A A A A A

Bir il Bibliya


Aprel 28


Rut 1:1-22
1. Hakimlərin hökm etdiyi günlərdə ölkədə qıtlıq oldu. Elə bu vaxtlarda Yəhudanın Bet-Lexem şəhərindən bir kişi arvadı və iki oğlu ilə birgə müvəqqəti yaşamaq üçün Moav torpağına köçdü.
2. Bu kişinin adı Elimelek, arvadının adı Naomi, bir oğlunun adı Maxlon, o birinin adı isə Kilyon idi. Onlar Yəhudanın Bet-Lexem şəhərindən olan Efratlılar idi. Bu adamlar gəlib Moav torpağında yaşadılar.
3. Bir gün Naominin əri Elimelek öldü və o, iki oğlu ilə qaldı.
4. Oğulları özlərinə Moav qadınlarından arvad aldı. Bu qadınların birinin adı Orpa, o birinin adı isə Rut idi. Onlar on ilə yaxın bu torpaqda yaşadı.
5. Sonra Maxlon və Kilyon da öldü, Naomi həm oğulsuz, həm də ərsiz qaldı.
6. Bir gün Naomi gəlinləri ilə Moav torpağından geri qayıtmaq üçün ayağa qalxdı. O, Moav torpağında eşitmişdi ki, Rəbb Öz xalqına nəzər salaraq onlara çörək vermişdir.
7. Naomi Yəhuda torpağına qayıtmaq üçün gəlinləri ilə yaşadığı yerdən çıxıb yola düşdü.
8. Naomi hər iki gəlininə dedi: «Gəlin siz hər biriniz ananızın evinə qayıdın. Sizin mərhumlara və mənə etdiyiniz xeyirxahlığa görə qoy Rəbb sizə xeyirxahlıq etsin.
9. Rəbb elə etsin ki, hər biriniz ər evində rahatlıq tapasınız». Sonra o, gəlinlərini öpdü və onlar hönkürüb ağladılar.
10. Gəlinləri ona dedilər: «Xeyr, biz də səninlə birgə xalqının yanına gedirik».
11. Naomi isə dedi: «Ay qızlarım, qayıdın geri. Axı niyə siz də mənimlə getməlisiniz? Məgər bətnimdə yenə oğullarım var ki, sizə ər olsun?
12. Qayıdın, ay qızlarım, öz yolunuzla gedin. Mən indi ərə getmək üçün çox yaşlıyam. Desəm ki, ümidim var, hətta bu gecə ərə gedib oğullar doğacağam,
13. onlar böyüyənə qədər gözləyərsinizmi? Ərə getməyib səbir edərsinizmi? Yox, qızlarım! Sizin halınıza çox acıyıram, çünki mənə qarşı qalxan Rəbbin əlidir».
14. Onlar yenə də bərkdən ağlaşdılar. Orpa qayınanasını öpüb vidalaşdı, Rut isə ona sarıldı.
15. Naomi Ruta dedi: «Bax qaynın arvadı öz xalqının və allahlarının yanına qayıtdı, gəl sən də onun ardınca geri qayıt».
16. Rut dedi:«Məcbur etmə ki, səni tərk edibSəninlə getməyim.Bil ki, hara getsən, ora gedəcəyəm,Harada qalsan, orada qalacağam;Xalqın xalqım olacaq,Allahın Allahım.
17. Sən harada öləcəksənsə,Mən də orada öləcəyəm,Orada da basdırılacağam.Əgər ölümdən başqa bir şeyMəni səndən ayırarsa,Qoy Rəbb mənə beləsini vəBundan betərini etsin».
18. Naomi Rutun onunla getmək üçün qəti qərara gəldiyini görəndə bir daha onu dilə tutmadı.
19. Hər ikisi Bet-Lexemə qədər gedib oraya çatdılar. Bet-Lexemə daxil olanda onları görən bütün şəhər əhalisi hərəkətə gəldi və dedilər: «Bu, Naomi deyilmi?»
20. Naomi onlara dedi: «Mənə Naomideməyin, mənə Mara deyin, çünki Külli-İxtiyar həyatımı acı etdi.
21. Mən buradan dolu çıxdım, Rəbb məni boş qaytardı. Bir halda ki Rəbb məni ittiham etdi, Külli-İxtiyar başıma müsibət gətirdi, daha niyə məni Naomi çağırırsınız?»
22. Beləliklə, Naomi Moav torpağından onunla birgə gələn gəlini Moavlı Rutla bərabər geri qayıtdı. Onlar Bet-Lexemə arpa biçini başlananda gəldilər.

Rut 2:1-23
1. Naominin əri Elimelekin nəslindən Boaz adlı mərd və xeyirxah bir qohumu var idi.
2. Bir gün Moavlı Rut Naomiyə dedi: «İzin ver, zəmilərə gedim. Kimin gözündə lütf tapsam, onun ardınca düşüb başaq yığaram». Naomi ona «get, qızım» dedi.
3. Rut getdi və bir zəmiyə girib biçinçilərin ardınca başaq yığmağa başladı. Təsadüfən o, Elimelekin nəslindən olan Boazın sahəsinə girmişdi.
4. Bu vaxt Boaz Bet-Lexemdən gəldi və biçinçilərə dedi: «Qoy Rəbb sizinlə olsun!» Biçinçilər cavab verdilər: «Rəbb sənə xeyir-dua versin».
5. Boaz biçinçilərə nəzarət edən nökərinə dedi: «Bəs bu cavan qadın kimdir?»
6. Nökər cavab verdi: «Bu cavan qadın Moavlıdır. O, Moav torpağından buraya Naomi ilə birlikdə gəlib.
7. Mənə dedi: “Rica edirəm, qoy biçinçilərin ardınca düşüm və dərzlərin arasından düşən başaqları yığıb toplayım”. Səhərdən gəlib, indiyəcən buradadır, talvar altında isə lap az dincəlib».
8. Boaz Ruta dedi: «Mənə qulaq as, qızım! Başaq yığmaq üçün buradan ayrılıb başqa zəmiyə getmə. Burada işləyən mənim qulluqçu qızlarımla qal.
9. Yalnız biçinçilərin biçdiyi bu zəmiyə gözünü dik və qızların ardınca get. Nökərlərə əmr etmişəm ki, heç kimin səninlə işi olmasın. Əgər susasan, su qablarının yanına gedib nökərlərin çəkdiyi sudan iç».
10. Rut üzüstə yerə döşəndi və yerədək təzim edərək dedi: «Nəyə görə mən gözlərində lütf tapdım? Nə üçün mənə hörmət edirsən? Axı mən bir qəribəm».
11. Boaz ona cavab verdi: «Ərin öləndən sonra qayınanana etdiyin hər şeyi eşitmişəm. Sən atanı, ananı, doğma torpağını atıb heç tanımadığın bir xalqın yanına gəlmisən».
12. Bu işinin əvəzini qoy Rəbb versin! Qoy qanadı altına sığınmaq üçün gəldiyin İsrailin Allahı Rəbb sənə bol mükafat versin!
13. Rut dedi: «Qoy sənin gözündə lütf tapım, ağam, necə də mənə təsəlli verdin. Sənin kənizlərinin birinə tay olmadığım halda bu kənizini ürəkləndirən sözlər söylədin».
14. Yemək zamanı Boaz Ruta dedi: «Buraya gəl, sən də çörəkdən ye, tikəni sirkə-şirəyə batır». Qadın gəlib biçinçilərin yanında əyləşdi. Boaz ona qovurğa uzatdı. Qadın yeyib-doydu və yeməyindən artıq da qaldı.
15. Rut başaq yığmaq üçün ayağa qalxanda Boaz nökərlərinə əmr edib dedi: «Qoy o gedib dərzlərin arasından başaq yığsın, onu incitməyin.
16. Dərzlər arasından çəkib onun üçün də atın ki, o da yığsın. Onu qınamayın».
17. Rut axşama qədər zəmidə başaq yığdı və yığdığı başağı döyüb bir efaya yaxın arpa çıxartdı.
18. Sonra onu götürüb şəhərə gəldi. Qayınanası gördü ki, o, başaq gətirib. Rut naharda doyandan sonra artıq qalan yeməyini qayınanasına verdi.
19. Qayınanası ona dedi: «Bu gün harada başaq yığmısan? Harada işləmisən? Sənə hörmət edən qoy xeyir-dua alsın!» Rut yanında işlədiyi adam haqqında qayınanasına danışıb dedi: «Bu gün yanında işlədiyim adamın adı Boazdır».
20. Naomi gəlininə dedi: «Dirilərdən və ölülərdən Öz xeyirxahlığını əsirgəməyən Rəbb qoy ona xeyir-dua versin!» Naomi yenə dedi: «O, qohumumuzdur, yaxın qəyyumlarımızdan biridir».
21. Moavlı Rut dedi: «Bir də o mənə dedi ki, mənim biçinim qurtarana qədər işçilərimlə birgə işlə».
22. Naomi gəlininə dedi: «Qızım, onun qulluqçu qızları ilə işləməyin çox yaxşıdır, yoxsa başqa zəmilərdə səni incidərlər».
23. Beləliklə, Rut arpa və buğda biçinləri qurtarana qədər Boazın qulluqçu qızlarının yanında başaq yığdı və qayınanası ilə birgə yaşadı.

Zəbur 52:1-5
1. Pisliyinlə nə üçün öyünürsən, ey cəngavər?Sonsuzdur Allahın məhəbbəti.
2. Ey hiyləgər, dilin insanı məhv edir,İti ülgüc kimi kəsir.
3. Yaxşılıqdan çox yamanı,Doğru sözdən çox yalanı sevirsən.
4. Ey hiyləgər dilli,Məhvedici sözləri çox sevirsən!
5. Allah səni əbədilik qıracaq,Yaxandan yapışaraq evindən çölə atacaq,Dirilər arasından kökünü qoparacaq.

Süleymanın Məsəlləri 15:4-5
4. Şəfa gətirən dil həyat ağacıdır,Əyri dil ürək qırar.
5. Səfeh ata tərbiyəsini ələ salar,Məzəmməti qəbul edən uzaqgörən olar.

Luka 19:28-48
28. İsa bu sözləri deyib qabaqda yeriyərək Yerusəlimə doğru qalxdı.
29. Zeytun dağı adlanan dağın yamacındakı Bet-Faqe ilə Bet-Anyaya yaxınlaşarkən şagirdlərdən ikisini göndərərək
30. dedi: «Qarşınızdakı kəndə gedin. Oraya girəndə hələ heç kəsin minmədiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gətirin.
31. Kim sizdən soruşsa: “Nə üçün sıpanı açırsınız?”, ona “bu sıpa Rəbbə lazımdır” deyərsiniz».
32. Göndərilənlər gedib hər şeyin Onun dediyi kimi olduğunu gördülər.
33. Onlar sıpanı açanda onun sahibləri onlara dedi: «Bu sıpanı nə üçün açırsınız?»
34. Onlar cavab verdilər: «Bu sıpa Rəbbə lazımdır».
35. Sıpanı İsanın yanına gətirdilər və öz paltarlarını sıpanın üstünə sərib İsanı onun belinə mindirdilər.
36. O irəli gedərkən insanlar öz paltarlarını yola döşəyirdi.
37. İsa Zeytun dağının aşağı düşən yamacına yaxınlaşanda çoxlu şagird gördükləri bütün möcüzələr üçün sevinib uca səslə Allaha həmd etməyə başladı.
38. Onlar deyirdi:«Rəbbin ismi ilə gələn Padşaha alqış olsun!Göydə sülh, ən ucalarda izzət olsun!»
39. İzdihamın arasından bəzi fariseylər Ona dedilər: «Müəllim, şagirdlərinə qadağan et!»
40. Lakin İsa cavabında onlara dedi: «Sizə bunu deyirəm ki, əgər onlar sussa, daşlar dilə gələr!»
41. İsa Yerusəlimə yaxınlaşanda ona baxıb şəhər üçün ağladı.
42. O dedi: «Ah, kaş sən də bu gün sülhə aparan yolu tanıyaydın! Amma bu yol hələlik sənin nəzərindən gizlənib.
43. Çünki səni elə günlər gözləyir ki, düşmənlərin səni sədlə əhatə edəcək, mühasirəyə alacaq və hər yerdən sıxışdıracaqlar.
44. Səni də, qucağındakı övladlarını da yerlə-yeksan edəcəklər. Daşını daş üstə qoymayacaqlar, çünki Allahın sənə yaxınlaşdığı zamanı anlamadın».
45. İsa məbədə girib orada satıcılıq edənləri qovmağa başladı.
46. Onlara belə dedi:«“Mənim evim dua evi olacaq”deyə yazılıb. Amma siz onu quldur yuvasına çevirmisiniz!»
47. İsa hər gün məbəddə təlim öyrədirdi. Başçı kahinlər, ilahiyyatçılar və xalqın nüfuzlu adamları Onu öldürmək üçün yol axtarırdı,
48. amma bunu necə edəcəklərini bilmirdilər. Çünki bütün xalq Onu böyük diqqətlə dinləyirdi.