıb azdırdığını görmüsünüz və eşitmisiniz.
27. Onda böyük bir təhlükə ilə üzləşirik. Bu həm bizim sənətimizin nüfuzunu itirə bilər, həm də ulu ilahə Artemidanın məbədini gözdən sala bilər. Bununla da bütün Asiya vilayətinin və bütün dünyanın ibadət etdiyi Artemidanın ululuğu heçə çıxar».
28. Oradakılar bunu eşidəndə bərk hiddətləndilər və qışqıra-qışqıra dedilər: «Efes ilahəsi Artemida uludur!»
29. Şəhər bir-birinə qarışdı. Xalq Paulun yol yoldaşları olan Makedoniyalı Qayla Aristarxı tutub sürüyərək birlikdə teatra doluşdu.
30. Paul istədi ki, xalqın arasına girsin, amma şagirdlər onu buraxmadılar.
31. Hətta Paulun dostları olan Asiya vilayətinin sədrlərinin bəziləri də ona xəbər göndərib yalvardı ki, teatra ayaq basmasın.
32. Teatrdakı yığıncaqda aləm qarışmışdı, hər ağızdan bir avaz gəlirdi. Onların çoxu isə bilmirdi ki, buraya nə üçün gəlib.
33. Yəhudilər İsgəndəri qarşıya çıxaranda izdihamın içərisindən bəziləri hadisəni onunla əlaqələndirdi. O isə xalqın diqqətini cəmləşdirmək üçün əlini qaldırdı və onların qarşısında özünü müdafiə etmək istədi.
34. Amma xalq onun Yəhudi olduğunu biləndə bir səslə iki saata yaxın «Efes ilahəsi Artemida uludur!» deyə qışqırışdı.
35. İzdihamı sakitləşdirən şəhərin icra məmuru dedi: «Ey Efeslilər, kim bilmir ki, Efes şəhəri ulu Artemida məbədinin və göydən gələn heykəlinin keşikçisidir?
36. Bunları heç kim inkar edə bilməz. Buna görə sakit olmanız və fikirləşmədən bir iş görməməyiniz lazımdır.
37. Buraya gətirdiyiniz adamlar nə məbədimizi soydu, nə də ilahəmizi söydü.
38. Əgər Dimitrinin və onun sənətkar dostlarının kimdən şikayəti varsa, məhkəmələr açıqdır, valilər də var. Qoy bir-birlərini orada ittiham etsinlər.
39. Sizin araşdıracağınız başqa hallar varsa, bunun da qanuni bir yığıncaqda həll olması lazımdır.
40. Bugünkü hadisələrə görə üsyan qaldırdığımız üçün ittiham olunmaq təhlükəsi qarşısındayıq. Biz bu səbəbsiz iğtişaşa bəraət qazandıra bilmərik».
41. O bu sözləri deyərək yığıncağı dağıtdı.