A A A A A

Bir il Bibliya


Aprel 5


Qanunun Təkrarı 33:1-29
1. Allah adamı Musa ölümündən əvvəl İsrail övladlarına bu xeyir-duanı oxudu.
2. O belə dedi:«Rəbb Sina dağından gəldi,Bizə Seirdən zühur etdi,Paran dağından şəfəq saçdı,On minlərlə müqəddəs mələklər ilə gəldi.Sağ əlində yanar alov var idi.
3. Ya Rəbb, həqiqətən, Sən xalqları sevirsən!Bütün müqəddəslər Sənin əlindədir!Onlar ayağına düşər, sözlərini dinlər.
4. Musa bizə qanuna əməl etməyi tapşırdı,Bu, Yaqubun camaatı üçün bir irsdir.
5. İsrail qəbilələri,Xalqın rəhbərləri bir yerə yığılandaRəbb Yeşuruna padşah oldu.
6. Qoy Ruven ölməsin, yaşasın!Xalqının sayı azalmasın!»
7. Musa Yəhuda üçün belə dedi:«Ya Rəbb, Yəhudanın səsini eşit,Onu xalqına geri qaytar.O özü üçün öz əlləri ilə döyüşdü,Düşmənlərinə görə ona kömək et!»
8. Levi üçün belə dedi:«Ya Rəbb, Tummimin və UriminSənin sadiq qulun üçündür.Onu Massada sınaqdan keçirdin,Onunla Meriva sularında mübahisə etdin.
9. O, ata-anası üçün dedi:“Onlara nəzər salmadım”.Qardaşlarını tanımadı,Övladlarını unutdu,Ancaq Sənin sözünə riayət etdi,Sənin əhdini hifz etdi.
10. Hökmlərini Yaqub nəslinə,Qanununu İsraillilərə öyrədəcəklər.Onlar hüzurunda buxuru,Qurbangahında bütöv yandırma qurbanını təqdim edəcək.
11. Ya Rəbb, onların malına bərəkət ver,Əməllərindən razı qal.Kim onlara hücum etsə,Kim onlara nifrət etsə,Belini qır,Bir daha qalxmasınlar!»
12. Binyamin üçün belə dedi:«Rəbbin sevimlisiOnun yanında əmin-amanlıqda yaşasın!Rəbb gün boyu onu qoruyur,O da Rəbbin qucağında qalır».
13. Yusif üçün belə dedi:«Onun torpağı Rəbdən bərəkət alsın,Göydən gələn qiymətli şehlə,Yer altında yatan dərin sularla,
14. Günəşin yetişdirdiyi ən gözəl barlarla,Hər ay yetişən ən gözəl bəhərlərlə,
15. Qədimdən qalan dağların əla nemətləri ilə,Əbədi təpələrin münbitliyi ilə,
16. Yerin ən qiymətli məhsulu və bolluğu ilə,Kolda məskən Salanın lütfü iləQoy bərəkət alsın!Yusifin başı üzərinə –Qardaşlarından ayrı düşənin başı üzərinəQoy bərəkət yağsın!
17. O, birinci doğulan buğa qədər heybətlidir,Buynuzları çöl öküzünün buynuzlarına bənzəyir.Bu buynuzlarla xalqları,Yer üzünün qurtaracağınadək hər yerdə olanları vuracaq.Bax belədir Efrayimin on minləri,Bax budur Menaşşenin minləri».
18. Zevulun üçün belə dedi:«Ey Zevulun, yola düşəndə sevin,Ey İssakar, çadırlarında sevin!
19. Onlar xalqları dağa çağıracaqlar,Orada salehlik qurbanları kəsəcəklər.Bol dəniz nemətləri ilə,Qumlarda gizlənən xəzinələrlə doyacaqlar».
20. Qad üçün belə dedi:«Qadın ərazisini artırana şükür olsun!Qad aslan tək yaşayır,Qolu, başı qoparır.
21. O özü üçün ilk torpağı seçdi.Çünki onun üçün sərdarın payı saxlanıldı.Xalq rəhbərləri yığılandaRəbbin ədalətini,İsraillilərə gətirdiyi hökmləri icra etdi».
22. Dan üçün belə dedi:«Dan Başandan sıçrayanBala aslandır».
23. Naftali üçün belə dedi:«Ey Rəbbin lütfü və bərəkəti ilə dolu olan Naftali,Qərbi və cənubu mülk edəcəksən».
24. Aşer üçün belə dedi:«Oğullar arasında Aşer ən çox bərəkət alsın!Qardaşlarının ən çox bəyəndiyi o olsun!Ayağını zeytun yağına batırsın.
25. Darvazalarının cəftələri dəmirdən, tuncdan olsun,Qüvvətin ömrün boyu qurtarmasın!
26. Ey Yeşurun, bax sənə kömək etmək üçünGöylər və buludlara əzəməti ilə minənAllahın bənzəri yoxdur.
27. Pənahgahın əzəli əbədi Allahdır,Səni daim qollarında gəzdirər.Düşmənlərini qarşından qovar,“Yox et onları!” sənə deyər.
28. İsrail əmin-amanlıqda yaşayır.Taxıl və təzə şərab torpağındaYaqubun çeşməsi sakit qalır,Oraya göylərdən şeh damır.
29. Ey İsrail! Nə bəxtiyarsan,Sənin kimisi varmı?Rəbbin qurtardığı xalqsan!Rəbb sipərdir, köməyinə çatandır,Əzəmətli qılıncındır.Sənə düşmənlər yaltaqlanır,Sən onların yuxarı yerlərini tapdalayırsan».

Qanunun Təkrarı 34:1-12
1. Musa Moav düzənliyindən Nevo dağına gedib Yerixo qarşısında olan Pisqa təpəsinə çıxdı. Rəbb ona bütün ölkəni göstərdi. Dana qədər uzanan Gileadı,
2. bütün Naftalini, Efrayim və Menaşşe torpaqlarını, Qərb dənizinə qədər uzanan bütün Yəhuda torpağını,
3. Negevi, Xurmalar şəhəri Yerixo vadisinin Soara qədər uzanan hövzəsini göstərdi.
4. Sonra Rəbb ona dedi: «İbrahimə, İshaqa və Yaquba vəd etdiyim torpaq budur, oranı sizin övladlarınıza verəcəyəm. Mən izin verdim ki, oranı öz gözlərinlə görəsən. Lakin oraya girməyəcəksən».
5. Rəbbin sözünə görə qulu Musa elə orada – Moav torpağında öldü.
6. Rəbb onu Moav torpağında olan Bet-Peor qarşısındakı dərədə dəfn etdi. Bu günə qədər heç kim onun qəbrinin yerini bilmir.
7. Musa öləndə yüz iyirmi yaşında idi. Gözü nurdan düşməmiş, taqəti çəkilməmişdi.
8. İsrail övladları Musa üçün Moav düzənliyində otuz gün yas tutdular.Musa üçün olan ağlaşma və yas günləri qurtardı.
9. Nun oğlu Yeşua hikmət ruhu ilə dolmuşdu, çünki Musa onun üzərinə əllərini qoymuşdu. İsrail övladları da ona qulaq asdılar və Rəbbin Musaya əmr etdiyi hər şeyə əməl etdilər.
10. İsraildə Musa kimi Rəbbin üz-üzə görüşdüyü bir peyğəmbər bir daha çıxmadı.
11. Rəbb onu göndərmişdi ki, Misir torpağında firona, onun bütün əyanlarına, ölkəsinə çoxlu əlamətlər və möcüzələr göstərsin.
12. Musanın əməlləri İsraillilərin gözləri önündə böyük və zəhmli idi.

Zəbur 40:13-17
13. Ya Rəbb, lütfünlə məni xilas et,Ya Rəbb, dadıma tez çat!
14. Canımı almaq üçün qəsd quranlarQoy utanıb biabır olsunlar.Pis günümdən zövq alanlarGeri qovulub rüsvay olsunlar.
15. Mənə «Aha! Aha!» deyənlərXəcalət içində çaşıb qalsınlar.
16. Lakin Səni axtaranlarSənə görə qoy şad olub sevinsinlər.Xilaskar olduğunu sevənlərDaim «Qoy ucalsın Rəbb!» desinlər.
17. Budur, bir məzlum, bir fəqirəm,Lakin Xudavənd qayğıma qalır.Köməyim, xilaskarım Sənsən,Ey Allahım, ləngimə!

Süleymanın Məsəlləri 13:13-14
13. Öyüdə xor baxan öz canını həlak edər,Əmrə ehtiram edənlərə mükafat verilər.
14. Hikmətli adamın təlimi həyat qaynağıdır,İnsanı ölüm tələsinə düşməkdən geri qaytarır.

Luka 8:1-25
1. Bu hadisədən sonra İsa şəhərləri və kəndləri gəzməyə başladı. O, Allahın Padşahlığını vəz edərək Müjdəni yayırdı. On İki şagird Onunla birgə idi.
2. Həmçinin şər ruhlardan və xəstəliklərdən şəfa tapmış bəzi qadınlar, daxilindən yeddi cin çıxmış Məcdəlli adlanan Məryəm,
3. Hirodun eşikağası Xuzanın arvadı Yoxanna, Şoşanna və bir çox başqa qadınlar İsa ilə idi. Bu qadınlar əmlakları ilə onlara xidmət edirdilər.
4. Böyük izdiham toplaşanda, insanlar hər şəhərdən İsanın yanına gələndə İsa onlara bir məsəl danışdı:
5. «Bir əkinçi toxumunu səpməyə çıxdı. Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü, ayaq altında tapdalandı və göydə uçan quşlar onları dənlədi.
6. Bəzisi daşlığa düşdü və cücərincə susuzluqdan qurudu.
7. Bəzisi tikanlar arasına düşdü. Tikanlar toxumla birgə boy atıb onu boğdu.
8. Başqaları isə münbit torpağa düşdü və böyüyüncə yüz qat artıq səmərə verdi». İsa bunları deyərək nida etdi: «Eşitməyə qulağı olan eşitsin!»
9. Şagirdləri isə Ondan soruşdular: «Bu məsəlin mənası nədir?»
10. O dedi: «Allahın Padşahlığının sirlərini bilmə qabiliyyəti sizə verilmişdir. Başqalarına isə hər şeyi məsəllərlə danışıram ki,“Gördükləri halda görməsinlər,Eşitdikləri halda anlamasınlar”.
11. Məsəlin mənası budur: toxum Allahın kəlamıdır.
12. Yol kənarına düşənlərsə kəlamı eşidənlərdir. Sonra iblis gəlir və iman etməyib xilas olmasınlar deyə kəlamı onların ürəyindən götürüb aparır.
13. Daşlığa düşənlərsə kəlamı eşidəndə sevinclə qəbul edənlərdir. Lakin onlarda kök olmadığına görə bir müddət iman edir və sınaq vaxtı gələndə imandan dönürlər.
14. Tikanlar arasına düşənlərsə bunlardır: kəlamı eşidirlər, amma get-gedə bu həyatın qayğılarından, var-dövlətindən, zövqlərindən boğulur və yaxşı bəhrə vermirlər.
15. Münbit torpağa düşənlərsə bunlardır: belə insanlar kəlamı eşidib xeyirxah və sadiq ürəkdə saxlayırlar. Bunlar səbirlə səmərə verir.
16. Heç kim çırağı yandırıb onu qabla örtməz yaxud yatağın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, içəri girənlər işığı görsünlər.
17. Çünki elə gizli bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə örtülü bir şey yoxdur ki, bilinib aydın olmayacaq.
18. Buna görə də necə dinlədiyinizə diqqət edin. Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, özününkü zənn etdiyi şey də əlindən alınacaq».
19. İsanın anası və qardaşları Onun yanına gəldi. Amma izdihama görə Ona yaxınlaşa bilmədilər.
20. İsaya xəbər verdilər: «Anan və qardaşların bayırda dayanıb Səni görmək istəyirlər».
21. İsa onlara cavab verdi: «Mənim anam və qardaşlarım Allahın kəlamını eşidib ona əməl edənlərdir».
22. Bir gün İsa Öz şagirdləri ilə bir qayığa mindi və onlara dedi: «Gəlin gölün o biri sahilinə keçək». Onlar yola düşdülər.
23. Onlar qayıqda gedərkən İsanı yuxu apardı. Göldə tufan qopdu. Qayıq su ilə dolmağa başlayanda onlar təhlükəli vəziyyətə düşdülər.
24. Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ustad, Ustad, biz həlak oluruq!» İsa durub küləyə və qalxan sulara qadağan etdi. Tufan dayandı və sükut çökdü.
25. Onda O, şagirdlərinə dedi: «Sizin imanınız haradadır?» Onlarsa qorxu və heyrət içində qalıb bir-birlərindən soruşurdular: «Bu Adam kimdir ki, həm küləklərə, həm suya əmr verir, onlar da itaət edir?»