A A A A A

Bir il Bibliya


Bilər 6


1 Şamuel 14:1-52
1. Bir gün Şaulun oğlu Yonatan silahdarı olan nökərə dedi: «Gəl qarşı tərəfdə olan Filiştlilərin keşik dəstəsinə keçək». Lakin bunu atasına bildirmədi.
2. Şaul isə Givea kənarında Miqrondakı nar ağacı altında oturmuşdu, yanındakı xalq altı yüz nəfərə qədər idi.
3. Şiloda Rəbbin kahini, Eli oğlu Pinxas oğlu İkavodun qardaşı Axituvun oğlu Axiya efod geyinmişdi. Yonatanın getdiyindən xalqın xəbəri yox idi.
4. Filiştlilərin keşik dəstəsinə getmək üçün Yonatanın keçmək istədiyi keçidlər iki şişuclu qayalığın arasında idi. Qayalıqlardan birinin adı Boses, o birinin adı isə Sene idi.
5. Qayalıqlardan biri şimal tərəfdən Mikmasa, o biri qayalıq isə cənub tərəfdən Gevaya baxırdı.
6. Yonatan silahdarı olan nökərə dedi: «Gəl bu sünnətsizlərin keşik dəstəsinə keçək, bəlkə Rəbb bizim üçün bir iş gördü. Çünki həm çox, həm də az adamların üzərində qələbə çalmaq üçün Rəbbə mane olan yoxdur».
7. Silahdarı ona dedi: «Ürəyin necə istəyirsə, elə də et. Get bax, mən səninləyəm, çünki ürəyimizin istəyi birdir».
8. Yonatan dedi: «Gəl bu adamlara tərəf gedib özümüzü onlara göstərək.
9. Əgər bizə “sizin yanınıza biz gələnə qədər dayanın” desələr, o zaman yerimizdə durub onların yanına çıxmarıq.
10. Lakin “yanımıza çıxın”, desələr, o zaman yerimizdən durub onların yanına qalxarıq, çünki Rəbb onları bizə təslim etmişdir və bu bizim üçün əlamət olacaq».
11. İkisi də özünü Filiştlilərin keşik dəstəsinə göstərdi. Filiştlilər isə dedilər: «Bax İbranilər gizləndikləri deşiklərdən çıxırlar».
12. Əsgərlər Yonatana və onun silahdarına dedilər: «Yanımıza çıxın, sizin dərsinizi verək». Yonatan silahdarına dedi: «Ardımca gəl, çünki Rəbb onları İsrailə təslim etdi».
13. Yonatan, onun ardınca silahdarı əl və ayaqları ilə yuxarı dırmaşdılar, Yonatan Filiştliləri vurub yıxır, arxadan silahdarı onları öldürürdü.
14. Bu ilk döyüşdə yarım sahə torpaqdaYonatanla silahdarı iyirmi nəfərə qədər adamı qırdı.
15. Ordugaha, çölə, bütün xalq arasına vəlvələ düşdü. Keşikçi əsgərlər və qarət hücumçuları arasına elə bir çaxnaşma düşdü ki, yer sarsıldı. Bu, Allah xofu idi.
16. Şaulun Binyamində olan Givea şəhərindəki gözətçiləri baxanda gördülər ki, Filişt qoşunu dağılıb ora-bura qaçır.
17. Şaul yanında olan xalqa dedi: «İndi sayın, görün bizdən kim yoxdur». Saydıqları zaman Yonatanla silahdarı olmadı.
18. Şaul Axiyaya dedi: «Allahın sandığını buraya gətirin». Çünki o vaxtlar Allahın sandığı İsraillilərin yanında idi.
19. Şaul kahinə bunu deyərkən Filiştlilərin ordugahından gurultu getdikcə çoxalırdı və Şaul kahinə «Əl saxla!» dedi.
20. Şaul və yanında olan bütün xalq yığılıb döyüş meydanına getdilər. Budur, Filiştlilərdən hər bir kəs qılıncını öz ətrafındakı qonşusuna qarşı çıxartdı və çox böyük çaşqınlıq yarandı.
21. Əvvəlcədən Filiştlilər tərəfinə keçən İbranilər Filiştlilərlə bərabər ordugaha gəlmişdilər. Onlar da Şaulun və Yonatanın yanında olan İsraillilərlə birləşdilər.
22. Efrayim dağlıq bölgəsində gizlənən bütün İsraillilər də Filiştlilərin qaçdığını eşitdikdə öz döyüş meydanından Filiştliləri qovmağa başladılar.
23. Beləcə o gün Rəbb İsrailə qələbə qazandırdı və döyüş Bet-Avendən o tərəfə keçdi.
24. İsraillilər o gün çox yorulmuşdu. Çünki Şaul «Axşama qədər, Şaul düşmənlərindən qisas alana qədər kim çörək yesə, lənətə gəlsin!» deyərək onlara and içdirmişdi. Xalqdan heç kim dilinə heç nə vurmadı.
25. Bütün xalq meşəyə getdi və torpaq üzərində olan bal şanısına rast gəldi.
26. Xalq meşədə bal şanısına rast gələndə şanıdan bal süzülürdü, lakin heç kəs əlini ağzına aparmırdı, çünki xalq anddan qorxurdu.
27. Lakin Yonatan atasının xalqa and içdirdiyini eşitməmişdi. O, əlindəki dəyənəyi uzadıb ucunu şanı balına batıraraq əlini ağzına apardı və gözlərinə işıq gəldi.
28. Camaat arasından bir nəfər dedi: «“Bu gün kim çörək yesə, lənətə gəlsin!” deyə atan xalqa möhkəm and içdirmiş, buna görə də xalq taqətdən düşmüşdü».
29. Yonatan dedi: «Atam ölkəyə əzab verir. Rica edirəm, baxın bu baldan bir az daddım, gör necə gözlərim işıqlandı!
30. Əgər bu gün düşmənlərdən ələ keçirilən yeməkləri xalq doyunca yemiş olsaydı, gör nələr olardı? O zaman Filiştlilər arasında daha böyük qırğın olmazdımı?»
31. Həmin gün İsraillilər Mikmasdan Ayyalona qədər Filiştliləri məğlub etdilər. Xalq çox yorğun idi.
32. Ona görə də düşmən malının üstünə düşüb qoyunları, öküzləri, buğaları yerindəcə kəsdilər və onları qanlı-qanlı yedilər.
33. Bunu Şaula xəbər verdilər: «Bax xalq əti qanlı-qanlı yeyərək Rəbbə qarşı günah edir». Şaul dedi: «Xəyanət etmisiniz, indi isə yanıma böyük bir daş yuvarlayın».
34. Şaul sözünə davam etdi: «Xalqın arasına gedib onlara deyin: “Hər kəs öküzünü, qoyununu yanıma gətirsin və burada kəsib yesin. Əti qanlı-qanlı yeyərək Rəbbə qarşı günah etməyin”». Bütün xalq o gecə öküzünü öz əli ilə oraya gətirib kəsdi.
35. Şaul Rəbbə bir qurbangah düzəltdi. Bu onun Rəbb üçün qurduğu ilk qurbangah idi.
36. Şaul dedi: «Filiştlilərin ardınca gecə ikən düşək ki, dan yeri sökülənə qədər onları talan edək və onlardan heç kimi sağ buraxmayaq». Ona dedilər: «Gözündə nə xoşdursa, onu da et». Kahin isə dedi: «Gəlin buraya – Allahın hüzuruna yaxınlaşaq».
37. Şaul Allahdan soruşdu: «Mən Filiştlilərin ardınca düşümmü? Sən onları İsraillilərə təslim edəcəksənmi?» Lakin həmin gün Allah ona cavab vermədi.
38. Şaul dedi: «Ey bütün xalq başçıları, buraya yaxınlaşın, bu gün hansı günah etdiyinizi öyrənin və görün.
39. Çünki İsraili qurtaran, var olan Rəbbə and olsun, bu işdə oğlum Yonatan təqsirkar olsa belə, mütləq ölməlidir». Lakin xalq arasından ona cavab verən olmadı.
40. Şaul bütün İsraillilərə dedi: «Siz bir tərəfdə, mən də oğlumla başqa bir tərəfdə duraq». Xalq Şaula dedi: «Gözündə nə xoşdursa, onu da et».
41. Şaul İsrailin Allahı Rəbbə dedi: «Həqiqəti üzə çıxart!» Püşk Şaulla Yonatana düşdü. Xalq təmizə çıxdı.
42. Şaul dedi: «Mənimlə oğlum Yonatan arasında da püşk atın». Püşk Yonatana düşdü.
43. Şaul Yonatana dedi: «Nə etmisən, mənə bildir!» Yonatan ona dedi: «Ancaq əlimdə olan dəyənəyin ucu ilə bir az bal dadmışam, buna görə ölməliyəmmi?»
44. Şaul dedi: «Yonatan, əgər mən səni öldürməsəm, Allah mənə beləsini və bundan betərini etsin! Sən mütləq ölməlisən».
45. Xalq Şaula belə dedi: «İsraildə belə böyük qurtuluş zəfəri çalan Yonatanmı öləcək? Əsla! Var olan Rəbbə and olsun, onun başından bir tük belə, yerə düşməyəcək. Çünki bu gün o, Allahın köməyi ilə iş gördü». Beləliklə, xalq Yonatanı qurtardı və o ölmədi.
46. Şaul daha Filiştliləri təqib etməyib geri qayıtdı və Filiştlilər öz yerlərinə qayıtdılar.
47. Beləliklə, Şaul İsrail üzərində padşah olandan sonra ətrafdakı bütün düşmənlərinə – Moavlılara, Ammonlulara, Edomlulara, Sova padşahlarına və Filiştlilərə qarşı döyüşdü. Hansı tərəfə gedərdisə, onların başına bəla gətirirdi.
48. O şücaət göstərərək Amaleqliləri məğlub etdi və İsraili talan edənlərin əlindən qurtardı.
49. Şaulun oğulları Yonatan, İşvi və Malki-Şua idi. İki qızından böyüyünün adı Merav, kiçiyinin adı isə Mikal idi.
50. Şaulun arvadının adı Aximaas qızı Axinoam idi. Ordu başçısı Şaulun əmisi Nerin oğlu Avner idi.
51. Şaulun atası Qişlə Avnerin atası Ner Avielin oğulları idi.
52. Şaul ömrü boyu Filiştlilərə qarşı şiddətli döyüşlərdə oldu və o, güclü yaxud da cəsur bir adam görən zaman öz yanına götürürdü.

1 Şamuel 15:1-35
1. Şamuel Şaula dedi: «Rəbb məni göndərdi ki, Öz xalqı İsrail üzərində padşah olaraq səni məsh edim. İndi isə Rəbbin sözünü dinlə,
2. Ordular Rəbbi belə deyir: “İsraillilər Misirdən çıxan zaman yolda Amaleqlilər onlara qarşı müqavimət göstərdilər. Ona görə də onları cəzalandıracağam.
3. İndi get, Amaleqliləri qır, hər şeylərini tamamilə darmadağın et və onlara heyfin gəlməsin. Kişidən qadınadək, yeniyetmədən südəmər körpəyədək, öküzdən qoyunadək, dəvədən eşşəyədək hamısını qır”».
4. Şaul xalqı çağırdı və onları Telaimdə saydı: iki yüz min piyada əsgərlə bərabər Yəhudadan on min nəfər var idi.
5. Şaul Amaleqlilərin şəhərinə gəlib vadidə pusqu qurdu.
6. O, Qenlilərə dedi: «Gedib Amaleqlilərdən ayrılın ki, sizi də onlarla bərabər qırmayım. Çünki İsrail övladları Misirdən çıxan zaman siz onlara xeyirxahlıq etdiniz». Qenlilər Amaleqlilərdən ayrıldılar.
7. Şaul Xaviladan Misirin şərqindəki Şura çatana qədər Amaleqliləri qırdı.
8. Amaleq padşahı Aqaqı sağ tutdu, bütün xalqı isə tamamilə qılıncdan keçirdi.
9. Amma Şaul xalqı ilə birlikdə Aqaqa və Amaleqlilərin ən yaxşı qoyunlarına, öküzlərinə, kökəldilmiş heyvanlarına, quzularına və yaxşı şeylərin hamısına heyfi gəlib tamamilə məhv etmək istəmədi, bütün gərəksiz və yararsız şeyləri isə tamamilə yox etdi.
10. Bundan sonra Rəbbin sözü Şamuelə nazil oldu:
11. «Şaulu padşah etdiyimə peşman oldum. Çünki o dönüb Mənim ardımca getməyərək sözlərimi yerinə yetirməyib». Şamuel qəzəbləndi və bütün gecəni Rəbbə fəryad etdi.
12. O, Şaulla səhər görüşmək üçün erkən durdu, amma ona belə xəbər verdilər: «Şaul Karmelə getdi və özünə abidə qoyandan sonra geri qayıdıb irəlidəki Qilqala endi».
13. Şamuel Qilqala, Şaulun yanına gəldi. Şaul ona dedi: «Qoy Rəbb sənə xeyir-dua versin, mən Rəbbin sözünə əməl etdim».
14. Şamuel isə dedi: «Elə isə qulaqlarıma gələn bu qoyun mələşməsi və eşitdiyim bu öküz böyürtüsü nədir?»
15. Şaul dedi: «Onları Amaleqlilərdən gətiriblər. Çünki xalq sənin Allahın Rəbbə qurban etmək üçün qoyunlarla öküzlərin ən yaxşılarını saxlayıb, qalanlarını isə tamamilə yox etdi».
16. Şamuel Şaula dedi: «Dayan, bu gecə Rəbbin mənə söylədiklərini sənə deyəcəyəm». Şaul dedi: «Danış».
17. Şamuel dedi: «Sən öz gözündə kiçik olduğun halda İsrail qəbilələrinin başçısı olmadınmı? Rəbb səni İsrail üzərinə padşah olaraq məsh etməyibmi?
18. Rəbb səni yürüşə göndərib dedi: “Günahkarları – Amaleqliləri tamamilə məhv et və qırıb qurtarana qədər onlarla vuruş”.
19. Bəs nə üçün Rəbbin sözünə itaət etmədin, qarətçilik edib talana girişdin və Rəbbin gözündə pis sayılan iş gördün?»
20. Şaul Şamuelə dedi: «Mən Rəbbin sözünə itaət etdim. Rəbbin məni göndərdiyi yürüşə getdim. Amaleq padşahı Aqaqı bura gətirdim, Amaleqliləri isə tamamilə məhv etdim.
21. Lakin xalq talan malından qoyunları və öküzləri, məhv edilməyə həsr olunanlardan ən yaxşısını götürdü ki, Qilqalda Allahın Rəbbə qurban versin».
22. Şamuel isə dedi:«Rəbb Öz sözünə itaət edilməsindən xoşu gəldiyi qədərYandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmi?Bax itaət etmək qurbandan,Qulaq asmaq qoçların iç piyindən daha yaxşıdır.
23. Çünki üsyankarlıq falçılığa bərabər günahdır,İnadkarlıq isə özbaşınalıq və bütpərəstliyə bərabərdir.İndi ki sən Rəbbin sözünü rədd etdin,O da səni padşahlıqdan rədd etdi».
24. Şaul Şamuelə dedi: «Günah etdim, çünki Rəbbin əmrini və sənin sözlərini pozdum və xalqdan qorxub onların sözünə qulaq asdım.
25. Rica edirəm, günahımı bağışla və indi mənimlə bərabər geri qayıt ki, Rəbbə səcdə qılım».
26. Şamuel Şaula dedi: «Mən səninlə geri qayıtmayacağam, çünki sən Rəbbin sözünü rədd etdin. Ona görə Rəbb İsraildə padşah olmayasan deyə səni rədd etdi».
27. Şamuel geri qayıtmaq üçün dönən zaman Şaul onun cübbəsinin ətəyindən yapışanda ətək qopdu.
28. Şamuel ona dedi: «Bu gün Rəbb də səndən İsrail padşahlığını bu cür qoparıb səndən də yaxşı olan yaxınına verdi.
29. İsrailin İzzətlisi yalan söyləməz və fikrini dəyişməz. Axı insan deyil ki, fikrini dəyişsin».
30. Şaul dedi: «Günaha batdım. Rica edirəm, indi xalqımın ağsaqqalları və İsrail qarşısında mənə hörmət et və mənimlə birlikdə geri qayıt ki, Allahın Rəbbə səcdə qılım».
31. Şamuel Şaulun arxasınca geri qayıtdı və Şaul Rəbbə səcdə qıldı.
32. Şamuel dedi: «Amaleq padşahı Aqaqı buraya – mənim yanıma gətirin». Aqaq isə onun yanına tərəddüd içində gəldi. Aqaq öz-özünə deyirdi: «Görəsən acı ölüm məni mütləq haqlayıbmı?»
33. Şamuel dedi: «Sənin qılıncın qadınları necə övladsız qoyurdusa, sənin anan da qadınlar arasında beləcə övladsız qalacaq». Şamuel Qilqalda – Rəbbin önündə Aqaqı doğradı.
34. Sonra Şamuel Ramaya getdi, Şaul isə Giveadakı evinə qalxdı.
35. Şamuel ölənə qədər daha Şaulu görmədi, çünki Şaulun dərdini çəkirdi. Rəbb Şaulu İsrailin padşahı etdiyinə peşman olmuşdu.

Zəbur 57:1-3
1. Mənə rəhm et, ey Allah, mənə rəhm et!Canımı götürüb Sənin yanına pənah gətirmişəm.Bəlalar keçib-gedənəcənQanadlarının altına sığınacağam.
2. Allah-Taalanı çağırıram,Mənim üçün hər şeyi verən Allahı çağırıram.
3. Göydən mənə qurtuluş göndərəcək,Başımı yemək istəyəni rüsvay edəcək.Allah Öz məhəbbətini və sədaqətini göndərəcək.

Süleymanın Məsəlləri 15:24-25
24. Ağıllı insan aşağıdan – ölülər diyarından ayrılmaq üçünHəyat yolunu tutub yuxarı gedər.
25. Rəbb təkəbbürlünün evini yıxar,Dul qadının sərhədini qoruyar.

Luka 23:1-25
1. Ali Şura üzvlərinin hamısı ayağa durub İsanı Pilatın yanına apardı.
2. Onu ittiham etməyə başlayaraq dedilər: «Biz gördük ki, bu adam millətimizi yoldan çıxarır. Qeysərə vergi verməyə mane olur və Özünü Məsih, Padşah adlandırır».
3. Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir».
4. Pilat başçı kahinlərə və xalqa dedi: «Mən bu Adamda heç bir təqsir görmürəm».
5. Amma onlar təkid edərək deyirdilər: «Bu Adam Qalileyadan tutmuş bu yerə qədər bütün Yəhudeyada təlim öyrədərək xalqı təşvişə salır».
6. Pilat Qalileya barədə eşidib soruşdu: «Məgər bu Adam Qalileyalıdır?»
7. İsanın Hirodun idarə etdiyi vilayətdən olduğunu bildikdə Onu Hirodun yanına göndərdi. Çünki o günlər Hirod da Yerusəlimdə idi.
8. Hirod İsanı gördükdə çox sevindi. Onun haqqında eşitdiyi şeylərə görə Onu çoxdan görmək istəyirdi. Ondan bir əlamət görməyi umurdu.
9. Hirod Ona çox suallar verdi, amma İsa ona heç bir cavab vermədi.
10. Başçı kahinlər və ilahiyyatçılar durub Onu şiddətlə ittiham edirdilər.
11. Hirod öz əsgərləri ilə Onu təhqir edib ələ saldı. Onun əyninə bir gözəl paltar geyindirib Pilatın yanına qaytardı.
12. Əvvəllər düşmən olan Pilatla Hirod o gün bir-biri ilə dostlaşdı.
13. O zaman Pilat başçı kahinləri, rəhbərləri və xalqı toplayıb
14. onlara dedi: «Siz bu Adamı mənim yanıma buna görə gətirdiniz ki, O, xalqı yoldan çıxarır. Budur, mən sizin qarşınızda məsələni araşdırıb bu Adamı sizin irəli sürdüyünüz ittihamların heç birində təqsirkar görmədim.
15. Hirod da bir şey tapmadı. Çünki bu Adamı bizə geri göndərdi. Budur, O, ölüm cəzasına layiq heç bir şey etməyib.
16. Buna görə də mən Onu cəzalandırıb azad edəcəyəm».
17.
18. Amma bütün xalq birlikdə çığırırdı: «Bu Adam öldürülsün! Bizə Barabbanı azad et!»
19. Barabba şəhərdə üsyan qaldırmaq və adam öldürmək üstündə zindana atılmışdı.
20. Pilat İsanı azad etmək istəyərək yenə də səsini ucaltdı.
21. Amma onlar «Onu çarmıxa çək, çarmıxa çək!» deyə bağırırdılar.
22. Pilat üçüncü dəfə onlara dedi: «Axı O nə pislik edib? Mən Onda ölüm cəzasına layiq heç bir təqsir görmədim. Buna görə də Onu cəzalandırıb azad edəcəyəm».
23. Amma onlar təkid edərək uca səslə tələb edirdilər ki, O, çarmıxa çəkilsin. Onların səsi hamıdan bərk gəlirdi.
24. Pilat onların tələbini yerinə yetirmək qərarına gəldi.
25. Üsyan qaldırıb adam öldürdüyünə görə zindana atılmış adamı onların tələbinə görə azad etdi. İsanı isə onların ixtiyarına təslim etdi.