A A A A A

Bir il Bibliya


Bilər 25


2 Şamuel 21:1-22
1. Davudun dövründə üç il dalbadal qıtlıq oldu. Davud buna görə Rəbbə müraciət edəndə Rəbb dedi ki, bu qıtlıq Şaula və onun qan tökən nəslinə görədir. Çünki o, Giveonluları öldürmüşdü.
2. Padşah Giveonluları çağırdı və onlarla danışdı. Giveonlular İsrail övladları deyildi. Emorlulardan sağ qalan bir xalq idi ki, İsraillilər onları sağ buraxacaqlarına and içmişdilər. Lakin Şaul İsrail və Yəhuda övladları naminə onları ciddi-cəhdlə yox etməyə çalışmışdı.
3. Davud Giveonlulara dedi: «Sizin üçün mən nə edə bilərəm? Edilən bu günahı nə ilə təmizləyə bilərəm ki, siz Rəbbin irsinə xeyir-dua verəsiniz?»
4. Giveonlular ona dedi: «Şaulla onun nəslindən qızıl-gümüş istəmək fikrində deyilik. İsraildə adam öldürmək niyyətində də deyilik». Davud dedi: «Siz nə istəsəniz, onu edərəm».
5. Onlar padşaha dedi: «Bizi qırıb məhv edən və İsrail ərazisində qalmamaq üçün bizə qəsd quran adamın övladlarından yeddi nəfər bizə verilsin.
6. Rəbbin seçdiyi Şaulun Givea şəhərində onları Rəbbin önündə asaq». Padşah dedi: «Yaxşı, mən onları sizə verərəm».
7. Lakin padşah Davud Rəbbin önündə and içdiyi Şaul oğlu Yonatan oğlu Mefiboşetə qıymadı.
8. Ayya qızı Rispanın Şauldan doğulan iki oğlunu – Armoni ilə Mefiboşeti, bir də Şaulun qızı Meravın Mexolalı Barzillay oğlu Adrieldən doğduğu beş oğlunu padşah götürüb
9. Giveonlulara təslim etdi. Giveonlular onları Rəbbin önündə, dağın üstündə asdılar və yeddisi də birlikdə öldü. Onlar biçin vaxtının ilk günlərində, arpa biçini başlanğıcında öldürüldü.
10. Ayyanın qızı Rispa çul götürüb özü üçün qayaya sərdi. Biçin başlanandan cəsədlərin üstünə yağış yağanadək Rispa orada qalaraq onların meyitlərini gündüz göydəki quşlardan, gecə vəhşi heyvanlardan qorudu.
11. Şaulun cariyəsi Ayya qızı Rispanın etdiyi bu işi Davuda xəbər verdilər.
12. Davud gedib Şaulun sümüklərini və oğlu Yonatanın sümüklərini Yaveş-Gilead əhalisindən aldı. Filiştlilər Gilboada Şaulu öldürdükləri gün onların cəsədlərini Bet-Şean meydanında asmışdılar, Yaveş-Gilead əhalisi də gəlib cəsədləri oradan oğurlamışdı.
13. Davud Şaulun və oğlu Yonatanın sümüklərini həmin yerdən çıxartdırdı və asılanların da sümüklərini topladılar.
14. Onlar Şaulun və oğlu Yonatanın sümüklərini Binyamin torpağında – Selada, Şaulun atası Qişin məqbərəsində basdırdılar, padşahın onlara əmr etdiyi hər şeyə əməl etdilər. Bundan sonra Allah ölkə üçün duaları qəbul etdi.
15. Yenə Filiştlilərin İsraillilərlə döyüşü oldu. Davud adamları ilə birgə döyüşə getdi və onlar Filiştlilərlə döyüşərkən Davud yoruldu.
16. Rafa övladlarındanİşbi-Benov Davudu öldürmək istədi. Onun nizəsinin başı üç yüz şekel ağırlığında tuncdan idi və belinə təzə qılınc bağlamışdı.
17. Seruya oğlu Avişay Davudun köməyinə çatıb həmin Filiştlini vurub öldürdü. O zaman Davudun adamları ona and verib dedilər: «Bir daha sən bizimlə bərabər döyüşə çıxma ki, İsrailin çırağını söndürməyəsən».
18. Bundan sonra yenə Filiştlilərlə Qovda döyüş oldu. O zaman Xuşalı Sibbekay Rafa övladlarından Safı öldürdü.
19. Yenə Filiştlilərlə Qovda döyüş oldu və Bet-Lexemli Yaare-Orgimin oğlu Elxanan Qatlı Qolyatı öldürdü. Qolyatın nizəsinin sapı toxucu dəzgahının əriş ağacı boyda idi.
20. Qatda bir də döyüş oldu. Orada Rafa övladlarından digər ucaboy bir adam var idi. Bu adamın əlləri və ayaqları altı barmaqlı idi və cəmi iyirmi dörd barmağı var idi.
21. O, İsrailə meydan oxudu. Onu Davudun qardaşı Şimanın oğlu Yonatan öldürdü.
22. Bu dörd kişi Rafa övladlarından olub Qatda doğulmuşdu. Onlar Davudun və onun adamlarının əli ilə qırıldı.

2 Şamuel 22:1-51
1. Rəbb Davudu bütün düşmənlərinin və Şaulun əlindən qurtaranda Davud bu ilahininsözlərini Rəbbə söylədi;
2. O belə oxudu:Rəbb qayam, qalamdır, xilaskarımdır,
3. Allahım qayamdır, Ona pənah gətirəcəyəm,Odur qalxanım, qüvvətli qurtarıcım, qülləm,Sığınacaq yerim, xilaskarım!Sən məni zalımların əlindən qurtarırsan!
4. Həmdə layiq olan Rəbbi çağıracağam,Düşmənlərimin əlindən qurtulacağam.
5. Çünki ətrafımı ölüm dalğaları bürümüşdü,Məni əcəl selləri ürkütmüşdü,
6. Ölülər diyarının ipləri mənə sarılmışdı,Ölüm kəməndləri məni qarşılamışdı.
7. Əzab içində Rəbbə yalvardım,Allahımı köməyə çağırdım.O, məbədindən səsimi eşitdi,Fəryadımsa Onun qulağına yetdi.
8. O zaman sarsılıb dünya titrədi,Göylər təməllərindən sarsılıb lərzəyə gəldi.Çünki O qəzəbləndi.
9. Burnundan tüstü çıxıb yüksəldi,Ağzından yandırıb-yaxan alov püskürdü,Bundan közlər tutuşdu.
10. O, göyləri yarıb yerədək endi.Qatı zülmət ayaqları altında idi.
11. Bir keruva minib uçdu,Yel qanadları üstündə şığıdı.
12. Ətrafını zülmətə bürüdü,Tufan qoparan qara buludlardan Özünə çardaqlar qurdu.
13. Hüzurunun nuru şəfəq saçdı,Oradan odlu közlər düşüb alovlandı.
14. Rəbb göylərdən gurladı,Haqq-Taala səs saldı.
15. Oxlar atıb düşmənləri darmadağın etdi,Şimşəyini çaxdırıb onları dağıtdı.
16. Rəbbin məzəmmətindən,Burnundakı nəfəsinin şiddətindənDənizin dərinlikləri göründü,Dünyanın bünövrələri açıq qaldı.
17. O, ucalardan əl uzadıb məni tutdu,Məni dərin suların içindən çıxartdı.
18. Məni qüvvətli düşmənimdən azad etdi,Çünki yağılarım məndən güclü idi.
19. Fəlakətli günümdə qarşıma çıxdılar,Lakin Rəbb mənə dayaq oldu.
20. O məni geniş yerə çıxartdı,Məndən razı qalıb məni qurtardı.
21. Rəbb mənə salehliyim naminə ənam verdi,Mənə əlitəmizliyimin əvəzini verdi.
22. Çünki Rəbbin yolunu tutmuşam,Pis olub Allahımın yolundan azmamışam.
23. Onun bütün hökmləri önümdədir,Qaydalarından imtina etməmişəm.
24. Onun önündə kamilliyə çatmışam,Özümü günahdan qorumuşam.
25. Rəbb mənə salehliyimin əvəzini verdi,Gözünün önündə təmizliyimin əvəzini verdi.
26. Sədaqətlilərlə sədaqətlisən,Kamillərlə kamilsən.
27. Təmizlərlə təmizsən,Əyrilərlə əyriliklərinə görə davranırsan.
28. İtaətkar insanları qurtarırsan,Lovğalara göz qoyursan, onları alçaldırsan.
29. Ya Rəbb, Sən mənim çırağımsan,Rəbb zülmətimi nura çevirir.
30. Səninlə qoşun üstünə hücum çəkirəm,Allahımla sədlər keçirəm.
31. Allahın yolu kamildir,Rəbbin kəlamı safdır,Rəbb ona sığınanların sipəridir.
32. Rəbdən başqa Allah kimdir ki?Allahımızdan başqa qaya kimdir ki?
33. Allah qalamdır, mənə qüvvət verər,Yolumu kamil edər.
34. Ayaqlarımı maral ayaqları kimi çevik edər,Məni zirvələrdə saxlar.
35. Əllərimə döyüş təlimi verər,Qollarım tunc kamanı dartar.
36. Sən mənə qurtuluş qalxanını verdin,Etdiyin köməklə Sən məni yüksəltdin.
37. Geniş yer açdın ki, addımlayım,Büdrəməsin ayaqlarım.
38. Düşmənlərimi qovdum, onları qırdım,Onlar məhv olanadək geriyə qayıtmadım.
39. Onları əzib qurtardım, qalxa bilmədilər,Ayaqlarımın altına sərildilər.
40. Döyüş üçün məni qüvvə ilə bürüdün,Əleyhdarlarımı ayağımın altına saldın,
41. Düşmənlərimin kürəyini mənə sarı çevirdin,Mənə nifrət edən yağıları məhv etdim.
42. Gözləsələr də, onları qurtaran olmadı,Rəbbə baxsalar da, Ondan cavab gəlmədi.
43. Onları yerdəki toz kimi əzdim,Küçələrin palçığı kimi tapdaladım.
44. Sən məni xalqımın çəkişmələrindən qurtardın,Məni millətlərə başçı qoydun,Tanımadığım xalqları mənə tabe etdirdin.
45. Yadellilər mənə boyun əyirlər.Səsimi eşidəndə mənə itaət edirlər.
46. Yadellilərin cəsarəti qırıldı,Titrəyərək sığınacaqlarından çıxdılar.
47. Rəbb əbədi yaşayır, Qayama alqış olsun!Məni qurtaran Qayam, Allahım ucalsın!
48. O Allahdır, mənə görə qisas alır,Xalqları mənə tabe etdirir.
49. O məni düşmən içindən çıxarır,Məni yağılar üstündə ucaldır,Məni zalımların əlindən qurtarır.
50. Buna görə, ya Rəbb,Millətlər arasında Sənə şükür edəcəyəm,İsminə tərənnüm söyləyəcəyəm!
51. Rəbb padşahına böyük zəfərlər verər,Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər.

Zəbur 68:1-6
1. Allah qalxsın, qoy düşmənlər dağılsın,Ona nifrət edənlər qarşısından qaçsın,
2. Pislər çəkilən tüstü kimi dağılsın,Alovun qarşısında mum kimi ərisin.Qoy onlar Allahın qarşısında məhv olsun.
3. Salehlər sevinsin,Allahın hüzurunda fərəhindən coşsun,Sevinib şad olsun.
4. Allaha ilahi oxuyun, ismini tərənnüm edin,Buludlar üstünə minənə yol açın.İsmi Rəbdir, hüzurunda fərəhiniz çağlasın.
5. Öz müqəddəs məskənində olan AllahYetimlərin atası,Dul qadınların müdafiəçisidir.
6. Allah kimsəsizlərə ev qurur,Əsirləri firavanlığa çıxarır,Günahkarlar isə quru yurdda yaşayır.

Süleymanın Məsəlləri 17:2-4
2. Ağıllı nökər adbatıran oğlun ağası olar,Qardaşlar arasında miras payı alar.
3. Qızıl-gümüş isti kürədə yoxlanar,Rəbb isə ürəyi araşdırar.
4. Pis adamın diqqəti şər ağızdadır,Yalançı fitnəkarın sözlərinə qulaq asır.

Yəhya 8:28-59
28. Onda İsa dedi: «Bəşər Oğlunu yuxarı qaldırdığınız vaxt biləcəksiniz ki, Mən Oyam və Özümdən bir şey etmirəm, ancaq Ata Mənə necə öyrədibsə, o cür danışıram.
29. Məni Göndərən Mənimlədir. O Məni tək qoymadı, çünki Mən daim Onun xoşuna gələnləri edirəm».
30. İsa bu sözləri söylədiyi zaman bir çox adam Ona iman etdi.
31. O zaman İsa Ona inanmış Yəhudilərə dedi: «Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən, Mənim şagirdlərimsiniz.
32. Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək».
33. Yəhudilər İsaya cavab verdilər: «Biz İbrahimin nəslindənik, heç kəsə heç vaxt kölə olmamışıq. Bəs Sən niyə “azad olacaqsınız” deyirsən?»
34. İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: günah edən hər kəs günahın köləsidir.
35. Kölə evdə daim qalmaz, oğulsa daim qalar.
36. Buna görə də əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız.
37. İbrahimin nəslindən olduğunuzu bilirəm, ancaq bununla belə, Məni öldürməyə çalışırsınız. Çünki Mənim sözüm sizin ürəyinizdə yer tapmır.
38. Mən Atanın yanında gördüklərimi söyləyirəm, sizsə öz atanızdan eşitdiklərinizi yerinə yetirirsiniz».
39. Onlar İsanın cavabında «bizim atamız İbrahimdir» dedilər. İsa onlara dedi: «İbrahimin övladları olsaydınız, İbrahimin etdiyi əməlləri edərdiniz.
40. Sizsə indi Məni – Allahdan eşitdiyi həqiqəti sizə söyləyən Adamı öldürməyə çalışırsınız. İbrahim belə etmədi.
41. Siz öz atanızın əməllərini edirsiniz». Ona dedilər: «Biz zinadan doğulmamışıq, bizim bir Atamız var, O da Allahdır».
42. İsa onlara dedi: «Əgər Allah sizin Atanız olsaydı, Məni sevərdiniz, çünki Mən Allahdan çıxıb gəlmişəm və indi buradayam. Mən Özümdən gəlmədim, lakin O Məni göndərdi.
43. Söylədiyimi niyə anlamırsınız? Çünki Mənim sözümü dinləyə bilmirsiniz.
44. Siz atanız iblisdənsiniz və atanızın arzularını yerinə yetirmək istəyirsiniz. O, başlanğıcdan qatil idi və həqiqətə sadiq qalmadı, çünki onda həqiqət yoxdur. Yalan söyləyəndə öz xasiyyətinə görə söyləyir, çünki yalançıdır və yalanın atasıdır.
45. Mənsə həqiqəti söylədiyim üçün siz Mənə inanmırsınız.
46. Sizdən kim sübut edər ki, Mən bir günah etmişəm? Mən həqiqəti söyləyirəmsə, niyə Mənə inanmırsınız?
47. Allahdan olan şəxs Allahın sözlərini dinləyər. Sizsə dinləmirsiniz, çünki Allahdan deyilsiniz».
48. Yəhudilər cavabında Ona dedilər: «Sən Samariyalısan və Səndə cin var. Məgər doğru demirikmi?»
49. İsa cavab verdi: «Məndə cin yoxdur, amma Atama hörmət edirəm, sizsə Məni hörmətdən salırsınız.
50. Mən Özümə izzət axtarmıram, Mənə izzət axtaran və bu işi mühakimə edən Biri var.
51. Doğrusunu, doğrusunu sizə deyirəm: kim Mənim sözümə riayət edərsə, heç vaxt ölüm görməyəcək».
52. Yəhudilər Ona dedilər: «İndi bildik ki, Səndə cin var. İbrahim də öldü, peyğəmbərlər də. Amma Sən “kim Mənim sözümə riayət edərsə, heç vaxt ölməyəcək” deyirsən.
53. Yoxsa Sən atamız İbrahimdən də üstünsən? O da öldü, peyğəmbərlər də. Axı Sən Özünü kim sayırsan?»
54. İsa cavab verdi: «Əgər Mən Özümü izzətləndirirəmsə, Mənim izzətim heçdir, amma Məni izzətləndirən Atamdır. Siz Onun barəsində “Allahımızdır” deyirsiniz,
55. lakin Onu tanımırsınız. Mənsə Onu tanıyıram. Əgər “Onu tanımıram” desəydim, sizin kimi yalançı olardım. Lakin Mən Onu tanıyıram və sözünə riayət edirəm.
56. Atanız İbrahim Mənim günümü görəcəyi üçün şad oldu, görüb sevindi».
57. Buna görə Yəhudilər Ona dedilər: «Sənin heç əlli yaşın yoxdur, İbrahimi necə görmüsən?»
58. İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: İbrahim olmazdan qabaq Var Olan Mənəm».
59. O zaman İsanı daşqalaq etmək üçün yerdən daş götürdülər, ancaq İsa gizləndi və məbəddən çıxdı.