A A A A A

Bir il Bibliya


Bilər 11


1 Şamuel 24:1-22
1. Şaul Filiştliləri təqib edib dönərkən ona belə xəbər verildi: «Davud En-Gedi səhrasındadır».
2. O bütün İsraildən üç min seçmə adam götürüb Davudla adamlarını axtarmaq üçün Dağ Keçiləri qayasının yaxınlığına getdi.
3. Yol kənarındakı qoyun ağıllarına gəldi. Orada bir mağara vardı. Şaul ayaqyoluna getmək üçün oraya girdi. Davud adamları ilə mağaranın lap içəri tərəfində oturmuşdu.
4. Davudun adamları ona dedi: «Budur, Rəbbin sənə “bax düşmənini sənə təslim edəcəyəm, gözündə nə xoşdursa, ona edəcəksən” dediyi gün bu gündür». Davud qalxıb gizlicə Şaulun cübbəsinin ətəyindən kəsdi.
5. Sonra Şaulun ətəyindən bir parça kəsdiyinə görə Davudun ürəyi ağrıdı.
6. O, adamlarına belə dedi: «Rəbbin məsh etdiyi ağama əl qaldırıb belə bir iş görməyi Rəbb məndən uzaq etsin, çünki o, Rəbbin məsh olunmuşudur».
7. Davud bu sözlərlə adamlarının qarşısını aldı və onları Şaula qarşı qalxmağa qoymadı. Şaul da mağaradan çıxıb yoluna davam etdi.
8. Ondan sonra Davud qalxıb mağaradan çıxdı və Şaulun arxasınca «Ağam padşah!» deyə çığırdı. Şaul arxaya baxdı. Davud üzüstə yerədək təzim etdi.
9. O, Şaula dedi: «“Davud sənin pisliyini istəyir” deyən adamların sözünə niyə qulaq asırsan?
10. Bax öz gözlərinlə gördün ki, bu gün Rəbb mağarada səni mənə necə təslim etdi. Mənə təklif etdilər ki, səni öldürüm, lakin mən sənə qıymadım. Dedim ki, ağama qarşı əl qaldırmaram, çünki o, Rəbbin məsh olunmuş padşahıdır.
11. Ey atam, əlimdəkinə bax, bu sənin cübbənin ətəyidir. Cübbənin ətəyindən kəsib səni öldürmədiyimdən gör və anla ki, sənə qarşı pislik və qiyam etmək əlimdən gəlmir. Sən canımı almaq üçün məni ovladığın halda mən sənə qarşı günah etmədim.
12. Səninlə mənim aramda qoy Rəbb hakim olsun! Qoy Rəbb səndən mənim qisasımı alsın. Mən sənə əl qaldırmaram.
13. Qədim zamanlardan belə bir məsəl var: “Pislik pislərdən çıxar”. Bu məsəldə deyildiyi kimi sənə əl qaldırmayacağam.
14. İsrailin padşahı kimə qarşı çıxıb? Sən kimi qovursan? Ölü itimi qovursan, yoxsa bir birənimi?
15. Qoy Rəbb səninlə mənim aramda hakim olub hökm versin və baxıb bu çəkişməni görsün, məni sənin əlindən qurtarsın».
16. Davud bu sözləri Şaula söyləyib qurtarandan sonra Şaul «Oğlum Davud, bu sənin səsindirmi?» dedi və bərkdən ağladı.
17. O, Davuda dedi: «Mən sənin qədər saleh deyiləm, çünki sən mənə pisliyimin əvəzinə yaxşılıq etdin.
18. Bu gün də mənə yaxşı münasibətini bəlli etdin, çünki Rəbb məni sənə təslim etdi, sən isə məni öldürmədin.
19. Əgər bir insan düşmənini taparsa, onu salamat buraxarmı? Buna görə də bugünkü işinin əvəzini Rəbb sənə yaxşılıqla ödəsin.
20. İndi isə bax bilirəm ki, sən mütləq padşah olacaqsan və İsrailin padşahlığı sənin əlinə keçib güclənəcək.
21. Məndən sonra nəslimi kəsməyəcəyinə və atamın nəslindən adımı silməyəcəyinə indi burada mənə Rəbbin haqqı naminə and iç».
22. Davud Şaula and içdi və Şaul evinə qayıtdı. Davud isə adamları ilə sığınacağa çıxdı.

1 Şamuel 25:1-44
1. Şamuel öldü və bütün İsrail yığılıb onun üçün yas qurdu. Onu Ramada – öz evinin yanında dəfn etdilər. Sonra Davud durub Paran səhrasına endi.
2. Maonda yaşayan, Karmeldə mülkü olan çox varlı bir adam var idi. Onun üç min baş qoyunu, min baş keçisi vardı. O, qoyunlarını Karmeldə qırxdırırdı.
3. Bu adamın adı Naval, arvadının adı isə Aviqail idi. Qadın ağıllı və gözəl idi. Kalev nəslindən olan kişi isə kobud və bədxasiyyət idi.
4. Davud səhrada eşitdi ki, Navalın qoyun qırxımı var.
5. O, on nökər göndərib onlara dedi: «Karmelə qalxıb Navalın yanına gedin və məndən ona salam deyin.
6. Sonra ona belə deyərsiniz: “Ömrün uzun olsun! Sən və evin, səninkilərin hamısı qoy var olsun!
7. Eşitmişəm ki, indi sizdə yun qırxımıdır. Sənin çobanların bizim yanımızda olanda biz onları incitmədik və Karmeldə qaldıqları günlər ərzində heç nəyi əskilmədi.
8. Bunu öz nökərlərindən də soruşa bilərsən və onlar da sənə deyər. Qoy nökərlərim sənin gözündə lütf tapsın, çünki yanına bayram zamanı gəlmişik. Rica edirəm ki, qullarına və oğlun Davuda əlində olanından ver”».
9. Davudun nökərləri gəlib bütün bu sözləri Davudun adından Navala söyləyib gözlədilər.
10. Naval isə Davudun nökərlərinə belə cavab verdi: «Davud kimdir? Yessey oğlu kimdir? İndilərdə ağasından qaçan çox qullar var.
11. Çörəyimi, suyumu və qırxınçılar üçün kəsdiyim heyvanların ətini götürüb haradan olduğunu bilmədiyim adamlaramı verim?»
12. Davudun nökərləri öz yolları ilə geriyə qayıtdılar və gəlib bu sözlərin hamısını Davuda söylədilər.
13. Davud adamlarına «hamı qılıncını bağlasın» dedi. Hamı bir nəfər kimi qılıncını bağladı. Davud da belə etdi. Dörd yüz nəfər Davudun ardınca getdi və iki yüz nəfər isə ərzaqların yanında qaldı.
14. Navalın nökərlərindən biri onun arvadı Aviqailə xəbər verdi: «Bax ağamızı salamlamaq üçün Davud səhradan qasidlər göndərdi, ağamız isə onları təhqir etdi.
15. Amma həmin adamlar bizə çox yaxşılıq etmiş və bizi incitməmişdilər. Çöldə olduğumuz, onlarla gəzdiyimiz bütün günlər ərzində heç nəyimiz əskilməmişdi.
16. Qoyunları otararkən yanlarında olduğumuz günlər gecə və gündüz bizə dayaq oldular.
17. İndi isə budur, bax nə edəcəyini düşün, çünki ağamıza, onun bütün külfətinə qarşı pis qərar verilmişdir. Çünki Naval elə yaramaz insandır ki, ona kimsə söz deyə bilmir».
18. Bundan sonra Aviqail cəld tərpənib, iki yüz kömbə çörək və iki tuluq şərab hazırladı. Beş qoyun cəmdəyi, beş ölçü qovurğa, yüz salxım quru üzüm və iki yüz parça basılmış əncir lavaşanası götürüb eşşəklərə yüklədi.
19. Sonra nökərlərinə dedi: «Siz qabaqda gedin, arxanızca gəlirəm». Bu barədə əri Navala heç nə bildirmədi.
20. Aviqail eşşəyə minib dağın bağlı tərəfindən enərkən Davud da adamları ilə oraya enməkdə idi və qadın onlarla rastlaşdı.
21. Davud demişdi: «Doğrudan da, bu adamın çöldə olan bütün mallarını qorudum və onun heç nəyini əskilməyə qoymadım, amma nahaq yerə. O isə mənə yaxşılığımın əvəzində pislik etdi.
22. Əgər səhərədək onun bütün divar isladanlarından – kişilərindən birini belə, sağ buraxsam, qoy Allah Davudun düşmənlərinə beləsini və bundan betərini etsin».
23. Aviqail Davudu görcək cəld eşşəkdən düşdü və Davudun önündə üzünü yerə qoyaraq təzim etdi.
24. Sonra onun ayaqlarına düşüb dedi: «Ey ağam, bu günahı mənim üzərimə qoy. İzin ver ki, kənizin səninlə danışsın. Nə olar, kənizinin sözlərinə qulaq as.
25. Ağam, rica edirəm, Navalın – o yaramaz insanın acığını qəlbinə salma, çünki adı necədirsə, özü də elədir. Adı Navalolduğu kimi özü də axmaqdır. Ey ağam, mən kənizin ağamın göndərdiyi nökərləri görməmişəm.
26. Madam ki Rəbb səni indi qana batmaqdan və öz əlinlə qisas almaqdan saxladı, var olan Rəbbə və canına and olsun, ağamın düşmənləri və bədxahları Naval kimi olsun.
27. İndi isə izin ver, kənizinin ağama gətirdiyi bu hədiyyələr arxanca gələn cavanlara verilsin.
28. Yalvarıram, kənizinin günahını bağışla, çünki Rəbb mütləq ağam üçün möhkəm sülalə yaradacaq, ona görə ki ağam Rəbbin döyüşlərini edir və ömrün boyu səndə şər olmayacaq.
29. Kimsə qalxıb səni qovmaq və canını almaq istəyəndə ağamın canı Rəbb Allahın həyat kisəsində saxlanılacaq, sənin düşmənlərinin canı isə sapandın ortasından atılan daş kimi atılacaq.
30. Rəbb ağama dediyi yaxşılıqların hamısını həyata keçirəndə və səni İsrailə hökmdar edəndə
31. ağam nahaq qan töküb özü üçün qisas aldığına görə peşman olmayacaq, vicdan əzabı çəkməyəcək. Rəbb ağama yaxşılıq edəndə kənizini də yada sal».
32. Davud Aviqailə dedi: «İsrailin Allahı Rəbbə alqış olsun ki, bu gün məni qarşılamağa səni göndərdi.
33. Ağlına bərəkallah, xeyir-dualı olasan! Bu gün məni qan tökməkdən və əlimlə öz qisasımı almaqdan saxladın.
34. Həqiqətən, məni sizə pislik etməkdən sən saxladın, İsrailin Allahı var olan Rəbbə and olsun, əgər cəld tərpənib mənim qarşıma çıxmasaydın, mütləq səhər işığına qədər Navalın divar isladanlarından – kişilərindən biri də sağ qalmayacaqdı».
35. Davud onun gətirdiyi şeyləri əlindən alıb dedi: «Evinə salamat get, budur, sənin sözünə baxıb xahişini yerinə yetirdim».
36. Aviqail Navalın yanına gəldi. Navalın evində padşah ziyafətinə oxşar bir ziyafət vardı. O çox sərxoş olduğuna görə könlü nəşəli idi. Səhər açılana qədər qadın ona heç nə bildirmədi.
37. Səhər açılanda, Naval şərabdan ayılan kimi arvadı baş verən hadisələri ona danışdı və Navalın ürəyindən ağrı tutdu, bədəni daşa döndü.
38. Bununla da təxminən on gündən sonra Rəbb Navalı vurdu və o öldü.
39. Davud Navalın öldüyünü eşidəndə dedi: «Navalın əli ilə yaranan rüsvayçılığımı görüb qulunu davadan və pislikdən saxlayan Rəbbə alqış olsun! Rəbb Navalın bədxahlığını öz başına gətirdi». Davud Aviqaili özünə arvad olaraq almaq üçün ona elçi göndərdi.
40. Davudun elçiləri Karmelə, Aviqailin yanına gəlib belə söylədilər: «Səni arvad olaraq almaq üçün Davud bizi elçi göndərdi».
41. Aviqail qalxıb yerədək təzim edib dedi: «Qoy kənizin ağamın qullarının ayaqlarını yumaq üçün bir qarabaş olsun».
42. O cəld qalxıb eşşəyə mindi. Ona xidmət edən beş gənc qadını yanına alaraq Davudun qasidlərinin ardınca getdi və Davudun arvadı oldu.
43. Davud İzreelli Axinoamı da almışdı. Hər ikisi onun arvadı oldu.
44. Şaul isə qızı Mikalı – Davudun arvadını Qallimli Layiş oğlu Paltiyə ərə vermişdi.

Zəbur 60:1-5
1. Ey Allah, Sən bizi atmısan,Müdafiə qüvvələrimizi dağıtmısan.Bizə qəzəblənmisən,Bizi əvvəlki halımıza qaytar.
2. Yeri lərzəyə salmısan,Torpağını dağıtmısan.Yarıqlarını yenə bitişdir,Çünki yer sarsılıb.
3. Öz xalqını çətinliyə salmısan,Şərab içirərək bizi səndələtmisən.
4. Səndən qorxanlara isə bayraq vermisən,Qoy onu həqiqət naminə qaldırsınlar.
5. Sevdiyin insanların xilas olması üçünSağ əlinlə bizi qurtar, mənə cavab ver!

Süleymanın Məsəlləri 16:3-3
3. Görəcəyin işləri Rəbbə ver,Onda niyyətlərin yerinə yetər.

Yəhya 1:29-51
29. Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur!
30. “Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Kəs budur.
31. Özüm Onu tanımırdım, amma Onun İsrailə zahir olması üçün mən su ilə vəftiz edərək gəldim».
32. Yəhya şəhadət edib dedi: «Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun üzərində qaldı.
33. Özüm Onu tanımırdım, lakin su ilə vəftiz etmək üçün məni göndərənin Özü mənə dedi: “Ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, Müqəddəs Ruhla vəftiz edən Odur”.
34. Mən də görüb “Allahın Oğlu budur” deyə şəhadət etmişəm».
35. Ertəsi gün yenə Yəhya orada idi. Şagirdlərinin ikisi onun yanında idi.
36. İsa yoldan keçərkən Yəhya Ona baxıb dedi: «Allah Quzusu budur!»
37. Həmin iki şagird onun sözlərini eşidib İsanın ardınca getdi.
38. İsa dönüb ardınca gəldiklərini görərək onlara «Sizə nə lazımdır?» dedi. Onlar İsaya dedi: «Rabbi, Sən harada qalırsan?» «Rabbi» «Müəllim» deməkdir.
39. İsa onlara dedi: «Mənimlə gəlin, görərsiniz». Onlar gedib İsanın harada qaldığını gördülər və həmin gün Onunla qaldılar. Onuncu saat radələri idi.
40. Yəhyadan eşidib İsanın ardınca gedən iki nəfərdən biri Şimon Peterin qardaşı Andrey idi.
41. Sonra o, ilk öncə qardaşı Şimonu tapıb ona «biz Məsihi tapdıq» dedi. «Məsih» «Məsh olunmuş» deməkdir.
42. Onu İsanın yanına apardı. İsa Şimona baxıb dedi: «Sən Yəhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan». Kefa isə Peter deməkdir.
43. Ertəsi gün İsa Qalileyaya getmək istədi. O, Filipi tapıb ona «ardımca gəl» dedi.
44. Filip də Andrey və Peter kimi Bet-Sayda şəhərindən idi.
45. Filip Natanaeli tapıb ona dedi: «Musanın Qanunda yazdığı, peyğəmbərlərin də bəhs etdiyi Şəxsi – Yusif Oğlu Nazaretli İsanı tapdıq».
46. Natanael ona dedi: «Nazaretdən yaxşı bir şey çıxarmı?» Filip isə ona «gəl özün bax» dedi.
47. İsa Natanaelin Ona tərəf gəldiyini görüb haqqında belə dedi: «Bu, həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir».
48. Natanael «Sən məni haradan tanıyırsan?» deyə Ondan soruşdu. İsa ona cavab verdi: «Filip səni çağırmazdan əvvəl səni əncir ağacının altında gördüm».
49. Natanael Ona dedi: «Rabbi, Sən Allahın Oğlusan, İsrailin Padşahısan!»
50. İsa ona cavab verib dedi: «Səni əncir ağacının altında gördüyümü söylədiyim üçünmü Mənə iman edirsən? Sən bunlardan daha böyük şeylər görəcəksən».
51. Yenə ona dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu üzərinə enib-qalxdığını görəcəksiniz».