A A A A A

Bir il Bibliya


Iyun 15


2 Padşahlar 17:1-41
1. Yəhuda padşahı Axazın padşahlığının on ikinci ilində Ela oğlu Huşə Samariyada İsrail üzərində padşah oldu və doqquz il padşahlıq etdi.
2. O, Rəbbin gözündə pis olan işlər etdi, ancaq özündən əvvəlki İsrail padşahları kimi deyildi.
3. Aşşur padşahı Şalmaneser Huşənin üstünə hücum etmişdi və Huşə ona tabe olub xərac vermişdi.
4. Amma Aşşur padşahı Huşənin xəyanət etdiyini gördü, çünki o həm Misir padşahı Sonun yanına qasidlər göndərmişdi, həm də hər il olduğu kimi Aşşur padşahına xərac verməmişdi. Buna görə də Aşşur padşahı onu tutub zindana saldı.
5. Aşşur padşahı bütün ölkəyə hücum etdi. O, Samariyaya yaxınlaşdı və oranı üç il mühasirədə saxladı.
6. Huşənin padşahlığının doqquzuncu ilində Aşşur padşahı Samariyanı aldı və İsrailliləri Aşşur torpağına sürgün etdi. Onları Xalahda, Qozan çayı sahilindəki Xavorda və Midiya şəhərlərində yerləşdirdi.
7. Bu iş ona görə İsrail övladlarının başına gəldi ki, onları Misir padşahı fironun əsarəti altından, Misir torpağından çıxaran özlərinin Allahı Rəbbə qarşı günah etmişdilər. İsrail övladları başqa allahlara səcdə etmişdilər.
8. Onların önündən Rəbbin qovduğu millətlərin adətlərinə və İsrail padşahlarının qoyduğu qanunlara görə davranmışdılar.
9. Gizlində özlərinin Allahı Rəbbə qarşı doğru olmayan işlər etmişdilər. Məskən saldıqları hər yerdə keşikçi qülləsindən qalalı şəhərə qədər özləri üçün səcdəgahlar tikmişdilər.
10. Hər hündür təpənin üstündə, hər kölgəli ağacın altında sütunlar və Aşera bütləri qoymuşdular.
11. Onların önündən Rəbbin qovduğu millətlərin etdiyi kimi bütün bu səcdəgahlarda buxur yandırmış və pis işlər görüb Rəbbi qəzəbləndirmişdilər.
12. Rəbb onlara «belə etməyin» söylədiyinə baxmayaraq, onlar bütlərə qulluq etmişdilər.
13. Rəbb bütün peyğəmbərləri və görücüləri vasitəsilə İsraillilərə və Yəhudalılara xəbərdarlıq edib demişdi: «Pis yolunuzdan dönün. Atalarınıza buyurduğum və qullarım peyğəmbərlər vasitəsilə sizə öyrətdiyim Qanunda olan bütün əmrlərimə və qanunlarıma əməl edin».
14. Ancaq onlar bu sözlərə qulaq asmamışdılar və iman etməyən ataları kimi özlərinin Allahı Rəbbə boyun əyməmişdilər.
15. Onun qanunlarını, ataları ilə bağladığı əhdini və onlara etdiyi xəbərdarlıqları rədd etmişdilər. Boş şey dalınca gedib boş adamlar olmuşdular. Rəbb «ətrafınızdakı millətlər kimi etməyin» deyib əmr etdiyi halda onlar kimi davranmışdılar.
16. Özlərinin Allahı Rəbbin bütün əmrlərindən üz döndərib iki tökmə dana bütü və Aşera bütü düzəltmişdilər, bütün səma cisimlərinə səcdə etmişdilər və Baala qulluq etmişdilər.
17. Oğullarını və qızlarını oda qurban vermişdilər, falçılıq və baxıcılıq etmişdilər. Rəbbin gözündə pis olan işlərə özlərini təslim edib Onu qəzəbləndirmişdilər.
18. Buna görə də Rəbb İsraillilərə qəzəblənib onlardan üz döndərdi. Yalnız Yəhuda qəbiləsindən başqa heç biri qalmadı.
19. Yəhudalılar da özlərinin Allahı Rəbbin əmrlərinə əməl etməmişdilər və İsraillilərin qoyduğu adətlərlə davranmışdılar.
20. Rəbb bütün İsrail nəslindən üz döndərərək onları alçaldıb soyğunçulara təslim etdi və nəhayət, onları hüzurundan kənara atdı.
21. Rəbb İsraili Davud sülaləsindən alıb ayırmışdı və İsraillilər Nevat oğlu Yarovamı padşah etmişdilər. Yarovam onları Rəbbin yolundan azdırmışdı və onlara böyük günahlar etdirmişdi.
22. İsrail övladları Yarovamın etdiyi bütün günahlara görə davranmışdılar və bu günahlardan əl çəkməmişdilər.
23. Rəbb Öz qulu olan bütün peyğəmbərlər vasitəsilə söylədiyi kimi, nəhayət, İsraillilərdən üz döndərdi. Onlar öz torpaqlarından Aşşur torpağına sürgün olundular və bu günə qədər belədir.
24. Aşşur padşahı Babildən, Kutadan, Avvadan, Xamatdan və Sefarvayimdən adamlar gətirib İsrail övladlarının yerinə Samariyanın şəhərlərində yerləşdirdi. Onlar Samariyaya sahib oldular və oranın şəhərlərində yaşadılar.
25. Onlar orada yaşamağa başlayanda Rəbbə sitayiş etmirdilər. Rəbb də üstlərinə şirlər göndərdi və şirlər onları öldürməyə başladı.
26. Onlar Aşşur padşahına dedilər: «Sürgün edib Samariyanın şəhərlərində yerləşdirdiyin millətlər bu ölkə Allahının adətlərini bilmirlər. O Allah da üstlərinə şirlər göndərdi və şirlər onları öldürür, çünki bu adamlar ölkə Allahının adətlərini bilmirlər».
27. Aşşur padşahı əmr edib dedi: «Oradan sürgün etdiyiniz kahinlərdən birini geri qaytarın, adamları ilə gedib orada yaşasın və ölkə Allahının adətlərini onlara öyrətsin».
28. Samariyadan sürgün etdikləri kahinlərdən biri gəlib Bet-Eldə yaşadı və Rəbbə necə sitayiş etməyi onlara öyrətməyə başladı.
29. Ancaq hər millət öz allahının bütünü düzəltdi. Onları yaşadıqları şəhərlərdə Samariyalıların səcdəgahlarda tikdikləri məbədlərə qoydular:
30. Babillilər Sukkot-Benot bütünü, Kutalılar Nerqal bütünü, Xamatlılar Aşima bütünü,
31. Avvalılar Nivxaz və Tartaq bütlərini düzəltdilər. Sefarvayimlilər isə oğullarını Sefarvayim allahları Adrammelek və Anammelek üçün odda yandırırdılar.
32. Onlar Rəbbə də sitayiş edirdilər. Səcdəgahların məbədlərində xidmət etmək üçün öz aralarından kahinlər seçib qoydular.
33. Onlar həm Rəbbə, həm də aralarından sürgün olunduqları millətlərin adətlərinə görə öz allahlarına sitayiş edirdilər.
34. Onlar bu günə qədər də əvvəlki adətlərinə görə davranırlar və Rəbbə sitayiş etmirlər, adını İsrail qoyduğu Yaqubun nəslinə Rəbbin buyurduğu qaydalara, hökmlərə, qanunlara və əmrlərə əməl etmirlər.
35. Rəbb Yaqub övladları ilə əhd etmişdi və onlara əmr edib demişdi: «Başqa allahlara sitayiş və səcdə etməyin, onlara qulluq edib qurban gətirməyin.
36. Ancaq böyük qüdrəti və uzatdığı əli ilə sizi Misir torpağından çıxaran Rəbbə sitayiş və səcdə edin, Ona qurban gətirin.
37. Sizin üçün yazdığı qaydalara, hökmlərə, qanunlara və əmrlərə həmişə diqqətlə əməl edin və başqa allahlara sitayiş etməyin.
38. Sizinlə bağladığım əhdi unutmayın. Başqa allahlara deyil,
39. yalnız Allahınız Rəbbə sitayiş etsəniz, O sizi bütün düşmənlərinizin əlindən qurtarar».
40. Ancaq onlar bu sözlərə qulaq asmadılar və bu günə qədər də özlərinin əvvəlki adətlərinə görə davranırlar.
41. Beləcə bu millətlər həm Rəbbə, həm də öz bütlərinə sitayiş edirdilər. Ataları necə edirdisə, oğulları və nəvələri də bu günə qədər belə edirlər.

2 Padşahlar 18:1-37
1. İsrail padşahı Ela oğlu Huşənin padşahlığının üçüncü ilində Axaz oğlu Xizqiya Yəhuda üzərində padşah oldu.
2. O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Zəkəriyyə qızı Avi idi.
3. Xizqiya babası Davudun etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.
4. O, səcdəgahları aradan qaldırdı, sütunları parça-parça etdi və Aşera bütünü kəsdi. Musanın düzəltdiyi tunc ilanı əzib parçaladı, çünki İsraillilər onun adını Nexuştanqoyub o vaxta qədər ona buxur yandırırdılar.
5. Xizqiya İsrailin Allahı Rəbbə güvəndi. Özündən əvvəl və sonra olan bütün Yəhuda padşahları arasında onun kimisi olmadı.
6. O, Rəbdən yapışıb Onun yolundan dönmədi və Rəbbin Musaya verdiyi əmrlərinə əməl etdi.
7. Rəbb də onunla idi və hara gedirdisə, uğur qazanırdı. Xizqiya Aşşur padşahına qulluq etməkdən boyun qaçırdı.
8. Qəzzədə və onun sərhədləri boyu, keşikçi qülləsindən qalalı şəhərə qədər hər yerdə yaşayan Filiştliləri qırdı.
9. Xizqiyanın padşahlığının dördüncü ilində, yəni İsrail padşahı Ela oğlu Huşənin padşahlığının yeddinci ilində Aşşur padşahı Şalmaneser Samariya üzərinə hücum edib oranı mühasirəyə aldı.
10. Üç ildən sonra şəhəri aldılar. Xizqiyanın padşahlığının altıncı ilində, yəni İsrail padşahı Huşənin padşahlığının doqquzuncu ilində Samariya alındı.
11. Aşşur padşahı İsrailliləri Aşşur torpağına sürgün etdi və onları Xalahda, Qozan çayı sahilindəki Xavorda və Midiya şəhərlərində yerləşdirdi.
12. Bu iş ona görə onların başına gəldi ki, özlərinin Allahı Rəbbin sözünə qulaq asmamışdılar və Onun əhdini, Rəbbin qulu Musanın əmr etdiyi hər şeyi pozmuşdular. Onlar buna nə qulaq asmış, nə də əməl etmişdilər.
13. Xizqiyanın padşahlığının on dördüncü ilində Aşşur padşahı Sanxeriv Yəhudanın bütün qalalı şəhərlərinə hücum edib onları aldı.
14. Yəhuda padşahı Xizqiya Lakişə, Aşşur padşahına xəbər göndərib dedi: «Təqsirkaram, üzərimdən geri çəkil, məndən nə qədər xərac tələb etsən, verərəm». Aşşur padşahı Yəhuda padşahı Xizqiyadan xərac olaraq otuz talant qızıl və üç yüz talant gümüş tələb etdi.
15. Xizqiya Rəbbin məbədində və sarayın xəzinələrində tapılan gümüşün hamısını verdi.
16. O vaxt Yəhuda padşahı Xizqiya Rəbbin məbədinin qapılarının və sütunlarının üstünə özünün örtdüyü qızılı çıxartdı və onu Aşşur padşahına verdi.
17. Aşşur padşahı öz ordu başçısını, baş məmuru və baş vəzirini böyük qoşunla Lakişdən Yerusəlimə, padşah Xizqiyanın yanına göndərdi. Onlar çıxıb Yerusəlimə gəldilər və Mahudbasan tarlası yoluna, yuxarı hovuzun su kəmərinin yanına qalxıb orada dayandılar.
18. Onlar padşahı çağırdılar. Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah onların qabağına çıxdı.
19. Baş vəzir onlara dedi: «İndi Xizqiyaya söyləyin ki, böyük padşah – Aşşur padşahı belə deyir: “Nəyə güvənirsən?
20. Sən yalnız boş sözlər deyirsən, müharibə üçün tədbir və güc lazımdır. İndi sən kimə güvənirsən ki, mənə qarşı çıxırsan?
21. Yəqin sən əzilmiş qamış çubuğuna – Misirə güvənirsən. Bil ki, kim ona söykənsə, əlinə batıb deşər. Misir padşahı firon ona güvənənlərin hamısı üçün belədir.
22. Bəlkə mənə ‹biz Allahımız Rəbbə güvənirik› söyləyəsiniz. Məgər bu həmin Allah deyildi ki, Xizqiya Onun səcdəgahlarını və qurbangahlarını aradan qaldırdı? O, Yəhudalılara və Yerusəlimlilərə də ‹yalnız Yerusəlimdəki bu qurbangahın önündə səcdə edin› demədimi?
23. İndi ağam Aşşur padşahı ilə mərcə gəl: əgər sən iki min süvari tapa bilsən, mən sənə o qədər at verərəm.
24. Görək sən ağamın kiçik qulu olan bir başçını necə məğlub edəcəksən. Sən hələ döyüş arabaları və süvarilər almaq üçün Misirə güvənirsən!
25. Məgər indi mən bu yeri viran etməyə Rəbbin istəyi ilə gəlmədimmi? Rəbb mənə ‹bu ölkəyə hücum edib onu viran et› dedi”».
26. Xilqiya oğlu Elyaqim, Şevna və Yoah baş vəzirə dedi: «Xahiş edirik, bu qullarınla Arami dilində danış, biz bu dili başa düşürük, amma divar üzərindəki xalqın eşitdiyi yerdə bizimlə Yəhudi dilində danışma».
27. Baş vəzir onlara dedi: «Məgər ağam məni göndərib ki, bu sözləri təkcə sənin ağana və sənə söyləyim, yoxsa divar üzərində oturan bu adamlara? Axı onlar da sizinlə birgə nəcislərini yeyib sidiklərini içəcəklər».
28. Onda baş vəzir durub Yəhudi dilində uca səslə bağıraraq dedi: «Böyük padşahın – Aşşur padşahının sözünü eşidin!
29. Padşah belə deyir: “Xizqiya sizi aldatmasın, sizi mənim əlimdən qurtara bilməyəcək.
30. Qoy Xizqiya sizə ‹Rəbb bizi hökmən qurtaracaq və bu şəhər Aşşur padşahına təslim edilməyəcək› deyib Rəbbə arxayın etməsin”.
31. Ona qulaq asmayın! Çünki Aşşur padşahı belə deyir: “Mənimlə sülh bağlayın və yanıma gəlin. Mən gələnə qədər hər kəs öz üzüm meynəsinin və əncir ağacının bəhrəsindən yeyib öz quyusunun suyundan içəcək.
32. Sonra mən gəlib sizi ölkənizə bənzər bir ölkəyə – buğda, şərab, çörək, üzüm bağları, zeytun yağı və bal olan bir torpağa aparacağam. Beləcə ölməyib sağ qalarsınız. ‹Rəbb bizi qurtaracaq› deyib sizi azdıran Xizqiyaya qulaq asmayın.
33. Millətlərin allahlarından biri öz ölkəsini Aşşur padşahının əlindən qurtardımı?
34. Hanı Xamatın və Arpadın allahları? Hanı Sefarvayimin, Henanın və Avvanın allahları? Onlar Samariyanı mənim əlimdən qurtardılarmı?
35. Bütün bu allahlardan hansı öz ölkəsini mənim əlimdən qurtardı? Bəs Rəbb necə Yerusəlimi mənim əlimdən qurtara bilər?”»
36. Xalq susdu və onun cavabında heç nə demədi. Çünki padşah «ona cavab verməyin» deyə əmr etmişdi.
37. Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah cırılmış paltarlarda Xizqiyanın yanına gəlib baş vəzirin sözlərini ona çatdırdılar.

Zəbur 74:1-8
1. Ey Allah, niyə bizi əbədilik tərk etmisən?Otlağının sürüsünə niyə qəzəbin alovlanıb?
2. Yada sal keçmişdə satın aldığın icmanı,Özünə xalq etmək üçün azad etdiyin tayfanı,Həm də məskənin olan Sion dağını.
3. Əbədi viranələrə doğru get,Müqəddəs yerdə hər şeyi düşmən dağıdıb.
4. Səcdəgahının ortasında düşmənlər nərə çəkdilər,Bu yerə zəfər bayraqlarını keçirtdilər.
5. Sıx meşəni budamaq üçünBalta qaldıran adamlara bənzəyirlər.
6. Müqəddəs yerin bütün oyma işləriniBaltalar və çəkiclərlə qırıb tökdülər.
7. Sənin Müqəddəs məkanına od vurdular,Adının sakin olduğu yeri uçurub murdarladılar.
8. «Bu xalqı biz birgə əzməliyik» deyə düşünərəkÖlkədəki bütün səcdəgahları yandırdılar.

Süleymanın Məsəlləri 18:22-24
22. Arvad alan uğur qazanar,Rəbbin razılığını alar.
23. Yoxsul rəhm istəyər,Zəngin isə sərt cavab verər.
24. Dost çoxaldan öz-özünü yıxar,Amma qardaşdan daha yaxın dost da var.

Həvarilərin İşləri 1:1-26
1. Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsindədir.
2. Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə əmrlər verdi.
3. Ölüm əzabını çəkəndən sonra həvarilərə çoxlu inandırıcı dəlillərlə Özünü diri olaraq göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Padşahlığı barədə danışırdı.
4. İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin.
5. Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız».
6. Həvarilər bir yerə toplaşanda İsadan soruşdular: «Ya Rəbb, İsraildə Padşahlığı indimi bərpa edəcəksən?»
7. İsa cavab verdi: «Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil.
8. Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüdrət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız».
9. İsa bunları deyəndən sonra həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud İsanı götürüb onlardan gizlədi.
10. İsa göyə qalxanda onlar səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki kişi onların yanında peyda olub
11. soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq».
12. Bundan sonra həvarilər Zeytun dağı adlanan yerdən Yerusəlimə endilər. Bu dağ Yerusəlimin yaxınlığındadır, oraya olan məsafə Şənbə yolu qədərdir.
13. Onlar şəhərə girib qaldıqları evin yuxarı otağına çıxdılar. Oradakılar bunlar idi: Peter, Yəhya, Yaqub, Andrey, Filip, Tomas, Bartalmay, Matta, Halfay oğlu Yaqub, Millətçi Şimon və Yaqub oğlu Yəhuda.
14. İsanın anası Məryəmlə qardaşları və başqa qadınlar da həvarilərlə birlikdə dayanmadan dua edirdilər.
15. Həmin günlərdə təxminən yüz iyirmi bacı-qardaşdan ibarət olan toplantı arasından Peter qalxıb dedi:
16. «Qardaşlar, İsanı tutanlara yol göstərən Yəhuda haqqında Müqəddəs Ruhun Davudun dili ilə əvvəlcədən dediyi Müqəddəs Yazı sözləri yerinə yetməlidir.
17. Yəhuda bizə qoşuldu, bu xidmətdən ona da pay düşdü.
18. Bu adam etdiyi haqsızlığın haqqına bir tarla satın aldı, sonra da oradan kəlləmayallaq aşıb qarnı yırtıldı və bağırsaqları töküldü.
19. Bütün Yerusəlim əhalisi bunu eşitdi və o yeri öz dillərində “Haqal-Dema”, yəni “Qan tarlası” adlandırdı.
20. Axı Zəbur kitabında yazılıb:“Məskəni viran olsun,Kimsəsiz, boş qalsın”və“Vəzifəsini başqası tutsun”.
21. Buna görə də Rəbb İsanın aramıza gəlib-getdiyi müddət ərzində, yəni Yəhyanın vəftizindən başlayaraq Rəbb İsanın göyə qaldırıldığı günə qədər yanımızdakılardan bir kişi Onun dirilməsinə bizimlə birgə şahid olmalıdır».
22.
23. Beləliklə, iki nəfəri – Barsabba çağırılan, həm də Yust adlanan Yusifi və Mattiyanı namizəd göstərdilər.
24. Sonra dua etdilər: «Ya Rəbb, Sən hamının ürəyindən xəbərdarsan. Bu iki nəfərdən birini seçib bizə göstər ki,
25. qoy onlardan biri bu xidmətə – həvari vəzifəsinə keçsin. Çünki Yəhuda öz yerini tutsun deyə bu işi atdı».
26. Sonra püşk atdılar. Püşk Mattiyaya düşdü və o, həvari sırasına – on bir nəfərin yanına keçdi.