A A A A A

Bir il Bibliya


Iyul 11


2 Salnamələr 17:1-19
1. Onun yerinə oğlu Yehoşafat padşah oldu və İsrailə qarşı özünü möhkəmləndirdi.
2. Yəhudanın hər qalalı şəhərinə qoşun qoydu və Yəhuda torpağına və atası Asanın aldığı Efrayim şəhərlərinə hərbi dəstələr yerləşdirdi.
3. Rəbb Yehoşafatla idi, çünki atası Davudun əvvəlki yolları ilə getdi və Baal bütlərini deyil,
4. yalnız atasının Allahını axtardı və İsraillilərin etdiyi işlərə görə deyil, Allahın əmrləri ilə getdi.
5. Rəbb padşahlığı onun əlində möhkəmləndirdi və bütün Yəhudalılar Yehoşafata xərac gətirdilər. Onun bol sərvəti və şərəfi vardı.
6. Rəbbin yollarında cəsarətləndi. Üstəlik səcdəgahları və Aşera bütlərini Yəhudadan götürdü.
7. Padşahlığının üçüncü ilində Yəhuda şəhərlərində xalqa təlim versinlər deyə bunları göndərdi: rəisləri olan Ben-Xayil, Avdiya, Zəkəriyyə, Natanel və Mikeya.
8. Onlarla bərabər Levililər: Şemaya, Netanya, Zevadya, Asahel, Şemiramot, Yonatan, Adoniya, Toviya, Tov-Adoniya və onlarla birgə kahinlər: Elişama və Yehoram.
9. Onlar Yəhudada xalqa təlim verdilər. Yanlarında Rəbbin Qanun kitabı olmaqla Yəhudanın bütün şəhərlərini dolaşdılar və xalqı öyrətdilər.
10. Yəhuda ətrafında olan bütün ölkələrin padşahlıqları üzərinə Rəbbin qorxusu düşdü və Yehoşafata qarşı müharibə etmədilər.
11. Filiştlilərdən bəzisi Yehoşafata hədiyyə və xərac olaraq gümüş gətirdi. Ərəblər də ona qoyun-keçi – yeddi min yeddi yüz qoç və yeddi min yeddi yüz təkə gətirdi.
12. Yehoşafat get-gedə əzəmət qazandı. Yəhudada qalalar və anbar şəhərləri tikdi.
13. Yəhuda şəhərlərində çoxlu ehtiyatları vardı. Yerusəlimdə igid döyüşçülər olan əsgərləri vardı.
14. Nəsillərinə görə onların siyahısı bu idi: Yəhudadan minbaşılar: başçı Adna və onunla bərabər üç yüz min igid döyüşçü;
15. onun yanında başçı Yehoxanan və onunla birgə iki yüz səksən min nəfər;
16. onun yanında könüllü olaraq Rəbbin işini boynuna götürən Zikri oğlu Amasya və onunla birgə iki yüz min igid döyüşçü;
17. Binyamindən igid bir döyüşçü olan Elyada və onunla bərabər ox-kaman və qalxanla silahlanmış iki yüz min nəfər,
18. onun yanında Yehozavad və onunla döyüşə hazır olan yüz səksən min nəfər.
19. Bunlar padşahın bütün Yəhudadakı qalalı şəhərlərə qoyduğu döyüşçülərdən əlavə ona xidmət edənlər idi.

2 Salnamələr 18:1-34
1. Yehoşafatın bol sərvəti və şərəfi vardı. O, Axavla qohum və müttəfiq oldu.
2. Bir neçə il sonra Samariyaya Axavın yanına gəldi. Axav onun üçün və onunla bərabər olan xalq üçün çoxlu qoyun-keçi və mal-qara kəsdi, onu Ramot-Gileada qalxmağa təhrik etdi.
3. İsrail padşahı Axav Yəhuda padşahı Yehoşafata dedi: «Sən mənimlə birgə Ramot-Gileada gedirsənmi?» Yehoşafat ona dedi: «Məni özün kimi, xalqımı xalqın kimi hesab elə, səninlə bərabər vuruşarıq».
4. Yehoşafat yenə İsrail padşahına dedi: «Əvvəlcə görək Rəbbin sözü nədir?»
5. İsrail padşahı dörd yüz peyğəmbəri topladı və onlara dedi: «Vuruşmaq üçün Ramot-Gileada gedim ya getməyim?» Onlar dedi: «Get, Allah onu padşaha təslim edəcək».
6. Yehoşafat dedi: «Burada olanlardan başqa Rəbbin bir peyğəmbəri yoxdur ki, ondan soruşaq?»
7. İsrail padşahı Yehoşafata dedi: «Rəbdən soruşmaq üçün bir nəfər də var: İmla oğlu Mikeya. Ancaq mənim ondan zəhləm gedir, çünki həmişə yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edir». Yehoşafat dedi: «Qoy padşah belə söyləməsin».
8. İsrail padşahı bir saray xidmətçisini çağırıb dedi: «Tez İmla oğlu Mikeyanı buraya gətir».
9. İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Samariya darvazalarının girəcəyindəki meydanda şahlıq libası geyinib oturmuşdu. Hər biri öz taxtında oturmuşdu və bütün peyğəmbərlər onların önündə peyğəmbərlik edirdi.
10. Kenaana oğlu Sidqiya özünə dəmir buynuzlar düzəldib dedi: «Rəbb belə deyir: “Aramlıları qırıb qurtarana qədər onları beləcə buynuzlayacaqsan”».
11. Bütün peyğəmbərlər də peyğəmbərlik edərək deyirdilər: «Ramot-Gileada get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək».
12. Mikeyanı çağırmaq üçün gedən qasid ona dedi: «İndi peyğəmbərlər padşaha bir ağızdan xoş sözlər deyir. Sənin sözün də onlardan birinin sözü kimi olsun və yaxşılığa danış».
13. Mikeya dedi: «Var olan Rəbbə and olsun ki, Allahım mənə nə desə, onu söyləyəcəyəm».
14. O, padşahın yanına gəldi və padşah ona dedi: «Mikeya, vuruşmaq üçün Ramot-Gileada gedək, yoxsa getməyək?» Mikeya ona dedi: «Gedin, qalib gələcəksiniz, onlar sizə təslim ediləcək».
15. Padşah ona dedi: «Səni neçə dəfə and içdirim ki, mənə Rəbbin adı ilə həqiqətdən başqa bir şey söyləməyəcəksən?»
16. Mikeya dedi: «Mən bütün İsrailliləri təpələr üstündə çobanı olmayan sürü kimi səpələnmiş gördüm. Rəbb dedi: “Onların ağası yoxdur. Qoy hər biri salamat öz evinə qayıtsın”».
17. İsrail padşahı Yehoşafata dedi: «Sənə demədimmi o mənim yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edəcək?»
18. Mikeya dedi: «Onda Rəbbin sözünü eşit. Mən Rəbbi Öz taxtında oturmuş və bütün göylər ordusunu Onun sağında və solunda durmuş gördüm.
19. Rəbb dedi: “Ramot-Gileada gedib həlak olması üçün Axavı kim tovlayacaq?” Biri elə dedi, o biri belə.
20. Bir ruh irəli çıxıb Rəbbin önündə dayandı və dedi: “Mən onu tovlayaram”. Rəbb ona dedi: “Necə?”
21. O dedi: “Mən çıxıb bütün peyğəmbərlərin ağzında yalançı bir ruh olaram”. Rəbb dedi: “Sən onu tovlayacaqsan, bunu bacarırsan, get və belə elə”».
22. Mikeya davam etdi: «İndi, budur, Rəbb sənin bütün bu peyğəmbərlərinin ağzına yalançı bir ruh qoyub. Beləcə Rəbb başına bəla gətirməyi qərara aldı».
23. Kenaana oğlu Sidqiya yaxınlaşdı və Mikeyanın yanağına vurub dedi: «Rəbbin Ruhu səndə danışmaq üçün məndən sənə hansı yolla keçdi?»
24. Mikeya dedi: «Sən gizlənmək üçün iç otağa girdiyin gün bunu biləcəksən».
25. İsrail padşahı dedi: «Mikeyanı götürün, onu şəhər rəisi Amonun və padşahın oğlu Yoaşın yanına göndərin.
26. Onlara söyləyin ki, padşah belə deyir: “Bu adamı zindana atın və mən salamat qayıdana qədər ona çox az çörək və su verərək zülm edin”».
27. Mikeya dedi: «Əgər sən salamat qayıtsan, Rəbb mənim vasitəmlə danışmayıb». Sonra dedi: «Ey camaat, hamınız eşidin!»
28. İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Ramot-Gileada getdi.
29. İsrail padşahı Yehoşafata dedi: «Mən qiyafəmi dəyişib döyüşə girəcəyəm, ancaq sən öz şahlıq libasını gey». İsrail padşahı qiyafəsini dəyişib döyüşə girdi.
30. Aram padşahı öz döyüş arabalarının başçılarına «nə kiçiklə, nə də böyüklə vuruşun, yalnız İsrail padşahı ilə döyüşə girin» deyə əmr etmişdi.
31. Döyüş arabalarının başçıları Yehoşafatı görəndə dedi: «İsrail padşahı budur». Dönüb onunla vuruşmağa getdilər. Yehoşafat çığırdı. Rəbb ona yardım etdi, Allah onları onun yanından geri çəkdi.
32. Döyüş arabalarının başçıları onun İsrail padşahı olmadığını görəndə onun ardından geri qayıtdılar.
33. Bir adam nişan almadan kaman çəkib İsrail padşahını zirehlərin birləşdiyi yerdən vurdu. Padşah arabaçısına dedi: «Dön və məni döyüşdən çıxar, çünki yaralanmışam».
34. O gün döyüş qızışdı. İsrail padşahı axşamacan öz döyüş arabasında Aramlıların önündə söykənib dayandı. Günəş batmaqda ikən o öldü.

Zəbur 81:11-16
11. Lakin xalqım səsimi eşitmədi,İsrail nəsli Məni istəmədi.
12. Onların inadkar qəlblərinə izin verdim ki,Necə istəyirlər, elə gəzsinlər.
13. Kaş ki xalqım Mənə qulaq asaydı,İsrail nəsli Mənim yolumla gedəydi!
14. Bir anda düşmənlərini yerə sərərdim,Əlimi yağılarının üstünə qaldırardım.
15. Mən Rəbbə nifrət edənlər Mənə boyun əyərdi,Əbədi olaraq vaxtları belə keçərdi.
16. Sizə taxılın əlasını yedirərdim,Sizi qayadan axan balla bəsləyərdim».

Süleymanın Məsəlləri 20:26-28
26. Hikmətli padşah pisləri sovurar,Onlar dəyirman daşında üyüdülər.
27. İnsanın ruhu Rəbbin çırağıdır,Daxilinin dərin yerlərini araşdırar.
28. Padşahı məhəbbət və sədaqət qoruyar,Taxtını xeyirxahlıq möhkəm saxlar.

Həvarilərin İşləri 16:22-40
22. Xalq da Paulla Silanın əleyhinə çıxdı. Hakimlər əmr verdilər ki, onların əyinlərindəki paltarları soyundurub dəyənəklə döysünlər.
23. Onlara çox zərbə vurdular və sonra zindana atdılar. Zindanın baş mühafizəçisinə əmr etdilər ki, onları möhkəm nəzarət altında saxlasınlar.
24. Bu əmri alan baş mühafizəçi onları zindanın xüsusi otağına aparıb ayaqlarını kündəyə saldı.
25. Gecə yarısına yaxın Paulla Sila dua edir və Allaha ilahilər oxuyurdu. Digər məhbuslar da onlara qulaq asırdılar.
26. Birdən elə güclü zəlzələ oldu ki, zindanın təməli belə, yerindən oynadı. Bir andaca bütün qapılar açıldı, hamının zəncirləri töküldü.
27. Baş mühafizəçi oyanıb zindanın qapılarını açıq görəndə qılıncını çəkib canına qəsd etmək istədi. Elə bildi ki, məhbuslar qaçıb.
28. Amma Paul bərkdən qışqırıb dedi: «Canına qıyma, hamımız buradayıq!»
29. Baş mühafizəçi işıq gətirdib içəri qaçdı. Titrəyə-titrəyə Paul və Silanın qarşısında yerə döşəndi.
30. Onları bayıra çıxararaq soruşdu: «Ağalar, xilas olmaq üçün nə etməliyəm?»
31. Onlar dedilər: «Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız».
32. Sonra həm ona, həm də onun ev əhlinə Rəbbin kəlamını bildirdilər.
33. Gecənin bu vədəsində baş mühafizəçi onları götürüb yaralarını yudu. Sonra həm özü, həm də ev əhli dərhal vəftiz oldu.
34. Paulla Silanı evinə aparıb onlar üçün süfrə açdı. Allaha iman etdiklərinə görə o və bütün ev əhli şad oldular.
35. Səhər açılanda hakimlər yasavullar göndərib dedilər: «Bu adamları azad et».
36. Baş mühafizəçi bu sözləri Paula çatdırdı: «Hakimlər xəbər göndərdi ki, siz azad ediləsiniz. İndi çıxın, arxayın gedin».
37. Amma Paul yasavullara belə dedi: «Roma vətəndaşı ola-ola bizi məhkəməsiz hamının qarşısında döyüb zindana atdılar. İndi bizi gizli-gizli qovmaq istəyirlərmi? Belə şey ola bilməz! Özləri gəlsin, bizi buradan çıxarsın!»
38. Yasavullar bu sözləri hakimlərə çatdırdılar. Hakimlər Paulla Silanın Roma vətəndaşı olduğunu eşidəndə qorxdular
39. və gəlib onlardan üzr istədilər. Sonra onları bayıra çıxarıb xahiş etdilər ki, şəhərdən çıxıb getsinlər.
40. Paulla Sila zindandan çıxandan sonra Lidiyanın evinə getdilər. İmanlı bacı-qardaşlarla görüşüb onları ruhlandırandan sonra yola düşüb getdilər.