A A A A A

Bir il Bibliya


Bilər 18


2 Şamuel 7:1-29
1. Rəbb padşah Davuda ətrafında olan bütün düşmənlərinin əlindən rahatlıq verən zamanlarda Davud öz evində oturmuşdu.
2. O vaxt padşah peyğəmbər Natana belə dedi: «Bax mən sidr ağacından tikilən bir sarayda yaşayıram, lakin Allahın sandığı isə bir çadırda qalır».
3. Natan padşaha dedi: «Get, ürəyindəki niyyətini həyata keçir, çünki Rəbb səninlədir».
4. Lakin o gecə Natana Rəbbin bu sözü nazil oldu:
5. «Get, qulum Davuda söylə ki, Rəbb belə deyir: “Sənmi Mənə yaşamaq üçün ev tikəcəksən?
6. İsrail övladlarını Misirdən çıxartdığım gündən ta bu günə qədər Mən heç bir evdə yaşamamışam, ancaq bir səyyar çadırda oraya-buraya köçmüşəm.
7. Bütün İsrail övladları ilə birgə gəzdiyim o yerlərdə xalqım İsrailin qayğısına qalmağı buyurduğum İsrail qəbilələrindən birinə ‹Niyə Mənə sidr ağacından bir ev qurmadınız?› deyə bir söz söyləmişəmmi?”
8. İndi qulum Davuda söylə ki, Ordular Rəbbi belə deyir: “Mən səni otlaqlarda qoyun otaranda götürüb xalqım İsrailə hökmdar etdim.
9. Getdiyin hər yerdə səninlə oldum və qarşından bütün düşmənlərini qırıb atdım. İndi isə adını dünyadakı böyüklərin adı kimi məşhur edəcəyəm.
10. Xalqım İsrail üçün bir yer təyin edib onları oraya sakin edəcəyəm ki, öz yurdlarında yaşasınlar və bir daha sarsılmasınlar. Şər adamlar əvvəllər xalqım İsraillilərə hakimlər təyin etdiyim günlərdən bəri etdikləri kimi yenə də onlara zülm etməsinlər.
11. Sənə bütün düşmənlərinin əlindən rahatlıq verəcəyəm”. Rəbb sənə bildirir ki, Rəbb Özü sənə ev tikəcək.
12. “Ömrün başa çatıb atalarınla uyuyanda yerinə sənin toxumundan – belindən gələn övladını çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm.
13. O Mənim ismimə ev tikəcək və onun şahlıq taxtını əbədi möhkəm edəcəyəm.
14. Mən ona Ata, o isə Mənə oğul olacaq. Günah edəndə onu insanların dəyənəyi ilə, bəşər övladlarının kötəkləri ilə vuracağam.
15. Qarşından götürdüyüm Şauldan lütfümü geri aldığım kimi ondan geri almayacağam.
16. Sənin nəslin və padşahlığın Mənim qarşımda əbədi əmin-amanlıqda olacaq, taxtın isə əbədi möhkəm qalacaq”».
17. Natan Davuda bütün bu sözləri və bütün bu vəhyi nəql etdi.
18. Padşah Davud içəri keçib Rəbbin önündə diz çökərək dedi: «Ya Xudavənd Rəbb, mən kiməm və nəslim kimdir ki, Sən məni bu yerə çıxartdın?
19. Ya Xudavənd Rəbb, Sənin gözündə bu da kiçik göründü, hələ bu qulunun nəslinin gələcəyi haqqında xəbər verdin. Bu insanlar üçün bir təlimdirmi, ya Xudavənd Rəbb?
20. Davud Sənə daha nə deyə bilər? Ya Xudavənd Rəbb, bu qulunu Sən tanıyırsan!
21. Sən bütün bu böyük şeyləri quluna başa salmaq üçün, həm də Öz sözün uğrunda və Öz ürəyincə etdin.
22. Bunun üçün, ya Rəbb Allah, Sən böyüksən. Axı qulaqlarımızla eşitdiklərimizin hamısına görə Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur.
23. Yer üzərində xalqın İsrail kimi bir millət varmı? Ey Allah, Sən onu Özünə xalq etmək üçün satın almağa getdin. Sən Misirdən satın aldığın xalqın önündə onlar və Öz ölkən uğrunda böyük və xariqəli işlər gördün. Belə ki millətləri və onların allahlarını qovub Özünə şöhrət qazandın.
24. Əbədi olaraq xalqın İsraili Özün üçün xalq olaraq təyin etdin və Sən, ya Rəbb, onların Allahı oldun.
25. İndi isə, ya Rəbb Allah, bu qulun və onun nəsli haqqında söylədiyin sözü əbədi saxla və dediyinə əməl et.
26. Qoy insanlar “Ordular Rəbbi İsrailə hakim olan Allahdır” deyərək Sənin adını əbədi ucaltsınlar və qulun Davudun nəsli Sənin önündə möhkəm qalsın.
27. Çünki Sən Ordular Rəbbi, İsrailin Allahı “sənə ev tikəcəyəm” deyərək bu quluna vəhy göndərdin. Ona görə də qulun Sənə bu duanı etməyə cəsarət tapdı.
28. Ya Xudavənd Rəbb, Sən Allahsan, Sənin sözlərin haqdır və indi də quluna bu yaxşı şeyi vəd etdin.
29. Əbədi olaraq Sənin önündə olsun deyə qulunun nəslinə xeyir-dua vermək qoy Sənə xoş görünsün! Çünki, ya Xudavənd Rəbb, Sən belə söz verdin. Bu qulunun nəsli Sənin xeyir-duanla əbədilik xeyir-dua alsın!»

2 Şamuel 8:1-18
1. Bundan sonra Davud Filiştliləri məğlub edib özünə tabe etdi və Meteq-Ammahı Filiştlilərdən aldı.
2. Moavlıları da məğlub etdi və yerə uzadaraq ölçü ipi ilə ölçdü, ölçdüyü iki cərgəni öldürdü, bir cərgəni isə sağ buraxdı. Moavlılar Davuda tabe olub xərac verdilər.
3. Sova padşahı Rexov oğlu Hadadezer Fərat çayının ətrafında öz hakimiyyətini bərpa etmək üçün gedəndə Davud onu məğlub etdi.
4. O, Hadadezerin min yeddi yüz süvarisini və iyirmi min piyada əsgərini əsir etdi və atlardan yüzə qədərini döyüş arabası üçün saxlayaraq qalan atların ayaq vətərini kəsdi.
5. Dəməşqdə yaşayan Aramlılar Sova padşahı Hadadezerə kömək etməyə gələndə Davud onlardan iyirmi iki min nəfəri qırdı.
6. Davud Dəməşq Aramına hərbi dəstələr yerləşdirdi və Aramlılar ona tabe olub xərac verdilər. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı.
7. O, Hadadezerin zabitlərinin gəzdirdiyi qızıl qalxanları götürüb Yerusəlimə gətirdi.
8. Padşah Davud Hadadezerin Betah və Berotay şəhərlərindən çoxlu tunc aldı.
9. Xamat padşahı Toi eşitdi ki, Davud Hadadezerin bütün ordusunu məğlub edib.
10. Toi padşah Davudu salamlamaq və Hadadezeri döyüşdə məğlub etdiyinə görə təbrik etmək üçün oğlu Yoramı onun yanına göndərdi, çünki Hadadezer Toi ilə həmişə müharibə etmişdi. Yoram Davuda qızıl-gümüş və tunc əşyalar bəxş etdi.
11. Padşah Davud bu bəxşişləri də, özünə tabe etdirdiyi bütün millətlərdən –
12. Aramlılardan, Moavlılardan, Ammonlulardan, Filiştlilərdən, Amaleqlilərdən əldə etdiyi qızıl-gümüşü də Sova padşahı Rexov oğlu Hadadezerdən əldə edilən talan malı ilə birlikdə Rəbbə həsr etdi.
13. Duz vadisində Davud Edomlulardan on səkkiz min nəfəri qırandan sonra geri qayıdan zaman ad qazandı.
14. Edoma hərbi dəstələr yerləşdirdi. Edomun hər tərəfinə hərbi dəstələri yerləşdirəndən sonra Edomluların hamısı Davuda tabe oldu. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı.
15. Davud bütün İsrailin padşahı oldu. O bütün xalqına ədalət və salehliklə hökmranlıq edirdi.
16. Seruya oğlu Yoav ordu başçısı idi; Axilud oğlu Yehoşafat salnaməçi idi;
17. Axituv oğlu Sadoq və Evyatar oğlu Aximelek kahin idi; Seraya mirzə idi;
18. Yehoyada oğlu Benaya Keretlilər və Peletlilərin başçısı idi; Davudun oğulları isə vəzir idi.

Zəbur 64:1-10
1. Ey Allah, eşit səsimi, Sənə şikayət edirəm,Həyatımı düşmən vahiməsindən qoru.
2. Pislərin fəndlərindən,Şər iş görənlərin vəlvələsindənMəni qoru.
3. Onlar qılınc kimi dillərini itiləyirlər,Kamanın üstünə ox kimi acı sözlərini qoyurlar,
4. Günahsız insana pusqu qurduqları yerlərdənQəfildən, çəkinmədən atırlar.
5. Bir-birlərini şər iş görməkdə cəsarətləndirirlər,Gizlənib tələ qurmaq üçün məsləhət edirlər,«Bunu kim görəcək?» deyirlər.
6. Fitnəkarlıqla qəsd qururlar və belə deyirlər:«Ustalıqla fənd işlətdik».İnsanın daxili, qəlbi görünməz.
7. Lakin Allah onlara ox atacaq,Onlar qəflətən yaralanacaq.
8. Öz dilləri özlərini yıxacaq,Onları görənlər başını bulayıb xor baxacaq.
9. Bütün insanlar qorxacaq,Allahın əməllərini bəyan edəcək,Onun işləri barədə düşünəcək.
10. Saleh insan Rəbbə görə sevinəcək,Ona pənah gətirəcək.Bütün ürəyidüz insanlar Rəbbə həmd edəcək!

Süleymanın Məsəlləri 16:18-19
18. Əcəldən əvvəl təkəbbür gələr,Fəlakətdən əvvəl lovğalıq ruhu gələr.
19. Məzlumlar arasında sadə qəlbli olmaqTəkəbbürlülərlə talan malı bölüşdürməkdən yaxşıdır.

Yəhya 5:24-47
24. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib.
25. Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq.
26. Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi.
27. Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur.
28. Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib
29. qəbirlərindən çıxacaq, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik edənlərsə hökm üçün diriləcək.
30. Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir.
31. Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı.
32. Lakin Mənim barəmdə şəhadət edən başqasıdır və Mənim barəmdə etdiyi şəhadətin etibarlı olduğunu bilirəm.
33. Siz Yəhyanın yanına adamlar göndərdiniz və o, həqiqətə şəhadət etdi.
34. Lakin insandan şəhadət qəbul etdiyim üçün deyil, yalnız sizin xilas olmağınız üçün bunları söyləyirəm.
35. Yəhya yanan və nur saçan bir çıraq idi, siz bir müddət onun işığında sevinmək istədiniz.
36. Amma Mənim barəmdə olan şəhadət Yəhyanın şəhadətindən üstündür. Çünki Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər – indi etdiyim bu işlər Mənim barəmdə şəhadət edir ki, Ata Məni göndərib.
37. Məni göndərən Atanın Özü də Mənim barəmdə şəhadət etdi. Siz heç vaxt nə Onun səsini eşitmisiniz, nə də surətini görmüsünüz.
38. Onun kəlamının da sizdə qalmasına imkan vermirsiniz, çünki Onun göndərdiyi Şəxsə inanmırsınız.
39. Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir,
40. sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz.
41. İnsanlardan izzət qəbul etmirəm.
42. Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah məhəbbəti yoxdur.
43. Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz.
44. Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz?
45. Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham edən ümid bağladığınız Musadır.
46. Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb.
47. Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?»