A A A A A

Bir il Bibliya


Iyul 10


2 Salnamələr 15:1-19
1. Oded oğlu Azaryanın üzərinə Allahın Ruhu gəldi.
2. O, Asanın qarşısına çıxıb ona dedi: «Ey Asa, bütün Yəhudalılar və Binyaminlilər, məni dinləyin! Siz Rəbb ilə bərabər olarkən O da sizinlədir. Əgər siz Onu axtarsanız, O da Özünü sizə göstərər. Ancaq siz Onu tərk etsəniz, O da sizi tərk edər.
3. Uzun zamandan bəri İsraildə həqiqi Allah yoxdur. Onun öyrədən kahini və Qanunu da yoxdur.
4. Ancaq ağır günlərində İsrailin Allahı Rəbbə qayıdıb Onu axtaranda O Özünü onlara göstərdi.
5. O vaxtlar gedib-gəlmək təhlükəli idi. Çünki bütün ölkələrin əhalisi böyük həyəcana düşmüşdü.
6. Millət millətə qarşı, şəhər şəhərə qarşı vuruşurdu. Çünki Allah onları hər cür bəla ilə çaşqınlığa salmışdı.
7. Ancaq siz möhkəm olun və əlləriniz gücdən düşməsin, çünki işiniz üçün mükafat alacaqsınız».
8. Asa bu sözləri və peyğəmbər Odedin peyğəmbərliyini eşitdikdə cəsarətə gəlib bütün Yəhuda və Binyamin torpağından, Efrayimin dağlıq bölgəsində olan aldığı şəhərlərdən iyrənc bütləri götürüb atdı, Rəbbin eyvanı önündə olan Rəbbin qurbangahını təmir etdi.
9. Bütün Yəhudalıları və Binyaminliləri, onların arasında yaşayan Efrayimliləri, Menaşşeliləri və Şimeonluları bir yerə yığdı. Allahı Rəbbin onunla birgə olduğunu gördükdə çoxlu İsrailli onun tərəfinə keçmişdi.
10. Asanın padşahlığının on beşinci ilinin üçüncü ayında onlar Yerusəlimə toplandılar.
11. O gün gətirdikləri qənimətdən yeddi yüz baş mal-qara və yeddi min baş qoyun-keçi Rəbbə qurban etdilər.
12. Atalarının Allahı Rəbbi bütün ürəkləri ilə və bütün canları ilə axtarmaq üçün əhd etdilər.
13. İstər kiçik ya böyük, istərsə də kişi ya qadın olsun, İsrailin Allahı Rəbbi axtarmayan hər kəs öldürülməli idi.
14. Borular və şeypurlar çalaraq bağırtı və yüksək səslə Rəbbə and içdilər.
15. Bu anda görə bütün Yəhudalılar sevindi, çünki bütün ürəkləri ilə and içmişdilər, bütün səyləri ilə Onu axtarmışdılar və O da onlara Özünü göstərmişdi. Rəbb onlara hər tərəfdən dinclik vermişdi.
16. Padşah Asa nənəsi Maakanı mələkəlikdən məhrum etdi, çünki o, Aşera üçün iyrənc bir büt düzəltmişdi. Asa onun bütünü kəsdi və toz edib Qidron vadisində yandırdı.
17. Ancaq İsraildə səcdəgahlar aradan qaldırılmadı. Lakin Asanın ürəyi bütün ömrü boyu Rəbbə sadiq idi.
18. O, atasının və özünün təqdis etdiyi şeyləri – qızılı, gümüşü və qabları Allahın məbədinə gətirdi.
19. Asanın padşahlığının otuz beşinci ilinə qədər müharibə olmadı.

2 Salnamələr 16:1-14
1. Asanın padşahlığının otuz altıncı ilində İsrail padşahı Baaşa Yəhudaya hücum etdi və Yəhuda padşahı Asanın yanına gəlib-getmək istəyənləri buraxmamaq üçün Rama şəhərini tikdi.
2. Asa Rəbbin məbədinin və padşah sarayının xəzinələrindən qızıl-gümüşü götürdü və onları Dəməşqdə yaşayan Aram padşahı Ben-Hadada bu xəbərlə göndərdi:
3. «Sənin atanla mənim atam arasında saziş var idi, qoy bizim aramızda da saziş olsun. Sənə qızıl-gümüş göndərdim, get İsrail padşahı Baaşa ilə olan sazişini poz ki, torpağımdan geri çəkilsin».
4. Ben-Hadad padşah Asaya qulaq asdı və qoşun başçılarını İsrail şəhərlərinin üstünə göndərdi. Onun qoşunları İyona, Dana, Avel-Mayimə və Naftalinin bütün anbar şəhərlərinə zərbə vurdu.
5. Baaşa bunu eşitdikdə Ramanı tikməyi dayandırdı və işini buraxdı.
6. Padşah Asa bütün Yəhudalıları yanına yığdı. Onlar Ramada Baaşanın tikməkdə olduğu yerlərin daşlarını və dirəklərini daşıdı. Bunlarla Gevanı və Mispanı tikdi.
7. O vaxt görücü Xanani Yəhuda padşahı Asanın yanına gəlib ona dedi: «Madam ki Allahın Rəbbə deyil, Aram padşahına güvəndin, buna görə də Aram padşahının ordusu sənin əlindən qaçıb qurtardı.
8. Kuşlular və Luvlular çoxlu süvari və döyüş arabaları ilə çox böyük bir ordu deyildimi? Rəbb Ona güvəndiyin üçün onları sənə təslim etdi.
9. Çünki Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin. Ağılsızlıq etdin. İndidən sənə müharibə olacaq».
10. Asa görücüyə qəzəbləndi və onu işgəncə zindanına atdı, çünki bunun üçün ona hiddətlənmişdi. O vaxt Asa xalqdan bəzilərinə zülm etdi.
11. Asanın işləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır.
12. Padşahlığının otuz doqquzuncu ilində Asa ayaqlarından xəstələndi, xəstəliyi get-gedə ağırlaşdı. Həm də xəstə olduqda Rəbbi deyil, ancaq həkimləri axtardı.
13. Asa padşahlığının qırx birinci ilində ölüb ataları ilə uyudu.
14. Onu Davudun şəhərində özü üçün qazdığı qəbirdə basdırdılar və onu gözəl ədviyyat və hər cür qatışmış ətriyyatla dolu yatağa qoydular. Onun xatirinə böyük bir tonqal yandırdılar.

Zəbur 81:6-10
6. «Onun çiyinlərini bu yükdən qurtarıram,Qoy əlləri bu ağır səbətdən azad olsun.
7. Dar günündə Məni çağırdın,Mən də səni qurtardım.Gurlayaraq tufan içindən sənə cavab verdim,Meriva sularında səni sınadım.
8. Ey xalqım, dinlə, xəbərdarlıq edirəm,Ey İsrail, kaş ki Məni dinləyəydin!
9. Aranızda özgə allah olmasın,Yad allaha kimsə səcdə qılmasın.
10. Rəbb Allahınız Mənəm,Mən sizi Misir torpağından buraya gətirmişəm.Ağzını yaxşı aç,Doyunca yemək verirəm.

Süleymanın Məsəlləri 20:24-25
24. Kişiyə addım atdıran Rəbdir.Bəs tutduğu yolu insan necə anlasın?
25. Düşünmədən nəzir edən özünü tələyə salar,Sonra öz əhdi barədə çox fikirləşməli olar.

Həvarilərin İşləri 16:1-21
1. Paul Derbe və Listraya gəldi. Listrada Timotey adlı bir İsa şagirdi var idi. Onun anası imanlı bir Yəhudi, atası isə Yunan idi.
2. Listra və Konyadakı imanlı bacı-qardaşlar onun barəsində xoş sözlər deyirdi.
3. Timoteyi özü ilə aparmaq istəyən Paul bu şəhərlərdəki Yəhudilərə görə onu sünnət etdi. Çünki hamı onun atasının Yunan olduğunu bilirdi.
4. Onlar şəhərbəşəhər gəzib-dolaşır, Yerusəlimdəki həvarilərlə ağsaqqalların qərara aldığı qaydaları imanlılara deyir və göstərirdi ki, bunlara riayət etsinlər.
5. Beləliklə, cəmiyyətlər imanda güclənir və sayı günbəgün artırdı.
6. Müqəddəs Ruh onlara imkan vermədi ki, Asiya vilayətində kəlamı yaysınlar. Ona görə də onlar Frigiya və Qalatiya ərazisini keçib getdilər.
7. Misiya sərhədinə gələrkən Bitinyaya getməyə çalışdılar. Amma İsanın Ruhu onlara izin vermədi.
8. Ona görə Misiyadan keçib Troasa getdilər.
9. O gecə Paul bir görüntü gördü. Makedoniyalı bir nəfər onun qarşısında durub yalvarırdı: «Makedoniyaya gəl və bizə kömək et!»
10. Paul bu görüntünü görəndən sonra Makedoniyaya getmək üçün dərhal bir yol axtardıq. Bundan nəticə çıxartdıq ki, Allah bizi orada Müjdə yaymaq üçün çağırır.
11. Troasdan yelkən açıb birbaşa Samotraki adasına və ertəsi gün isə Neapolisə gəldik.
12. Oradan Filipiyə keçdik. Bura Makedoniya bölgəsində əhəmiyyətli bir şəhərdir, əhalisi əsasən Romalılardır. Bu şəhərdə bir neçə gün qaldıq.
13. Şənbə günü şəhər darvazasından çıxıb çay kənarına getdik. Elə bildik ki, Yəhudilər adətən oraya dua etmək üçün yığılır. Oturduq, oraya yığılan qadınlarla söhbət etməyə başladıq.
14. Bizə qulaq asanlar arasında Tiatira şəhərindən tünd qırmızı parça satan, Allaha mömin olan Lidiya adlı bir qadın var idi. Paulun sözlərinə qulaq asmaq üçün Rəbb ona açıq ürək vermişdi.
15. Lidiya ev əhli ilə bərabər vəftiz olunduqdan sonra bizi evinə dəvət edib dedi: «Əgər siz məni Rəbbə sadiq bir insan kimi qəbul edirsinizsə, gəlin, mənim evimdə qalın». O bizi buna razı etdi.
16. Bir gün biz dua yerinə gedərkən falçılıq ruhuna tutulan bir qarabaş qarşımıza çıxdı. Bu qız baxıcılıq edərək öz ağalarına nə qədər qazanc gətirmişdi.
17. O, Paulun və bizim ardımızca düşərək qışqıra-qışqıra deyirdi: «Bu adamlar Allah-Taalanın qullarıdır. Sizə xilas yolunu bildirirlər».
18. Bunu günbəgün təkrar etdi. Bu, Paulu çox bezdirdi. Nəhayət, o çevrilib ruha dedi: «İsa Məsihin adı ilə sənə əmr edirəm, bu qızdan çıx!» Ruh dərhal qızdan çıxdı.
19. Qızın ağaları görəndə ki bu qazancdan ümidləri kəsildi, Paulla Silanı tutub bazar meydanına – rəhbərlərin qarşısına gətirdilər.
20. Onları hakimlərin qarşısına çıxararaq dedilər: «Bu adamlar Yəhudidir. Şəhərimizə qarışıqlıq salıblar.
21. Biz Romalılara qəbulu və icrası qadağan olunan adətləri yayırlar».