A A A A A

Bible in one year


June 6


1 Padşahlar 21:1-29
1. İzreeldə, Samariya padşahı Axavın sarayının yanında İzreelli Navotun bir üzüm bağı var idi.
2. Bir müddət sonra Axav Navota dedi: «Üzüm bağını mənə ver ki, oranı özüm üçün bostan edim, çünki evimə yaxındır. Mən onun əvəzinə sənə daha yaxşı bağ verərəm ya da istəsən, onun dəyərini sənə pulla ödəyərəm».
3. Navot Axava dedi: «Qoy atalarımın mirasını sənə verməyi Rəbb məndən uzaq etsin!»
4. Axav evinə qaşqabaqlı və dilxor halda qayıtdı, çünki İzreelli Navot ona «atalarımın mirasını sənə vermərəm» demişdi. O, yatağı üzərinə uzanıb üzünü çevirdi və yemək yemədi.
5. Arvadı İzevel yanına gəlib ona dedi: «Niyə qanın qaradır, heç yemək də yemirsən?»
6. O dedi: «Mən İzreelli Navota “üzüm bağını pulla mənə sat ya da istəsən, onun əvəzində sənə başqa üzüm bağı verərəm” söylədim, o isə dedi: “Üzüm bağımı sənə vermərəm”».
7. Arvadı İzevel ona dedi: «İndi İsrail üzərində padşahlıq edən sənsən ya yox? Qalx yemək ye, ürəyini sıxma. İzreelli Navotun üzüm bağını mən sənə verərəm».
8. O, Axavın adından məktublar yazdı və onları Axavın möhürü ilə möhürlədi. Navotun şəhərində onunla birgə yaşayan ağsaqqallara və əyanlara məktublar göndərdi.
9. İzevel məktublarda belə yazdı:«Oruc elan edin və Navotu xalqın arasında yuxarı başda əyləşdirin.
10. İki nəfər yaramaz adamı onun qarşısında oturdun və onlar şahidlik edərək desinlər: “Sən Allahı və padşahı lənətlədin”. Sonra onu bayıra çıxarın və ölənə qədər daşqalaq edin».
11. Navotun yaşadığı şəhərin adamları – orada yaşayan ağsaqqallar və əyanlar İzevelin onlara göndərdiyi məktublarda yazdığı kimi etdilər.
12. Onlar oruc elan etdilər və Navotu xalqın arasında yuxarı başda əyləşdirdilər.
13. İki nəfər yaramaz adam gəlib onun qarşısında oturdu. Onlar xalqın önündə Navota qarşı «Navot Allahı və padşahı lənətlədi» deyə şahidlik etdilər. Sonra onu şəhərin kənarına çıxartdılar və daşqalaq edib öldürdülər.
14. Onlar İzevelə xəbər göndərib dedilər: «Navot daşqalaq olunaraq öldü».
15. İzevel Navotun daşqalaq olunaraq öldüyünü eşidəndə Axava dedi: «Qalx İzreelli Navotun sənə pulla vermək istəmədiyi üzüm bağını özünə mülk götür, çünki Navot sağ deyil, ölüb».
16. Axav İzreelli Navotun öldüyünü eşidəndə onun üzüm bağını özünə mülk götürmək üçün oraya yollandı.
17. Tişbeli İlyasa Rəbbin bu sözü nazil oldu:
18. «Qalx Samariyada İsrailə padşahlıq edən Axavı qarşılamağa get. O, Navotun üzüm bağındadır. Axav onu mülk etmək üçün oraya yollandı.
19. Sən ona söylə ki, Rəbb belə deyir: “Qatillik etdin, hələ özünə mülk də götürürsən?” Sonra ona söylə ki, Rəbb belə deyir: “Navotun qanını köpəklərin yaladıqları yerdə sənin də qanını köpəklər yalayacaq”».
20. Axav İlyasa dedi: «Ey düşmənim, axır məni də tapdın». O dedi: «Bəli, səni də tapdım. Sən Rəbbin gözündə pis olan işlər etməyə özünü təslim etdin.
21. “Budur, sənin üzərinə bəla gətirəcəyəm, səni yandırıb məhv edəcəyəm. İsraildə Axavın nəslindən divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam.
22. Mən sənin evini Nevat oğlu Yarovamın evi kimi, Axiya oğlu Baaşanın evi kimi edəcəyəm. Çünki sən İsrailə günah etdirərək Məni qəzəbləndirdin”.
23. Rəbb İzevel barədə dedi: “İzreel divarının içərisində İzeveli köpəklər yeyəcək”.
24. Axavın nəslindən şəhərdə öləni köpəklər, çöldə öləni isə quşlar yeyəcək».
25. Həqiqətən, Axav kimi Rəbbin gözündə pis olan işlər etməyə özünü təslim edən hələ olmamışdı. Arvadı İzevel onu buna təhrik edirdi.
26. Axav İsrail övladlarının önündən Rəbbin qovduğu Emorlular kimi bütlərə xidmət edərək çox iyrənc işlər etdi.
27. Axav bu sözləri eşidəndə libasını cırıb əyninə çul geydi. O, oruc tutub çulda yatdı və qüssəyə batdı.
28. Tişbeli İlyasa Rəbbin bu sözü nazil oldu:
29. «Gördünmü Axav Mənim önümdə özünü necə aşağı tutdu? Önümdə özünü aşağı tutduğu üçün Mən bu bəlanı onun dövründə göndərməyəcəyəm, oğlunun dövründə bu bəlanı onun evinə göndərəcəyəm».

1 Padşahlar 22:1-53
1. Üç il keçdi. Bu müddətdə Aramla İsrail arasında müharibə getmirdi.
2. Üçüncü ildə Yəhuda padşahı Yehoşafat İsrail padşahının yanına gəldi.
3. İsrail padşahı əyanlarına dedi: «Bilirsiniz ki, Ramot-Gilead bizimdir? Biz isə onu Aram padşahının əlindən almaq üçün heç nə etmirik».
4. Sonra o, Yehoşafata dedi: «Sən mənimlə birgə vuruşmaq üçün Ramot-Gileada gedirsənmi?» Yehoşafat İsrail padşahına dedi: «Məni özün kimi, xalqımı xalqın kimi, atlarımı atların kimi hesab et».
5. Yehoşafat yenə İsrail padşahına dedi: «Əvvəlcə görək Rəbbin sözü nədir?»
6. İsrail padşahı dörd yüzə qədər peyğəmbəri topladı və onlara dedi: «Vuruşmaq üçün Ramot-Gileada gedim ya getməyim?» Onlar dedilər: «Get, Xudavənd onu padşaha təslim edəcək».
7. Yehoşafat dedi: «Burada olanlardan başqa, Rəbbin bir peyğəmbəri yoxdur ki, ondan soruşaq?»
8. İsrail padşahı Yehoşafata dedi: «Rəbdən soruşmaq üçün bir nəfər də var: İmla oğlu Mikeya. Ancaq mənim ondan zəhləm gedir, çünki yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edir». Yehoşafat dedi: «Qoy padşah belə söyləməsin».
9. İsrail padşahı bir saray xidmətçisini çağırıb dedi: «Tez İmla oğlu Mikeyanı buraya gətir».
10. İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Samariya darvazalarının girəcəyindəki meydanda şahlıq libası geymiş halda hər biri öz taxtında oturmuşdu və bütün peyğəmbərlər onların önündə peyğəmbərlik edirdilər.
11. Kenaana oğlu Sidqiya özünə dəmir buynuzlar düzəldib dedi: «Rəbb belə deyir: “Aramlıları qırıb qurtarana qədər onları beləcə buynuzlayacaqsan”».
12. Bütün peyğəmbərlər də peyğəmbərlik edərək deyirdilər: «Ramot-Gileada get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək».
13. Mikeyanı çağırmaq üçün gedən qasid ona dedi: «İndi peyğəmbərlər padşaha bir ağızdan xoş sözlər deyirlər. Sənin sözün də onlardan birinin sözü kimi olsun və yaxşılığa danış».
14. Mikeya dedi: «Var olan Rəbbə and olsun ki, Rəbb mənə nə desə, onu söyləyəcəyəm».
15. O, padşahın yanına gəldi və padşah ona dedi: «Mikeya, vuruşmaq üçün Ramot-Gileada gedək, yoxsa getməyək?» Mikeya ona dedi: «Get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək».
16. Padşah ona dedi: «Səni neçə dəfə and içdirim ki, mənə Rəbbin adı ilə həqiqətdən başqa bir şey söyləməyəcəksən?»
17. Mikeya dedi: «Mən bütün İsrailliləri təpələr üstündə çobanı olmayan sürü kimi səpələnmiş gördüm. Rəbb dedi: “Onların ağaları yoxdur. Qoy hər biri salamat öz evinə qayıtsın”».
18. İsrail padşahı Yehoşafata dedi: «Sənə demədimmi o mənim yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edəcək?»
19. Mikeya dedi: «Onda Rəbbin sözünü eşit. Mən Rəbbi Öz taxtında oturmuş və bütün göylər ordusunu Onun sağında və solunda durmuş gördüm.
20. Rəbb dedi: “Ramot-Gileada gedib həlak olması üçün Axavı kim tovlayacaq?” Biri elə dedi, o biri belə.
21. Bir ruh irəli çıxıb Rəbbin önündə dayandı və dedi: “Mən onu tovlayaram”. Rəbb ona dedi: “Necə?”
22. O dedi: “Mən çıxıb bütün peyğəmbərlərin ağzında yalançı bir ruh olaram”. Rəbb dedi: “Sən onu tovlayacaqsan, bunu bacarırsan, get və belə et”».
23. Mikeya davam etdi: «İndi, budur, Rəbb sənin bütün bu peyğəmbərlərinin ağzına yalançı bir ruh qoymuşdur. Beləcə Rəbb sənin başına bəla gətirməyi qərara aldı».
24. Kenaana oğlu Sidqiya yaxınlaşdı və Mikeyanın yanağına vurub dedi: «Rəbbin Ruhu səndə danışmaq üçün məndən sənə necə keçdi?»
25. Mikeya dedi: «Sən gizlənmək üçün iç otağa girdiyin gün bunu biləcəksən».
26. İsrail padşahı dedi: «Mikeyanı götür, onu şəhər rəisi Amonun və padşahın oğlu Yoaşın yanına göndər.
27. Onlara söylə ki, padşah belə deyir: “Bu adamı zindana atın və mən salamat qayıdana qədər ona çox az çörək və su verərək zülm edin”».
28. Mikeya dedi: «Əgər sən salamat qayıtsan, Rəbb mənim vasitəmlə danışmamışdır». Sonra dedi: «Ey camaat, hamınız eşidin!»
29. İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Ramot-Gileada getdilər.
30. İsrail padşahı Yehoşafata dedi: «Mən qiyafəmi dəyişib döyüşə girəcəyəm, ancaq sən öz şahlıq libasını gey». İsrail padşahı qiyafəsini dəyişib döyüşə girdi.
31. Aram padşahı öz döyüş arabalarının otuz iki başçısına «nə kiçiklə, nə də böyüklə vuruşun, yalnız İsrail padşahı ilə döyüşə girin» deyə əmr etmişdi.
32. Döyüş arabalarının başçıları Yehoşafatı görəndə dedilər: «Yəqin İsrail padşahı budur». Dönüb onunla vuruşmağa getdilər. Onda Yehoşafat çığırdı.
33. Döyüş arabalarının başçıları onun İsrail padşahı olmadığını görəndə ardınca getməyib geri qayıtdılar.
34. Bir adam nişan almadan yay çəkib İsrail padşahını zirehlərin birləşdiyi yerdən vurdu. Padşah arabaçısına dedi: «Döndər və məni döyüşdən çıxar, çünki yaralanmışam».
35. O gün döyüş qızışdı. Padşah öz döyüş arabasında Aramlıların önündə söykənib dayandı. Döyüş arabası onun yarasının qanına bulaşdı. Axşam o öldü.
36. Günəş batmaqda ikən ordugahın içində «Hər kəs öz şəhərinə! Hər kəs öz ölkəsinə!» deyə car çəkildi.
37. Beləcə padşah öldü və onu Samariyaya gətirib orada basdırdılar.
38. Arabanı Samariya hovuzunun suyunda yudular. Rəbbin söylədiyi sözə görə köpəklər onun qanını yaladı. O hovuzda fahişələr yuyunardı.
39. Axavın qalan işləri və onun etdiyi hər şey, fil sümüyündən tikdiyi saray və tikdiyi bütün şəhərlər barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
40. Axav ataları ilə uyudu və yerinə oğlu Axazya padşah oldu.
41. İsrail padşahı Axavın padşahlığının dördüncü ilində Asa oğlu Yehoşafat Yəhuda üzərində padşah oldu.
42. Yehoşafat padşah olduğu vaxt otuz beş yaşında idi. O, Yerusəlimdə iyirmi beş il padşahlıq etdi. Anasının adı Şilxi qızı Azuva idi.
43. O, atası Asanın yolu ilə getdi və Rəbbin gözündə doğru olan işlər edərək bunlardan kənara çıxmadı. Ancaq səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.
44. Yehoşafat İsrail padşahı ilə sülh içində yaşadı.
45. Yehoşafatın qalan işləri, onun göstərdiyi hünər və necə döyüşdüyü barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
46. O, atası Asanın qovmadığı məbəd fahişəliyi ilə məşğul olan kişiləri ölkədən qovdu.
47. Edomda padşah yox idi, bir canişin orada hökmranlıq edirdi.
48. Yehoşafat qızıl dalınca Ofirə getmək üçün Tarşiş gəmiləridüzəltdi. Ancaq gedə bilmədilər, çünki gəmilər Esyon-Geverdə parçalandı.
49. Onda Axav oğlu Axazya Yehoşafata dedi: «Qoy gəmilərdə sənin adamlarınla birgə mənim adamlarım da getsinlər». Ancaq Yehoşafat razı olmadı.
50. Yehoşafat ataları ilə uyudu və atası Davudun şəhərində, ataların yanında basdırıldı. Onun yerinə oğlu Yehoram padşah oldu.
51. Yəhuda padşahı Yehoşafatın padşahlığının on yeddinci ilində Axav oğlu Axazya Samariyada İsrail üzərində padşah oldu. O, iki il İsrail üzərində padşahlıq etdi.
52. Axazya Rəbbin gözündə pis olan işlər etdi, ata-anasının və İsrailə günah etdirmiş Nevat oğlu Yarovamın yolu ilə getdi.
53. Axazya atasının etdiyi kimi Baala qulluq və səcdə edərək İsrailin Allahı Rəbbi qəzəbləndirdi.

Zəbur 71:1-8
1. Ya Rəbb, Sənə pənah gətirirəm,Heç vaxt məni xəcalətdə qoyma.
2. Məni ədalətinlə qurtar, xilas et,Qulağını mənə sarı döndər, məni azad et.
3. Mənə sığınacaq qaya ol,Qoy əmrinlə hər vaxt ora girib qurtulum.Çünki qayam da Sən, qalam da Sənsən.
4. Ey Allahım, şər insanın əlindən,Haqsızın, zalımın pəncəsindən məni qurtar.
5. Ey Xudavənd, Sən mənim ümidimsən,Ya Rəbb, gəncliyimdən bəri Sənə güvənmişəm.
6. Doğulduğum gündən bəri dayağımsan,Məni ana bətnindən dünyaya gətirmisən,Həmişə Sənə həmd edirəm.
7. Çoxlarına qəribə bir şey oldum,Amma Sən mənim möhkəm sığınacağım oldun.
8. Sənə həmd etmək dilimdən düşməz,Daim Sənin izzətini düşünürəm.

Süleymanın Məsəlləri 18:3-5
3. Şər insanla hörmətsizlik,Şərəfsizliklə rüsvayçılıq gələr.
4. Dilin sözlərindən dərin sular yaranar,Hikmət qaynağından çay axar.
5. Məhkəmədə salehi haqsız çıxarmaq üçünPis adama tərəfkeşlik etmək yaxşı deyil.

Yəhya 15:1-27
1. Mən həqiqi Meynəyəm, Atam da Bağbandır.
2. Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin.
3. Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz.
4. Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz.
5. Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz.
6. Kim Məndə qalmasa, budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılaraq yanar.
7. Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək.
8. Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir.
9. Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın.
10. Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram.
11. Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun.
12. Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin.
13. Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz.
14. Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız.
15. Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim.
16. Siz Məni seçmədiniz, Mən sizi seçib təyin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın. Beləcə Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək.
17. Beləliklə, sizə əmr edirəm: bir-birinizi sevin.
18. Əgər dünya sizə nifrət edərsə, onda yada salın ki, sizdən əvvəl Mənə nifrət edib.
19. Əgər dünyadan olsaydınız, dünya özündən olan sizləri sevərdi. Amma siz dünyadan deyilsiniz, Mən sizi dünyadan seçdim, buna görə dünya sizə nifrət edir.
20. Mənim sizə söylədiyim sözü yadınıza salın: “Qul ağasından üstün deyil”. Əgər Məni təqib etdilərsə, sizi də təqib edəcəklər, Mənim sözümə riayət etdilərsə, sizin də sözünüzə riayət edəcəklər.
21. Lakin bunların hamısını sizə Mənim adıma görə edəcəklər, çünki Məni Göndərəni tanımırlar.
22. Əgər gəlib onlara söyləməsəydim, günahları olmazdı, amma indi günahları üçün bəhanələri yoxdur.
23. Mənə nifrət edən Atama da nifrət edir.
24. Əgər Məndən başqa heç kəsin etmədiyi işləri onların arasında etməsəydim, günahları olmazdı. Amma indi Mənim nə etdiyimi gördülər, həm Mənə, həm də Atama nifrət etdilər.
25. Lakin bu ona görə baş verdi ki, öz Qanunlarında yazılan “Mənə nahaqdan nifrət etdilər” sözü yerinə yetsin.
26. Atadan sizə göndərəcəyim Vəsatətçi – Atanın yanından çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək.
27. Siz də şəhadət edəcəksiniz, çünki başlanğıcdan Mənimlə birlikdəsiniz.