A A A A A

Bir il Bibliya


Aprel 26


Hakimlər 17:1-13
1. Efrayimin dağlıq bölgəsindən olan Mikeya adlı bir adam var idi.
2. O, anasına belə dedi: «Səndən oğurlanan min yüz şekel gümüşdən ötrü lənət etdin və bunu mənə eşitdirdin. Budur, o gümüş məndədir, onu mən götürmüşəm». Anası ona dedi: «Oğlum, qoy Rəbb sənə xeyir-dua versin».
3. O, min yüz şekel gümüşü anasına qaytardı. Anası ona dedi: «Bu gümüşün hamısını Rəbb üçün təqdis edirəm. Qoy oğlum ondan bir oyma və bir tökmə büt düzəltsin. İndi bu gümüşü sənə qaytarıram».
4. Gümüşü anasına geri qaytararkən anası iki yüz şekel gümüş götürüb zərgərə verdi. Ondan bir oyma və bir tökmə büt düzəltdirdi. Bu bütləri Mikeyanın evinə qoydular.
5. Mikeyanın ibadətgahı var idi. O, bir efod və ev bütləri düzəldib oğullarından birini özünə kahin təyin etdi.
6. O dövrdə İsraildə padşah yox idi, hərə öz gözündə doğru görünən işi edirdi.
7. Yəhudanın Bet-Lexem şəhərindən olan bir Yəhudalının ailəsində yaşayan gənc Levili var idi.
8. Həmin adam yaşamağa bir yer tapmaq üçün Yəhudanın Bet-Lexem şəhərindən çıxdı. Səfərə çıxarkən Efrayimin dağlıq bölgəsinə – Mikeyanın evinə gəldi.
9. Mikeya ona dedi: «Haradan gəlirsən?» O, Mikeyaya dedi: «Mən Yəhudanın Bet-Lexem şəhərindən gələn bir Leviliyəm, bir yer tapıb yaşamaq istəyirəm».
10. Mikeya ona dedi: «Mənimlə qal, mənə ata və kahin ol. Mən də sənə ildə on şekel gümüş, bir dəst paltar və yeməyini verərəm». Levili onunla getdi.
11. O, Mikeya ilə qalmağa razı oldu və bu gənc ona bir oğul kimi oldu.
12. Mikeya Levilini özünə kahin təyin etdi və bu gənc onun evində yaşadı.
13. Mikeya dedi: «İndi bilirəm ki, Rəbb mənə yaxşılıq edəcək, çünki bir Levili kahinim var».

Hakimlər 18:1-30
1. O dövrdə İsraildə padşah yox idi. Elə həmin dövrdə Dan qəbiləsi yaşamaq üçün özlərinə irsi torpaq axtarırdı, çünki o günə qədər İsrail qəbilələri arasında onlara irs olaraq torpaq düşməmişdi.
2. Dan övladları ölkəni axtarıb aramaq üçün Sora və Eştaol şəhərlərindən olan bütün nəsillərindən beş nəfər igid adamı kəşfiyyata göndərdilər və onlara dedilər: «Gedin, ölkəni axtarın». Onlar Efrayimin dağlıq bölgəsinə – Mikeyanın evinə gəldilər və orada gecələdilər.
3. Hələ Mikeyanın evinin yanında ikən gənc Levilinin səsini tanıdılar və evə tərəf dönüb ondan soruşdular: «Buraya səni kim gətirib? Burada nə edirsən? Sənin burada nə işin var?»
4. Levili onlara dedi: «Mikeya mənim üçün belə-belə işlər gördü. O məni muzdla tutdu və mən də onun kahini oldum».
5. Danlılar ona dedilər: «Rica edirik, Allaha müraciət et. Qoy biz getdiyimiz bu yolun necə uğurlu olacağını öyrənək».
6. Kahin onlara dedi: «Salamat gedin, getdiyiniz bu yol Rəbbə xoşdur».
7. Bu beş igid gedib Layişə çatdı və gördü ki, orada yaşayan xalq qayğısızdır. Sidonlular kimi dinc və rahat yaşayırlar. Bu bölgədə onlara hökm edib əziyyət verən heç kim yox idi. Onlar Sidonlulardan uzaqda olub başqa heç kəslə əlaqələri yox idi.
8. İgidlər Sora və Eştaol şəhərlərinə, öz xalqının yanına qayıdanda xalq onlara dedi: «Nə öyrənə bildiniz?»
9. İgidlər onlara dedilər: «Qalxın, Sidonlulara hücum edək, çünki onların torpağını gördük, çox yaxşıdır. Niyə boş dayanmısınız? Tərəddüd etməyin, gedib torpağı alın!
10. Oraya çatanda qayğısız bir xalq görəcəksiniz. Allahın sizə verdiyi bu torpaq çox genişdir. Ora elə torpaqdır ki, heç nəyə ehtiyacları yoxdur».
11. Dan nəslindən altı yüz kişi silahlanaraq Sora və Eştaoldan yola düşdülər.
12. Yəhudaya qalxıb Qiryat-Yearimdə gecələdilər. Buna görə də o yer bu günə qədər Maxane-Danadlanır. O yer Qiryat-Yearimin qərbində yerləşir.
13. Oradan Efrayimin dağlıq bölgəsinə keçdilər və Mikeyanın evinə gəldilər.
14. Layiş diyarını axtarmaq üçün gedən beş nəfər kişi öz xalqına sual verdi: «Bu evlərdə efod, ev bütləri, həm də oyma və tökmə bütlərin olduğunu bilirsinizmi? Onda görün nə edirsiniz, bu barədə bir qərara gəlin».
15. Onlar oraya burulub, o gənc Levilinin qaldığı Mikeyanın evinə gələrək onun hal-əhvalını xəbər aldılar.
16. Dan övladlarından döyüş üçün silahlanmış altı yüz nəfər onun darvazasının girişində dayandı.
17. Ölkəni axtarmağa gedən həmin o beş igid evə girib oyma bütü, efodla ev bütlərini və tökmə bütü götürdülər. Kahin və silahlanmış altı yüz nəfər isə darvazanın girişində dayanmışdı.
18. Onlar Mikeyanın evinə girib oyma bütü, efodla ev bütlərini və tökmə bütü götürdükləri zaman kahin onlardan soruşdu: «Nə edirsiniz?»
19. Onda dedilər: «Sus, əlinlə ağzını yum və dur bizimlə gedək, bizə ata və kahin ol. Sənin üçün bir adama kahin olmaq yaxşıdır, yoxsa bir İsrail qəbiləsinə, bir nəslə?»
20. Kahinin könlü şad oldu, efodla ev bütlərini və oyma bütü götürüb xalq ilə bərabər getdi.
21. Onlar öz külfətlərini, heyvanları və ev əşyalarını qabaqlarına qatıb yola düşdülər.
22. Mikeyanın evindən uzaqlaşanda Mikeyanın qonşuları toplaşaraq Dan övladlarına çatdılar.
23. Onlar Dan övladlarını səslədi. Dan övladları üzlərini Mikeyaya tutub dedi: «Sənə nə olub ki, bunları bura yığmısan?»
24. Mikeya onlara dedi: «Düzəltdiyim allahları və kahini götürüb getdiniz, bəs mənə nə qaldı? Hələ bir soruşursunuz ki, sənə nə olub?»
25. Dan övladları ona dedilər: «Səsin aramızda eşidilməsin, yoxsa qəzəbindən odlanan adamlarımız sənin üstünə düşər, həm öz həyatını, həm də evindəkilərin həyatını itirərsən».
26. Dan övladları yollarına davam etdilər. Mikeya bu adamların ondan güclü olduğunu görüb evinə qayıtdı.
27. Dan övladları Mikeyanın düzəltdiyi şeyləri və onun kahinini götürüb Layişə, dinc və rahat bir xalqa hücum etdi. Əhalisini qılıncdan keçirib şəhərə od vurdular.
28. Onları qurtaran olmadı, çünki Layiş Sidondan uzaqda idi. Bu xalqın başqa heç kəslə əlaqəsi yox idi. Bu şəhər Bet-Rexovun yanında olan bir vadidə yerləşir. Danlılar bu şəhəri bərpa edib orada yaşadılar.
29. Onlar İsraildən törənən öz ataları Danın xatirinə bu şəhərin adını Dan qoydular. Amma əvvəlcə şəhərin adı Layiş idi.
30. Dan övladları orada oyma bütü qurdular və əhali əsirliyə düşən günə qədər Musa oğluGerşom oğlu Yonatan özü və oğulları Dan qəbiləsinə kahin oldu.

Zəbur 51:7-11
7. Məni züfa ilə pak et, təmiz olum,Məni yu, qardan da ağ olum.
8. Mənə şadlıq, sevinc səsini eşitdir,Qırdığın sümüklərim xoşhallansın.
9. Üzünü tut, günahlarımı görmə,Bütün təqsirlərimi sil.
10. Ey Allah, məndə təmiz ürək yarat,Daxilimə yenidən sədaqət ruhunu ver.
11. Məni Öz hüzurundan atma,Müqəddəs Ruhunu məndən götürmə.

Süleymanın Məsəlləri 14:33-35
33. Hikmət dərrakəlinin qəlbində özünə rahat yuva qurar,Hətta axmaqların arasında da bəlli olar.
34. Salehlik bir milləti ucaldar,Günah ümmətləri utandırar.
35. Padşah ağıllı qulundan razı qalar,Adbatıransa onun qəzəbinə düçar olar.

Luka 18:24-43
24. İsa onun dərindən kədərləndiyini görəndə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir!
25. Doğrudan da, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır».
26. Bunları eşidənlər dedilər: «Elə isə, kim xilas ola bilər?»
27. O isə dedi: «İnsan üçün qeyri-mümkün olan, Allah üçün mümkündür».
28. Peter isə dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik».
29. İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: Allahın Padşahlığı uğrunda ya evini ya arvadını ya bacı-qardaşlarını ya ata-anasını və yaxud uşaqlarını atan elə bir kəs yoxdur ki,
30. bu dövrdə bundan neçə qat artıq, gələcək dövrdə isə əbədi həyat almasın».
31. İsa On İki şagirdi kənara çəkib onlara dedi: «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu üçün peyğəmbərlər vasitəsilə yazılanların hamısı tam yerinə yetəcək.
32. Çünki O, başqa millətlərə təslim ediləcək. Onlar Onu ələ salıb təhqir edəcək, Ona tüpürəcək
33. və qamçılayıb öldürəcəklər. O, üçüncü gün diriləcək».
34. Amma şagirdlər bu sözlərdən heç bir şey başa düşmədilər. Bu sözlər onlar üçün gizli saxlandı və onlar deyilənləri anlamırdılar.
35. İsa Yerixoya yaxınlaşanda bir kor adam yol kənarında oturub dilənirdi.
36. Yanından çoxlu adamın keçdiyini eşitdikdə soruşdu: «Nə olub?»
37. Ona xəbər verdilər: «Nazaretli İsa buradan keçir».
38. Onda o qışqırdı: «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!»
39. Qabaqda gedənlər ona qadağan edib susdurmaq istəsələr də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı.
40. İsa dayanıb əmr etdi ki, onu yanına gətirsinlər. Adam yaxınlaşarkən İsa ondan soruşdu:
41. «Nə istəyirsən, sənin üçün edim?» O dedi: «Ya Rəbb, gözlərim açılsın».
42. İsa ona dedi: «Qoy gözlərin açılsın, imanın səni xilas etdi».
43. Həmin an bu adamın gözləri açıldı və o, Allahı izzətləndirərək İsanın ardınca getdi. Bunu görən bütün xalq Allaha həmdlər etdi.