A A A A A

Bir il Bibliya

Iyun 10

2 Padşahlar 7:1-20
1. Elişa dedi: «Rəbbin sözünü eşidin, Rəbb belə deyir: “Sabah bu vaxt Samariya darvazasında bir sea narın un bir şekelə və iki sea arpa bir şekelə satılacaq”».
2. Padşahın sağında duran köməkçi Allah adamına cavab verib dedi: «Rəbb göylərdə pəncərələr açsa da, bu iş ola bilməz». Allah adamı isə dedi: «Bax sən gözlərinlə bunu görəcəksən, ancaq ondan yeməyəcəksən».
3. Şəhər darvazasının önündə dörd cüzamlı adam var idi. Onlar bir-birlərinə dedilər: «Nə üçün biz ölənə qədər burada oturub qalmalıyıq?
4. Əgər şəhərə girsək, şəhərdə olan aclıqdan öləcəyik, burada qalsaq, burada öləcəyik. Onda Aramlıların ordugahına gedib təslim olaq. Əgər bizi sağ buraxsalar, sağ qalarıq, öldürsələr, ölərik».
5. Onlar Aramlıların ordugahına getmək üçün axşam alaqaranlığında qalxıb onun kənarına gəldilər. Orada heç kəs yox idi.
6. Rəbb Aramlıların ordusuna döyüş arabalarının gurultusunu, atların tappıltısını və böyük ordunun səsini eşitdirmişdi. Onlar bir-birlərinə söyləmişdilər: «İsrail padşahı Xet və Misir padşahlarını muzdla tutmuşdur ki, bizim üstümüzə gəlsinlər».
7. Onlar axşam alaqaranlığında qalxıb qaçmışdılar. Çadırlarını, atlarını, eşşəklərini – bütün ordugahı olduğu kimi buraxıb getmişdilər. Beləcə canlarını qurtarmaq üçün qaçmışdılar.
8. Bu cüzamlılar ordugahın kənarına gəlib bir çadıra girdilər və yeyib-içdilər. Oradan qızıl-gümüş, paltar götürüb getdilər və onları gizlətdilər. Sonra qayıdıb başqa bir çadıra girdilər. Oradan da şeylər götürüb getdilər və onları da gizlətdilər.
9. Onlar bir-birlərinə dedilər: «Biz yaxşı eləmirik, bu gün müjdə günüdür, biz isə susuruq. Səhər açılana qədər gözləməyə haqqımız yoxdur, indi gedək, saray adamlarına bu xəbəri bildirək».
10. Onlar gəlib şəhərin qapıçılarını səslədilər və onlara bildirib dedilər: «Aramlıların ordugahına getdik, orada heç kəs yox idi və insan səsi də gəlmirdi. Ancaq bağlı atlar, bağlı eşşəklər və olduğu kimi qalan çadırlar var idi».
11. Qapıçılar da qışqırıb bu xəbəri saray içərisində olan adamlara bildirdilər.
12. Padşah gecə ikən qalxıb əyanlarına dedi: «Aramlıların bizə nə etmək istədiklərini indi sizə deyərəm: onlar bilirlər ki, biz acıq, buna görə də ordugahdan çıxıb çöldə gizlənmişlər və “şəhərdən çıxanda onları diri tutarıq və şəhərə girərik” deyə düşünürlər».
13. Əyanlardan biri cavab verib dedi: «Qoy bir neçə adam şəhərdə qalmış atlardan beşini götürsün və onları göndərək, gedib görsünlər. Onların da aqibəti qalan bütün İsrail camaatının aqibəti kimi olacaq, çünki bütün İsrail camaatı həlak olacaq».
14. Onlar atlar qoşulmuş iki döyüş arabası götürdülər. Padşah «gedin görün» deyib onları Aram ordusunun dalınca göndərdi.
15. Onlar Aramlıların dalınca İordan çayına qədər getdilər. Bütün yol Aramlıların tələsik qaçdıqları vaxt atdıqları geyim və əşyalarla dolu idi. Qasidlər geri qayıdıb padşaha bu xəbəri bildirdilər.
16. Xalq çıxıb Aramlıların ordugahını qarət etdi. Rəbbin sözünə görə bir sea narın un bir şekelə və iki sea arpa bir şekelə satıldı.
17. Padşah sağında duran köməkçini darvazanın ağzına qoymuşdu. Padşah Allah adamının yanına enib gəldiyi zaman onun söylədiyi kimi xalq padşahın köməkçisini darvazanın ağzında tapdaladı və o öldü.
18. Allah adamının padşaha söylədiyi kimi oldu. O demişdi: «Sabah bu vaxt Samariya darvazasında iki sea arpa bir şekelə və bir sea narın un bir şekelə satılacaq».
19. Padşahın köməkçisi də Allah adamına cavab verib demişdi: «Rəbb göylərdə pəncərələr açsa da, bu iş ola bilməz». Allah adamı isə demişdi: «Bax sən gözlərinlə bunu görəcəksən, ancaq ondan yeməyəcəksən».
20. Həmin şey də onun başına gəldi: xalq onu darvazanın ağzında tapdaladı və o öldü.

2 Padşahlar 8:1-29
1. Elişa oğlunu diriltdiyi qadına demişdi: «Qalx öz ev adamlarınla birgə get və qala biləcəyin yerdə qal. Çünki Rəbb qərar verdi ki, yeddi il ölkədə aclıq olacaq».
2. Qadın Allah adamının sözünə əməl etmişdi və ev adamları ilə birgə gedib Filiştlilərin ölkəsində yeddi il qalmışdı.
3. Bu müddətdən sonra qadın Filiştlilərin ölkəsindən qayıtdı. O, evini və tarlasını istəmək üçün padşahın yanına getdi.
4. O vaxt padşah Allah adamının nökəri Gehazi ilə danışaraq ona deyirdi: «Buyur Elişanın etdiyi bütün böyük işləri mənə danış».
5. O, Elişanın ölünü necə diriltdiyini padşaha danışdığı vaxt oğlu dirilən qadın da evini və tarlasını istəmək üçün padşaha yalvarmağa başladı. Gehazi dedi: «Ağam padşah, o qadın budur, Elişanın diriltdiyi oğlu da yanındadır».
6. Padşah qadından soruşanda o, padşaha hər şeyi danışdı. Padşah ona bir saray xidmətçisi verib dedi: «Onun hər şeyini qaytar, ölkəni tərk etdiyi gündən indiyə qədər tarlasının yetirdiyi bütün məhsulu ona ver».
7. Elişa Dəməşqə gəldi. Aram padşahı Ben-Hadad xəstə idi. «Allah adamı buraya gəlib» deyə ona bildirdilər.
8. Padşah Xazaelə dedi: «Bir hədiyyə götürüb Allah adamını qarşılamağa get. “Bu xəstəlikdən sağalacağammı?” deyib onun vasitəsilə Rəbdən soruş».
9. Xazael onu qarşılamağa getdi. Əlindəki hədiyyə ilə birgə Dəməşqin bütün yaxşı şeylərindən qırx dəvə yükü hədiyyə götürüb gəldi və onun önündə durub dedi: «Oğlun Aram padşahı Ben-Hadad “Bu xəstəlikdən sağalacağammı?” deyib məni sənin yanına göndərdi».
10. Elişa ona dedi: «Get, ona “mütləq sağalacaqsan” söylə. Ancaq Rəbb mənə göstərdi ki, o mütləq öləcək».
11. Allah adamı Xazaeli utandırana kimi gözünü onun üzünə dikdi və sonra ağladı.
12. Xazael dedi: «Ağam nə üçün ağlayır?» O dedi: «Ona görə ki İsraillilərə sənin edəcəyin pisliyi bilirəm: onların qalalarına od vuracaqsan, cavanlarını qılıncla öldürəcəksən, uşaqlarını daşlara çırpacaqsan və hamilə qadınlarını doğrayacaqsan».
13. Xazael dedi: «Bu köpək qulun kimdir ki, bu böyük işi etsin?» Elişa dedi: «Rəbb mənə göstərdi ki, sən Aram üzərində padşah olacaqsan».
14. Xazael Elişanı tərk edib ağasının yanına gəldi. Ağası ondan soruşdu: «Elişa sənə nə dedi?» O cavab verdi: «Mənə dedi ki, sən mütləq sağalacaqsan».
15. Ertəsi gün Xazael bir örtük götürüb suya batırdı, ağasının üzünün üstünə çəkdi və o boğulub öldü. Onun yerinə Xazael padşah oldu.
16. İsrail padşahı Axav oğlu Yehoramın padşahlığının beşinci ilində, Yehoşafat Yəhuda padşahı olanda onun oğlu Yehoram da onunla birgə padşah oldu.
17. O, padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi.
18. Axav nəslinin etdiyi kimi o da İsrail padşahlarının yolu ilə getdi, çünki Axavın qızı onun arvadı idi. Yehoram Rəbbin gözündə pis olan işlər etdi.
19. Ancaq Rəbb Öz qulu Davudun xatirinə Yəhudalıları məhv etmək istəmədi, çünki Davuda və onun nəslinə əbədi olaraq bir çıraq verəcəyini vəd etmişdi.
20. Onun dövründə Edomlular üsyan qaldırıb Yəhudanın əsarəti altından çıxdılar və özlərinə bir padşah qoydular.
21. Yehoram bütün döyüş arabaları ilə birgə Sairə getdi. Gecə ikən qalxıb onu hər tərəfdən əhatə edən Edomluları və araba rəislərini qırdı, lakin xalq öz torpağına qaçdı.
22. Beləcə Edomlular üsyan qaldırdılar, bu günə qədər də Yəhudanın əsarəti altında deyillər. Həmin vaxt Livnalılar da üsyan qaldırmışdılar.
23. Yehoramın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
24. Yehoram ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Axazya padşah oldu.
25. İsrail padşahı Axav oğlu Yehoramın padşahlığının on ikinci ilində Yehoram oğlu Axazya Yəhuda üzərində padşah oldu.
26. Axazya padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə bir il padşahlıq etdi. Anası İsrail padşahı Omrinin nəvəsi olub adı Atalya idi.
27. Axazya da Axav nəslinin yolu ilə getdi və onlar kimi Rəbbin gözündə pis olan işlər etdi, çünki Axav nəslinin kürəkəni idi.
28. O, Aram padşahı Xazaelə qarşı vuruşmaq üçün Axav oğlu Yehoramla birgə Ramot-Gileada getdi. Aramlılar Yehoramı yaraladılar.
29. Padşah Yehoram Ramot-Gileadda Aram padşahı Xazaelə qarşı vuruşarkən Aramlıların ona vurduqları yaraları sağaltmaq üçün İzreelə qayıtdı. Yəhuda padşahı Yehoram oğlu Axazya, Axav oğlu Yehoramı görmək üçün İzreelə gəldi, çünki o, yaralı idi.

Zəbur 72:8-16
8. Dənizdən-dənizə qədər,Fəratdan yer üzünün qurtaracağınadək hər yerdə hökmranlıq etsin.
9. Onun qarşısında köçəri xalqlar diz çöksün,Düşmənləri isə qoy yerə vurulsun.
10. Tarşişin və adaların padşahları ona xərac gətirsin,Səba və Seva padşahları ona bəxşiş versin.
11. Qarşısında bütün padşahlar təzim etsin,Qoy bütün millətlər ona xidmət etsin!
12. Çünki o imdad deyib çağıran fəqirləri,Məzlumları, köməksizləri qurtarır.
13. Yoxsula, fəqirə rəhm edir,Fəqirlərin canlarını azad edir.
14. Onları hədə-qorxudan, zorakılıqdan qurtarır,Onun gözündə bunların qanı qiymətlidir.
15. Yaşasın padşah!Qoy ona Səba qızılı verilsin,Qoy onun üçün durmadan dua edilsin,Hər gün ona xeyir-dua verilsin.
16. Qoy ölkənin zəmiləri bol olsun,Dağların başında dalğalansın.Bu ölkə Livan kimi məhsul versin,Qoy şəhərin əhalisi ot kimi bitsin.

Süleymanın Məsəlləri 18:12-13
12. Ürəyin təkəbbürü əcəldən əvvəl gələr,İtaətkarlıq şərəfdən əvvəl gələr.
13. Eşitməzdən qabaq cavab verməkSəfehlik və rüsvayçılıqdır.

Yəhya 18:19-40
19. O vaxt baş kahin İsadan şagirdləri və təlimi barədə soruşdu.
20. İsa ona cavab verdi: «Mən dünyaya açıq söyləmişəm, Yəhudilərin hamısının toplaşdıqları sinaqoqlarda və məbəddə həmişə təlim öyrədirdim, Mən heç nəyi gizli söyləməmişəm.
21. Niyə Məndən soruşursan? Nə dediyimi eşidən adamlardan soruş. Axı onlar Mənim söylədiyim şeyləri bilirlər».
22. İsa bu sözləri söyləyəndən sonra orada duran mühafizəçilərdən biri «Baş kahinə beləmi cavab verirsən?» deyib Ona bir şillə vurdu.
23. İsa ona cavab verdi: «Əgər haqsız danışdımsa, haqsız olduğunu sübut et. Əgər doğru dedimsə, onda Məni nə üçün vurursan?»
24. Xanan Onu əl-qolu bağlı halda baş kahin Qayafanın yanına göndərdi.
25. Şimon Peter bayırda durub isinirdi. Ondan soruşdular: «Yoxsa sən də Onun şagirdlərindənsən?» O inkar edib «xeyr, deyiləm» söylədi.
26. Baş kahinin qullarından biri Peterin vurub qulağını kəsdiyi adamın qohumu idi. Həmin qul «Səni bağçada Onunla birlikdə görmədimmi?» deyə Peterdən soruşdu.
27. Peter yenə inkar etdi. Həmin anda xoruz banladı.
28. Sonra Yəhudi başçıları İsanı Qayafanın yanından vali sarayına apardılar. Səhər açılırdı. Amma özləri vali sarayına girmədilər ki, murdar olmasınlar və Pasxa yeməyini yeyə bilsinlər.
29. Ona görə də Pilat bayıra, onların yanına çıxıb dedi: «Bu Adamı nədə ittiham edirsiniz?»
30. Onlar Pilata cavab verdilər: «Əgər bu Adam cinayətkar olmasaydı, Onu sənə təslim etməzdik».
31. Pilat onlara dedi: «Onu siz götürüb öz Qanununuza görə mühakimə edin». Yəhudi başçıları Pilata dedi: «Bizim heç kəsi edam etməyə icazəmiz yoxdur».
32. Onlar belə dedilər ki, İsanın necə bir ölümlə öləcəyinə işarə edərək söylədiyi söz yerinə yetsin.
33. Pilat yenə vali sarayına girdi, İsanı çağırıb Ona dedi: «Yəhudilərin Padşahı Sənsənmi?»
34. İsa cavab verdi: «Sən bunu özündənmi söyləyirsən, yoxsa başqaları sənə Mənim barəmdə danışdılar?»
35. Pilat dedi: «Məgər mən Yəhudiyəm? Səni Öz millətin və başçı kahinlər mənə təslim etdi. Söylə, nə etmisən?»
36. İsa cavab verdi: «Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil».
37. Pilat ona dedi: «Demək, Sən Padşahsan?» İsa cavab verdi: «Sənin dediyin kimi Mən Padşaham. Mən həqiqət barədə şəhadət etmək üçün doğulub dünyaya gəldim. Həqiqətdən olan hər kəs Mənim səsimə qulaq asar».
38. Pilat Ona «Həqiqət nədir?» dedi.Bunu deyəndən sonra yenə bayıra, Yəhudilərin yanına çıxıb onlara dedi: «Mən Onda heç bir təqsir görmürəm.
39. Axı sizdə bir adətdir ki, Pasxa zamanı mən sizin üçün bir nəfəri azad edirəm. İndi istəyirsinizsə, sizin üçün Yəhudilərin Padşahını azad edim?»
40. Bunun cavabında onlar yenə bağırıb dedi: «Bu adamı yox, Barabbanı azad et!» Barabba isə bir quldur idi.