A A A A A

Bir il Bibliya

Aprel 8

Yeşua 5:1-15
1. İordan çayının qərb tərəfində olan bütün Emorluların padşahları və dəniz kənarında yaşayan bütün Kənan padşahları biz İordan çayını keçərkən, Rəbbin İsrail övladlarının qarşısında suları necə qurutduğunu eşidərkən ürəkləri qorxuya düşdü. İsrail övladlarının vahiməsindən onlarda taqət qalmadı.
2. O zaman Rəbb Yeşuaya dedi: «Özün üçün çaxmaq daşından bıçaqlar düzəlt və İsrail övladlarını ikinci dəfə sən sünnət et».
3. Yeşua özü üçün çaxmaq daşından bıçaqlar düzəldib Giveat-Haaralotda İsrail övladlarını sünnət etdi.
4. Yeşuanın sünnət etməsinin səbəbi budur: bütün döyüş qabiliyyəti olan kişilər Misirdən çıxandan sonra səhrada – yolda öldülər.
5. Oradan çıxan xalqın hamısı sünnətli idi, ancaq Misirdən çıxandan sonra səhrada – yolda doğulanların heç biri sünnət olunmamışdı.
6. Misirdən çıxan döyüş qabiliyyəti olan adamların hamısı ölüb qurtarana qədər İsrail övladları qırx il səhrada dolaşdı, çünki onlar Rəbbin sözünə qulaq asmamışdı. Rəbb bizə vermək üçün atalarımıza and içdiyi süd və bal axan torpağı itaətsizlərə göstərməmək üçün də and içdi.
7. Bunun əvəzinə Rəbb onların övladlarını yetişdirdi və Yeşua onları sünnət etdi. Çünki onlar sünnətsiz idilər və yolda onları heç kim sünnət etməmişdi.
8. Bütün İsraillilərin sünnət olunması qurtardıqdan sonra onlar sağalana qədər ordugahda öz yerlərində qaldılar.
9. Rəbb Yeşuaya dedi: «Misir rüsvayçılığını bu gün üzərinizdən atdım». Ona görə də bu günə qədər o yerin adına Qilqaldeyilir.
10. İsrail övladları Qilqalda ordugah qurdular. Ayın on dördü axşam vaxtı Yerixo düzənliklərində Pasxa bayramı keçirdilər.
11. Pasxanın ertəsi günü – həmin o gün bu torpağın bəhrəsindən olan mayasız çörək və qovurğa yedilər.
12. Onlar o torpağın bəhrəsindən yedikləri günün səhəri mannanın tökülməsi kəsildi. Artıq İsrail övladlarının mannası yox idi və o il Kənan torpağının məhsulları ilə dolandılar.
13. Yeşua Yerixo yaxınlığında olanda başını qaldırıb baxdı və əlində sıyrılmış qılınc olan bir şəxsi qarşısında gördü. Yeşua onun yanına gəlib «Sən bizim tərəfdənsən, yoxsa düşmənlərimiz tərəfdən?» deyə soruşdu.
14. O dedi: «Xeyr, mən Rəbbin ordusunun başçısıyam, indi gəlmişəm». Yeşua üzüstə yerə yıxıldı və ona səcdə edib dedi: «Ağamın quluna nə sözü var?»
15. Rəbbin ordusunun başçısı Yeşuaya dedi: «Çarığını ayağından çıxart, çünki üstündə durduğun yer müqəddəsdir». Yeşua belə də etdi.

Yeşua 6:1-27
1. İsrail övladlarının qorxusundan Yerixonu bərk-bərk bağlamışdılar. Oraya girib-çıxan yox idi.
2. Rəbb Yeşuaya dedi: «Bax Yerixonu, onların padşahını, igid adamlarını sənə təslim edirəm.
3. Siz – bütün döyüşçülər şəhərin ətrafına bir dəfə dolanın; altı gün belə edin.
4. Sandığın qarşısında yeddi kahin qoç buynuzundan olan yeddi şeypur daşısın. Yeddinci gün şəhəri yeddi dəfə dolanın və kahinlər şeypurları çalsınlar.
5. Onlar qoç buynuzundan olan şeypuru uzun-uzadı çaldıqları və siz şeypurun səsini eşitdiyiniz vaxt bütün xalq gur səslə bağırsın. Onda şəhərin qala divarları yerə çökəcək və xalqın hər biri dayandığı yerdən şəhərə qalxsın».
6. Nun oğlu Yeşua kahinləri çağırıb onlara dedi: «Əhd sandığını götürün, Rəbbin sandığı qarşısında yeddi kahin qoç buynuzundan olan yeddi şeypur daşısın».
7. Xalqa isə dedi: «Gedin şəhəri dolanın, silahlı adamlar isə Rəbbin sandığı önündə getsinlər».
8. Yeşuanın xalqa dediyi kimi Rəbbin önündə qoç buynuzundan olan yeddi şeypuru daşıyan yeddi kahin keçib şeypurları çaldı. Rəbbin Əhd sandığı da onların ardınca aparıldı.
9. Silahlı adamlar şeypurları çalan kahinlərin qarşısında gedirdilər, kahinlər şeypurları çala-çala gedərkən arxada olan dəstə sandığın ardınca gedirdi.
10. Yeşua xalqa əmr edib dedi: «Sizə “çığırın” deyəcəyim günə qədər çığırmayın, səsinizi eşitdirməyin və ağzınızdan bir söz çıxartmayın, ancaq mən deyən vaxt çığırın».
11. Xalq Rəbbin sandığını bir dəfə şəhərin ətrafına dolandırdı. Sonra ordugaha gəldilər və orada gecələdilər.
12. Yeşua səhər erkən qalxdı. Kahinlər də Rəbbin sandığını götürdülər.
13. Qoç buynuzundan olan yeddi şeypuru daşıyan yeddi kahin Rəbbin sandığı önündə gedirdi və şeypurları çalırdı. Silahlı adamlar onların qarşısında gedirdi. Kahinlər şeypurları çala-çala gedir, arxa dəstə Rəbbin sandığının ardınca gedirdi.
14. Onlar ikinci gün də şəhəri bir dəfə dolandılar və ordugaha qayıtdılar; altı gün belə etdilər.
15. Yeddinci gün tezdən dan yeri söküləndə qalxıb şəhəri yeddi dəfə bu qayda ilə dolandılar. Ancaq yeddinci gün şəhəri yeddi dəfə dolandılar.
16. Yeddinci dəfə dolanan zaman kahinlər şeypurları çalanda Yeşua xalqa dedi: «Çığırın, çünki Rəbb şəhəri sizə verdi.
17. Şəhər məhv edilməyə həsr olunmuşdurvə onda olan hər şey Rəbbə təqdim olunmalıdır. Yalnız fahişə Raxav və onunla birgə evdə olanların hamısı sağ qalmalıdır, çünki o göndərdiyimiz elçiləri gizlətmişdi.
18. Lakin siz məhv edilməyə həsr olunmuş şeylərdən çəkinin ki, heç nə götürməyəsiniz. Əgər bir şey götürsəniz, onda siz də məhv edilməyə həsr olunacaqsınız və bununla da İsrail ordugahını məhv edilməyə həsr etməklə bəlaya salarsınız.
19. Ancaq bütün qızıl və gümüş, tunc və dəmir əşyalar Rəbbə məxsus olduğuna görə Rəbbin xəzinəsinə daxil olacaq».
20. Xalq çığırdı və kahinlər şeypur çaldılar. Xalq şeypur səsini eşidəndə ucadan çığırdı. Onda qala divarları yerə çökdü və xalqın hər biri dayandığı yerdən irəliləyərək şəhəri aldı.
21. Onlar kişini, qadını, cavanı, qocanı, mal-qaranı, qoyun-quzunu, eşşəyi və şəhərdə olanların hamısını qılıncdan keçirib tamamilə məhv etdilər.
22. Yeşua ölkəni gözdən keçirən o iki nəfər casusa tapşırmışdı: «Fahişə qadının evinə girin, ona and içdiyiniz kimi qadını və onun yanındakıların hamısını evdən çıxarın».
23. O zaman həmin casus cavanlar qadının evinə gəldi. Raxavı, atasını, anasını, qardaşlarını, onun yanında olan hər kəsi, bütün qohumlarını evdən çıxartdılar və onları İsrail ordugahından kənar yerdə qoydular.
24. Şəhərə və orada olan hər şeyə od vurub yandırdılar. Yalnız qızıl-gümüşü, mis və dəmir əşyaları Rəbbin evinin xəzinəsinə qoydular.
25. Ancaq Yeşua fahişə Raxavı, onun atasının külfətini və onun yanında olan hər kəsi sağ buraxdı. Qadın bu günə qədər də İsraillilərin arasında yaşayır, çünki Yerixonu gözdən keçirmək üçün Yeşuanın göndərdiyi elçiləri yanında gizlətmişdi.
26. Yeşua o vaxt xalqa and verib xəbərdarlıq etdi: «Bu şəhəri – Yerixonu kim bərpa etsə, qoy Rəbbin önündə lənətə gəlsin. Bunu edən həmin şəxs onun bünövrəsini ilk oğlunun həyatı bahasına qoyacaq və kiçik oğlunun həyatı bahasına isə onun qapılarını yerinə vuracaq».
27. Rəbb Yeşua ilə idi və onun şöhrəti bütün ölkəyə yayıldı.

Zəbur 42:6-11
6. Köksümdəki qəlbim qırılıb,Ona görə İordan diyarında,Xermon, Misar dağındaSəni düşünürəm.
7. Dərin sular şəlalələrinin səsi iləDərin suları çağırdı,Sənin ləpələrin, dalğaların başımdan aşdı.
8. Rəbb mənə gündüz məhəbbət göstərir,Gecə isə həyatımın AllahınaEtdiyim dua və ilahi dilimdən düşmür.
9. Qayama – Allahıma deyirəm: «Niyə məni unutdun?Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm?»
10. Düşmənlərim sümüklərimi qırıb məni təhqir edirlər,Daim mənə «Bəs hanı Allahın?» deyirlər.
11. Mənim qəlbim, niyə qırılmısan?Axı niyə bu köksümdə təlaşlanırsan?Ümidini yenə Allaha bağla,Qoy Allahıma – məni qurtarana şükür edim.

Süleymanın Məsəlləri 13:19-21
19. Arzuya çatmaq qəlbə, cana şirin gələr,Axmaq pislikdən dönməyə ikrah edər.
20. Hikmətli ilə oturub-duran hikmət qazanar,Axmaqlarla ayaqlaşan bədbəxt olar.
21. Günahkarı şər qovar,Salehin yaxşı bir əvəzi var.

Luka 9:18-36
18. Bir gün İsa tək dua edirdi. Şagirdlər də yanında idi. İsa onlardan soruşdu: «Camaatın dediyinə görə Mən kiməm?»
19. Onlar belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, qədim peyğəmbərlərdən biri dirilib».
20. İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter cavab verdi: «Sən Allahın Məsihisən».
21. İsa şagirdlərinə qadağan edib əmr etdi ki, bunu heç kəsə danışmasınlar.
22. O dedi: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd olunmalı, öldürülməli və üçüncü gün dirilməlidir».
23. Sonra hamısına söylədi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və hər gün çarmıxını götürüb ardımca gəlsin.
24. Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənim uğrumda canını itirirsə, onu xilas edəcək.
25. İnsan bütün dünyanı qazanıb canını məhv edər yaxud itirərsə, ona nə xeyri var?
26. Kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Özünün, Atasının və müqəddəs mələklərin izzəti içində gələndə o adamdan utanacaq.
27. Amma sizə həqiqəti deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığını görmədən ölməyəcək».
28. Bu sözləri söyləyəndən təxminən səkkiz gün keçmişdi. İsa Özü ilə Peter, Yəhya və Yaqubu götürüb dua etmək üçün dağa çıxdı.
29. İsa dua edərkən üzünün görünüşü dəyişdi və libası gözqamaşdırıcı ağ rəng aldı.
30. O anda iki nəfər İsa ilə söhbət etməyə başladı. Onlar Musa və İlyas idi.
31. Onlar ehtişam içində göründülər və İsanın Yerusəlimdə yerinə yetirəcəyi bu dünyadan ayrılması barədə danışırdılar.
32. Peter və onun yoldaşları dərin yuxuya dalmışdılar. Yuxudan ayılanda isə İsanın ehtişamını və yanında duran iki kişini gördülər.
33. Onlar İsanın yanından gedəndə Peter İsaya dedi: «Ustad! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün». Əslində o nə dediyini bilmirdi.
34. Peter bunu deyən zaman bir bulud gəldi və onların üzərinə kölgə saldı. Buluda daxil olarkən onları dəhşət bürüdü.
35. Buluddan bir səs gəldi: «Bu Mənim Oğlumdur, seçilmişimdir, Ona qulaq asın!»
36. Səs kəsiləndə onlar İsanı tək gördülər. Şagirdlər bunu sirr olaraq saxlayıb o günlərdə gördüklərini heç kimə danışmadılar.