A A A A A

Bir il Bibliya

Aprel 9

Yeşua 7:1-26
1. Amma İsrail övladları məhv edilməyə həsr olunmuş şeylərə münasibətdə xəyanət etdilər. Çünki Yəhuda qəbiləsindən Zerah oğlu Zavdi oğlu Karmi oğlu Akan məhv edilməyə həsr olunmuş şeylərdən götürdü. Ona görə də Rəbbin qəzəbi İsrail övladlarına qarşı alovlandı.
2. Yeşua Yerixodan Bet-Elin şərqində, Bet-Avenin yanında olan Ay şəhərinə adamlar göndərib onlara dedi: «Gedin, ölkəni gözdən keçirin». Adamlar çıxıb Ay şəhərini gözdən keçirdilər.
3. Onlar Yeşuanın yanına qayıdıb dedilər: «Bütün xalq getməsin, ancaq iki ya üç min nəfərə qədər adam gedib Ay şəhərini məhv etsin. Bütün xalqı oraya göndərib yorma, çünki onlar azdır».
4. Beləliklə, oraya xalqın üç min nəfərə qədəri getdi, lakin onlar Ay sakinlərinin qarşısından qaçdılar.
5. Aylılar onlardan otuz altı nəfəri öldürüb, İsrailliləri şəhərin darvazasının qabağından daş çıxarılan yerə qədər qovdular və onları enişlikdə qırdılar. Bundan sonra xalqın ürəyi qorxudan dəhşətə gəldi.
6. Yeşua paltarını cırdı, özü və İsrailin ağsaqqalları Rəbbin sandığı önündə axşama kimi yerə yıxılıb başlarına torpaq tökdülər.
7. Yeşua dedi: «Ah, ey Xudavənd Rəbb, bizi Emorlulara təslim etmək, bizi məhv etmək üçünmü bu xalqı İordan çayından keçirtdin? Kaş ki İordan çayının o tayında qalıb yaşayaydıq.
8. Ah, ey Xudavənd, İsraillilər düşmənin qarşısından qaçandan sonra mən nə deyə bilərəm?
9. Bundan sonra Kənanlılar və bu ölkədə yaşayan bütün xalqlar eşidəcək, bizi mühasirəyə alıb adımızı yer üzündən siləcəklər. Bəs Sən Öz böyük adın üçün nə edəcəksən?»
10. Rəbb Yeşuaya dedi: «Qalx, nə üçün belə üzüstə yıxılmısan?»
11. İsraillilər günah etdilər və onlara əmr etdiyim əhdimi pozdular. Məhv edilməyə həsr olunmuş şeylərdən götürdülər, onlardan oğurladılar, gizlədərək öz əşyaları arasına qoydular.
12. Buna görə də İsrail övladları düşmən qabağında dura bilmir, düşmənin qarşısından qaçdılar. Çünki onlar özləri də məhv edilməyə həsr olunmuşlar. Əgər məhv edilməyə həsr olunmuş şeyləri aranızdan yox etməsəniz, bir daha sizinlə olmayacağam.
13. Qalx, xalqı təqdis et və de: «Sabahkı gün üçün özünüzü təqdis edin, çünki İsrailin Allahı Rəbb belə deyir: “Ey İsraillilər, aranızda məhv edilməyə həsr olunmuş şey var. Onu aranızdan götürməsəniz, düşmənləriniz qarşısında dura bilməyəcəksiniz.
14. Sabah hamınız qəbilələrinizə görə Rəbbin hüzuruna çıxacaqsınız və Onun göstərdiyi qəbilə nəsillərə görə irəli çıxacaq. Rəbbin göstərdiyi nəsil ailələrə görə irəli çıxacaq. Rəbbin göstərdiyi ailə kişilərə görə irəli çıxacaq.
15. Məhv edilməyə həsr olunmuş şeylərə xəyanət edən adam və ona aid olanların hamısı odda yandırılacaq, çünki o, Rəbbin əhdini pozmuşdur və İsraildə rüsvayçılıq etmişdir”».
16. Yeşua səhər tezdən qalxdı və İsraillilərin qəbilələrinə görə Rəbbin hüzuruna çıxmasını əmr etdi və Yəhuda qəbiləsi göstərildi.
17. Yəhuda qəbiləsini irəli çıxardı və Zerah nəsli göstərildi. Zerah nəslini ailələrinə görə irəli çıxardı və Zavdi ailəsi göstərildi.
18. Zavdi ailəsini kişilərinə görə irəli çıxardı və Yəhuda qəbiləsindən Zerah oğlu Zavdi oğlu Karmi oğlu Akan göstərildi.
19. Yeşua Akana dedi: «Oğlum, buyur, İsrailin Allahı Rəbbi izzətləndir və Onun önündə etiraf et. Nə etmisən? İndi mənə bildir, məndən gizlətmə».
20. Akan Yeşuaya cavab verdi: «Həqiqətən, mən İsrailin Allahı Rəbbə qarşı günah edərək belə elədim:
21. talan malından Babil malı olan gözəl bir paltar, iki yüz şekel gümüş və ağırlığı əlli şekel olan bir qızıl külçə görəndə onlara tamah salıb götürdüm. Budur, ən altda gümüş olmaqla hamısını çadırımın ortasında torpağa basdırmışam».
22. Yeşua adamlar göndərdi və onlar çadıra qaçdılar. Şeylər ən altda gümüş olmaqla onun çadırında gizlədilmişdi.
23. Onları çadırın içindən götürüb Yeşuanın və bütün İsrail övladlarının yanına gətirdilər və Rəbbin önündə yerə qoydular.
24. Yeşua, onunla birgə bütün İsraillilər, Zerah oğlu Akanı, gümüşü, paltarı, qızıl külçəni, onun övladlarını, qızlarını, mal-qarasını, eşşəklərini, qoyun-quzularını, çadırını və bütün malını götürüb Akor dərəsinə çıxartdılar.
25. Yeşua dedi: «Nə üçün bizi bəlaya saldın? Rəbb bu gün səni bəlaya salacaq». Bütün İsraillilər onu və onunla olanları da daşqalaq edib sonra odda yandırdılar.
26. Onların üstünə böyük daş qalağı yığıldı və o bu günə qədər də durur. Bundan sonra Rəbbin qəzəb alovu söndü. Bunun üçün bu günə qədər o yerin adına Akordərəsi deyilir.

Yeşua 8:1-35
1. Rəbb Yeşuaya dedi: «Qorxma və dəhşətə gəlmə, bütün döyüşçülərini öz yanına yığ və qalxıb Ay şəhərinə hücum et. Mən Ay şəhərinin padşahını, xalqını, şəhərini və torpağını sənə təslim edirəm.
2. Yerixonun və oranın padşahının başına gətirdiyini Ay torpağının və onun padşahının başına gətir. Mallarını və heyvanlarını isə özünüz üçün qarət edin. Şəhərə qarşı arxa tərəfdən pusqu qurun».
3. Yeşua ilə bütün döyüşçülər Ay şəhərinə getmək üçün qalxdılar. Yeşua otuz min igid adam seçib onları gecə ikən oraya göndərəndə belə əmr etdi:
4. «Qulaq asın, şəhərə qarşı arxa tərəfdən pusquda durun, şəhərdən çox uzağa getməyin, hamınız hazır durun.
5. Mən və yanımda olan bütün xalq şəhərə yaxınlaşacağıq. Əvvəlki kimi Ay şəhərinin sakinləri bizə qarşı çıxanda biz də onların qarşısından qaçacağıq.
6. Biz onları şəhərdən ayırana qədər arxamızca aparacağıq, çünki “əvvəlki kimi qarşımızdan qaçırlar” deyəcəklər. Biz də onların qarşısından qaçacağıq.
7. O vaxt siz pusqudan qalxıb şəhəri alın, çünki Allahınız Rəbb oranı sizə təslim edəcək.
8. Şəhəri ələ keçirdiyiniz zaman şəhərə od vurun. Bunu Rəbbin sözünə görə edin. Sizə belə əmr edirəm».
9. Beləliklə, Yeşua onları göndərdi. Onlar pusquda durdular və Bet-El ilə Ay şəhəri arasında, Ay şəhərinin qərb tərəfində gözlədilər. Yeşua gecəni camaatın arasında keçirdi.
10. Yeşua səhər tezdən durdu, xalqı gözdən keçirdi, özü və xalqın ağsaqqalları xalqın qarşısında Ay şəhərinin üzərinə getdilər.
11. Onunla birgə olan bütün döyüşçülər getdilər və yaxınlaşıb şəhərin qarşısına gəldilər, Ay şəhərinin şimal tərəfində toplandılar. Onlarla Ay şəhərinin arasında bir dərə var idi.
12. Yeşua beş minə qədər adam götürdü, onları Bet-El ilə Ay şəhəri arasında, şəhərin qərb tərəfində pusquya qoydu.
13. Şəhərin şimalında olan bütün ordu və şəhərin qərbində pusquda duranlar döyüş üçün yerləşdirildi. Yeşua o gecə dərənin ortasına getdi.
14. Ay şəhərinin padşahı bunu gördükdə səhər tezdən şəhərin adamları ilə birgə tələsik qalxdı və bütün camaat düz vaxtında İsraillilərə qarşı Arava vadisinin önündə döyüşə çıxdı. Lakin padşah bilmirdi ki, şəhər arxasında ona qarşı pusqu qurulub.
15. Yeşua ilə bütün İsraillilər özlərini onların qarşısında məğlub olmuş kimi göstərərək çölə tərəf qaçdılar.
16. Onları təqib etmək üçün şəhərdə olan bütün camaat çağırıldı. Yeşuanı təqib edərək şəhərdən çıxdılar.
17. Ay və Bet-El şəhərlərində bir nəfər də qalmadı ki, İsraillilərin ardınca getməsin. Onlar şəhəri açıq qoyaraq İsrailliləri təqib etdilər.
18. Rəbb Yeşuaya dedi: «Əlindəki nizəni Ay şəhərinə tərəf uzat, çünki oranı sənə təslim edəcəyəm». Yeşua əlindəki nizəni Ay şəhərinə tərəf uzatdı.
19. Yeşua əlini şəhərə tərəf uzadarkən pusquda duranlar cəld yerlərindən qalxdılar və şəhərə girib oranı aldılar. O anda bütün şəhərə od vurdular.
20. Ay şəhərinin əhalisi arxaya dönüb baxanda gördü ki, şəhərdən göyə tüstü qalxır və onların o yan-bu yana qaçmağa da taqəti yox idi. Çölə tərəf qaçan İsraillilər də onları təqib edənlərə tərəf döndü.
21. Yeşua ilə pusquda olan bütün İsraillilər şəhəri alındığını və şəhərdən tüstü qalxdığını görəndə dönüb Ay şəhərinin adamlarını qırdılar.
22. O biri İsraillilər də şəhərdən onlara tərəf çıxdılar. Onda onlar iki tərəfdən gələn İsraillilərin arasında qaldılar. İsraillilər onlardan heç kimi sağ yaxud qaçmağa qoymadan qırdılar.
23. Ay şəhərinin padşahını isə diri tutub Yeşuanın yanına gətirdilər.
24. İsraillilər Ay şəhərinin əhalisinin hamısını öldürüb qurtarana qədər tarlada və onları təqib etdikləri çöldə qılıncdan keçirtdilər. Sonra bütün İsraillilər Ay şəhərinə qayıdıb orada qalanları da qılıncdan keçirtdilər.
25. O gün qırılan kişi və qadınlardan hamısı – bütünlüklə Ay şəhərinin əhalisi on iki min nəfər idi.
26. Bütün Ay şəhərinin əhalisini tamamilə qırıb qurtarana qədər Yeşua nizə uzadan əlini geri çəkmədi.
27. Ancaq Rəbbin Yeşuaya buyurduğu sözə görə İsraillilər o şəhərin heyvanlarını və əmlakını talan edib özlərinə götürdülər.
28. Yeşua Ay şəhərini yandırdı. Oranı əbədi qalan daş qalağına, yəni elə bir viranəyə çevirdi ki, bu günə qədər qalmaqdadır.
29. O, Ay şəhərinin padşahını ağacdan asaraq axşama qədər saxladı. Gün batanda isə Yeşua əmr verdi və onun cəsədini ağacdan düşürtdülər, onu şəhər darvazasının girəcəyinə atdılar. Üstünə bu günə qədər qalan böyük bir daş qalağı yığdılar.
30. O zaman Yeşua Eval dağında İsrailin Allahı Rəbbə bir qurbangah qurdu.
31. O, Rəbbin qulu Musanın İsrail övladlarına əmr etdiyi və Musanın Qanun kitabında yazıldığı kimi üstünə heç kimin dəmir vurmadığı, yonulmamış daşlardan bir qurbangah düzəltdi. Onun üstündə Rəbbə yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdilər.
32. Yeşua orada Musanın İsrail övladları qarşısında yazdığı Qanunun bir nüsxəsini daşlar üzərinə yazdı.
33. Bütün İsraillilər, ağsaqqallar, məmurlar, hakimlər, qəriblər də daxil olmaqla Rəbbin Əhd sandığının iki tərəfində sandığı daşıyan Levili kahinlərin qarşısında dayandılar. Xalqın yarısı Gerizim dağının, o biri yarısı isə Eval dağının qarşısında durdu. Çünki Rəbbin qulu Musa İsrail xalqına xeyir-dua vermək üçün əvvəllər bu cür dayanmağı buyurmuşdu.
34. Ondan sonra Yeşua Qanunun bütün sözlərini – xeyir-dua və lənəti, yəni Qanun kitabında yazılanların hamısını oxudu.
35. Bütün İsrail camaatının, qadınların, uşaqların və aralarında olan qəriblərin qarşısında Musanın bütün buyurduqlarından Yeşuanın oxumadığı bir söz belə, qalmadı.

Zəbur 43:1-5
1. Ey Allah, etibarsız millətə qarşı olan mübarizəmdənMəni haqlı çıxart,Məni hiyləgər, fitnəkar adamın əlindən qurtar.
2. Çünki Sən pənah gətirdiyim Allahsan.Niyə məni atmısan?Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm?
3. Göndər Öz nurunu, həqiqətini,Qoy yolunu mənə göstərsinlər,Müqəddəs dağına, məskənlərinəQoy məni aparsınlar.
4. Onda Allahın qurbangahına,Sevincim, fərəhim olan Allahımın yanına gedərəm.Lira çalıb Sənə şükür edərəm,Ey Allah, mənim Allahım.
5. Mənim qəlbim, niyə qırılmısan?Axı niyə bu köksümdə təlaşlanırsan?Ümidini yenə Allaha bağla,Qoy Allahıma – məni qurtarana şükür edim.

Süleymanın Məsəlləri 13:22-23
22. Yaxşı insan nəvələrinə də irs qoyar,Günahkarın yığdığı sərvət salehə qalar.
23. Yoxsulların əkini bol bəhrə versə də,Ədalət olmayan yerdə bada gedər.

Luka 9:37-62
37. Ertəsi gün onlar dağdan enəndə İsanı böyük bir izdiham qarşıladı.
38. Camaat arasından bir kişi çığırdı: «Müəllim, yalvarıram, oğluma nəzər sal, o mənim yeganə balamdır.
39. Bir ruh onu tutur, o birdən bağırır. Ruh onu ağzından köpük gələnəcən sarsıdır. Ona əziyyət verib güc-bəla ilə onu tərk edir.
40. Mən şagirdlərindən xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar».
41. İsa da ona cavab verdi: «Ey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər Mən sizinlə qalıb sizə dözəcəyəm? Oğlunu yanıma gətir».
42. Oğlan İsaya yaxınlaşarkən cin onu yerə atıb sarsıtdı. Amma İsa natəmiz ruha qadağan etdi, oğlanı sağaldıb atasına qaytardı.
43. Hamı Allahın əzəmətinə təəccüblənirdi.Onlar hamısı İsanın etdiyi işlərə heyrət edərkən O, şagirdlərinə dedi:
44. «Bu sözlərə qulaq asın: Bəşər Oğlu insan əllərinə təslim edilmək üzrədir».
45. Lakin şagirdlər bu sözü başa düşmədilər. Bu sözün mənası onlar üçün gizli qaldı və Ondan bu söz barədə soruşmaqdan da qorxurdular.
46. Şagirdlər aralarında kimin ən böyük olduğu barədə mübahisə etməyə başladılar.
47. Amma İsa onların ürəklərindən keçəni bilib bir balaca uşağı götürüb yanına qoydu.
48. Sonra onlara dedi: «Kim Mənim adımla bu uşağı qəbul edərsə, Məni qəbul edər. Kim Məni qəbul edərsə, Məni Göndərəni qəbul edər. Sizin aranızda hamıdan kiçik olan ən böyükdür».
49. Yəhya cavabında dedi: «Ustad, biz Sənin adınla cinləri qovan bir nəfəri gördük, amma bizimlə birgə getmədiyinə görə ona mane olduq».
50. Amma İsa ona dedi: «Ona mane olmayın! Əleyhinizə olmayan sizin tərəfinizdədir».
51. Dünyadan ayrılacağı günlər yaxınlaşdıqca İsa Yerusəlimə getmək qərarına gəldi.
52. İsa qabağınca elçilər göndərdi. Onlar İsanın gəlişi münasibəti ilə hazırlıq işləri görmək üçün gedib Samariyalıların bir kəndinə girdilər.
53. Lakin Samariyalılar İsanı qəbul etmədilər, çünki O, Yerusəlimə doğru gedirdi.
54. Şagirdlərdən Yaqubla Yəhya bunu görüb dedilər: «Rəbb, bunları məhv etmək üçün bir əmrlə göydən alov yağdırmağımızı istəyirsənmi?»
55. Amma İsa dönüb onlara qadağan etdi.
56. Sonra onlar başqa bir kəndə yollandılar.
57. Onlar yol boyu gedərkən bir nəfər İsaya dedi: «Sən hara getsən, Sənin ardınca gedəcəyəm».
58. İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur».
59. Bir başqasına İsa dedi: «Ardımca gəl». O isə dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim».
60. İsa ona dedi: «Qoy ölülər öz ölülərini dəfn etsin. Sənsə get, Allahın Padşahlığını bəyan et».
61. Yenə başqa bir adam dedi: «Ya Rəbb, Sənin ardınca gələrəm, amma əvvəl icazə ver evimdəkilərlə vidalaşım».
62. Lakin İsa ona dedi: «Kotanı tutub geriyə baxan Allahın Padşahlığına layiq deyil».