A A A A A

Bir il Bibliya


Iyul 13


2 Salnamələr 21:1-20
1. Yehoşafat ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Yehoram padşah oldu.
2. Onun qardaşları, Yehoşafatın oğulları bunlar idi: Azarya, Yexiel, Zəkəriyyə, Azarya, Mikael və Şefatya. Bunların hamısı İsrail padşahı Yehoşafatın oğulları idi.
3. Ataları onlara çoxlu hədiyyələr – qızıl, gümüş və qiymətli şeylər, bunlarla bərabər Yəhudada olan qalalı şəhərlər verdi. Padşahlığı isə Yehorama verdi, çünki o, ilk oğul idi.
4. Yehoram atasının padşahlıq taxtına çıxıb möhkəmləndikdə bütün qardaşlarını və İsrail rəislərindən bəzisini də qılıncdan keçirdi.
5. Yehoram padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi.
6. Axav nəslinin etdiyi kimi o da İsrail padşahlarının yolu ilə getdi, çünki Axavın qızı onun arvadı idi. Yehoram Rəbbin gözündə pis olan işlər etdi.
7. Ancaq Rəbb Davudla etdiyi əhddən ötrü Davudun sülaləsini məhv etmək istəmədi. Çünki Davuda və onun nəslinə əbədi olaraq bir çıraq verəcəyini vəd etmişdi.
8. Onun dövründə Edomlular üsyan qaldırıb Yəhudanın əsarəti altından çıxdılar və özlərinə bir padşah qoydular.
9. Yehoram rəisləri və bütün döyüş arabaları ilə birgə getdi. Gecə ikən qalxıb onu hər tərəfdən əhatə edən Edomluları və araba rəislərini qırdı.
10. Beləcə Edomlular üsyan qaldırdı, bu günə qədər də Yəhudanın əsarəti altında deyil. Həmin vaxt Livnalılar da üsyan qaldırıb onun əsarəti altından çıxdılar, çünki Yehoram atalarının Allahı Rəbbi tərk etmişdi.
11. O, Yəhuda dağlarında da səcdəgahlar tikmişdi. Yerusəlimdə yaşayanları da xəyanətə təhrik edib Yəhudanı da yoldan azdırmışdı.
12. Ona peyğəmbər İlyasdan bu məktub gəldi:«Atan Davudun Allahı Rəbb belə deyir: “Atan Yehoşafatın və Yəhuda padşahı Asanın yolları ilə deyil,
13. ancaq İsrail padşahlarının yolu ilə getdin, Axav nəslinin etdiyi kimi Yəhudanı və Yerusəlimdə yaşayanları xəyanətə təhrik etdin. Həm də atanın nəslindən qardaşlarını, səndən daha yaxşı olanları öldürdün.
14. Buna görə də Rəbb sənin xalqına, oğullarına, arvadlarına və bütün malına böyük zərbə vuracaq.
15. Sən isə ağır xəstələnəcəksən, elə bir şiddətli xəstəlik keçirəcəksən ki, nəticədə bağırsaqların töküləcək”».
16. Rəbb Yehorama qarşı Filiştlilərin ruhunu və Kuşluların qonşuluğunda yaşayan Ərəblərin ruhunu oyandırdı.
17. Onlar Yəhudanın üstünə gəlib oraya hücum çəkdilər. Padşahın sarayında tapdıqları bütün malı, onun oğullarını və arvadlarını apardılar. Oğullarının ən balacası Axazyadan başqa oğlu qalmadı.
18. Bunların hamısından sonra Rəbb Yehoramı bağırsaqlarından sağalmaz bir xəstəliklə vurdu.
19. Onun xəstəliyi gündən-günə şiddətləndi. Nəhayət, ikinci ilin sonunda xəstəliyinə görə bağırsaqları töküldü və o, şiddətli ağrılarla öldü. Onun xalqı Yehoramın ataları üçün tonqal yandırdığı kimi onun xatirinə yandırmadı.
20. Yehoram padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi. Ölümünə heç kəs təəssüf etmədi. Onu Davudun şəhərində basdırdılar, lakin padşahların qəbirlərində basdırmadılar.

2 Salnamələr 22:1-12
1. Yerusəlimdə yaşayanlar onun yerinə ən kiçik oğlu Axazyanı padşah etdilər, çünki Ərəblərlə birgə ordugaha girən dəstələr bütün böyükləri öldürmüşdü. Beləcə Yəhuda padşahı Yehoramın oğlu Axazya padşah oldu.
2. Axazya padşah olduğu vaxt qırx iki yaşında idi və Yerusəlimdə bir il padşahlıq etdi. Anası Omrinin nəvəsi olub adı Atalya idi.
3. Axazya da Axav nəslinin yolları ilə getdi, çünki anası ona pislik etmək öyrədirdi.
4. O da Axav nəsli kimi Rəbbin gözündə pis olan işlər etdi. Çünki atasının ölümündən sonra məhvi üçün bu adamlar onun məsləhətçiləri oldu.
5. Onların məsləhəti ilə Aram padşahı Xazaelə qarşı vuruşmaq üçün İsrail padşahı Axav oğlu Yehoramla birgə Ramot-Gileada getdi. Aramlılar Yehoramı yaraladı.
6. Ramot-Gileadda Aram padşahı Xazaelə qarşı vuruşarkən aldığı yaraları sağaltmaq üçün İzreelə qayıtdı. Yəhuda padşahı Yehoram oğlu Axazya, Axav oğlu Yehoramı görmək üçün İzreelə gəldi, çünki o yaralı idi.
7. Axazyanın bu yolla məhv olması Allahdan idi. O, Yehoramın yanına gəldi və oraya gəlib Axav nəslini yox etmək üçün Rəbbin məsh etdiyi Nimşi oğlu Yehuya qarşı Yehoramla birgə çıxdı.
8. Yehu Axav nəslinə hökmü icra edərkən Yəhuda rəislərini və Axazyanın ona xidmət edən qardaşı oğullarını tapdı və onları öldürdü.
9. Axazyanı axtardı və onu Samariyada gizləndiyi halda tutdular. Yehunun yanına gətirdilər və onu öldürdülər. Sonra onu basdırdılar, çünki dedilər: «Rəbbi bütün ürəyi ilə axtaran Yehoşafatın oğlu budur». Beləliklə, Axazyanın nəslində padşahlığı əldə saxlaya biləcək adam qalmadı.
10. Axazyanın anası Atalya oğlunun öldüyünü görəndə qalxıb Yəhudanın bütün padşah nəslini məhv etdi.
11. Ancaq padşahın qızı Yehoşeva öldürülən şahzadələr arasından Axazyanın oğlu Yoaşı gizlincə apardı və onu dayəsi ilə birgə yataq otağında yerləşdirdi. Kahin Yehoyadanın arvadı və padşah Yehoramın qızı olan Yehoşeva Axazyanın bacısı olduğu üçün Yoaşı Atalyadan gizlətdi ki, Atalya onu öldürməsin.
12. Yoaş altı il gizli olaraq Allahın məbədində onlarla birgə qaldı. Atalya isə ölkə üzərində padşahlıq etdi.

Zəbur 83:1-8
1. Ey Allah, susub səssiz durma!Ey Allah, sakit olma!
2. Budur, düşmənlər qiyamət qoparır,Sənə nifrət edənlər Sənin əleyhinə qalxır.
3. Xalqına qarşı fənd işlədirlər,Sənin qoruduqlarına qarşı birgə qərara gəlirlər.
4. Deyirlər: «Gəlin, onları millət olmasın deyə məhv edək,İsrailin adı xatırlanmasın deyə onları yox edək».
5. Ürəkləri bir olaraq qərara gəliblər,Sənə qarşı bunlar əhd ediblər:
6. Edomlular, İsmaillilər,Moavlılar, Həcərlilər,
7. Geval, Ammon, Amaleq,Filişt və Sur əhalisi.
8. Aşşur da onlara qoşulub,Lutun övladlarına kömək edir.

Süleymanın Məsəlləri 21:1-1
1. Padşahın ürəyi Rəbbin əlindədir,Onu su arxı kimi istədiyi səmtə döndərər.

Həvarilərin İşləri 17:16-34
16. Onları Afinada gözləyən Paul gördü ki, şəhər bütlərlə doludur. Bundan ötrü onun ürəyi çox narahat oldu.
17. Buna görə sinaqoqda Yəhudilərlə və mömin Yunanlarla, hər gün bazar meydanında rastlaşdığı insanlarla mübahisə edirdi.
18. Epikürçü və Stoist fəlsəfi cərəyanından olanların bəziləri onunla mübahisəyə girişdi. Kimisi deyir: «Bu boşboğaz nə demək istəyir?» Kimisi də deyir: «Deyəsən bu yad allahların təbliğatçısıdır». Çünki Paul İsa və dirilmə ilə bağlı Müjdəni yaymaqda idi.
19. Onlar Paulu götürüb Areopaq məşvərətinə gətirdilər. Ondan soruşdular: «Sənin yaydığın bu yeni təlimin nə olduğunu bilmək olarmı?
20. Çünki qulağımız öyrəşmədiyi şeyləri bizə eşitdirirsən. İndi bunların mənasını bilmək istəyirik».
21. Bütün Afinalılar və şəhərdəki yadellilər vaxtlarını yalnız yeni fikirləri söyləyərək və qulaq asaraq keçirirdilər.
22. Paul Areopaqın qarşısına çıxıb belə söylədi: «Ey Afinalılar, sizin hər cəhətdən çox pərəstişkar olduğunuzu görürəm.
23. Belə ki mən ətrafda gəzəndə səcdəgahlarınıza diqqətlə nəzər salarkən bir qurbangaha da rast gəldim ki, onun üstündə yazılmışdı: “Naməlum Allaha məxsus”. Tanımadan ibadət etdiyiniz bu Allahı sizə tanıtmaq istəyirəm.
24. Dünyanı və onda mövcud olan hər şeyi yaradan, yerin-göyün Sahibi olan Allah əllə tikilən məbədlərdə yaşamaz.
25. İnsan əli ilə edilən xidmətə Onun ehtiyacı yoxdur, çünki hər kəsə həyat, nəfəs və hər şeyi verən Odur!
26. Allah bütün bəşəriyyətin millətlərini bir insandan yaratdı ki, bütün yer üzərində yaşasınlar. Yaşamaq üçün onlara zaman və məkan təyin etdi ki,
27. Onu axtarsınlar, yəni kor əllərini sürtə-sürtə yol axtardığı kimi axtarıb Onu tapa bilsinlər. Əslində Allah heç birimizdən uzaq deyil.
28. “Axı biz Onda yaşayırıq, hərəkət edirik, mövcuduq”. Bəzi şairlərinizin dediyi kimi: “Biz də Onun nəslindənik”.
29. Demək biz Allahın nəslindən olduğumuza görə belə düşünmək olmaz ki, İlahi Varlıq insan layihəsi və istedadı ilə yaranan qızıl, gümüş yaxud daşdan düzəldilən bir şeyə bənzəyir.
30. Allah cəhalət zamanlarında buna göz yumdu, amma indi hər yerdə hamının tövbə etməsini insanlara əmr edir.
31. Çünki Allah Öz seçdiyi Şəxs vasitəsilə dünyanı ədalətlə mühakimə edəcəyi günü təyin edib. Onu ölülər arasından diriltməklə hamının qarşısında bunu təsdiq edib».
32. Ölülərin dirilməsi ilə bağlı sözləri eşidən kimi bəziləri onu ələ saldı, kimisi də belə dedi: «Bu barədə səndən bir daha eşitmək istəyirik».
33. Beləliklə, Paul onların arasından çıxıb getdi.
34. Bir neçə insan isə ona qoşulub iman gətirdi. Bunların arasında Areopaq üzvü Dionis, Damaris adlı bir qadın və başqaları da var idi.