A A A A A

Bir il Bibliya


Iyun 8


2 Padşahlar 3:1-27
1. Yəhuda padşahı Yehoşafatın padşahlığının on səkkizinci ilində Axav oğlu Yehoram Samariyada İsrail üzərində padşah oldu və on iki il padşahlıq etdi.
2. O, Rəbbin gözündə pis olan işlər etdi, ancaq atası və anası kimi deyildi, çünki atasının düzəltdiyi Baal sütununu yox etdi.
3. Ancaq Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan yapışdı, onlardan əl çəkmədi.
4. Moav padşahı Meşanın sürüsü var idi. O, İsrail padşahına yüz min quzu və yüz min qoçun yununu göndərərdi.
5. Axavın ölümündən sonra Moav padşahı İsrail padşahına qarşı üsyan qaldırdı.
6. O vaxt padşah Yehoram Samariyadan çıxdı və bütün İsrailliləri topladı.
7. O gedəndə Yəhuda padşahı Yehoşafata xəbər göndərib dedi: «Moav padşahı mənə qarşı üsyan qaldırdı. Moavlılara qarşı vuruşmaq üçün mənimlə birgə gedərsənmi?» Yehoşafat dedi: «Gedərəm, məni özün kimi, xalqımı xalqın kimi, atlarımı atların kimi hesab elə».
8. Yehoram dedi: «Hansı yolla çıxaq?» O dedi: «Edom çölünün yolu ilə».
9. İsrail padşahı, Yəhuda padşahı və Edom padşahı gedib o yolu yeddi gün dolaşdılar. Əsgərlər və dallarınca gələn heyvanlar üçün su yox idi.
10. İsrail padşahı dedi: «Ay aman! Rəbb bu üç padşahı Moavlılara təslim etmək üçün bir yerə çağırıb».
11. Yehoşafat dedi: «Burada Rəbbin bir peyğəmbəri yoxdur ki, onun vasitəsilə Rəbdən soruşaq?» İsrail padşahının əyanlarından biri cavab verib dedi: «Şafat oğlu Elişa buradadır. O, İlyasın əlinə su tökərdi».
12. Padşah Yehoşafat dedi: «Onda Rəbbin sözü var». Sonra İsrail padşahı, Edom padşahı və Yehoşafat Elişanın yanına enib getdilər.
13. Elişa İsrail padşahına dedi: «Məndən sənə nə? Öz ata-ananın peyğəmbərlərinin yanına get». İsrail padşahı ona dedi: «Yox! Bu üç padşahı Moavlılara təslim etmək üçün Rəbb bir yerə çağırıb».
14. Elişa dedi: «Önündə durduğum var olan Ordular Rəbbinə and olsun ki, Yəhuda padşahı Yehoşafata hörmət etməsəydim, sənin üzünə baxmazdım.
15. İndi mənim yanıma çəng çalan bir adam gətirin». Gətirilən adam çəng çalarkən Rəbbin əli Elişanın üzərinə gəldi.
16. O dedi: «Rəbb belə deyir: “Bu vadinin hər tərəfində xəndəklər qazın”.
17. Çünki Rəbb belə deyir: “Siz külək və yağış görməyəcəksiniz, amma bu vadi su ilə dolacaq. Siz, mal-qaranız və heyvanlarınız doyunca su içəcəksiniz”.
18. Bu, Rəbbin gözündə çox asan bir şeydir. O, Moavlıları da sizə təslim edəcək.
19. Bütün qalalı şəhərləri və seçmə şəhərləri dağıdacaqsınız, hər yaxşı ağacı kəsəcəksiniz, bütün bulaqların gözünü tutacaqsınız və hər yaxşı tarlanı daşlarla dolduracaqsınız».
20. Ertəsi gün səhər təqdim gətirilən zaman birdən Edom yolundan su gəldi və torpaq su ilə doldu.
21. Bütün Moavlılar eşitdilər ki, padşahlar onlarla vuruşmağa gəlir. Silah qurşana bilən hər kəsi və daha yaşlı adamları çağırdılar. Onlar sərhəddə dayandılar.
22. Moavlılar ertəsi gün səhər tezdən duran zaman günəş çıxıb suların üzərinə şəfəq salmışdı. Onlar qarşılarındakı suları qan kimi qırmızı gördülər.
23. O zaman dedilər: «Bu qandır, yəqin padşahlar vuruşub bir-birlərini qırıblar. İndi, ey Moavlılar, qarət etməyə gedək!»
24. Onlar İsrail ordugahına gəldilər. İsraillilər qalxıb Moavlıları qırdılar və Moavlılar onların qabağından qaçmağa başladılar. İsraillilər qalxıb Moav torpağını viran etmək üçün hücum etdilər.
25. Onlar şəhərləri dağıtdılar, hər yaxşı tarlanı daşlarla doldurdular, bütün bulaqların gözünü tutdular və hər yaxşı ağacı kəsdilər. Yalnız Qir-Xaresetin daşları yerində qaldı, ancaq sapandçılar onu da mühasirəyə alıb vurdular.
26. Moav padşahı döyüşdə məğlub olduğunu görəndə özü ilə yeddi yüz nəfər əli qılınclı adam götürdü. Onlar Edom padşahının qoşununu yarmaq istədilər, ancaq bunu edə bilmədilər.
27. Sonra o, vəliəhd olan ilk oğlunu götürüb divarın üzərində yandırma qurbanı gətirdi. Onda İsraillilərə qarşı böyük bir qəzəb oyandı, onlar da oranı tərk edib öz ölkələrinə qayıtdılar.

2 Padşahlar 4:1-44
1. Peyğəmbərlərdən olan bir adamın arvadı Elişaya fəryad edərək dedi: «Sənin qulun ərim öldü! Bilirsən ki, o qulun Rəbdən qorxurdu. İndi isə bir borc sahibi iki oğlumu özünə qul etmək üçün gəlmişdi».
2. Elişa ona dedi: «Sənin üçün nə edim? Mənə söylə görüm, evində nəyin var?» Qadın dedi: «Bir qab yağdan başqa bu kənizinin evində heç nə yoxdur».
3. Elişa dedi: «Get bayırda bütün qonşularından özün üçün boş qablar istə, qoy çox olsun.
4. Sonra içəri gir, özünün və oğullarının dalınca qapını bağla, öz yağını bütün bu qablara tök və onları doldurub bir tərəfə qoy».
5. Qadın onu tərk edib qapını özünün və oğullarının dalınca bağladı. Oğulları qabları onun yanına gətirdilər, o da doldurdu.
6. Qablar dolanda o, oğullarından birinə dedi: «Mənə bir qab da gətir». Oğlu ona dedi: «Daha qab qalmadı». Onda yağ kəsildi.
7. Qadın gəlib bunları Allah adamına danışdı, o da dedi: «Get yağı satıb borcunu ödə. Qalanı ilə də oğullarınla birgə dolanarsan».
8. Bir gün Elişa Şunemdən keçirdi. Orada yaşayan varlı bir qadın Elişanı çörək yeməyə dəvət etdi. Sonralar Elişa hər dəfə keçəndə çörək yemək üçün oraya gedərdi.
9. Qadın ərinə dedi: «İndi bildim ki, həmişə yanımızdan keçən bu adam müqəddəs bir Allah adamıdır.
10. Gəl damda ona kiçik bir otaq düzəldək, oraya onun üçün yataq, süfrə, taxt, bir də çıraq qoyaq ki, bizə gələndə orada qalsın».
11. Bir gün Elişa oraya gəldi və damdakı otağa çıxıb orada yatdı.
12. O, nökəri Gehaziyə dedi: «Şunemli qadını çağır». O, qadını çağırdı və qadın onun qarşısında dayandı.
13. Elişa nökərinə dedi: «İndi qadına söylə: “Bizim üçün bu qədər zəhmət çəkmisən. Mən sənin üçün nə edə bilərəm? Sənin barəndə padşahla ya ordu başçısı ilə danışım?”» Gehazi bunu söylədi. Qadın dedi: «Yox, lazım deyil, mən öz xalqımla birgə yaşayıram».
14. Elişa dedi: «Elə isə onun üçün nə edə bilərəm?» Gehazi dedi: «Doğrusu, oğlu yoxdur, əri də qocadır».
15. Elişa dedi: «Qadını çağır». Gehazi qadını çağırdı və o gəlib qapıda durdu.
16. Elişa dedi: «Bir ildən sonra bu fəsildə qucağında bir oğlun olacaq». Qadın dedi: «Yox, ey ağam Allah adamı, kənizinə yalan söyləmə!»
17. Elişanın söylədiyi kimi qadın hamilə oldu və bir il sonra həmin fəsildə bir oğlan doğdu.
18. Uşaq böyüdü. O, bir gün biçinçilərlə birgə işləyən atasının yanına getdi.
19. O, atasına «Başım ağrıyır, başım!» dedi. Atası nökərə dedi: «Onu anasının yanına apar».
20. Nökər onu götürüb anasının yanına gətirdi. O, günortaya qədər anasının dizləri üstündə qaldı və sonra öldü.
21. Qadın yuxarı çıxıb uşağı Allah adamının yatağı üstünə uzandırdı, sonra qapını dalınca örtüb çıxdı.
22. O, ərini çağırıb dedi: «Nökərlərindən biri ilə mənə bir eşşək göndər. Tez Allah adamının yanına gedib-qayıdacağam».
23. Əri dedi: «Nə üçün bu gün onun yanına gedirsən? Nə Təzə Ay mərasimi, nə də Şənbə günüdür». Qadın dedi: «Eybi yox».
24. O, eşşəyi palanlayıb nökərinə dedi: «Sür və mən sənə deməyincə dayanma».
25. O getdi və Karmel dağına, Allah adamının yanına gəldi.Allah adamı qadını uzaqdan gördükdə nökəri Gehaziyə dedi: «Şunemli qadın buraya gəlir.
26. İndi onun qabağına qaçıb soruş: “Necəsən, yaxşısanmı, ərin və oğlun yaxşıdırmı?”» O gedib soruşdu. Qadın dedi: «Yaxşıyıq».
27. Qadın dağa çıxıb Allah adamının yanına gəldi və onun ayaqlarına sarıldı. Gehazi onu geri itələmək üçün yaxınlaşdı, ancaq Allah adamı dedi: «Onu burax, çünki ürəyi kədərlidir, ancaq Rəbb bunun səbəbini gizlətdi və mənə bildirmədi».
28. Qadın dedi: «Mən ağamdan uşaq istədimmi? “Məni aldatma” demədimmi?»
29. Elişa Gehaziyə dedi: «Belini qurşa və əsamı əlinə götürüb get. Əgər bir adamla rastlaşsan, ona salam vermə və sənə salam verənin salamını alma. Get, əsamı oğlanın üzünün üstünə qoy».
30. Oğlanın anası dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Elişa qalxıb onun dalınca getdi.
31. Gehazi onlardan qabaq getdi və əsanı oğlanın üzünün üstünə qoydu, ancaq nə bir səs, nə də bir cavab oldu. Gehazi Elişanı qarşılamaq üçün geri döndü və «oğlan dirilmədi» deyə ona bildirdi.
32. Elişa evə girdi. Ölən oğlan onun yatağı üstündə uzanmışdı.
33. O içəri girib qapını onların üzünə bağladı və Rəbbə dua etdi.
34. Sonra yatağa qalxıb uşağın üstünə əyildi. Ağzını onun ağzının, gözlərini onun gözlərinin, ovuclarını onun ovuclarının üstünə qoydu. Uşağın bədəni isindi.
35. Elişa yataqdan düşüb otaqda o tərəf-bu tərəfə gəzdi. Sonra yenə yatağa qalxıb onun üstünə əyildi. Oğlan yeddi dəfə asqırıb gözlərini açdı.
36. Elişa Gehazini çağırıb dedi: «Şunemli qadını çağır». O, qadını çağırdı. Qadın Elişanın yanına gələndə o dedi: «Al oğlunu».
37. Qadın gəlib Elişanın ayaqlarına düşərək yerə qədər əyildi və oğlunu götürüb getdi.
38. Elişa yenə Qilqala gəldi. Vilayətdə aclıq idi. Peyğəmbərlər onun önündə oturmuşdular. O, nökərinə dedi: «Böyük qazanı ocağa qoy və peyğəmbərlər üçün şorba bişir».
39. Onlardan biri ot yığmaq üçün çölə çıxdı. Bir çöl tənəyi tapıb ondan ətək dolusu yabanı balqabaq yığdı və gətirib şorba qazanına doğradı. Bunun nə olduğunu bilməyərək
40. yemək üçün adamlara verdilər. Şorba yeyənlər qışqırıb dedilər: «Qazandakı yeməkdən yesək, ölərik, ey Allah adamı!» Heç kəs ondan yeyə bilmədi.
41. Elişa dedi: «Elə isə un gətirin». Sonra onu qazana atıb dedi: «Adamlar üçün tök, yesinlər». Qazanda zərərli bir şey olmadı.
42. Baal-Şalişadan bir adam gəldi. O, Allah adamı üçün ilk nübardan bişirilən iyirmi kömbə arpa çörəyi və təzə sünbülləri torbada gətirdi. Elişa dedi: «Adamlara ver, yesinlər».
43. Onun qulluqçusu dedi: «Bunu yüz adamın qabağına necə qoyaq?» Elişa dedi: «Adamlara ver, yesinlər. Çünki Rəbb belə deyir: “Yeyəcəklər, hələ artıq da qalacaq”».
44. Yeməyi onların qabağına qoydular. Rəbbin dediyi kimi onlar yedilər və yemək artıq qaldı.

Zəbur 71:17-24
17. Ey Allah, gəncliyimdən bəri mənə təlim vermisən,Sənin xariqələrini indiyədək elan edirəm.
18. Yaşa dolub saçıma dən düşənə qədərGələcək nəslə qüvvətini,Gələcək nəslin hər birinə qüdrətiniElan edəcəyəm.Ey Allah, məni tərk etmə.
19. Ey Allah, salehliyin göylər qədər ucadır,Böyük işlər görmüsən!Ey Allah, Sənin kimisi varmı?
20. Sən mənə çoxlu ağır əzablar versən də,Yenə məni dirçəldirsən,Yerin dibindən yenə məni çıxarırsan,
21. Hörmətimi artırmaqlaMənə yenə əmniyyət verirsən.
22. Ey Allahım, sədaqətinə görəÇəng çalıb Sənə şükür edəcəyəm!Ey İsrailin Müqəddəsi,Səni lira ilə tərənnüm edəcəyəm!
23. Dilim, azadlıq verdiyin qəlbimMədh oxuyub Səni tərənnüm edəcək,
24. Dilim daim salehliyindən söyləyəcək,Çünki bədxahlarımın xəcalətdən üzləri qızarıb.

Süleymanın Məsəlləri 18:9-9
9. Ləng işləyən dağıdıcıya yoldaşdır.

Yəhya 17:1-26
1. İsa bunları söylədikdən sonra başını göyə qaldırıb dedi: «Ey Ata, vaxt gəldi; Öz Oğlunu izzətləndir ki, Oğul da Səni izzətləndirsin.
2. Sən Ona bütün bəşər üzərində səlahiyyət verdin ki, Ona verdiyin şəxslərin hamısına əbədi həyat versin.
3. Əbədi həyat da budur ki, Səni – yeganə həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar.
4. Mən yerinə yetirməyi tapşırdığın işi tamamlamaqla Səni yer üzündə izzətləndirdim.
5. Ey Ata, dünya yaranmazdan əvvəl Mən Sənin yanında olarkən malik olduğum izzəti indi Mənə Öz yanında ver.
6. Dünyadan Mənə verdiyin adamlara Sənin adını aşkar etdim. Onlar Səninki idi. Sən onları Mənə verdin və onlar Sənin sözünə riayət etdilər.
7. İndi də bilirlər ki, Mənə verdiyin bütün şeylər Səndəndir.
8. Çünki Mənə bildirdiyin sözləri onlara bildirdim, onlar da qəbul etdilər. Sənin yanından çıxıb gəldiyimi əminliklə bildilər və Məni Sən göndərdiyinə inandılar.
9. Mənim onlar üçün xahişim var. Dünya üçün deyil, Mənə verdiyin kəslər üçün xahişim var, çünki onlar Səninkidir.
10. Mənim olan hər şey Sənindir, Sənin olanlar da Mənimdir və Mən onlarda izzətlənmişəm.
11. Mən artıq dünyada deyiləm, onlarsa dünyadadır və Mən Sənin yanına gəlirəm. Ey Müqəddəs Ata, onları Mənə verdiyin adınla qoru ki, Bizim kimi bir olsunlar.
12. Onlarla birlikdə olduğum zaman onları Mənə verdiyin adınla qoruyurdum. Onları saxladım və Müqəddəs Yazı yerinə yetsin deyə həlaka gedən adamdan başqa, onlardan heç biri həlak olmadı.
13. İndi isə Sənin yanına gəlirəm. Dünyada ikən bu sözləri söyləyirəm ki, Mənim sevincim onlarda kamil olsun.
14. Mən onlara Sənin sözünü verdim. Dünya isə onlara nifrət etdi, çünki Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil.
15. Onları dünyadan götürməyi deyil, şər olandan qorumağı Səndən xahiş edirəm.
16. Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil.
17. Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir.
18. Sən Məni dünyaya göndərdiyin kimi Mən də onları dünyaya göndərdim.
19. Mən Özümü onların uğrunda təqdis edirəm ki, onlar da həqiqətlə təqdis olunsun.
20. Yalnız onlar üçün deyil, onların sözü ilə Mənə iman edənlər üçün də xahiş edirəm ki,
21. hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Sənin Məni göndərdiyinə inansın.
22. Mənə verdiyin izzəti Mən də onlara verdim ki, Biz bir olduğumuz kimi onlar da bir olsun.
23. Mən onlarda, Sən də Məndə olmaqla bütünlüklə bir olsunlar ki, dünya Sənin Məni göndərdiyini, Məni sevdiyin kimi onları da sevdiyini bilsin.
24. Ey Ata, istəyirəm ki, Mənə verdiyin şəxslər də Mənim olduğum yerdə Mənimlə birlikdə olub Mənim izzətimi görsünlər. Bu izzəti dünya yaranmazdan əvvəl Məni sevdiyin üçün Mənə verdin.
25. Ey ədalətli Ata, dünya Səni tanımadı, Mənsə Səni tanıdım, bunlar da Sənin Məni göndərdiyini bildilər.
26. Sənin adını onlara bildirdim və yenə bildirəcəyəm ki, Sənin Mənə bəslədiyin məhəbbət onlarda olsun, Mən də onlarda olum».