A A A A A

Библия Один Год


Май 7


1 Şamuel 16:1-23
1. Rəbb Şamuelə dedi: «İsrail üzərində padşah olmasın deyə Şaulu rədd etdiyim halda sən nə vaxta qədər onun dərdini çəkəcəksən? Yağ buynuzunu yağla doldur və get. Səni Bet-Lexemli Yesseyin yanına göndərirəm. Çünki onun oğulları arasında Özüm üçün padşah təyin etmişəm».
2. Şamuel dedi: «Necə gedim? Axı Şaul eşitsə, məni öldürər». Rəbb dedi: «Özünlə bir düyə götürüb “Rəbbə qurban kəsmək üçün gəlmişəm” de.
3. Yesseyi də qurban mərasiminə dəvət et və sonra nə edəcəyini sənə bildirəcəyəm. Sənə deyəcəyim adamı Mənim üçün məsh edəcəksən».
4. Şamuel Rəbbin söylədiyi kimi Bet-Lexemə getdi. Şəhərin ağsaqqalları onu həyəcanla qarşıladılar və dedilər: «Bu gəlişin xeyirdirmi?»
5. O dedi: «Bəli, xeyirdir. Rəbbə qurban kəsmək üçün gəlmişəm. Özünüzü təqdis edin və mənimlə bərabər qurban mərasiminə gəlin». Şamuel Yesseylə oğullarını da təqdis edərək onları da qurban mərasiminə dəvət etdi.
6. Onlar gələrkən Şamuel Eliava baxıb dedi: «Doğrudan da, Rəbbin məsh etdiyi Rəbbin qarşısındadır!»
7. Lakin Rəbb Şamuelə belə dedi: «Onun görünüşünə və uca boyuna baxma, Mən onu rədd etmişəm. Ona görə ki Rəbb insanın gördüyü kimi görməz, çünki insan zahirə, Rəbb isə ürəyə baxar».
8. O zaman Yessey Avinadavı çağırdı və onu Şamuelin qarşısından keçirdi. Şamuel dedi: «Rəbb bunu da seçmədi».
9. Yessey Şammanı gətirdi və Şamuel dedi: «Rəbb bunu da seçmədi».
10. Yessey isə oğlanlarının yeddisini Şamuelin qarşısından keçirdi. Şamuel Yesseyə dedi: «Rəbb bunları seçmədi».
11. Sonra Yesseydən soruşdu: «Oğlanlarının hamısı budur?» Yessey cavab verdi: «Lap kiçiyi də var, odur, qoyun otarır». Şamuel Yesseyə dedi: «Bir nəfər göndər, qoy o da buraya gəlsin. Çünki o buraya gəlməsə, biz süfrəyə oturmayacağıq».
12. Yessey adam göndərib onu içəri gətirtdi. Oğlan alyanaq, gözləri gözəl, üzü göyçək idi. Rəbb Şamuelə dedi: «Dur, onu məsh et, çünki seçilmiş budur».
13. Şamuel yağ buynuzunu götürüb qardaşları arasında onu məsh etdi və o gündən başlayaraq Davudun üzərinə Rəbbin Ruhu qüvvə ilə endi. Sonra Şamuel qalxıb Ramaya getdi.
14. Rəbbin Ruhu Şauldan ayrılandan sonra Rəbbin izni ilə şər bir ruh ona əzab verirdi.
15. Şaulun əyanları ona belə dedilər: «Budur, indi Allahın izni ilə şər bir ruh sənə əziyyət verir.
16. Ey ağamız, qarşında olan qullarına əmr et ki, yaxşı çəng çalan bir adam axtarsınlar. Allahın izni ilə şər ruh sənin üstünə gələn zaman o, lira çalar, sən də ruhlanarsan».
17. Şaul əyanlarına dedi: «Elə isə mənim üçün yaxşı çəng çalan bir adam tapıb yanıma gətirin».
18. Gənc əyanlardan biri cavab verdi: «Mən görmüşəm ki, Bet-Lexemli Yesseyin oğlu yaxşı çəng çalır. O, igid, cəsur döyüşçü, müdrikliklə danışan, yaraşıqlı bir oğlandır və Rəbb onunladır».
19. Şaul Yesseyin yanına qasidlər göndərib dedi: «Qoyunotaran oğlun Davudu mənim yanıma göndər».
20. Yessey bir eşşəyə çörək, bir tuluq şərab, bir oğlaq yüklədi və oğlu Davudun əli ilə Şaula göndərdi.
21. Davud Şaulun yanına gəldi və onun qulluğunda durdu. Davud Şaulun çox xoşuna gəldi və onu öz silahdarı etdi.
22. Sonra Şaul Yesseyin yanına adam göndərib dedi: «Rica edirəm, qoy Davud yanımda qalsın, çünki o, gözümdə lütf tapıb».
23. Hər dəfə Allahın izni ilə Şaula şər ruh gələn zaman Davud lirasını götürüb çalar, Şaul sakitləşər, yaxşı olar və şər ruh ondan ayrılardı.

1 Şamuel 17:1-58
1. Filiştlilər müharibə üçün ordularını toplayıb Yəhudaya mənsub Soko şəhərində cəmləşdilər. Soko ilə Azeqa şəhəri arasında olan Efes-Dammimdə ordugah qurdular.
2. Şaulla İsraillilər toplaşıb Ela vadisində ordugah qurdular və Filiştlilərə qarşı döyüş üçün düzüldülər.
3. Filiştlilər bir təpənin üstündə, İsraillilər isə o biri təpədə dayanmışdılar, aralarında vadi var idi.
4. Qat şəhərindən olan Qolyat adlı bir cəngavər Filiştlilərin ordugahından irəli çıxdı. Onun boyu altı qulac bir qarışidi.
5. Başında tunc dəbilqəsi vardı, əyninə beş min şekel ağırlığında tuncdan pullu zireh geymişdi.
6. Baldırlarına tunc zireh taxmışdı, kürəyində isə tunc mizraq vardı.
7. Nizəsinin sapı toxucu dəzgahının əriş ağacı boyda olub dəmir ucu altı yüz şekel ağırlığında idi. Qalxan daşıyan silahdarı isə onun qabağında gedirdi.
8. Qolyat İsrail alaylarının qarşısında dayanaraq qışqıra-qışqıra dedi: «Niyə döyüşə çıxıb düzülmüsünüz? Mən Filiştli, siz də Şaulun qulları deyilsinizmi? Aranızdan bir kişi tapın, qoy yanıma gəlsin.
9. Əgər mənimlə vuruşanda o məni öldürərsə, onda biz sizə qul olarıq, yox əgər mən onu vurub öldürsəm, onda siz bizə qul olub qulluq edəcəksiniz».
10. Sonra Filiştli sözünü belə davam etdirdi: «Bu gün mən İsrail alaylarına meydan oxuyuram. Mənim qarşıma təkbətək vuruşmaq üçün bir kişi çıxarın!»
11. Filiştlinin bu sözlərini eşidən Şaul və bütün İsraillilər vahiməyə düşüb çox qorxdu.
12. Davud Yəhudanın Bet-Lexem şəhərindən olan Yessey adlı bir Efratlının oğlu idi. Yesseyin səkkiz oğlu var idi. Şaulun dövründə Yessey qocalıb yaşa dolmuşdu.
13. Onun üç böyük oğlu Şaulun ardınca döyüşə getmişdi. Döyüşə gedən üç oğlunun adı belə idi: birincisi Eliav, ikincisi Avinadav və üçüncüsü Şamma.
14. Davud Yesseyin ən kiçik oğlu idi. Üç böyük oğlu isə Şaulun ardınca gedirdi.
15. Davud da atasının sürüsünü otarmaq üçün Şaulun yanından Bet-Lexemə gedər və geri qayıdardı.
16. Filiştli Qolyat qırx gün səhər-axşam İsraillilərə meydan oxudu.
17. Bir gün Yessey oğlu Davuda dedi: «İndi qardaşların üçün bu bir efa qovurğa və on kömbə çörəyi götür, ordugaha – qardaşlarının yanına tələs.
18. Bu on parça pendiri də minbaşı üçün götür, ondan qardaşlarının hal-əhvalını soruş və mənə onlardan bir xəbər gətir».
19. Davudun qardaşları Şaul və bütün İsraillilərlə birgə Ela vadisində Filiştlilərlə döyüşdə idi.
20. Davud səhər tezdən durub qoyunlarını çobana tapşıraraq Yesseyin buyurduğu kimi ərzaqları götürüb getdi. O, ordugaha gələn zaman ordu döyüş meydanına çıxır və nərə çəkərək döyüşə düzülürdü.
21. İsraillilərlə Filiştlilər döyüşmək üçün üz-üzə dayandılar.
22. Davud gətirdiyi şeyləri tədarük keşikçisinə verdi, özü isə cəbhəyə qaçdı və qardaşlarının yanına gəlib onları salamladı.
23. Davud onlarla söhbət edərkən Filiştlilərin Qat şəhərindən olan Qolyat adlı cəngavər öz alaylarının arasından irəli çıxıb yenə əvvəlki kimi sözlər söylədi. Davud bunu eşitdi.
24. Bütün İsraillilər bu adamı görəndə bərk qorxdular və onun qarşısından qaçdılar.
25. İsraillilər dedilər: «Qabağa çıxan bu adamı görürsünüzmü? Doğrudan da, o, İsrailə meydan oxumağa çıxıb. Kim onu öldürsə, padşah onu var-dövlətə çatdıracaq, qızını ona verəcək və atasının ailəsini İsraildəki vergidən azad edəcək».
26. Davud yanındakı adamlara dedi: «Bu Filiştlini öldürüb İsraili bu xəcalətdən qurtaran adama nə ediləcək? Axı bu sünnətsiz Filiştli kimdir ki var olan Allahın alaylarına meydan oxuyur?»
27. Xalq onu öldürən adama nə ediləcəyini deyərək eyni sözü təkrar etdi.
28. Davud adamlarla danışarkən böyük qardaşı Eliav onun səsini eşitdi və qəzəbdən alovlanaraq dedi: «Sən niyə aşağı enmisən? Çöldəki bir neçə qoyunumuzu kimə tapşırmısan? Bilirəm, sən lovğalığından və ürəyinin pis niyyətindən ötrü buraya döyüşə tamaşa etmək üçün gəlmisən».
29. Davud dedi: «Axı indi mən nə etmişəm? Yəni danışa da bilmərəm?»
30. Davud oradan qayıdıb başqasından soruşdu və xalq ona yenə də əvvəlki kimi cavab verib eyni sözləri dedi.
31. Davudun bu sözlərini eşidənlər bunu Şaula çatdırdılar. Şaul onu yanına çağırtdırdı.
32. Davud Şaula dedi: «Bu adamdan ötrü heç kim ürəyini üzməsin. Sənin qulun gedib o Filiştli ilə vuruşacaq».
33. Şaul Davuda dedi: «Bu Filiştli ilə vuruşmağa hünərin çatmaz, çünki sən hələ uşaqsan, o isə cavanlığından döyüşçüdür».
34. Davud Şaula dedi: «Sənin qulun atasının qoyunlarını otaranda aslan yaxud da ayı gəlib sürüdən bir quzu götürəndə
35. mən arxadan çıxıb onu vurardım və ağzından quzunu qurtarardım. Əgər üstümə atılardısa, mən boğazının tüklərindən tutaraq çırpıb öldürərdim.
36. Bu qulun həm aslan, həm də ayı öldürüb, bu sünnətsiz Filiştli də onlardan biri kimi olacaq, çünki o, var olan Allahın alaylarına meydan oxumuşdur».
37. Davud sözünə davam etdi: «Məni aslan pəncəsindən, ayı pəncəsindən qurtaran Rəbb bu Filiştlinin də əlindən qurtaracaq». Şaul Davuda dedi: «Get, Rəbb sənə yar olsun!»
38. Şaul öz silahlarını Davuda bağladı və başına tunc dəbilqə qoyub əyninə zireh geyindirdi.
39. Davud bu zirehin üstündən qılınc taxıb gəzməyə çalışdı, çünki ona alışmamışdı. Sonra Davud Şaula dedi: «Bunlara alışmadığım üçün gəzə bilmirəm». Davud onları əynindən çıxartdı.
40. Sonra əlinə dəyənəyini götürüb çaydan özünə beş hamar daş seçdi və onları üstündəki çoban torbasına – dağarcığına qoyub əlində sapand Filiştliyə yaxınlaşdı.
41. Filiştli irəliləyərək Davuda yaxınlaşırdı. Qalxan daşıyan nökəri isə onun qabağında idi.
42. O nəzər salıb Davudu görəndə ona kinayə ilə baxdı. Çünki Davud gənc, alyanaq, üzügöyçək idi.
43. Filiştli Davuda dedi: «Məgər mən itəm ki, üstümə dəyənəklərlə gəlirsən». Filiştli öz allahları ilə Davudu lənətlədi və dedi:
44. «Yanıma gəl, sənin ətini göydəki quşlara və çöldəki heyvanlara verim».
45. Davud isə Filiştliyə dedi: «Sən mənim üstümə qılınc, nizə və mizraqla gəlirsən, lakin mən sənin üstünə söydüyün İsrail alaylarının Allahı Ordular Rəbbinin ismi ilə gəlirəm.
46. Bu gün Rəbb səni mənə təslim edəcək və mən səni öldürəcəyəm. Başını bədənindən ayıracağam. Bu gün Filişt ordusunun leşlərini göydəki quşlara və yerdəki heyvanlara verəcəyəm. Bundan sonra bütün dünya biləcək ki, İsraildə Allah var.
47. Bütün bu camaat biləcək ki, Rəbb qılıncla və nizə ilə xilas etməz, çünki bu döyüş Rəbbindir və O sizi bizə təslim edəcək».
48. Davudun qabağına çıxmaq üçün Filiştli durub yaxınlaşanda Davud cəld onu qabaqlayıb Filişt alaylarına tərəf qaçdı.
49. Davud əl atıb dağarcığından bir daş götürdü, sapandla fırladaraq Filiştlinin alnından vurdu. Daş onun alnına batdı və o, üzüstə yerə yıxıldı.
50. Davud Filiştlini sapandla, daşla məğlub etdi və vurub yerə sərdi. Davudun əlində qılınc yox idi.
51. O qaçıb bu Filiştlinin üstünə çıxdı. Filiştlinin qılıncını götürdü, qınından çəkib onu öldürdü və sonra başını kəsdi. Filiştlilər öz cəngavərinin öldürüldüyünü görəndə qaçdılar.
52. İsraillilərlə Yəhudalılar isə qalxıb nərə çəkdilər və Filiştliləri Qatın girişinə və Eqronun darvazalarına çatana qədər qovdular. Filiştlilərdən ölənlər Şaarayim yolu boyu Qata və Eqrona qədər yerə sərilmişdilər.
53. İsrail övladları Filiştliləri arxadan qovandan sonra qayıdıb onların ordugahını talan etdilər.
54. Davud Qolyatın başını götürüb Yerusəlimə gətirdi, lakin silahını öz çadırına qoydu.
55. Şaul Davudun Filiştliyə qarşı çıxdığını görən zaman ordu başçısı Avnerə «Avner, bu gənc kimin oğludur?» deyə soruşdu. Avner isə dedi: «Padşah sağ olsun, bilmirəm».
56. Padşah dedi: «Öyrən gör, bu cavan kimin oğludur».
57. Davud Qolyatı öldürüb qayıdandan sonra Avner onu götürüb Şaulun qarşısına gətirdi. Filiştlinin başı onun əlində idi.
58. Şaul ona dedi: «Ey cavan, kimin oğlusan?» Davud cavab verdi: «Qulun Bet-Lexemli Yesseyin oğluyam».

Zəbur 57:4-11
4. Sanki aslanların arasındayam,Yandırıb-yaxan adamların arasında yatıram.Dişləri nizədir, oxdur,Dilləri iti qılıncdır.
5. Ey Allah, göylər üzərində ucal!Ehtişamın bütün yer üzərində olsun!
6. Yolumda tələ qurub canımı üzdülər,Mənə qazdıqları quyuya özləri düşdülər.
7. Ey Allah, qəlbim Sənə möhkəm bağlanıb, möhkəm bağlanıb,Qoy ilahi oxuyum, Səni tərənnüm edim.
8. Ey mənim ruhum, oyan!Ey çəng və lira, oyan!Qoy səhəri oyadım.
9. Ey Xudavənd, xalqlar arasındaSənə şükür edəcəyəm.Ümmətlər arasındaSəni tərənnüm edəcəyəm.
10. Məhəbbətin böyükdür, göylərə çatır,Sədaqətin buludlara dəyir.
11. Ey Allah, göylər üzərində ucal!Ehtişamın bütün yer üzərində olsun!

Süleymanın Məsəlləri 15:26-26
26. Pislərin məqsədləri Rəbdə ikrah yaradar,Ona xoş gələnlərin sözlərini təmiz sayar.

Luka 23:26-56
26. Əsgərlər İsanı apararkən kənd yerindən gələn Şimon adlı Kirenalı bir nəfəri yaxaladılar. Çarmıxı onun boynuna yükləyib İsanın ardınca daşımağa məcbur etdilər.
27. İsanın ardınca böyük bir izdiham və Onun üçün ağlayıb nalə çəkən qadınlar gedirdi.
28. İsa onlara tərəf dönüb dedi: «Ey Yerusəlim qızları, Mənim üçün ağlamayın. Özünüz və övladlarınız üçün ağlayın.
29. Çünki elə günlər gəlir ki “Nə bəxtiyardır sonsuz, doğmamış bətnlər və əmizdirməmiş döşləri olan qadınlar!” deyəcəklər.
30. “O zaman dağlara ‹Üstümüzə yıxılın!›, təpələrə ‹Bizi örtün!› deməyə başlayacaqlar”.
31. Çünki yaşıl ağacın başına bunları gətirirlərsə, bəs qurumuş ağaca nə olacaq?»
32. İsa ilə birlikdə iki cinayətkar da edama aparılırdı.
33. Kəllə adlanan yerə gələndə orada Onu və cinayətkarları – birini sağında, birini də solunda çarmıxa çəkdilər.
34. Amma İsa deyirdi: «Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər». Onlar püşk ataraq paltarlarını aralarında bölüşdürdülər.
35. Camaat durub tamaşa edirdi. Onlarla birlikdə rəhbərlər də İsaya istehza edib deyirdilər: «Başqalarını xilas edirdi. Əgər O, Allahın seçdiyi Məsihdirsə, qoy Özünü də xilas etsin!»
36. Əsgərlər də yaxınlaşıb Onu ələ saldılar. Ona şərab sirkəsi təqdim edib
37. belə dedilər: «Əgər Sən Yəhudilərin Padşahısansa, Özünü xilas et!»
38. Onun üzərində «Yəhudilərin Padşahı budur» yazısı yazılmışdı.
39. Çarmıxa asılmış cinayətkarlardan biri Ona böhtan ataraq deyirdi: «Məgər Sən Məsih deyilsən? Özünü də, bizi də xilas et!»
40. O biri cinayətkarsa ona qadağan edərək deyirdi: «Sən heç Allahdan qorxmursan? Sən özün də eyni cəzaya məhkum olmusan!
41. Biz ədalətlə məhkum olunmuşuq, çünki əməllərimizə layiq olan əvəzi alırıq. Bu Adamsa heç bir haqsızlıq etməmişdi».
42. Sonra İsaya dedi: «Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla!»
43. İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan».
44. Gündüz altıncı saat idi. Doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü,
45. günəş işığını saçmırdı. Məbədin pərdəsi ortadan parçalandı.
46. İsa uca səslə nida edərək dedi: «Ey Ata! Ruhumu Sənin əlinə verirəm». İsa bunu deyib son nəfəsini verdi.
47. Bunları görən yüzbaşı «doğrudan da, bu Adam saleh idi» deyərək Allahı izzətləndirdi.
48. Bunlara tamaşa etmək üçün yığılan bütün camaat baş verən hadisəni gördükdə sinəsinə döyə-döyə geri döndü.
49. İsanı tanıyan adamların hamısı və Onun ardınca Qalileyadan gəlmiş qadınlar uzaqda durub olub-keçənlərə baxırdılar.
50. Ali Şuranın üzvü olan Yusif adlı xeyirxah və saleh bir kişi var idi.
51. O, Ali Şuranın qərarı və əməli ilə razı olmamışdı. Bu adam Yəhudeyanın Arimateya şəhərindən idi və o da Allahın Padşahlığını gözləyirdi.
52. O, Pilatın yanına gedib İsanın cəsədini istədi.
53. Cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış, hələ indiyədək heç kimin dəfn edilmədiyi bir qəbirə qoydu.
54. O gün Hazırlıq günü idi və Şənbə günü yaxınlaşırdı.
55. İsa ilə Qalileyadan gəlmiş qadınlar da Yusifin ardınca gedib qəbiri və Onun cəsədinin necə qoyulduğunu gördülər.
56. Onlar evlərinə qayıdıb ətirli maddələr və qiymətli yağlar hazırladılar. Şənbə günü Allahın əmri ilə istirahət etdilər.