A A A A A

Bir il Bibliya


Iyun 17


2 Padşahlar 22:1-20
1. Yoşiya padşah olduğu vaxt səkkiz yaşında idi və Yerusəlimdə otuz bir il padşahlıq etdi. Anası Bosqatlı Adayanın qızı olub adı Yedida idi.
2. O, Rəbbin gözündə doğru olan işlər etdi, hər işdə babası Davudun yolu ilə gedərək ondan kənara çıxmadı.
3. Yoşiyanın padşahlığının on səkkizinci ilində padşah mirzə Meşullam oğlu Asalya oğlu Şafanı Rəbbin məbədinə göndərib dedi:
4. «Baş kahin Xilqiyanın yanına get. Qoy o, astana keşikçilərinin xalqdan yığdıqları Rəbbin məbədinə gətirilən pulu tərəzidə çəksin.
5. Onu Rəbbin məbədinin işinə nəzarət edənlərə versinlər. Onlar da pulu məbədin uçuq yerlərini təmir etmək üçün Rəbbin məbədində olan işçilərə –
6. dülgərlərə, ustalara, bənnalara, məbədi təmir etmək üçün taxta və yonulmuş daş alanlara versinlər.
7. Ancaq əllərinə verilən pulun hesabı onlarla aparılmasın, çünki sədaqətlə çalışırlar».
8. Baş kahin Xilqiya mirzə Şafana dedi: «Rəbbin məbədində Qanun kitabını tapdım». Xilqiya kitabı Şafana verdi və Şafan onu oxudu.
9. Mirzə Şafan padşahın yanına gəldi və ona xəbər gətirib dedi: «Qulların məbəddə tapılan pulu boşaltdılar və onu Rəbbin məbədinin işinə nəzarət edənlərə verdilər».
10. Mirzə Şafan padşaha bildirib dedi: «Kahin Xilqiya mənə bir kitab verdi». Şafan onu padşahın önündə oxudu.
11. Padşah Qanun kitabının sözlərini eşidəndə paltarını cırdı.
12. Padşah kahin Xilqiyaya, Şafan oğlu Axiqama, Mikeya oğlu Akbora, mirzə Şafana və padşahın xidmətçisi Asayaya əmr edib dedi:
13. «Gedin, tapılmış bu kitabın sözlərinə görə mənim üçün, xalq və bütün Yəhuda üçün Rəbdən soruşun, çünki Rəbbin bizə qarşı alovlanmış qəzəbi böyükdür. Ona görə ki atalarımız bu kitabın sözlərinə qulaq asmamışdı və orada bizim üçün yazılmış bu şeylərə əməl etməmişdi».
14. Kahin Xilqiya, Axiqam, Akbor, Şafan və Asaya qadın peyğəmbər Xuldanın yanına getdilər. O, paltarlara baxan Harhas oğlu Tiqva oğlu Şallumun arvadı idi və Yerusəlimdə ikinci məhəllədə yaşayırdı. Onunla söhbət etdilər.
15. Qadın onlara dedi: «İsrailin Allahı Rəbb deyir: sizi Mənim yanıma göndərən adama söyləyin ki,
16. Rəbb belə deyir: “Mən Yəhuda padşahının oxuduğu kitabdakı bütün sözlərə görə bu yerə və burada yaşayanların üzərinə bəla gətirəcəyəm.
17. Onlar Məni tərk etdilər və başqa allahlara buxur yandıraraq bütün əməlləri ilə Məni qəzəbləndirdilər. Buna görə də bu yerə qarşı qəzəbim alovlanacaq və sönməyəcək”.
18. Ancaq Rəbdən soruşmaq üçün sizi göndərən Yəhuda padşahına söyləyin ki, İsrailin Allahı Rəbb belə deyir: “Sözlərimi dinlədin.
19. Mənim bu yer və orada yaşayanlar barədə ‹viranəlik və lənət olsun› deyə söylədiyim sözü eşidəndə ürəyin yumşaldı və Rəbbin önündə özünü aşağı tutdun, paltarını cırıb önümdə ağladın. Buna görə də Mən səni eşitdim” belə deyir Rəbb.
20. “Bundan ötrü Mən səni atalarına qoşacağam, rahatlıqla öz qəbrinə qoyulacaqsan və bu yerin üzərinə gətirəcəyim bütün bəlanı gözlərin görməyəcək”». Onlar bu xəbəri padşaha çatdırdılar.

2 Padşahlar 23:1-37
1. Padşah Yəhuda və Yerusəlimin bütün ağsaqqallarını çağırtdırıb öz yanına topladı.
2. Padşah, onunla birgə bütün Yəhuda adamları, Yerusəlimdə yaşayanların hamısı, kahinlər, peyğəmbərlər və böyükdən kiçiyə qədər bütün xalq Rəbbin məbədinə qalxdı. O, Rəbbin məbədində tapılmış Əhd kitabının bütün sözlərini onlara eşitdirərək oxudu.
3. Padşah sütunun yanında dayandı. O, Rəbbin önündə əhd bağladı ki, Rəbbin ardınca gedib Onun əmrlərinə, göstərişlərinə, qaydalarına bütün qəlbi, bütün varlığı ilə əməl etsin və bu kitabda yazılmış əhdin sözlərini yerinə yetirsin. Bütün xalq da onunla birgə əhd bağladı.
4. Padşah baş kahin Xilqiyaya, müavin kahinlərə və astana keşikçilərinə əmr etdi ki, Baal, Aşera və bütün səma cisimləri üçün düzəldilmiş şeylərin hamısını Rəbbin məbədindən çıxarsınlar. Onları Yerusəlimin kənarında olan Qidron vadisindəki tarlalarda yandırdı və küllərini Bet-Elə apardı.
5. O, Yəhuda şəhərlərində və Yerusəlimin ətrafında olan səcdəgahlarda buxur yandırmaq üçün Yəhuda padşahlarının qoyduqları kahinləri və Baala, günəşə, aya, bürclərə, bütün səma cisimlərinə buxur yandıranları işdən kənar etdi.
6. Aşera bütünü Rəbbin məbədindən Yerusəlimin kənarına, Qidron vadisinə çıxartdı. Onu Qidron vadisində yandırdı, əzib toz etdi və tozunu adi adamların qəbirləri üstünə səpələyib murdarladı.
7. Rəbbin məbədində məbəd fahişəliyi ilə məşğul olan kişilərin evlərini dağıtdı. Qadınlar orada Aşera üçün çadırlar toxuyurdular.
8. Yoşiya Yəhuda şəhərlərindən bütün kahinləri gətirtdi, Gevadan Beer-Şevaya qədər bu kahinlərin buxur yandırdıqları səcdəgahları murdar etdi. Şəhər rəisi Yeşuanın darvazasının girəcək yerində, sol tərəfdə olan şəhər darvazasındakı səcdəgahları dağıtdı.
9. Lakin səcdəgahların kahinləri Yerusəlimdə Rəbbin qurbangahına qalxmırdılar, amma qardaşları ilə birlikdə mayasız çörək yeyirdilər.
10. Yoşiya Ben-Hinnom vadisində olan Tofeti murdar etdi ki, heç kəs oğlunu ya qızını Molek üçün oda qurban verməsin.
11. O, Rəbbin məbədinə, saray xidmətçisi Natan-Melekin həyətdə olan otağına Yəhuda padşahlarının günəşə həsr etdikləri atların gətirilməsinə son qoydu və günəş arabalarını odda yandırdı.
12. Axazın yuxarı otağının damında Yəhuda padşahlarının düzəltdiyi qurbangahları və Rəbbin məbədinin iki həyətində Menaşşenin düzəltdiyi qurbangahları da padşah dağıtdı. Onları orada qırıb əzdi və tozlarını Qidron vadisinə səpələdi.
13. Yerusəlimin şərq tərəfində, Həlak dağının cənub tərəfində Sidonluların iyrənc bütü Aştoret, Moavlıların iyrənc bütü Kemoş və Ammonluların iyrənc bütü Milkom üçün İsrail padşahı Süleymanın düzəltdiyi səcdəgahları padşah murdar etdi.
14. O, sütunları parça-parça etdi, Aşera bütlərini kəsdi və onların yerlərini insan sümükləri ilə doldurdu.
15. Həmçinin Bet-Eldə olan qurbangahı və İsrailə günah etdirmiş Nevat oğlu Yarovamın düzəltdiyi səcdəgahı dağıtdı. O, səcdəgahı yandırdı və əzib toz etdi, Aşera bütünü də yandırdı.
16. Yoşiya dönüb qarşısındakı dağda olan qəbirləri gördü və sümükləri qəbirlərdən götürtdü. Bu işləri qabaqcadan söyləyən Allah adamının dediyi Rəbbin sözünə görə onları qurbangah üzərində yandırıb onu murdar etdi.
17. Yoşiya dedi: «Orada gördüyüm abidə nədir?» Şəhərin adamları ona dedilər: «Yəhudadan gələn Allah adamının qəbridir. O, Bet-El qurbangahına qarşı sənin etdiyin bu işləri qabaqcadan söyləmişdi».
18. O dedi: «Ona toxunmayın, heç kəs onun sümüklərini narahat etməsin». Onun və Samariyadan gələn peyğəmbərin sümüklərinə toxunmadılar.
19. Yoşiya Samariya şəhərlərində olan bütün səcdəgahlardakı məbədləri aradan qaldırdı. İsrail padşahları bu məbədləri tikib Rəbbi qəzəbləndirmişdilər. O, Bet-Eldə etdiyi bütün işləri bu yerlərdə də etdi.
20. Yoşiya qurbangahların üstündə həmin səcdəgahlardakı bütün kahinləri qurban gətirdi və insan sümükləri yandırdı. Sonra Yerusəlimə qayıtdı.
21. Padşah bütün xalqa əmr edib dedi: «Bu Əhd kitabında yazıldığına görə Allahınız Rəbb üçün Pasxa bayramını keçirin».
22. İsrailə hökm edən hakimlərin dövründən bəri, İsrail və Yəhuda padşahlarının bütün dövrü boyu Pasxa bayramı belə keçirilməmişdi.
23. Ancaq Yoşiyanın padşahlığının on səkkizinci ilində bu Pasxa Rəbb üçün Yerusəlimdə keçirildi.
24. Bundan başqa, Yoşiya Rəbbin məbədində kahin Xilqiyanın tapdığı kitabda yazılan Qanunun sözlərinə əməl edərək cindarları və ruhçağıranları, ev bütlərini və başqa bütləri – Yəhuda ölkəsində və Yerusəlimdə gözünə dəyən bütün mənfur şeyləri məhv etdi.
25. Musanın bütün Qanununa görə bütün qəlbi, bütün varlığı, bütün gücü ilə onun kimi Rəbbə üz tutan bir padşah nə ondan əvvəl, nə də ondan sonra oldu.
26. Ancaq Menaşşenin Rəbbi qəzəbləndirmək üçün etdiyi bütün əməllərindən ötrü Rəbb Yəhudalılara qarşı alovlanan böyük qəzəbindən dönmədi.
27. Rəbb dedi: «İsrailliləri gözümün önündən rədd etdiyim kimi Yəhudalıları da rədd edəcəyəm, seçdiyim şəhər Yerusəlimdən və “adım orada olacaq” dediyim məbəddən üz döndərəcəyəm».
28. Yoşiyanın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
29. Onun dövründə Misir padşahı firon Neko Fərat çayına tərəf Aşşur padşahının üstünə hücum etmək istədi. Padşah Yoşiya onunla qarşılaşmağa çıxdı. Firon Neko Yoşiya ilə Megiddoda qarşılaşıb onu öldürdü.
30. Adamları onun cəsədini Megiddodan götürüb araba ilə Yerusəlimə gətirdilər və öz qəbrində basdırdılar. Ölkə xalqı Yoşiyanın oğlu Yehoaxazı götürüb məsh etdi və onu atasının yerinə padşah etdi.
31. Yehoaxaz padşah olduğu vaxt iyirmi üç yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi.
32. O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.
33. Firon Neko Xamat torpağındakı Rivlada onu əsir aldı ki, Yerusəlimdə padşahlıq edə bilməsin. O, ölkə üzərinə bir talant qızıl və yüz talant gümüş miqdarında xərac qoydu.
34. Firon Neko Yoşiyanın oğlu Elyaqimi atası Yoşiyanın yerinə padşah etdi və onun adını dəyişdirib Yehoyaqim qoydu. Yehoaxazı isə götürüb apardı. Yehoaxaz Misirə gəlib orada öldü.
35. Yehoyaqim firona qızıl-gümüş verdi və fironun istədiyi qədər gümüş vermək üçün ölkə üzərinə vergi qoydu. O, firon Nekoya vermək üçün ölkə xalqından hər kəsə təyin olunmuş məbləğə görə qızıl-gümüş alırdı.
36. Yehoyaqim padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Rumalı Pedayanın qızı olub adı Zevida idi.
37. O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.

2 Padşahlar 24:1-20
1. Yehoyaqimin dövründə Babil padşahı Navuxodonosor onun üzərinə hücum etdi. Yehoyaqim üç il ona tabe oldu, amma sonra ona qulluq etməkdən boyun qaçırdı.
2. Xaldeylilərin, Aramlıların, Moavlıların və Ammonluların qoşunlarını Rəbb ona qarşı göndərdi; Rəbbin Öz qulları peyğəmbərlər vasitəsilə söylədiyi sözünə görə Yəhudanı məhv etmək üçün onun üzərinə göndərdi.
3. Həqiqətən, Rəbbin sözünə görə Yəhudanın başına bu iş gəldi ki, Menaşşenin etdiyi bütün günahlardan ötrü Rəbb onları hüzurundan rədd etsin.
4. Çünki onun günahsız qan töküb Yerusəlimi qanla doldurmasını Rəbb bağışlamaq istəmədi.
5. Yehoyaqimin qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
6. Yehoyaqim ataları ilə uyudu və yerinə oğlu Yehoyakin padşah oldu.
7. Misir padşahı bir daha öz ölkəsindən kənara çıxmadı, çünki Misir vadisindən Fərat çayına qədər Misir padşahının əvvəllər işğal etdiyi hər yeri Babil padşahı tutmuşdu.
8. Yehoyakin padşah olduğu vaxt on səkkiz yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Yerusəlimli Elnatanın qızı olub adı Nexuşta idi.
9. Yehoyakin atasının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.
10. O zaman Babil padşahı Navuxodonosorun qoşunları Yerusəlimə yaxınlaşdı. Şəhər mühasirəyə alındı.
11. Qoşunlar şəhəri mühasirəyə alanda Babil padşahı Navuxodonosor onun ətrafına gəldi.
12. Yəhuda padşahı Yehoyakin anası, əyanları, rəisləri və saray xidmətçiləri ilə birlikdə Babil padşahına təslim oldu. Padşahlığının səkkizinci ilində Babil padşahı onu əsir aldı.
13. Rəbbin söylədiyi kimi Rəbbin məbədinin və sarayın xəzinələrini oradan çıxartdı. İsrail padşahı Süleymanın Rəbbin məbədi üçün düzəltdiyi bütün qızıl şeyləri parça-parça etdi.
14. O bütün Yerusəlimliləri, bütün rəisləri, igid adamların hamısını – cəmi on min nəfəri və bütün ustalarla sənətkarları sürgün etdi. Ölkədə yoxsul xalqdan başqa heç kəs qalmadı.
15. Yehoyakini də Babilə sürgün etdi. Padşahın anasını, arvadlarını, saray xidmətçilərini və ölkənin adlı-sanlı adamlarını Yerusəlimdən sürgün edib Babilə apardı.
16. Babil padşahı sayı yeddi min nəfər olan bütün döyüşçüləri, min nəfər ustanı və sənətkarı – müharibədə iş görən bütün bacarıqlı adamları əsir edib Babilə gətirdi.
17. Babil padşahı Yehoyakinin yerinə əmisi Mattanyanı padşah etdi və onun adını dəyişib Sidqiya qoydu.
18. Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi.
19. O, Yehoyaqimin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.
20. Həqiqətən, Rəbbin qəzəbinə görə Yerusəlimin və Yəhudanın başına bu iş gəldi və Rəbb onları hüzurundan kənar etdi.Sidqiya Babil padşahına qarşı üsyan etdi.

Zəbur 74:18-23
18. Ya Rəbb, unutma, düşmən Səni söyür,Sənin adına axmaq bir xalq küfr edir.
19. Öz qumrunun canını yırtıcılara vermə,Məzlumlarının həyatını əsla unutma.
20. Özün bizimlə bağladığın əhdə bax!Zorakılıq yuvaları ölkənin hər zülmət yerinə dolub.
21. Qoyma əzabkeş yenə də rüsvay olsun,Qoy sənin adına məzlumlar və fəqirlər həmd oxusun.
22. Qalx, ey Allah, mübarizəni apar,Unutma ki, axmaqlar həmişə Səni söyür.
23. Düşmənlərinin səsini,Əleyhdarlarının daim yüksələn vəlvələsini unutma.

Süleymanın Məsəlləri 19:3-3
3. İnsan öz səfehliyi ilə yolunu alt-üst edər,Ürəyində isə Rəbbə hiddətlənər.

Həvarilərin İşləri 2:22-47
22. Ey İsraillilər, bu sözlərimə qulaq asın! Bildiyiniz kimi Allahın aranızda Nazaretli İsa vasitəsilə yaratdığı möcüzələr, xariqələr və əlamətlər aydın göstərdi ki, O, Allahdan gələn Şəxsdir.
23. Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz.
24. Allah isə ölüm əzablarını kəsərək Onu diriltdi. Çünki Onu ölüm tutub saxlaya bilməzdi.
25. Davud da Onun barəsində demişdi:“Rəbbə həmişə üz tutmuşam,Sağımda olduğu üçün sarsılmaram.
26. Elə bunun üçün qəlbim sevinir, dilim şad olur,Cismim belə, ümidlə yaşayır.
27. Çünki məni ölülər diyarına atmazsan,Mömin insanını çürüməyə qoymazsan.
28. Mənə həyat yolunu öyrədirsən,Hüzurunda mənə doyunca sevinc verirsən”.
29. Qardaşlar, sizə cəsarətlə deməliyəm ki, doğrudan da, ulu babamız Davud ölüb və dəfn olunub. Onun qəbri bu günə qədər buradadır.
30. Davud peyğəmbər idi və öz nəslindən bir Nəfəri onun taxtına çıxarmaq üçün Allahın and içərək Davuda vəd etdiyini bilirdi.
31. Ona görə Məsihin dirilməsini əvvəlcədən görüb barəsində demişdi ki, AllahOnu ölülər diyarına atmaz,Cismini çürüməyə qoymaz.
32. Allah bu İsanı ölümdən diriltdi və hamımız buna şahid olduq.
33. Allah Onu ucaltdı və sağ əlində oturtdu. O, vəd edilən Müqəddəs Ruhu Atadan götürüb sizin görüb-eşitdiyiniz kimi üstümüzə tökdü.
34. Davud özü göylərə qalxmadı, amma belə dedi:“Rəbb mənim Ağama dedi:
35. ‹Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadəkSağımda otur›”.
36. Ona görə də qoy bütün İsrail xalqı möhkəm bilsin ki, Allah sizin çarmıxa çəkdiyiniz bu İsanı həm Rəbb, həm də Məsih təyin etmişdir».
37. Bu sözlər ona qulaq asanların ürəyinə ox kimi sancıldı. Onlar həm Peterdən, həm də o biri həvarilərdən soruşdular: «Qardaşlar, bəs biz nə edək?»
38. Peter onlara cavab verdi: «Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız.
39. Çünki bu vəd siz, övladlarınız, uzaqdakıların hamısı – Allahımız Rəbbin çağırdığı hər kəs üçündür».
40. Peter başqa çox söz deyib onlara xəbərdarlıq etdi və yalvardı: «Bu əyri nəsildən xilas olun».
41. Onun sözünü qəbul edənlər vəftiz oldular. O gün üç min nəfərə yaxın insan imanlılara qoşuldu.
42. Onlar da özlərini həvarilərin təliminə, hər şeydə şərik olmağa, birgə çörək bölməyə və duaya həsr etdilər.
43. Bütün imanlıların ürəyinə qorxu düşdü. Həvarilər vasitəsilə çoxlu xariqələr və əlamətlər göstərilirdi.
44. İman edənlərin hamısı bir yerdə idi, bütün əmlaklarından da birgə istifadə edirdi.
45. Onlar mallarını, mülklərini satıb pulu hər kəsə ehtiyacına görə paylayırdılar;
46. hər gün məbədə yığılmaqda davam edir, evlərdə sevinə-sevinə, səmimi qəlbdən çörək bölüb yeyirdilər.
47. Onlar Allaha həmd edir və bütün xalq qarşısında lütf qazanırdılar. Rəbb isə hər gün insanları xilas edir və imanlılara qoşurdu.