A A A A A

Bir il Bibliya


Bilər 16


2 Şamuel 3:1-39
1. Şaul nəsli ilə Davud nəsli arasında çəkişmə çox uzun çəkdi. Getdikcə Davud nəsli qüvvətlənir, Şaul nəsli isə zəifləyirdi.
2. Xevronda Davudun oğulları doğuldu. İlk oğlu İzreelli Axinoamdan doğulan Amnon idi.
3. İkincisi Karmelli Navalın dul arvadı Aviqaildən doğulan Kilav, üçüncüsü Geşur padşahı Talmayın qızı Maakadan doğulan Avşalom,
4. dördüncüsü Haqqitdən doğulan Adoniya, beşincisi Avitaldan doğulan Şefatya,
5. altıncısı isə Davudun arvadı Eqladan doğulan İtream idi. Davudun bu oğulları Xevronda doğulmuşdu.
6. Şaul nəsli ilə Davud nəsli arasında olan çəkişmə zamanı Şaul nəslini himayə edən Avner qüvvə toplayırdı.
7. Şaulun Ayya qızı Rispa adlı bir cariyəsi var idi. İş-Boşet Avnerə dedi: «Niyə atamın cariyəsinin yanına girdin?»
8. İş-Boşetin bu sözlərinə görə Avner çox qəzəbləndi və dedi: «Mən Yəhuda tərəfini saxlayan bir köpək başıyammı? Mən bu gün atan Şaulun nəslinə, onun soydaşlarına və dostlarına havadar olub səni Davuda təslim etmədim, lakin indi sən bir qadından ötrü mənim üstümə günah yıxırsan?
9. Rəbb padşahlığı Şaul nəslindən alıb Dandan Beer-Şevaya qədər İsraildə Davudun taxtını quracağına and içdi.
10. Bunu Davud üçün mən də etməsəm, qoy Allah Avnerə beləsini və bundan betərini etsin!»
11. Belə olanda İş-Boşet Avnerdən qorxdu, daha cavab qaytara bilmədi.
12. Sonra Avner Davudun yanına öz adından qasidlər göndərib dedi: «Bu torpaq kimindir? Gəl sən mənimlə əhd bağla və sonra mən bütün İsraili sənin tərəfinə çəkmək üçün səninlə əlbir olacağam».
13. Davud dedi: «Lap yaxşı, mən səninlə əhd bağlayaram. Ancaq bir şərtlə ki mənimlə görüşməyə gələn zaman əvvəlcə Şaulun qızı Mikalı yanıma gətirməlisən, yoxsa məni görməyəcəksən».
14. Davud Şaul oğlu İş-Boşetin yanına qasidlər göndərib dedi: «Yüz Filiştlinin sünnət ətini gətirib nişanlandığım arvadım Mikalı mənə qaytar».
15. İş-Boşet adam göndərib qadını əri Layiş oğlu Paltieldən aldı.
16. Onun əri ağlaya-ağlaya Baxurimə qədər arvadının dalınca getdi. Burada Avner ona dedi: «Geri qayıt». O da geriyə qayıtdı.
17. Avner İsrail ağsaqqallarına müraciət edib dedi: «Xeyli vaxtdır istəyirsiniz ki, Davud padşahınız olsun.
18. İndi isə bunu edin! Çünki Rəbb “qulum Davudun əli ilə xalqım İsraili Filiştlilərin və bütün düşmənlərinin əlindən qurtaracağam” sözünü Davud üçün söyləmişdi».
19. Avner bunu Binyaminlilərə də söylədi və İsrail ilə bütün Binyamin nəslinin gözündə xoş olan hər şeyi Davuda nəql etmək üçün Xevrona getdi.
20. Avner və onunla bərabər iyirmi nəfər Xevrona, Davudun yanına gəldi. Davud Avnerlə adamları üçün ziyafət qurdu.
21. Avner Davuda dedi: «Qoy gedim, bütün İsraili ağam padşaha tərəfdar edim ki, onlar da səninlə əhd bağlasın. Sən də ürəyin istəyən kimi bütün ölkəyə padşahlıq et». Davud Avneri buraxdı, o da sağ-salamat çıxıb getdi.
22. Bu vaxt Davudun adamları ilə Yoav bir basqından qayıtmışdı. Özləri ilə çoxlu talan malı gətirmişdilər. Avner isə Xevronda Davudun yanında deyildi, çünki Davud onu buraxmışdı, o da sağ-salamat çıxıb getmişdi.
23. Yoavla birlikdə bütün ordu gəldi və Yoava bunu xəbər verib dedilər: «Ner oğlu Avner padşahın yanına gəlmişdi və padşah onu buraxdı, o da sağ-salamat çıxıb getdi».
24. Yoav padşahın yanına gəlib dedi: «Sən nə etmisən? Bax Avner sənin yanına gəlmişdi, bəs nə üçün onu buraxdın? O getdi.
25. Sən Ner oğlu Avneri tanıyırsan, bilirsən ki, o səni aldatmaq, hara gedib-gəldiyini öyrənmək və etdiyin hər şeyi bilmək üçün gəlmişdi».
26. Yoav Davudun yanından çıxıb Avnerin arxasınca çaparlar göndərdi və onu Sira quyusunun yanından geri qaytardılar, lakin Davudun bundan xəbəri yox idi.
27. Avner Xevrona qayıdanda Yoav təklikdə danışmaq üçün onu darvazanın içinə çəkdi və qardaşı Asahelin qanından ötrü Avneri qarnından vurub öldürdü.
28. Sonra Davud bundan xəbər tutanda dedi: «Rəbb qarşısında Ner oğlu Avnerin qanından ötrü əbədi olaraq mən və padşahlığım günahkar deyil.
29. Qoy bu günah Yoavın başına və atasının nəslinin üstünə dönsün. Qoy Yoavın nəslindən yara-xoralı, cüzamlı, qoltuq ağacına söykənən, qılıncdan keçən yaxud aclıq çəkən adamlar heç vaxt əskik olmasın».
30. Beləcə Yoavla qardaşı Avişay Avneri öldürdülər, çünki onların qardaşı Asaheli Giveondakı döyüşdə o öldürmüşdü.
31. Sonra Davud Yoava və yanında olan bütün xalqa belə dedi: «Paltarlarınızı cırın, çula bürünüb Avner üçün yas qurun». Padşah Davud mafənin ardınca gedirdi.
32. Avneri Xevronda dəfn etdilər. Padşah Avnerin qəbri üstündə bərkdən ağladı və bütün xalq ona qoşulub ağladı.
33. Padşah Avner üçün mərsiyə oxudu:Avner, bir axmaq kimi ölməli idinmi?
34. Əllərin bağlanmamışdı,Ayaqlarına zəncir vurulmamışdı.Şər adamlar qarşısında yerə düşən bir adam kimi yıxıldın.Bütün xalq bir daha Avner üçün ağladı.
35. Bütün xalq hələ gündüz ikən Davudun yanına gəlib onu çörək yeməyə məcbur edirdi. Lakin Davud and içib dedi: «Əgər gün batmazdan əvvəl çörək yaxud başqa bir şey dilimə vursam, qoy Allah mənə beləsini və bundan betərini etsin!»
36. Bütün xalq buna fikir verdi, əvvəllər padşahın etdiyi hər şey onlara xoş təsir bağışladığı kimi bu iş də gözlərində o cür yaxşı göründü.
37. O gün xalq – bütün İsraillilər başa düşdülər ki, Ner oğlu Avnerin öldürülməsində günahkar padşah deyil.
38. Padşah əyanlarına dedi: «Bu gün İsraildə bir rəhbərin, böyük bir adamın həlak olduğunu bilmirsinizmi?
39. Mən məsh edilmiş bir padşah olduğum halda bu gün nə qədər acizəm. Bu adamlar – Seruyanın oğulları məndən çox güclüdür. Qoy Rəbb pislik edənə əvəzini versin!»

2 Şamuel 4:1-12
1. Şaul oğlu İş-Boşet Avnerin Xevronda öldürüldüyünü eşidəndə əlləri sustaldı və bütün İsraili dəhşət bürüdü.
2. Şaul oğlu İş-Boşetin dəstə başçısı olan iki adamı var idi. Bunlar Binyamin övladlarından olan Beerotlu Rimmonun oğulları olub, birinin adı Baana, o birinin adı isə Rekav idi. Beerot da Binyaminin bir hissəsi sayılır.
3. Beerotlular Gittayimə qaçmışdı və bu günə qədər orada qəriblikdə yaşayırlar.
4. Şaul oğlu Yonatanın ayaqdan şikəst bir oğlu var idi. İzreeldən Şaulla Yonatanın ölüm xəbəri çatanda onun beş yaşı var idi. Dayəsi onu götürüb qaçdı. Tələsib qaçanda uşaq əlindən düşüb topal oldu. Bu uşağın adı Mefiboşet idi.
5. İş-Boşet günorta vaxtı dincələndə Beerotlu Rimmonun oğulları Rekav və Baana yola çıxıb günortanın isti çağında onun evinə çatdılar.
6. Rekav qardaşı Baana ilə buğda daşıyanlar görkəmində evə girdilər və İş-Boşeti qarnından vurub aradan çıxdılar.
7. Onlar evə girəndə İş-Boşet yataq otağında, öz yatağında yatırdı. Onu vurub öldürdülər, başını kəsdilər və başını götürüb bütün gecəni Arava yolu ilə getdilər.
8. İş-Boşetin başını Xevrona Davudun yanına gətirdilər və padşaha dedilər: «Budur, sənin canına qəsd etmək istəyən düşmənin Şaul oğlu İş-Boşetin başı! Rəbb Şauldan və onun övladlarından ağam padşaha bu gün qisaslar ehsan etdi».
9. Davud Beerotlu Rimmonun oğullarına – Rekavla qardaşı Baanaya belə cavab verdi: «Canımı hər cür bəlalardan qurtaran var olan Rəbbə and olsun,
10. Ziqlaqda olanda özünə görə guya müjdə verərək “budur, Şaul öldü” deyə birisi mənə xəbər gətirmişdi. Buna görə də onu yaxalayıb öldürdüm. Ona gətirdiyi xəbərə görə mükafatım bu oldu.
11. İndi şər adamlar bir günahsızı öz evində, yatağı üstündə öldürərkən sizdən onun qan qisasını alıb sizi yer üzündən yox etməyəcəyəmmi?»
12. Sonra Davud nökərlərinə əmr etdi, nökərlər onları öldürdü və əl-ayaqlarını kəsib Xevrondakı gölməçənin yanından asdı. İş-Boşetin başını isə götürüb Xevronda Avnerin qəbrinin yanında basdırdılar.

Zəbur 62:5-12
5. Ey qəlbim, sükutla Allahı gözlə,Çünki ümidim Ondadır.
6. Qayam, qurtuluşum yalnız Odur,O mənim qalamdır, mən sarsılmaram.
7. Qurtuluşum, şərəfim Allaha bağlıdır,Allah möhkəm qayam və pənahımdır.
8. Ey xalq, hər zaman Ona arxalan,Onun hüzurunda qəlbini açıb-boşalt,Çünki Allah bizim pənahımızdır!
9. Bəşər övladları yalnız bir nəfəsdir –İnsan övladları fanidir.Tərəzinin gözündə çəkərkən hamısı yuxarı qalxır,Çəkisi bir nəfəsdən yüngül gəlir.
10. Heç zaman zorakılığınıza güvənməyin,Talan malına boş yerə ümid bağlamayın,Var-dövlətiniz artsa da, ona arxalanmayın.
11. Allah bir dəfə dedi,Bunu iki dəfə eşitdim:Qüdrət Allahındır,
12. Ey Xudavənd, məhəbbət Sənindir!Sən hər kəsə əməlinə görə əvəz verirsən!

Süleymanın Məsəlləri 16:13-15
13. Saleh adamın dili padşahları razı salar,Onlar düz danışanı sevər.
14. Padşahın hiddəti ölüm elçisidir,Amma hikmətli insan bu hiddəti yatırar.
15. Padşahın üzü nuranidirsə, demək, həyat var,Razılığı yaz yağışı gətirən buluda oxşar.

Yəhya 4:31-54
31. Bu arada şagirdlər «Rabbi, yemək ye» deyə Ondan xahiş etdilər.
32. Lakin İsa onlara dedi: «Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz».
33. Onda şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birindən soruşdular.
34. İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır.
35. Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır.
36. Əkən də, biçən də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul toplayır.
37. Bu işlə bağlı “biri əkər, biri biçər” ifadəsi doğru deyilib.
38. Mən sizi zəhmətini çəkmədiyiniz bir məhsulu biçməyə göndərdim. Başqaları zəhmət çəkdi, sizsə onların zəhmətindən bəhrələndiniz».
39. «Etdiyim bütün əməlləri mənə söylədi» deyə şəhadət edən qadının sözünə görə o şəhərdən olan Samariyalıların bir çoxu İsaya iman etdi.
40. Sonra Samariyalılar İsanın yanına gəlib Ondan xahiş etdilər ki, onların yanında qalsın. İsa da iki gün orada qaldı.
41. Daha çox adam da İsanın sözünə görə iman etdi.
42. Onlar qadına deyirdilər: «Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib bildik ki, həqiqətən, dünyanın Xilaskarı Budur».
43. İsa iki gündən sonra oranı tərk edib Qalileyaya tərəf yola düşdü.
44. Çünki peyğəmbərin öz yurdunda hörməti olmadığı barədə İsa Özü bir vaxt şəhadət etmişdi.
45. İndi Qalileyaya gələndə Qalileyalılar Onu qəbul etdi, çünki onlar da bayram zamanı Yerusəlimə gəlib Onun orada etdiyi hər şeyi görmüşdülər.
46. Beləcə İsa suyu şəraba çevirdiyi Qalileyanın Qana kəndinə yenə gəldi. Kefernahumda hökmdarın bir məmuru var idi. Onun oğlu xəstələnmişdi.
47. O, İsanın Yəhudeyadan Qalileyaya gəldiyini eşidib yanına getdi və Ondan xahiş etdi ki, gəlib oğlunu sağaltsın, çünki oğlu ölüm ayağında idi.
48. Onda İsa ona dedi: «Siz əlamətlər və xariqələr görməyincə iman etməyəcəksiniz».
49. Hökmdarın məmuru Ona dedi: «Ağa, uşağım ölməzdən qabaq gəl!»
50. İsa ona «get, oğlun sağ-salamatdır» dedi. O adam da İsanın sözünə inanıb getdi.
51. Evə gələrkən qulları onu qarşılayaraq oğlunun sağ-salamat olduğunu söylədilər.
52. Oğlunun nə vaxt yaxşılaşdığını qullarından soruşdu, onlar da dedilər: «Dünən yeddinci saatda qızdırması düşdü».
53. O zaman ata başa düşdü ki, İsa elə həmin vaxt ona «oğlun sağ-salamatdır» demişdi. Onda özü də, bütün ev əhli də İsaya iman etdi.
54. Bu, İsanın göstərdiyi ikinci əlamət idi. Onu Yəhudeyadan Qalileyaya gələndə etmişdi.