A A A A A

Bir il Bibliya


Aprel 29


Rut 3:1-18
1. Bir gün qayınanası Naomi Ruta dedi: «Qızım, sənin ailə xoşbəxtliyin üçün rahat bir yer axtarmayımmı?
2. Bax qulluqçu qızları ilə sahəsində işlədiyin Boaz bizim qohumumuzdur. O bu gecə xırmanda arpa sovurur.
3. Sən də yuyun, ətirlən və ən gözəl paltarını geyinib xırmana en. Amma o yeyib-içməyini qurtarmayınca özünü ona göstərmə.
4. Elə ki yatmağa getdi, yerini tapıb onun ayaqlarının üstünü açaraq ayaq tərəfində yatarsan. Sonra nə etmək lazımdırsa, o özü sənə deyəcək».
5. Rut ona «dediklərinin hamısına əməl edərəm» dedi.
6. Rut xırmana endi və qayınanasının bütün tapşırıqlarına əməl etdi.
7. Boaz yeyib-içib kefi kökələndən sonra yatmaq üçün məhsul tayasının kənarına getdi. Rut da sakitcə gəldi və ayaqlarının üstünü açıb ayaq tərəfində uzandı.
8. Gecə yarısı birdən Boaz səksəndi və çevrilib baxanda gördü ki, ayaqlarının yanında bir qadın uzanıb.
9. O, qadına dedi: «Sən kimsən?» Qadın cavab verdi: «Mən qarabaşın Rutam. Ətəyinlə bu qarabaşının da üstünü ört, çünki sən qəyyumumsan».
10. Boaz dedi: «Qoy Rəbb sənə xeyir-dua versin, qızım! Sonuncu xeyirxahlığın əvvəlkindən də yaxşıdır. Çünki nə kasıb, nə də varlı bir cavanın ardınca düşdün.
11. Qızım, daha qorxma! Dediyin hər şeyi sənin üçün edəcəyəm. Şəhərimizin bütün əhalisi yaxşı bilir ki, sən xeyirxah qadınsan.
12. Düzdür, sənin qəyyumun mənəm, amma məndən də yaxın qəyyumun var.
13. Bu gecəni qal, sabah əgər o adam sənə qəyyum olmaq istəsə, çox yaxşı, qoy olsun. Yox, əgər bundan imtina etsə, var olan Rəbb haqqı, sənin qəyyumun mən özüm olacağam. Hələlik sabaha qədər yat».
14. Rut onun ayaqlarının yanında sübhədək yatdı və səhərin alaqaranlığında – hələ gözün yaxşı seçmədiyi vaxtda ayağa qalxdı, çünki Boaz demişdi: «Qoy heç kəs bilməsin ki, xırmana bu qadın gəlib».
15. Sonra Boaz Ruta dedi: «Üst örtüyünü götür, burada tut». Rut örtüyünü götürüb kənarından tutdu. Boaz altı ölçü arpanı örtüyün üstünə töküb ona verdi. Rut şəhərə qayıtdı.
16. O, qayınanasının yanına gələndə qayınanası ona dedi: «Necə oldu, qızım?» Rut Boazla olan hər şeyi Naomiyə danışdı,
17. sonra dedi: «O mənə altı ölçü arpa verib dedi ki, qayınananın yanına əliboş qayıtma».
18. Naomi Ruta dedi: «Qızım, gözlə, gör bu işin sonu necə qurtarır, çünki o adam bu işi bu gün axıra çatdırmayınca sakit olmayacaq».

Rut 4:1-22
1. Boaz şəhərin darvazasına çıxıb adamlar toplanan yerdə oturdu. Boazın bəhs etdiyi qəyyum oradan keçirdi. Onu görən Boaz «ay filankəs, bir dön, burada otur» dedi. O da gəlib orada oturdu.
2. Şəhər ağsaqqallarından on adamı çağırıb «siz də burada oturun» dedi. Onlar da gəlib orada oturdular.
3. Boaz həmin qəyyuma dedi: «Moav torpağından qayıdan Naomi, qardaşımız Elimelekin zəmisini satır.
4. Mən də burada oturanların və xalqımın ağsaqqalları qarşısında sənə eşitdirmək istədim ki, oranı satın alasan. Əgər sən bu qəyyumluq vəzifəsini yerinə yetirəcəksənsə, bunu et, əgər bundan imtina edirsənsə, bunu açıq de, mən də bilim. Çünki səndən başqa bu vəzifəni öhdəsinə götürən kimsə yoxdur, yalnız səndən sonra mən varam». O, Boaza dedi: «Qəyyumluq vəzifəsini mən yerinə yetirərəm».
5. Boaz dedi: «Zəmini Naomidən satın alarkən onun mərhum oğlunun arvadı Moavlı Rutu da arvad olaraq almalısan ki, mərhumun adı öz irsi üzərində qalsın».
6. Qəyyum olan adam dedi: «Mən ona qəyyumluq edə bilmərəm, yoxsa öz irsim dağılar. Mənim vəzifəmi sən öz öhdənə götür, mən qəyyum ola bilmərəm».
7. Qədim zamanlarda İsraildə belə bir adət var idi: qəyyumluq vəzifəsini icra edərkən və mal dəyişərkən müqavilə bağlanmasına şəhadət olsun deyə biri öz çarığını çıxarıb başqasına verərdi. Bu, İsraildə qəbul olunan razılaşma üsulu idi.
8. Qəyyum olan adam Boaza dedi: «Sən özün satın al». Sonra da o öz çarığını çıxardı.
9. Boaz ağsaqqallara və bütün xalqa dedi: «Siz də bu gün şahidsiniz ki, mən Elimelekin bütün mülkünü, Kilyon və Maxlonun bütün mülklərini Naomidən satın alıram.
10. Mərhumun adı öz irsi üzərində qalsın deyə Maxlonun dul arvadı Moavlı Rutu da özümə arvad alıram. Qoy qardaşları arasından, yurd qapılarından mərhumun adı silinməsin. Siz də bu gün şahidsiniz».
11. Darvaza yanına yığılan bütün xalq və ağsaqqallar dedilər: «Biz şahidik, qoy Rəbb sənin evinə gələn qadını İsrail evini quran iki qadın Rəhilə və Lea kimi etsin. Efratada qüdrətli işlər görəsən və Bet-Lexemdə adın tanınsın.
12. Qoy Rəbb sənin evini bu gənc qadından verəcəyi nəsli Tamarın Yəhudaya doğduğu Peresin evi kimi etsin».
13. Boaz Rutu aldı və Rut ona arvad oldu. Boaz onun yanına girdi. Rəbb Rutun bətninə uşaq verdi və Rut oğul doğdu.
14. Qadınlar Naomiyə dedilər: «Rəbbə alqış olsun ki, bu gün sənə gələcək qəyyumunu verdi. Qoy onun adı İsraildə tanınsın.
15. Bu körpə səni canlandıracaq və qoca vaxtında səni saxlayacaq. Çünki onu sənə yeddi oğuldan daha yaxşı olan, səni sevən gəlinin doğmuşdur».
16. Naomi uşağı qucağına alıb gəzdirdi və onun dayəsi oldu.
17. Qonşu qadınlar ona ad qoyub dedilər: «Naomi üçün oğul doğulub». Onun adını Oved qoydular. O, Davudun atası olan Yesseyin atasıdır.
18. Peresin nəsli budur: Peresdən Xesron törədi.
19. Xesrondan Ram törədi. Ramdan Amminadav törədi.
20. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi.
21. Salmondan Boaz törədi. Boazdan Oved törədi.
22. Oveddən Yessey törədi. Yesseydən də Davud törədi.

Zəbur 52:6-9
6. Salehlər buna baxıb qorxacaqlar,Gülə-gülə belə deyəcəklər:
7. «Bu adam Allaha pənah gətirmədi,Öz bol sərvətinə güvəndi,Başqalarını məhv edərək gücləndi».
8. Amma mən Allahın evindəYaşıl zeytun ağacına bənzərəm,Daima, əbədilikAllahın məhəbbətinə güvənirəm.
9. Sənin gördüyün işlərə görə daim şükür edirəm,Möminlərin qarşısında gözəl isminə ümid bağlayıram!

Süleymanın Məsəlləri 15:6-7
6. Salehin evində böyük xəzinə yaşar,Şər insanın isə gəlirində əzab var.
7. Hikmətlinin dili bilik səpələyir,Axmağın qəlbi bunu edə bilmir.

Luka 20:1-26
1. Günlərin birində İsa məbəddə xalqa təlim öyrədir və Müjdəni yayırdı. Başçı kahinlər, ilahiyyatçılarla ağsaqqallar yaxınlaşıb
2. Ona dedilər: «De görək, Sən bu işləri hansı səlahiyyətlə edirsən? Sənə bu səlahiyyəti kim verib?»
3. İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm. Mənə deyin:
4. Yəhyanın vəftizi göydən idimi, yoxsa insanlardan?»
5. Onlarsa öz aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək.
6. Amma desək “insanlardan”, bütün xalq bizi daşqalaq edər. Çünki xalq Yəhyanın peyğəmbər olmasına əmindir».
7. Axırda Ona cavab verdilər: «Biz bilmirik haradandır».
8. İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm».
9. İsa xalqa belə bir məsəl çəkməyə başladı: «Bir adam üzüm bağı saldı və bağı bağbanlara icarəyə verərək uzun müddətə başqa ölkəyə getdi.
10. Məhsul vaxtı çatanda bağbanların yanına bir qul göndərdi ki, onlar üzüm bağının məhsulundan bir qədərini ona versinlər. Lakin bağbanlar qulu döyərək əliboş geri qaytardılar.
11. Bağ sahibi başqa bir qul göndərdi, amma onlar bunu da döyüb biabır etdilər və əliboş geri qaytardılar.
12. O, üçüncüsünü də göndərdi, amma onlar onu da yaralayıb qovdular.
13. Onda bağ sahibi dedi: “Mən nə edim? Qoy öz sevimli oğlumu göndərim, bəlkə ona hörmət edərlər”.
14. Amma bağbanlar onu gördükdə öz aralarında danışıb dedilər: “Varis budur. Gəlin onu öldürək ki, miras bizə qalsın”.
15. Beləcə onu bağdan kənara çıxarıb öldürdülər. Beləliklə, bağ sahibi onlara nə edəcək?
16. Gəlib həmin bağbanları həlak edəcək və bağı başqalarına verəcək». Bunu eşidənlərsə dedilər: «Qoy belə olmasın».
17. Amma İsa onların gözlərinin içinə baxıb dedi: «Bəs bu Yazının mənası nədir?“Bənnaların rədd etdiyi daşGuşədaşı olub”.
18. Bu daşın üstünə yıxılan hər kəs parçalanacaq, daşsa kimin üzərinə düşərsə, onu əzəcək».
19. İlahiyyatçılar və başçı kahinlər başa düşdülər ki, İsa bu məsəli onlar barədə söylədi. Ona görə də həmin an Onu yaxalamaq üçün yol axtardılar, lakin xalqdan qorxdular.
20. İsanı güdürdülər və yanına özlərini dürüst insan kimi göstərən bir neçə casus göndərdilər. Onu dediyi söz üstə tutub valinin hökm və səlahiyyətinə təslim etmək məqsədləri var idi.
21. Onlar İsadan soruşdular: «Müəllim, biz bilirik ki, Sən düz danışırsan, təlim öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən, lakin Allahın yolunu həqiqətə görə öyrədirsən.
22. Bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?»
23. Amma İsa onların hiyləsini başa düşüb belə dedi:
24. «Mənə bir dinar göstərin. Onun üstündəki təsvir və yazı kimindir?» Onlar cavab verdilər: «Qeysərin».
25. İsa onlara dedi: «Onda qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin».
26. İsanı xalq qarşısında söz üstə tuta bilmədilər və Onun cavabına heyrət edib susdular.