A A A A A

Biblija per vienerius metus


Gegužės 2


1 Şamuel 6:1-21
1. Rəbbin sandığı Filiştlilərin diyarında yeddi ay qaldı.
2. Filiştlilər kahinlərlə falçıları çağırıb dedilər: «Bu Rəbbin sandığını nə edək? Onu öz yerinə necə qaytarmağı bizə başa salın».
3. Kahinlər və baxıcılar dedilər: «İsrail Allahının sandığını geri göndərmək istəyirsinizsə, boş göndərməyin. Ona mütləq təqsir təqdimi verməlisiniz. O zaman sağalacaqsınız və O sizdən nə üçün əl çəkmədiyini bildirəcək».
4. Filiştlilər soruşdular: «Ona göndərəcəyimiz təqsir təqdimi nə olmalıdır?» Kahinlər və baxıcılar belə cavab verdi: «Filiştlilərin ağalarının sayına görə beş qızıl şiş surəti ilə beş qızıl siçovul surəti düzəldib göndərin. Çünki bu bəla həm sizin, həm də ağalarınızın üstündədir.
5. Ona görə də həm şişlərinizin, həm də ölkənizi dağıdan siçovulların surətlərini yaradın və İsrailin Allahını şərəfləndirin. Bəlkə O sizin, allahlarınızın və torpağınızın üstündə əlini yüngülləşdirdi.
6. Misirlilərlə fironun ürəyi inadkarlıq etdiyi kimi nə üçün sizin də ürəkləriniz inadkarlıq edir? Allah onlarla sərt davrananda İsrailliləri azad buraxmadılarmı?
7. İndi isə bir təzə araba düzəldin və boyunduruğa qoşulmayan iki sağmal inəyi arabaya qoşun. Balalarını isə onlardan ayırıb evə göndərin.
8. Rəbbin sandığını götürüb arabaya qoyun və təqsir təqdimi olaraq Ona ödəyəcəyiniz qızıl əşyaları isə bir mücrü içərisində sandığın yanına qoyun, sonra da yola salın getsin.
9. Amma baxın, onlar sandığın olduğu torpağa – Bet-Şemeş yoluna qalxarlarsa, deməli, bu böyük bəlanı bizə verən Odur. Yox, əgər oraya getməzlərsə, onda biləcəyik ki, bizi vuran Onun əli deyil və bu qəza başımıza təsadüfən gəlmişdir».
10. Adamlar belə də etdilər. İki sağmal inək gətirib arabaya qoşdular və balalarını da evdə bağladılar.
11. Rəbbin sandığı ilə bərabər içərisində siçovulların və şişlərin qızıl surətləri yığılmış mücrünü də arabaya qoydular.
12. İnəklər birbaşa Bet-Şemeşə gedən yolla sağa-sola dönmədən, böyürə-böyürə getdilər. Filiştlilərin ağaları isə onları Bet-Şemeş sərhədinə qədər ötürdülər.
13. O zaman Bet-Şemeşlilər zəmidə buğda biçirdilər. Onlar başlarını qaldırıb sandığı görəndə sevindilər.
14. Araba Bet-Şemeşli Yeşuanın zəmisinə girib böyük bir daşın yanında dayandı. Bet-Şemeşlilər arabanın ağaclarını qırdılar, inəkləri isə Rəbbə yandırma qurbanı verdilər.
15. Levililər Rəbbin sandığını və onun yanındakı qızıl əşyalar yığılmış mücrünü arabadan endirib böyük bir daşın üstünə qoydular. O gün Bet-Şemeşlilər Rəbbə yandırma qurbanı verib başqa qurbanlar da kəsdilər.
16. Filiştlilərin beş ağası bu hadisəni gördükdən sonra həmin gün Eqrona qayıtdı.
17. Filiştlilərin təqsir təqdimi olaraq Rəbbə gətirdikləri qızıl şişlərin hər biri Aşdod, Qəzzə, Aşqelon, Qat, Eqron üçün olub bu şəhərlərin sayına görə idi.
18. Qızıl siçovullar isə qala divarlı şəhərlərlə ətraf kəndlər də daxil olmaqla beş ağaya məxsus Filişt şəhərlərinin sayına görə beş dənə idi. Bet-Şemeşli Yeşuanın zəmisində Rəbbin sandığı qoyulan böyük daş bu günə qədər şahid kimi qalmaqdadır.
19. Rəbbin sandığının içinə baxdıqları üçün Allah Bet-Şemeşliləri də vurdu və əlli ailədən yetmiş nəfəriöldürdü. Xalq isə Rəbbin onların başına gətirdiyi müsibətə görə yas tutdu.
20. Bet-Şemeşlilər dedilər: «Bu müqəddəs Allah olan Rəbbin qarşısında kim dayana bilər? Bizdən sonra kimin yanına gedəcək?»
21. Sonra Qiryat-Yearim əhalisinə qasidlər göndərib dedilər: «Filiştlilər Rəbbin sandığını geri qaytardılar, gəlin onu aparın».

1 Şamuel 7:1-17
1. Qiryat-Yearim əhalisi gəlib Rəbbin sandığını apardı. Onu təpədə olan Avinadavın evinə çıxartdı və oğlu Eleazarı Rəbbin sandığına nəzarətçi təyin etdi.
2. Sandıq Qiryat-Yearimə gələn gündən çox vaxt keçdi: iyirmi il tamam oldu. Bütün İsrail xalqı Rəbbin intizarını çəkirdi.
3. Şamuel bütün İsraillilərə müraciət edib dedi: «Əgər bütün qəlbinizlə Rəbbə dönürsünüzsə, yad allahları, Aştoret bütlərini atıb ürəyinizi Rəbbə verin və yalnız Ona qulluq edin. Sizi Filiştlilərin əlindən O qurtaracaq».
4. O zaman İsrail övladları Baal bütlərini və Aştoret bütlərini rədd edib yalnız Rəbbə qulluq etdilər.
5. Şamuel dedi: «Bütün İsrailliləri Mispaya toplayın və mən sizə görə Rəbbə yalvaracağam».
6. Onlar Mispaya toplaşdılar, su çəkib Rəbbin önünə tökdülər və o gün orada oruc tutub dedilər: «Rəbbə qarşı günah işlətmişik». Şamuel Mispada İsraillilərə hakimlik edirdi.
7. İsrail övladlarının Mispada toplandığını Filiştlilər eşidəndə Filiştlilərin ağaları İsraillilərə qarşı çıxdılar. Bunu eşidən İsrail övladları Filiştlilərdən qorxdu.
8. Ona görə də İsrail övladları Şamuelə dedilər: «Bizi Filiştlilərin əlindən qurtarmaq üçün Allahımız Rəbbə durmadan yalvar».
9. Şamuel bir əmlik quzu götürərək onu bütövlüklə Rəbbə yandırma qurbanı verdi və o, İsrail üçün Rəbbə yalvardı. Rəbb Şamuelə cavab verdi.
10. Şamuel yandırma qurbanı verərkən Filiştlilər İsrailə hücum etmək üçün yaxınlaşdılar. Rəbb o gün güclü səslə gurlayıb Filiştlilərin üzərinə vəlvələ saldı və onları İsrailin önündə məğlub etdi.
11. İsraillilər Mispadan çıxıb Bet-Kar altına çatana qədər Filiştliləri qovaraq qırdılar.
12. Sonra Şamuel bir daş götürüb Mispa ilə Şen arasına qoydu və «Rəbb bizə buraya qədər kömək etdi» deyərək bu daşı Even-Ezeradlandırdı.
13. Məğlubiyyətə uğrayan Filiştlilər bir daha İsrail torpağına gəlmədi. Şamuelin bütün ömrü boyu Rəbbin əli Filiştlilərə qarşı oldu.
14. Filiştlilər Eqrondan Qata qədər İsraildən aldıqları şəhərləri geri qaytardılar. Bundan əlavə, İsrail ətrafındakı torpaqları da Filiştlilərin əlindən aldı və İsraillilərlə Emorluların arasında sülh yarandı.
15. Şamuel ömrü boyu İsrailə hakimlik etdi.
16. O, ilbəil, növbə ilə Bet-Eli, Qilqalı, Mispanı gəzir və bu yerlərdə İsrailə hakimlik edirdi.
17. Sonra isə Ramaya qayıdardı, çünki evi orada idi. Oradan da İsrailə hakimlik edirdi. O həmin yerdə Rəbbə bir qurbangah tikdi.

Zəbur 55:1-8
1. Ey Allah, duamı dinlə,Yalvarışımdan gizlənmə!
2. Yaxşı qulaq as mənə, bir cavab söylə,Düşüncələrim məni narahat edir,Çaş-baş qalmışam.
3. Düşmənin səsindən,Zalımların zülmündən narahatam.Məni onların şər işləri sarsıdır,Onlar qəzəblə mənə qəsd-qərəz qurur.
4. Köksümdəki ürəyim sancır,Ölüm dəhşəti üzərimə düşdü.
5. Mənə qorxu və titrətmə gəlib,Canımı vicvicə bürüyüb.
6. Dedim: «Kaş göyərçin kimi qanadlarım olaydı,Uçub rahatlıq tapaydım.
7. Doğrudan da, uzaqlara qaçardım,Çöllərdə məskən salardım.
8. Bu sərt yellərdən, qasırğalardanDaldalanmaq üçün tez bir yerə gedəydim».

Süleymanın Məsəlləri 15:14-14
14. Dərrakəlinin könlü bilik axtarar,Axmaqların ağzı səfehliklə qidalanar.

Luka 21:20-38
20. Qoşunların Yerusəlimi mühasirə etdiyini görəndə bilin ki, onun viranə qalacağı vaxt yaxınlaşmışdır.
21. O zaman Yəhudeyada olanlar dağlara qaçsın, şəhərdə olanlar oradan çıxsın və ətrafda olanlar oraya girməsin.
22. Çünki bu günlər qisas günləridir ki, bütün yazılanlar yerinə yetsin.
23. Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! Çünki yer üzünün başına böyük fəlakət gələcək və bu xalq qəzəbə uğrayacaq.
24. Onlar qılıncdan keçiriləcək və bütün millətlər arasına əsirliyə aparılacaq. Başqa millətlərin vaxtı tamam olanadək Yerusəlim başqa millətlərin ayağı altında tapdalanacaq.
25. Günəşdə, ayda və ulduzlarda əlamətlər görünəcək. Yer üzündə dənizin və dalğaların gurultusundan millətlər çaşqınlıq içində qalıb əzab çəkəcək.
26. İnsanlar qorxudan və dünya üzərinə gələn fəlakətləri gözləməkdən huşunu itirəcək, çünki səma cisimləri lərzəyə gələcək.
27. O zaman onlar Bəşər Oğlunun bulud içində qüdrət və böyük izzətlə gəldiyini görəcək.
28. Bu hadisələr yerinə yetməyə başladıqda başınızı qaldırın və yuxarı baxın, çünki satınalınmanız yaxınlaşır».
29. İsa onlara bir məsəl də çəkdi: «Əncir ağacına və bütün ağaclara baxın:
30. onların yarpaqlandığını görəndə bilirsiniz ki, yay fəsli artıq yaxındır.
31. Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Allahın Padşahlığı yaxınlaşıb.
32. Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək.
33. Yer və göy keçib-gedəcək, amma Mənim sözlərim əsla keçib-getməyəcək.
34. Özünüzə fikir verin! Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin.
35. Çünki o gün yer üzündə yaşayanların hamısının üstünə gələcək.
36. Ona görə də baş verəcək bütün bu fəlakətlərdən qaçıb Bəşər Oğlunun önündə dura bilmək üçün hər an dua edərək ayıq olun».
37. İsa gündüzlər məbəddə təlim öyrədirdi, gecələri isə oradan çıxaraq Zeytun dağı adlanan dağda keçirirdi.
38. Səhər tezdən bütün xalq İsanı dinləmək üçün Onun yanına, məbədə gəlirdi.