A A A A A

Bir il Bibliya


Bilər 23


2 Şamuel 17:1-29
1. Axitofel Avşaloma dedi: «İndi seçəcəyim on iki min nəfərlə çıxıb bu gecə Davudu təqib edəcəyəm.
2. Gərək onu yorğun və qol-qanadı qırılmış ikən dəhşətə gətirim. Onda yanında olan bütün xalq qaçar və mən də yalnız padşahı öldürərəm.
3. Bütün xalqı isə sənə qaytararam. Hamının sənə tərəf dönməsi üçün axtardığın adamın öldürülməsi vacibdir. O zaman bütün xalq salamat qalar».
4. Bu söz Avşalomun və bütün İsrail ağsaqqallarının nəzərində doğru göründü.
5. Avşalom dedi: «İndi isə Arklı Xuşayı da çağır, bir onun da dediyinə qulaq asaq».
6. Xuşay Avşalomun yanına gəldi. Avşalom ona müraciət edib dedi: «Axitofel belə bir məsləhət verdi. Onun təklifinə əməl edəkmi? Əgər belə etməyəcəyiksə, sən məsləhətini ver».
7. Xuşay dedi: «Axitofelin bu dəfə verdiyi məsləhət yaxşı deyil».
8. Sonra Xuşay sözünə davam etdi: «Bilirsən ki, atan və adamları igiddir. Onlar çöldə balalarından məhrum olan ayı kimi qəzəbli adamlardır. Atan isə təcrübəli cəngavərdir, o xalqla bir yerdə gecələməz.
9. Bax indi mağaraların birində yaxud başqa bir yerdə gizlənmişdir. İlk həmlədə sizlərdən qırılanlar olsa, hər eşidən “Avşalomun ardınca gedən xalqın arasında qırğın var” deyəcək.
10. Aslan ürəyi kimi ürəyi olan igid oğul da bundan tamamilə yumşalıb əriyəcək. Çünki bütün İsrail bilir ki, atan qoçaqdır və onunla əlbir olan adamlar da igiddir.
11. Lakin mən belə məsləhət verirəm: Dandan Beer-Şevaya qədər bütün İsraillilər dəniz kənarında qum kimi yanına yığılsın və döyüşə şəxsən sən gedəsən.
12. Davudun qaldığı yerlərin birində onun üstünə gedərək torpağa düşən şeh kimi onların üstünə elə səpələnərik ki, nə özü, nə də ki yanındakı adamlardan biri belə, sağ qalmaz.
13. Əgər o bir şəhərə çəkilibsə, o zaman bütün İsraillilər oraya iplər gətirər və yerdə kiçik bir çınqıl belə, qalmayana qədər şəhəri vadiyə çəkib atarıq».
14. Avşalomla bütün İsrail adamları dedilər: «Arklı Xuşayın məsləhəti Axitofelin məsləhətindən yaxşıdır». Çünki Rəbb Avşalomun başına fəlakət gətirmək üçün Axitofelin yaxşı məsləhətinin pozulmasına qərar vermişdir.
15. Xuşay kahin Sadoqa və kahin Evyatara dedi: «Axitofel Avşaloma və İsrail ağsaqqallarına bu cür məsləhət verdi, mən də başqa cür məsləhət verdim.
16. İndi cəld Davudun yanına adam göndərin və ona belə deyin: “Bu gecə çöldə, çayın dayaz yerində qalma, mütləq qarşı tərəfə keç, yoxsa padşah və onunla birlikdə bütün xalq məhv olacaq”».
17. Yonatanla Aximaas En-Rogeldə qalırdılar. Bir qulluqçu qız gedib onlara məlumat gətirir, onlar da gedib bunu padşah Davuda çatdırırdılar. Ona görə ki şəhər içərisində görünə bilməzdilər.
18. Lakin bir gənc onları görüb Avşaloma xəbər verdi. Ona görə də Yonatanla Aximaas cəld gedib Baxurimdə bir adamın evinə girdilər. Bu adamın həyətində bir quyu var idi. Onlar quyunun içinə girdilər.
19. Ev sahibəsi bir örtük götürüb quyunun üstünə döşəyib ora yarma sərdi və heç bir şey bilinmədi.
20. Avşalomun adamları bu evə – qadının yanına gəlib dedilər: «Aximaas və Yonatan haradadır?» Qadın onlara dedi: «Çayı keçdilər». Onlar axtarmağa başladılar, lakin heç kəsi tapa bilməyib Yerusəlimə qayıtdılar.
21. Avşalomun adamları gedəndən sonra Yonatanla Aximaas quyudan çıxdı və gedib padşah Davuda xəbər verərək dedi: «Qalxın, tez axar sulardan keçin, çünki Axitofel sizə qarşı bu cür məsləhət verib».
22. Davud və yanında olan bütün xalq qalxıb İordan çayını keçdilər və səhər açılana qədər çayı keçməmiş adam qalmadı.
23. Axitofel görəndə ki işlər onun məsləhətinə görə edilməyib, eşşəyinin üstünə palan vuraraq yola çıxdı və öz şəhərinə, öz evinə getdi. Ev işlərini nizama salandan sonra özünü asıb öldürdü və onu atasının qəbri yanında basdırdılar.
24. Davud Maxanayimə gəldi. Avşalomla yanında olan bütün İsraillilərsə İordan çayını keçdilər.
25. Avşalom Amasanı Yoavın yerinə ordu başçısı qoymuşdu. Amasa Yoavın anası Seruyanın bacısı, Naxaşın qızı Aviqailin yanına girmiş olan İsrailli Yetra adlanan bir adamın oğlu idi.
26. İsraillilərlə Avşalom Gilead torpağında ordugah qurdu.
27. Belə oldu ki, Davud Maxanayimə gələndə Ammon oğullarının Rabba şəhərindən Naxaş oğlu Şovi, Lo-Devardan Ammiel oğlu Makir və Rogelimdən Gileadlı Barzillay
28. Davudla yanındakı camaata döşəklər, ləyənlər, gil qablar, yemək üçün buğda, arpa, un, qovurğa, paxla, mərci və qovrulmuş dən,
29. bal və kəsmik, qoyun və inək pendiri gətirdilər. Çünki düşünürdülər ki, xalq çöldə ac, yorğun və susuzdur.

2 Şamuel 18:1-33
1. Davud yanındakı xalqı saydı. Onların üzərinə minbaşılar və yüzbaşılar təyin etdi.
2. Davud xalqı üç dəstəyə böldü. Birincisinə Yoavı, ikincisinə Yoavın qardaşını – Seruya oğlu Avişayı, üçüncüsünə isə Qatlı Yettayı başçı etdi. Padşah xalqa dedi: «Mütləq mən də sizinlə bərabər döyüşə çıxacağam».
3. Lakin xalq ona dedi: «Yox, sən döyüşə çıxmayacaqsan, çünki əgər biz qaçsaq, bizə əhəmiyyət verməzlər, yarımız ölsək belə, yenə də əhəmiyyəti olmaz. Ancaq sən bizim on minimizdən də qiymətlisən və indi şəhərdə qalıb bizə kömək etməyə hazır olmağın daha yaxşıdır».
4. Padşah onlara dedi: «Sizin gözünüzdə yaxşı sayılan nədirsə, onu edəcəyəm». Padşah darvazanın yanında dayandı və bütün xalq yüz-yüz, min-min şəhərdən çıxdı.
5. Padşah Yoava, Avişaya və Yettaya müraciətlə əmr edib dedi: «Mənim xatirimə o cavanla – Avşalomla mülayim davranın!» Padşahın Avşalomla əlaqədar bütün bu rəislərə müraciətlə əmrini bütün xalq eşitdi.
6. Ordu çölə, İsrail xalqına qarşı döyüşə çıxdı və döyüş Efrayim meşəsində oldu.
7. İsrail xalqı orada Davudun adamları qarşısında məğlub oldu. O gün o yerdə böyük qırğın oldu, iyirmi min nəfər qırıldı.
8. Orada olan döyüş bütün ətrafa yayıldı və həmin gün qılıncla qırılanlardan çox meşədə qırılanlar oldu.
9. Avşalom Davudun adamlarına rast gəldi. O, qatıra minmişdi və qatır böyük bir palıd ağacının sıx budaqları altından keçəndə Avşalomun saçı palıd ağacına ilişdi. O, göylə yer arasında asılı qaldı, altındakı qatır isə yoluna davam etdi.
10. Bir nəfər bunu görüb Yoava xəbər verdi: «Bax Avşalomun bir palıd ağacından asıldığını gördüm».
11. Yoav ona xəbər verən adama dedi: «Bəs sən gördünsə, nə üçün onu oradaca vurub yerə sərmədin? Onda mən sənə on şekel gümüş və bir kəmər verərdim».
12. Həmin adam Yoava dedi: «Ovcuma min gümüş alsam belə, padşahın oğluna əl qaldırmaram. Çünki sənə, Avişaya və Yettaya “mənim xatirimə o cavana – Avşaloma qıymayın” deyə əmr etdiyini qulaqlarımızla eşitdik.
13. Əgər mən xəyanət edib onun canını almış olsaydım, heç bir şey padşah üçün gizli qalmazdı və sən də mənə kömək etməzdin».
14. Yoav «səninlə belə vaxt itirə bilmərəm» dedi. Avşalom palıd ağacının içində hələ sağ ikən Yoav əlinə üç mizraq alıb onun sinəsinə sapladı.
15. Yoavın silahlarını daşıyan on nəfər cavan adam Avşalomu əhatə edərək onu vurub öldürdü.
16. Yoav şeypur çaldı və ordu İsrailliləri təqib etməkdən əl çəkdi, çünki Yoav buna mane oldu.
17. Avşalomu isə götürüb meşədəki dərin çuxura atdılar və üstünə böyük daş qalağı yığdılar. Sonra İsraillilər öz evlərinə dağılışdılar.
18. Avşalom hələ sağ ikən bir sütunu götürüb özü üçün tikdirmişdi, çünki «adımı yaşadan bir oğlum olmadı» deyərək həmin sütuna öz adını qoymuşdu. Bu sütun Padşah Vadisindədir və bu günə qədər ona Avşalomun abidəsi deyilir.
19. Sadoq oğlu Aximaas dedi: «Qoy qaçım, padşahın haqqını düşmənlərin əlindən Rəbbin necə aldığını padşaha müjdələyim».
20. Yoav ona dedi: «Sən bu gün müjdəçi olmayacaqsan, müjdəni başqa gün verəcəksən. Bu gün vermə, ona görə ki padşahın oğlu ölüb».
21. Yoav Kuşlu kişiyə dedi: «Get, bütün gördüklərini padşaha xəbər ver». Kuşlu kişi Yoavın qarşısında baş əydi və qaçdı.
22. Sadoq oğlu Aximaas yenə Yoava dedi: «Nə olursa-olsun, qoy mən də Kuşlu kişinin ardınca qaçım». Yoav dedi: «Axı nə üçün qaçırsan, oğlum? Getdiyin üçün mükafat almayacaqsan».
23. O dedi: «Nə olursa-olsun, qaçacağam». Yoav ona «Yaxşı, qaç» dedi. Aximaas hövzə yolu ilə qaçıb Kuşlu kişini ötdü.
24. Davud içəri və çöl darvazaların arasında oturmuşdu. Növbətçi divara, darvazanın üstünə çıxdı, başını qaldırıb gördü ki, bir adam təkbaşına qaçır.
25. Növbətçi qışqıraraq padşaha xəbər verdi. Padşah dedi: «Əgər o tək gəlirsə, müjdə gətirir». Həmin adam getdikcə yaxınlaşırdı.
26. Növbətçi qaçan başqa bir adam gördü və qapıçıya qışqırıb «bax təkbaşına qaçan daha bir adam da gəlir» dedi. Padşah dedi: «O da müjdəçidir».
27. Növbətçi dedi: «Baxıram, birincisinin qaçışı Sadoq oğlu Aximaasın qaçışına bənzəyir». Padşah dedi: «O yaxşı adamdır, müjdə ilə gəlir».
28. Aximaas bərkdən padşaha belə dedi: «Salamatlıqdır». Sonra padşaha təzim edib üzüstə yerə döşəndi və dedi: «Allahın Rəbbə alqış olsun ki, ağam padşaha əl qaldıranları Rəbb ona təslim etdi».
29. Padşah dedi: «O cavan – Avşalom salamatdırmı?» Aximaas dedi: «Yoav padşahın bir qulunu və mən qulunu göndərən zaman gördüm ki, orada böyük bir qarışıqlıq var, lakin nə olduğunu bilmədim».
30. Padşah dedi: «Çəkil, bir yanda dayan». O da çəkilib bir yanda dayandı.
31. Budur, Kuşlu gəldi və dedi: «Ağam padşaha müjdə var! Rəbb bu gün sənə qarşı qalxanların hamısının əlindən səni qurtardı».
32. Padşah Kuşluya dedi: «O cavan – Avşalom salamatdırmı?» Kuşlu dedi: «Ağam padşahın düşmənləri, pis niyyətlə sənə qarşı qalxanların hamısı qoy o cavan kimi olsun».
33. Padşah həyəcandan titrəyərək darvazanın üstündəki otağa qalxdı və ağladı. Gedə-gedə belə deyirdi: «Oğlum Avşalom, oğlum, oğlum Avşalom! Kaş sənin yerinə mən öləydim, oğlum! Oğlum, Avşalom!»

Zəbur 66:16-20
16. Ey Allahdan qorxanlar, gəlin, dinləyin,Onun mənə nə etdiyini sizə bəyan edim.
17. Ağzımla Onu səslədim,Dilimlə Onu mədh etdim.
18. Mən qəlbimdə təqsirə yer versəydim,Xudavənd məni eşitməzdi.
19. Lakin Allah məni dinlədi,Duamın səsini eşitdi.
20. Alqış olsun Allaha! Duamı rədd etmədi,Məndən məhəbbətini əsirgəmədi!

Süleymanın Məsəlləri 16:31-32
31. Ağaran saçlar şərəf tacıdır,Salehlik yolunun qazancıdır.
32. İgid olmaqdan səbirli olmaq yaxşıdır,Nəfsə hakim olmaq şəhəri almaqdan üstündür.

Yəhya 7:28-53
28. İsa məbəddə təlim öyrədərkən nida edib dedi: «Doğrudan da, Məni tanıyırsınızmı, haradan gəldiyimi bilirsinizmi? Mən Özümdən gəlmədim, lakin Məni Göndərən haqdır. Siz Onu tanımırsınız,
29. Mənsə Onu tanıyıram, çünki Ondan gəlmişəm və O Məni göndərdi».
30. Bu sözlərə görə İsanı tutmağa çalışdılar, lakin heç kəs Ona toxunmadı, çünki vaxtı hələ çatmamışdı.
31. Ancaq xalq arasından çoxu Ona iman edib dedi: «Məsih gələndə bu Adamın etdiklərindən çox əlamət göstərəcəkmi?»
32. Fariseylər xalqın İsa haqqında belə dedi-qodu etdiyini eşitdilər. Başçı kahinlər və fariseylər Onu tutmaq üçün mühafizəçilər göndərdi.
33. İsa dedi: «Bir az müddət də Mən sizinlə olacağam, sonra isə Məni Göndərənin yanına gedəcəyəm.
34. Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə gələ bilməzsiniz».
35. Bunun cavabında Yəhudilər öz aralarında dedilər: «Bu Adam hara gedəcək ki, Onu tapa bilməyəcəyik? Yunanlar arasına səpələnmiş Yəhudilərin yanına gedib Yunanlaramı təlim öyrədəcək?
36. “Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə siz gələ bilməzsiniz” sözü ilə nə demək istəyir?»
37. Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: «Kim susayıbsa, yanıma gəlib içsin.
38. Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq».
39. Bunu Ona iman edənlərin alacaqları Ruh barədə söylədi. Ruh isə hələ yox idi, çünki İsa hələ izzətlənməmişdi.
40. Xalqın bir qismi bu sözləri eşidəndə «Bu, doğrudan da, gəlməli olan peyğəmbərdir» dedilər.
41. Başqaları isə «Bu, Məsihdir» söylədi, ancaq bəziləri dedi: «Nə? Məsih Qalileyadanmı gəlir?
42. Məgər Müqəddəs Yazılarda deyilmir ki, Məsih Davudun nəslindən, Davudun yaşadığı Bet-Lexem kəndindən gəlir?»
43. Beləcə İsa barədə xalq arasında fikir ayrılığı oldu.
44. Bəziləri Onu tutmaq istədi, amma heç kəs Ona toxunmadı.
45. Buna görə də mühafizəçilər başçı kahinlərin və fariseylərin yanına qayıtdılar. Onlar mühafizəçilərdən «Niyə Onu gətirmədiniz?» deyə soruşdu.
46. Mühafizəçilər cavab verdilər: «Hələ indiyəcən heç bir insan belə danışmayıb».
47. Fariseylər onlara dedilər: «Yoxsa sizi də aldadıb?
48. Gör bir rəhbər yaxud bir farisey Ona iman etdimi?
49. Bu Qanunu bilməyən xalqa gəlincə, onlar lənətə gəlib!»
50. Aralarından biri – bundan qabaq İsanın yanına gələn Nikodim onlara dedi:
51. «Qanunumuza görə, bir adama qulaq asmadan və nə etdiyini bilmədən onu mühakimə etmək doğrudurmu?»
52. Onlar Nikodimə dedi: «Bəlkə sən də Qalileyadansan? Araşdırsan, görərsən ki, Qalileyadan peyğəmbər çıxmaz».
53. Bundan sonra hər kəs öz evinə getdi.