A A A A A

1 년간의 성경

오월 20

2 Şamuel 11:1-27
1. Bahar gələndə padşahlar müharibəyə çıxan vaxt Davud Yoavı, zabitlərini bütün İsrail ordusu ilə birlikdə müharibəyə göndərdi. Onlar Ammonluları qırıb Rabbanı mühasirəyə aldılar. Davud isə Yerusəlimdə qaldı.
2. Bir axşamçağı Davud yatağından qalxıb padşah sarayının damı üstündə gəzişirdi. O, damdan baxıb gördü ki, bir qadın yuyunur. Qadın çox gözəl idi.
3. Davud adam göndərib bu qadın barəsində xəbər aldı. Biri belə dedi: «Bu qadın Xetli Uriyanın arvadı, Eliamın qızı Bat-Şevadır».
4. Davud qasidlər göndərib onu yanına gətirtdi. Qadın onun yanına gələndə hələ aybaşı murdarlığından təmizlənməkdə idi. Davud onunla yatdı və sonra qadın evinə qayıtdı.
5. Qadın bundan boylu olub Davuda «mən hamiləyəm» deyə xəbər göndərdi.
6. Davud Yoavın yanına adam göndərib dedi: «Xetli Uriyanı mənim yanıma göndər». Yoav Uriyanı Davudun yanına göndərdi.
7. Uriya Davudun yanına gələndə Davud Yoavın, xalqın və döyüşün vəziyyətini soruşdu.
8. Sonra Davud Uriyaya dedi: «Get evinə, ayaqlarını yu». Uriya padşahın sarayından çıxanda padşah arxasınca ona hədiyyə də göndərdi.
9. Lakin Uriya padşahın sarayının qapısında ağasının bütün mühafizəçiləri ilə birlikdə yatıb evinə getmədi.
10. Davuda «Uriya evinə getmədi» deyə bildirdilər. Davud Uriyaya dedi: «Sən yoldan gəlməmisənmi? Niyə evinə getmədin?»
11. Uriya Davuda dedi: «Əhd sandığı və İsraillilərlə Yəhudalılar çardaqlarda qalarkən, ağam Yoavla ağamın zabitləri çöllərdə məskən salarkən mən yemək-içmək və arvadım ilə yatmaq üçün evimə gedimmi? Həyatına və canına and olsun, mən belə şey etmərəm».
12. Davud Uriyaya dedi: «Bu gün də burada qal, sabah səni yola salaram». Uriya həmin günü və ertəsi günü Yerusəlimdə qaldı.
13. Davud onu çağırıb yedirib-içirərək sərxoş etdi. Uriya padşahın yanından axşamüstü çıxdı. O öz hərbi yatağında yatmaq üçün ağasının mühafizəçilərinin yanına gedərək yenə də evinə getmədi.
14. Səhər açılanda Davud Yoava məktub yazdı və məktubu Uriyanın əli ilə Yoava göndərdi.
15. Məktubunda belə yazılmışdı: «Uriyanı qızğın döyüşlərə göndər. Onu ön xəttə qoy və yanından çəkilin ki, vurulub öldürülsün».
16. Yoav şəhəri mühasirə altında saxlayarkən igid adamlar olan yeri bilirdi və Uriyanı oraya göndərdi.
17. Şəhərin adamları qalxıb Yoavla döyüşə çıxdılar. Xalqdan, Davudun döyüşçülərindən qırılanlar oldu və Xetli Uriya da ölənlər arasında idi.
18. Yoav Davudun yanına adam göndərib döyüş haqqında olan məlumatların hamısını xəbər verdi.
19. Qasidə əmr edib dedi: «Döyüş haqqında olan bütün məlumatları padşaha söyləyib bitirərkən
20. padşah sənə qəzəblənib “Şəhərə hücum etmək üçün niyə bu qədər yaxınlaşdınız? Divarın üstündən sizə ox atacaqlarını bilmirdinizmi?
21. Bax Yerubbeşet oğlu Avimeleki kim vurdu? Divarın üstündən bir qadın dəyirmanın üst daşını onun üstünə atmadımı və o, Tevesdə ölmədimi?” deyərsə, o zaman “qulun Xetli Uriya da öldü” deyərsən».
22. Qasid yola düşdü və Davudun yanına gəlib Yoavın göndərdiyi məlumatların hamısını ona xəbər verdi.
23. Qasid Davuda dedi: «Adamlar bizə üstün gəldilər. Onlar bizə qarşı döyüşmək üçün çölə çıxdılar və onları darvazanın girişinə qədər qovduq.
24. Oxatanlar divardan döyüşçülərin üstünə ox yağdırdılar və padşahın döyüşçülərindən ölənlər də oldu. Qulun Xetli Uriya da ölənlər arasındadır».
25. Davud qasidə dedi: «Yoava deyərsən ki, “bu hadisə sənin gözündə pis görünməsin, çünki qılınc gah birinin, gah da başqasının başını yeyir. Şəhərə qarşı döyüşü gücləndirib oranı yıxsın”. Bununla Yoavı sən də ruhlandır».
26. Uriyanın arvadı Uriyanın ölümünü eşidib əri üçün yas tutdu.
27. Yas qurtarandan sonra Davud adam göndərib Bat-Şevanı öz evinə gətirdi və o, Davudun arvadı oldu. Sonra Davuda bir oğul doğdu. Lakin Davudun gördüyü bu iş Rəbbin gözündə pis idi.

2 Şamuel 12:1-31
1. Rəbb Natanı Davudun yanına göndərdi. Natan onun yanına gəlib belə nəql etdi: «Bir şəhərdə iki adam var idi. Onlardan biri varlı, o biri isə kasıb idi.
2. Varlı adamın çoxlu sürüləri və naxırı var idi.
3. Lakin kasıb adamın satın alıb bəslədiyi bir körpə dişi quzudan başqa heç nəyi yox idi. O, quzusunu öz yanında uşaqları ilə bərabər böyütmüş, ona öz yeməyindən yedirtmiş, öz içdiyi qabdan su içirtmiş və qoynunda yatırtmışdı. Quzu ona doğma qızı kimi idi.
4. Bir gün varlı adamgilə yadelli bir qonaq gəlir. Varlı adam onlara gələn qonağa yemək hazırlamaq üçün öz sürüsündən və naxırından heyvan götürüb kəsməyə qıymadı. O gedib kasıbın quzusunu götürüb kəsdi və yanına gələn qonağa yemək hazırladı».
5. O adama qarşı Davudun qəzəbi alovlandı və Natana dedi: «Var olan Rəbb haqqı, bunu edən adam ölümə layiqdir.
6. Bu işi gördüyünə və rəhmsizliyinə görə o, quzunun əvəzini dördqat verəcək».
7. Natan Davuda dedi: «O adam sənsən! İsrailin Allahı Rəbb belə deyir: “Mən səni İsrailin üzərində padşah olaraq məsh etdim və səni Şaulun əlindən qurtardım.
8. Sənə ağanın evini verdim. Ağanın arvadlarını qoynunda yatırıb İsraillə Yəhuda nəslini sənə verdim. Əgər bu sənə azlıq edirdisə, Mən sənə daha nələri, nələri əlavə edərdim.
9. Nə üçün Rəbbin gözündə pis olan işi etdin? Niyə Onun sözünə xor baxdın? Xetli Uriyanın arvadını özünə arvad etmək üçün onu qılıncla öldürtdürdün. Uriyanı Ammon övladlarının qılıncı ilə öldürtdürdün.
10. Bundan sonra heç vaxt qılınc sənin evindən ayrılmayacaq, çünki sən Mənə xor baxdın və Xetli Uriyanın arvadını özünə arvad etdin”.
11. Rəbb belə deyir: “Bax sənə qarşı pisliyi öz nəslindən çıxaracağam və sənin gözünün önündə arvadlarını götürüb yaxınına verəcəyəm. O da göz görə-görə, gündüzün günorta çağı sənin arvadlarınla yatacaq.
12. Bu işi sən gizli etdinsə, Mən bu işi bütün İsraillilərin qarşısında gündüzün günorta çağı etdirəcəyəm”».
13. Davud Natana dedi: «Mən Rəbbə qarşı günah etdim». Natan Davuda dedi: «Rəbb sənin günahını sildi, ölməyəcəksən.
14. Lakin bunu etməklə Rəbbin düşmənlərinə böyük fürsət verdin ki, Ona küfr etsinlər. Ona görə də mütləq səndən doğulan uşaq öləcək».
15. Sonra Natan evinə qayıtdı. Rəbb Davudun Uriyanın dul arvadından olan uşağını vurdu və uşaq xəstələndi.
16. Davud uşaq üçün Allaha yalvardı və oruc tutaraq otağına girib bütün gecəni quru yerdə uzandı.
17. Evinin ağsaqqalları onu yerdən qaldırmaq üçün yanında dayandılar, lakin o qalxmaq istəmədi və onlarla birgə çörək yemədi.
18. Yeddinci gün körpə öldü. Davudun əyanları uşağın öldüyünü ona bildirməyə qorxdular və belə düşündülər: «Uşaq sağ ikən onu dilə tutduq, lakin sözümüzə qulaq asmadı. İndi uşağın öldüyünü ona necə söyləyək? Özünə bir xətər yetirər».
19. Davud əyanlarının pıçıldaşmasını görəndə başa düşdü ki, uşaq ölüb və əyanlarına «Uşaq öldümü?» dedi. Onlar «öldü» dedilər.
20. Davud yerdən qalxdı, yuyunub başına zeytun yağı sürtdü və paltarlarını dəyişərək Rəbbin evinə gedib səcdə qıldı. Evə qayıdıb yemək istəyəndə qarşısına yemək qoydular və o yedi.
21. Əyanları ona dedi: «Bu nə işdir edirsən? Körpə sağ ikən nə üçün oruc tutub ağladın, körpə öləndə isə durub çörək yedin?»
22. Davud cavab verdi: «Uşaq sağ olanda oruc tutub ağlayırdım və deyirdim ki, kim bilir, bəlkə Rəbb mənə lütf edər, uşaq sağ qalar.
23. Lakin indi uşaq ölüb, nə üçün oruc tutum? Məgər onu geri qaytara bilərəmmi? Mən onun yanına gedəcəyəm, o mənim yanıma qayıtmayacaq».
24. Davud arvadı Bat-Şevaya təsəlli verdi və yanına girib onunla yatdı. Bat-Şeva bir oğul doğdu və adını Süleyman qoydu. Rəbb bu uşağı sevdi.
25. O, Natan peyğəmbəri göndərdi və o da Rəbbin naminə uşağın adını Yedidyahqoydu.
26. Yoav Ammon övladlarının Rabba şəhərinə hücum edib padşah qalasını aldı.
27. Sonra Yoav Davudun yanına qasidlər göndərib belə dedi: «Rabbaya hücum edib ehtiyat su mənbələrini aldım.
28. İndi isə sən xalqın qalan hissəsini topla və şəhərə qarşı ordugah qurub oranı al ki, mən gedib oranı almayım və o yer adımla çağırılmasın».
29. Davud da bütün xalqı toplayıb Rabbaya getdi və şəhərə hücum edib oranı aldı.
30. Davud onların padşahının başından tacını götürdü. Tac qızıldan olub çəkisi bir talant idi. Onun üzərində qiymətli daş var idi. Bu tac Davudun başına qoyuldu. Davud bu şəhərdən çoxlu qənimət apardı.
31. O, şəhərdə olan xalqı köçürüb mişar, dəmir külüng, dəmir balta ilə görülən işlərdə və kərpic emalında işlətdi. Davud Ammonluların bütün şəhərlərində belə edəndən sonra bütün xalqla birgə Yerusəlimə qayıtdı.

Zəbur 65:9-13
9. Yer üzünün qayğısına qalıb su verirsən,Onu çox məhsuldar edirsən.Ey Allah, çayın su ilə doludur,Torpağı taxıl üçün hazır edirsən.
10. Torpağın şırımlarını sulayırsan,Aralarını bərkidirsən,Gur yağışla torpağını yumşaldırsan,Məhsuluna bərəkət verirsən.
11. Yaxşılıqlarınla tac qoyursan,Yollarından yağ damır,
12. Çöl otlaqlarına tökülür,Təpələr sevincə bürünür.
13. Çəmənlərin sürülərlə dolur,Dərələrini taxıl bürüyür.Onlar cuşa gəlib tərənnüm söyləyir!

Süleymanın Məsəlləri 16:22-24
22. Ağıl insan üçün həyat çeşməsidir,Axmağa tərbiyə vermək səfehlikdir.
23. Hikmətlinin ürəyi dilinə tərbiyə verir,Ağzındakı müdrik sözləri artıq edir.
24. Xoş sözlər sanki pətəkdə baldır,Cana şirinlik, sümüklərə şəfadır.

Yəhya 6:22-51
22. Ertəsi gün gölün o biri sahilində qalan xalq başa düşdü ki, orada yalnız bir qayıqolub, İsa Öz şagirdləri ilə həmin qayığa minməyib, şagirdləri Onsuz gedib.
23. O arada Tiberiyadan digər qayıqlar Rəbb şükür edəndən sonra yemək yedikləri yerin yaxınlığına gəldilər.
24. Beləcə xalq İsanın da, şagirdlərinin də orada olmadığını görüb qayıqlara minərək İsanı axtara-axtara Kefernahuma gəldi.
25. İsanı gölün o biri sahilində görəndə «Rabbi, buraya nə vaxt gəldin?» deyə soruşdular.
26. İsa onlara cavab olaraq dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: əlamətlər gördüyünüz üçün deyil, çörək yeyib doyduğunuz üçün Məni axtarırsınız.
27. Keçib-gedən yemək üçün deyil, əbədi həyat verən, daim qalan yemək üçün işlər görün, onu sizə Bəşər Oğlu verəcək. Çünki Ata Allah Ona Öz möhürünü vurub».
28. Onlar İsadan soruşdular: «Allahın istədiyi işləri görmək üçün biz nə edək?»
29. İsa onlara cavab verdi: «Allahın istədiyi iş budur: Onun göndərdiyi Şəxsə iman edin».
30. Onlar İsaya dedilər: «Sən nə əlamət göstərərsən ki, görüb Sənə inanaq? Nə iş görəcəksən?
31. Ata-babalarımız çöldə manna yedi; bu barədə yazılıb: “Onlara yemək üçün göydən çörək verdi”».
32. Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizə göydən çörək verən Musa deyildi, göydən həqiqi çörəyi sizə verən Atamdır.
33. Çünki Allahın çörəyi budur ki, göydən enir və dünyaya həyat verir».
34. Ona dedilər: «Ağa, Sən daim bizə bu çörəyi ver».
35. İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz.
36. Lakin sizə dedim ki, Məni görürsünüz, amma iman etmirsiniz.
37. Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram.
38. Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün göydən enmişəm.
39. Məni Göndərənin iradəsi budur ki, Mənə verdiyi şəxslərin heç birini həlak olmağa qoymayım, lakin son gündə onları dirildim.
40. Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim».
41. Bunun cavabında Yəhudilər İsanın «göydən enmiş çörək Mənəm» sözünə görə deyinib
42. dedilər: «Bu, ata-anasını tanıdığımız, Yusifin Oğlu olan İsa deyilmi? İndi necə olur ki, “göydən enmişəm” deyir?»
43. İsa onlara cavab verdi: «Öz-özünüzə deyinməyin.
44. Əgər Məni göndərən Ata bir kəsi cəzb etməsə, o Mənim yanıma gələ bilməz. Yanıma gələni isə Mən son gündə dirildəcəyəm.
45. Peyğəmbərlərin kitablarında yazılıb: “Onların hamısını Allah öyrədəcək”. Atadan eşidib öyrənən hər kəs Mənim yanıma gəlir.
46. Əlbəttə, Allahdan gələn Şəxsdən savayı Atanı heç kəs görməyib, yalnız O, Atanı görüb.
47. Doğrusunu, doğrusunu sizə deyirəm: iman edən əbədi həyata malikdir.
48. Həyat çörəyi Mənəm.
49. Ata-babalarınız çöldə manna yedilər və öldülər.
50. Bu isə göydən enən elə bir çörəkdir ki, ondan yeyən şəxs heç vaxt ölməz.
51. Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz ətimdir».