A A A A A

Bir il Bibliya


Iyun 24


1 Salnamələr 11:1-46
1. Bütün İsraillilər Xevrona, Davudun yanına toplaşıb dedilər: «Bax biz sənin sümüyündən, sənin ətindənik.
2. Əvvəlki vaxtlarda, Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Allahın Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, xalqım İsrail üzərində sən hökmdar olacaqsan».
3. İsrailin bütün ağsaqqalları Xevrona, padşahın yanına gəldilər. Davud Xevronda, Rəbbin önündə onlarla əhd bağladı və onlar Şamuel vasitəsilə Rəbbin söylədiyi sözə görə Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər.
4. Davud və bütün İsraillilər Yerusəlimə gəldilər. O vaxt şəhər Yevus adlanırdı və burada Yevuslular yaşayırdı.
5. Onlar Davuda dedilər: «Sən buraya girə bilməzsən». Ancaq Davud indi «Davudun şəhəri» adlanan Sion qalasını aldı.
6. Davud dedi: «Yevusluları hamıdan əvvəl kim məğlub etsə, rəis və ordu başçısı o olacaq». Seruya oğlu Yoav hamıdan əvvəl Yevusa qalxdı və buna görə də o, başçı oldu.
7. Davud qalada məskən saldı və buna görə onu «Davudun şəhəri» adlandırdılar.
8. O, qala yamacından qalanın ətrafına qədər bütün yerləri tikdi. Yoav isə şəhərin qalan hissəsini bərpa etdi.
9. Davud getdikcə yüksəlirdi, çünki Ordular Rəbbi onunla idi.
10. Davudun igid döyüşçülərinin başçıları bütün İsraillilərlə birgə Rəbbin sözünə görə Davudu İsrail üzərində padşah etmək üçün onun padşahlığında şücaət göstərirdilər.
11. Davudun igid döyüşçülərinin siyahısı belədir: «otuz igid»in başçısı olan Xakmoni oğlu Yaşoveam. O, bir hücumda üç yüz nəfəri nizəsi ilə vurub öldürdü.
12. Ondan sonra «üç igid»dən biri olan Axoahlı Dodo oğlu Eleazar idi.
13. Filiştlilər döyüşmək üçün Pas-Dammimdə toplaşanda o da Davudla birgə orada idi. Orada arpa əkilən bir tarla sahəsi var idi. Xalq Filiştlilərin önündən qaçdı.
14. Lakin Eleazar və döyüşçüləri bu sahənin ortasında durub oranı qorudular və Filiştliləri qırdılar. Rəbb İsrailliləri xilas edib böyük zəfər qazandırdı.
15. Otuz başçı arasından «üç igid» qayaya, Davudun yanına, Adullam mağarasına enib gəldi. Filiştlilərin ordusu Refaim vadisində ordugah qurmuşdu.
16. Bu zaman Davud qalada idi, Filiştlilərin bir keşikçi dəstəsi isə Bet-Lexemdə idi.
17. Davud həsrət çəkərək dedi: «Kaş ki biri Bet-Lexem darvazasının yanındakı quyudan mənə içmək üçün su gətirəydi!»
18. Bu üç nəfər Filiştlilərin ordugahını yararaq darvazanın yanında olan Bet-Lexem quyusundan su çəkdilər və onu götürüb Davuda gətirdilər. Lakin Davud suyu içmək istəmədi və Rəbbə təqdim olaraq yerə tökdü.
19. O dedi: «Allahım bunu etməkdən məni uzaq eləsin. Bu adamların qanını içəcəyəmmi? Axı canlarını təhlükəyə salaraq bu suyu gətirdilər». Buna görə də bu suyu içmək istəmədi. Bunları «üç igid» etmişdi.
20. Yoavın qardaşı Avişay bu «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb üç yüz nəfəri qırdı. Buna görə də onun adı «üç igid»in adı qədər şöhrətləndi.
21. Əslində «üç igid»dən ikiqat artıq şöhrəti var idi və onlara başçı oldu, lakin «üç igid» kimi deyildi.
22. Yehoyada oğlu Benaya da böyük işlər görmüş igid adam idi. O, Qavseeldən gəlmişdi. Benaya iki Moavlı igidi öldürdü. O, qarlı gündə çuxura enib bir şir öldürdü.
23. O həm də boyu beş qulac olan bir Misirlini öldürdü. Misirlinin əlində toxucu dəzgahının əriş ağacı boyda nizə var idi. Benaya onun üstünə dəyənəklə getdi, nizəni Misirlinin əlindən çəkib aldı və onu öz nizəsi ilə öldürdü.
24. Bunları Yehoyada oğlu Benaya etdi, buna görə də onun «üç igid» qədər şöhrəti var idi.
25. O, «otuz igid»dən daha şöhrətli idi, lakin «üç igid» kimi deyildi. Davud onu öz mühafizəçilərinə başçı qoydu.
26. Ordunun igid döyüşçüləri bunlardır: Yoavın qardaşı Asahel, Bet-Lexemli Dodo oğlu Elxanan,
27. Harorlu Şammot, Pelonlu Xeles,
28. Teqoalı İqqeş oğlu İra, Anatotlu Aviezer,
29. Xuşalı Sibbekay, Axoahlı İlay,
30. Netofalı Mahray, Netofalı Baana oğlu Xeled,
31. Binyamin övladlarından Givealı Rivay oğlu Yetay, Piratonlu Benaya,
32. Qaaş vadisindən olan Xuray, Aravalı Aviel,
33. Baxarumlu Azmavet, Şaalvonlu Elyaxba,
34. Gizonlu Haşemin oğulları, Hararlı Şage oğlu Yonatan,
35. Hararlı Sakar oğlu Axiam, Ur oğlu Elifal,
36. Mekeralı Xefer, Pelonlu Axiya,
37. Karmelli Xesro, Ezbay oğlu Naaray,
38. Natanın qardaşı Yoel, Haqri oğlu Mivxar,
39. Ammonlu Seleq, Seruya oğlu Yoavın silahdarı olan Beerotlu Naxray,
40. Yeterli İra, Yeterli Qarev,
41. Xetli Uriya, Axlay oğlu Zavad,
42. Ruvenlilərin başçısı Ruvenli Şiza oğlu Adina və onunla birgə otuz nəfər,
43. Maaka oğlu Xanan və Metenli Yehoşafat,
44. Aşteratlı Uzziya, Aroerli Xotamın oğulları Şama və Yeiel,
45. Şimri oğlu Yediael və qardaşı Tisli Yoxa,
46. Maxavlı Eliel və Elnaamın oğulları Yerivay, Yoşavya və Moavlı Yetma,

1 Salnamələr 12:1-40
1. Davud, Qiş oğlu Şauldan gizlənən vaxt bir neçə nəfər Ziqlaqa, Davudun yanına gəldi. Onlar döyüşdə ona kömək edən igidlər arasında idi.
2. Binyamin nəslindən, Şaulun qohumlarından olan bu adamlar ox-kamanla silahlanıb sağ və sol əllə sapanddan daş atmağı və kamanla ox atmağı bacarırdı. Onların adları belədir:
3. onların başçısı olan Givealı Şemaanın oğulları, Axiezer və Yoaş, Azmavetin oğulları Yeziel və Pelet, Beraka və Anatotlu Yehu,
4. «otuz igid»dən biri olan və onlara başçılıq edən Giveonlu İşmaya, Yeremya, Yaxaziel, Yoxanan, Gederalı Yozavad,
5. Eluzay, Yerimot, Bealya, Şemarya, Xaruflu Şefatya,
6. Qorahın nəslindən olan Elqana, İşşiya, Azarel, Yoezer, Yaşoveam,
7. Qedorlu Yeroxam oğulları Yoela və Zevadya.
8. Qadlılardan sipər və nizə işlədə bilən, döyüşməyi bacaran igidlər Davudun tərəfinə keçdilər və çöldəki qalaya gəldilər. Onların üzləri şir üzü kimi idi və dağlardakı ceyranlar kimi qaça bilirdilər.
9. Bu başçıların adları belədir: Ezer, ikincisi Avdiya, üçüncüsü Eliav,
10. dördüncüsü Mişmanna, beşincisi Yeremya,
11. altıncısı Attay, yeddincisi Eliel,
12. səkkizincisi Yoxanan, doqquzuncusu Elzavad,
13. onuncusu Yeremya, on birincisi Makbannay.
14. Bunlar Qadlılardan olan qoşun başçıları idi. Ən zəifi yüz adamın, ən güclüsü isə min adamın qabağına çıxa bilərdi.
15. Onlar birinci ayda, İordan çayı bütün sahilləri boyu daşanda onu keçib vadilərdə yaşayanların hamısını şərqə və qərbə tərəf qovdular.
16. Binyaminlilərdən və Yəhudalılardan da Davudun yanına, qalaya adamlar gəldi.
17. Davud onları qarşılamağa çıxdı və onlara dedi: «Əgər mənə kömək üçün sülhlə gəlmisinizsə, gözüm üstə yeriniz var, ancaq zorakılıq etmədiyim halda məni düşmənlərimə təslim etmək üçün gəlmisinizsə, atalarımızın Allahı bunu görsün və hökm etsin».
18. Ruh «otuz igid»in başçısı Amasayın üzərinə endi və o dedi:«Ey Davud, biz səninləyik,Ey Yessey oğlu, biz sənin tərəfindəyik.Sülh, sülh olsun sənə və sənə kömək edənə,Çünki Allahın sənə kömək edir».Davud onları götürüb dəstə başçıları təyin etdi.
19. Davud Filiştlilərlə birgə müharibə etmək üçün Şaulun üstünə gələndə Menaşşelilərdən də bəzisi Davudun tərəfinə keçdi, ancaq Filiştlilərə kömək etmədilər. Çünki Filiştlilərin ağaları məsləhətləşib «Davud bizim başımızı verib ağası Şaulla barışacaq» dedilər və onu geri göndərdilər.
20. Davud Ziqlaqa gedərkən onun tərəfinə keçən Menaşşelilər bunlardır: Adnah, Yozavad, Yediael, Mikael, Yozavad, Elihu və Silletay. Onların hamısı Menaşşelilər arasında minbaşı idi.
21. Onlar quldur dəstəsinə qarşı döyüşdə Davuda kömək etdilər, çünki onların hamısı igid adamlar idi. Sonra onlar qoşun başçıları oldu.
22. Beləcə gündən-günə Davuda kömək etmək üçün onun yanına döyüşçülər gəlirdi və onun ordusu Allah ordusu qədər böyük oldu.
23. Rəbbin sözünə görə Şaulun padşahlığını Davuda vermək üçün onun yanına, Xevrona gələn silahlanmış döyüşçülərin sayı belədir:
24. Yəhudalılardan altı min səkkiz yüz nəfər sipər və nizə ilə silahlanmış əsgər;
25. Şimeonlulardan döyüş üçün yeddi min yüz nəfər igid döyüşçü;
26. Levililərdən dörd min altı yüz nəfər;
27. Harun evinin rəhbəri Yehoyada və onunla birgə üç min yeddi yüz nəfər;
28. gənc və igid bir döyüşçü olan Sadoq və onun nəslindən olan iyirmi iki başçı;
29. Şaulun qohumları olan Binyaminlilərin əksəriyyəti o vaxta qədər Şaul sülaləsinə sadiq qaldığı üçün onlardan yalnız üç min nəfər;
30. Efrayimlilərdən iyirmi min səkkiz yüz nəfər igid və öz nəsillərinin adlı-sanlı adamları;
31. Menaşşe qəbiləsinin yarısının arasından gəlib Davudu padşah etmək üçün təyin olunmuş on səkkiz min nəfər;
32. İssakarlılardan dövrün vəziyyətinə görə İsrailə nə etmək lazım gəldiyini bilən adamlar – iki yüz nəfər başçı və onların əmri altında olan bütün qohumları;
33. Zevulunlulardan döyüşməyi bacaran, bütün silahlarla döyüş nizamını qura bilən və sidq ürəkdən kömək edən əlli min nəfər;
34. Naftalililərdən min başçı, onlarla birgə sipər və nizəsi olan otuz yeddi min nəfər;
35. Danlılardan döyüş nizamını qura bilən iyirmi səkkiz min altı yüz nəfər;
36. Aşerlilərdən döyüşməyi bacaran və döyüş nizamını qura bilən qırx min nəfər;
37. İordan çayının o tayında yaşayan Ruvenlilərdən, Qadlılardan və Menaşşe qəbiləsinin yarısından döyüş üçün hər cür silahı olan yüz iyirmi min nəfər.
38. Döyüşməyi bacaran bu könüllü döyüşçülərin hamısı Davudu bütün İsrail üzərində padşah etmək üçün Xevrona gəldi. İsraillilərin qalan hissəsi də Davudu yekdilliklə padşah etmək niyyətində idi.
39. Döyüşçülər orada üç gün Davudla birgə qaldılar və yeyib-içdilər, çünki qohumları onlar üçün hazırlıq görmüşdü.
40. İssakara, Zevuluna və Naftaliyə qədər yayılmış yaxınları da onlara eşşəklər, dəvələr, qatırlar və öküzlər üstündə ərzaq – yaxşı un, sıxılmış əncir, kişmiş, şərab, yağ, mal-qara və qoyun-keçi gətirmişdi. O zaman İsraildə şadlıq var idi.

Zəbur 77:16-20
16. Ey Allah, sular Səni gördü,Səni görən sular qorxdu,Hətta ümmanlar lərzəyə gəldi.
17. Buludlar yağışa döndü,Göylərdən gurultular eşidildi,Hər tərəfə oxların töküldü.
18. Qasırğanın içindən ildırım çaxdı,Şimşəklər yer üzünə işıq saçdı,Yer lərzəyə gəlib sarsıldı.
19. Sən dənizdə, ümman sularda yol açdın,Amma ayaq izlərin məlum olmadı.
20. Sən Musa və Harunun əli iləXalqını bir sürü kimi aparmışdın.

Süleymanın Məsəlləri 19:17-19
17. Kasıba səxavət göstərən sanki Rəbbə borc verər,Çünki onun əvəzi Rəbdən gələr.
18. Ümid varkən oğluna tərbiyə ver,Ölümünə bais olma.
19. Kəmhövsələ insan cəriməyə düşər,Onu qurtarsan belə, yenə də davam edər.

Həvarilərin İşləri 7:1-21
1. Baş kahin Stefandan soruşdu: «Bunlar doğrudurmu?»
2. Stefan belə cavab verdi: «Qardaşlar və atalar, məni dinləyin! Atamız İbrahim hələ Mesopotamiyada ikən Xaranda məskunlaşmazdan əvvəl izzətli Allah ona göründü.
3. Ona belə dedi: “Öz torpağından, qohumlarının arasından çıx, sənə göstərəcəyim torpağa get”.
4. Buna görə İbrahim Xaldeylilərin ölkəsini tərk edib Xarana köçdü. Atasının ölümündən sonra Allah onu oradan da götürüb sizin indi yaşadığınız bu ölkəyə gətirdi.
5. Burada ona irs olaraq bir qarış belə, torpaq vermədi. Amma İbrahimin o zaman hələ övladı olmasa da, Allah bu torpağı mülk olaraq ona və onun gələcək nəslinə verəcəyini vəd etmişdi.
6. Allah ona belə dedi: “Nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək”.
7. “Ancaq onların köləlik edəcəkləri milləti Özüm cəzalandıracağam” dedi Allah, “bundan sonra oradan çıxacaqlar” və “bu yerdə Mənə ibadət edəcəklər”.
8. Sonra Allah onunla sünnətlə bağlı Əhd kəsdi. Beləliklə də, İbrahim İshaqın atası olarkən onu səkkiz günlük olanda sünnət etdi. Bundan sonra İshaqdan Yaqub, Yaqubdan da on iki ulu babamız törədi.
9. Bu ulu babalarımız paxıllıqdan Yusifi qul kimi Misirə satdı. Lakin Allah Yusifə yar idi.
10. Onu bütün əziyyətlərdən qurtardı və ona hikmət verərək Misir hökmdarı fironun gözündə lütf qazandırdı. Firon onu Misirin və öz sarayında olan bütün xalqın rəhbəri təyin etdi.
11. Sonra bütün Misir və Kənan torpağı aclıq və böyük əziyyətlərlə üzləşdi. Bu ata-babalarımız yemək tapa bilmədi.
12. Yaqub eşidəndə ki, Misirdə taxıl var, bu ata-babalarımızı birinci dəfə oraya göndərdi.
13. Onlar ikinci dəfə Misirə gələndə Yusif özünü qardaşlarına tanıtdı. Bununla da firon Yusifin ailəsi ilə tanış oldu.
14. Yusif atası Yaquba xəbər göndərib onunla birgə bütün qohumlarını – yetmiş beş nəfəri çağırtdırdı.
15. Beləliklə, Yaqub Misirə getdi. Özü ilə bu ata-babalarımız da orada öldü.
16. Onların cəsədləri sonradan Şekemə gətirildi və Şekemdə İbrahimin Xamor övladlarından bir neçə gümüşə satın aldığı qəbirdə dəfn olundu.
17. Allahın İbrahimə bəyan etdiyi vədin həyata keçdiyi vaxt yaxınlaşanda Misirdəki xalqımızın sayı bir xeyli çoxalmışdı.
18. Axırda Misirdə Yusifi tanımayan yeni bir padşah taxta çıxdı.
19. Bu adam soydaşlarımıza hiylə işlətdi, zorakılıqla ata-babalarımızı məcbur etdi ki, yeni doğulan körpələrini sağ qalmasın deyə bayıra atsınlar.
20. Bu dövrdə son dərəcə gözəl bir körpə olan Musa doğuldu. O, üç ay atasının evində bəsləndi.
21. Sonra o da bayıra atıldı. Onu fironun qızı tapıb özünə övlad etdi və öz oğlu kimi böyütdü.