A A A A A

Bir il Bibliya


Aprel 18


Hakimlər 1:1-36
1. Yeşuanın ölümündən sonra İsrail övladları Rəbdən soruşdu: «Bizim üçün Kənanlılara qarşı döyüşə birinci kim çıxacaq?»
2. Rəbb dedi: «Yəhudalılar çıxacaq, budur, Mən torpağı onlara təslim edirəm».
3. Yəhudalılar soydaşları Şimeonlulara dedi: «Torpağın bizə düşən hissəsinə gəlin, Kənanlılara qarşı vuruşmaq üçün bizimlə döyüşə çıxın. Sonra da torpağın sizə düşən hissəsinə gəlib sizinlə bərabər biz döyüşə çıxarıq».
4. Yəhudalılar döyüşə çıxdı. Rəbb Kənanlılarla Perizliləri onlara təslim etdi və Yəhudalılar Bezeqdə onlardan on min nəfər adamı qırdı.
5. Bezeqdə Adoni-Bezeqi tapıb vuruşdular və həm Kənanlıları, həm də Perizliləri qırdılar.
6. Lakin Adoni-Bezeq qaçdı və Yəhudalılar onun ardınca qaçıb əllərinin və ayaqlarının baş barmaqlarını kəsdilər.
7. Adoni-Bezeq dedi: «Mənim masamın altında yetmiş padşah əl və ayaqlarının baş barmaqları kəsilmiş halda çörək qırıntıları dənləyirdi. Mən necə etmişdimsə, Allah da mənə əvəzini elə verdi». Yəhudalılar Adoni-Bezeqi Yerusəlimə gətirdi və o orada öldü.
8. Yəhuda övladları Yerusəlimə hücum edib vuruşdu və oranı alıb əhalisini qılıncdan keçirdilər. Şəhərə isə od vurub yandırdılar.
9. Bundan sonra Yəhuda övladları dağlıq bölgədə, Negevdə və yamaclı-düzənlikli bölgədə yaşayan Kənanlılara qarşı vuruşmaq üçün endilər.
10. Əvvəlki adı Qiryat-Arba olan Xevronda yaşayan Kənanlılara qarşı yürüş edib Şeşayı, Aximanı və Talmayı məğlub etdilər.
11. Oradan da əvvəlki adı Qiryat-Sefer olan Devir əhalisinə qarşı yürüş etdilər.
12. Kalev dedi: «Kim Qiryat-Seferə hücum edib oranı alarsa, qızım Aksanı ona ərə verəcəyəm».
13. Oranı Kalevin kiçik qardaşı Kenazın oğlu Otniel aldı. Kalev qızı Aksanı arvad olaraq ona verdi.
14. Qız Otnielə ərə gedəndə ərini atasından bir tarla yeri istəməyə sövq etdi. Qız eşşəkdən düşəndə Kalev ona dedi: «Nə istəyirsən?»
15. Aksa Kalevə dedi: «Mənə bir pay da ver. Madam ki mənə Negev torpağını verdin, onda su qaynaqlarını da ver». Kalev ona yuxarıdakı və aşağıdakı su qaynaqlarını verdi.
16. Musanın Qenli qayınatasının nəslindən olanlar Yəhudalılarla birgə Xurma şəhərindənçıxaraq Aradın cənubunda olan Yəhuda çölündə xalqın arasında məskunlaşdılar.
17. Yəhudalılar soydaşları Şimeonlularla birgə gedib Sefatda qalan Kənanlıları qıraraq tamamilə məhv etdilər. O şəhərin adı Xorma adlandırıldı.
18. Yəhudalılar Qəzzəni və bütün ərazisini, Aşqelonu və bütün ərazisini, Eqronu və bütün ərazisini aldılar.
19. Rəbb Yəhudalılarla idi. Yəhudalılar dağlıq bölgəsini ələ keçirdilər. Vadi sakinlərini isə qova bilmədilər, çünki onların dəmir döyüş arabaları var idi.
20. Musanın söylədiyi kimi Xevronu Kalevə verdilər. O da Anaqın üç oğlunu oradan qovdu.
21. Lakin Binyamin övladları Yerusəlimdə qalan Yevusluları qovmadılar və Yevuslular bu günə qədər Binyamin övladları ilə birgə Yerusəlimdə yaşayırlar.
22. Yusif nəsli də Bet-Elə hücum etdi və Rəbb onlarla idi.
23. Yusif nəsli Bet-Elə kəşfiyyata adamlar göndərdi. Şəhərin əvvəlki adı Luz idi.
24. Kəşfiyyatçılar şəhərdən çıxan bir adamı görüb dedilər: «Rica edirik, bizə şəhərə girmək üçün yol göstərəsiniz və biz də sizinlə yaxşı rəftar edərik».
25. Bu adam onlara şəhərə girmək üçün yol göstərdi. Onlar şəhərə girib əhalisini qılıncdan keçirdilər, lakin həmin adama və qohumlarına dəymədilər.
26. Bu adam Xetlilərin torpağına getdi və orada bir şəhər salıb adını Luz qoydu. Oranın bu günə qədər adı belədir.
27. Menaşşe qəbiləsi Bet-Şeanla qəsəbələrinin əhalisini, Taanakla qəsəbələrinin əhalisini, Dorla qəsəbələrinin əhalisini, İvleamla qəsəbələrinin əhalisini və Megiddo ilə qəsəbələrinin əhalisini qovmadı. Kənanlılar bu ölkədə qalmaq iddiasını etdi.
28. İsraillilər bu torpaqlarda möhkəmlənəndə Kənanlıların üzərinə mükəlləfiyyət qoydular, amma tamamilə qovmadılar.
29. Efrayim qəbiləsi Gezerdə olan Kənanlıları qovmadı. Bununla da Kənanlılar Gezerdə – onların arasında yaşadı.
30. Zevulun qəbiləsi Qitron əhalisini və Nahalol əhalisini qovmadı. Kənanlılar da onların arasında qalıb mükəlləfiyyətçi oldular.
31. Aşer qəbiləsi Akko əhalisini, Sidon, Axlav, Akziv, Xelba, Afeq və Rexov əhalisini qovmadı.
32. Aşerlilər bu ölkənin sakinləri olan Kənanlılar arasında yaşadı və onları qovmadı.
33. Naftali qəbiləsi Bet-Şemeş və Bet-Anat əhalisini qovmadı, bu ölkənin sakinləri olan Kənanlılar arasında yaşadı. Bet-Şemeş və Bet-Anat əhalisi onlar üçün mükəlləfiyyətçi oldu.
34. Emorlular Dan övladlarını dağlıq bölgəsinə köçməyə vadar etdi və onları vadiyə düşməyə qoymadı.
35. Emorlular Har-Xeresdə, Ayyalonda və Şaalvimdə qalıb orada yaşadı. Ancaq Yusif nəsli qüvvətlənəndə Emorlular onlar üçün mükəlləfiyyətçi oldu.
36. Emorluların sərhədi Aqrabbim keçidindən – Seladan yuxarıya uzanırdı.

Hakimlər 2:1-23
1. Rəbbin mələyi Qilqaldan Bokimə çıxdı və dedi: «Sizi Mən Misirdən çıxararaq atalarınıza vəd etdiyim torpağa gətirib dedim ki, sizinlə olan əhdimi heç vaxt pozmayacağam.
2. Siz isə bu torpağın əhalisi ilə əhd bağlamayın və onların qurbangahlarını dağıdın. Lakin siz Mənim sözümə qulaq asmadınız. Niyə belə etdiniz?
3. Buna görə də Mən deyirəm: onları qarşınızdan qovmayacağam və onlar sizə əngəl, allahları isə sizə tələ olacaq».
4. Rəbbin mələyi bu sözləri İsrail övladlarına söylədiyi zaman xalq bərkdən ağlamağa başladı.
5. Ona görə də o yerin adına Bokimdedilər və orada Rəbbə qurban təqdim etdilər.
6. Yeşua xalqı yola salan zaman İsrail övladlarından hər biri öz torpaq paylarına sahib olmaq üçün getdi.
7. Yeşuanın bütün ömrü boyu Rəbbin İsrail üçün etdiyi bütün böyük işləri görən və Yeşuadan sonra sağ qalan ağsaqqalların bütün ömrü boyunca xalq Rəbbə qulluq etdi.
8. Rəbbin qulu Nun oğlu Yeşua yüz on yaşında vəfat etdi.
9. Onu Qaaş dağının şimalında, Efrayimin dağlıq bölgəsində olan Timnat-Xeres adlı irs olan torpaq sahəsində dəfn etdilər.
10. Yeşua ilə bir dövrdə yaşayan bütün nəsil də ölüb atalarına qovuşdu. Bundan sonra Rəbbin İsrail üçün etdiyi işləri bilməyən başqa bir nəsil törədi.
11. İsrail övladları Rəbbin gözündə pis olan işlər görərək Baal bütlərinə qulluq etdilər.
12. Bununla da onları Misir ölkəsindən çıxaran atalarının Allahı Rəbbi atıb başqa allahlara – ətraflarında yaşayan millətlərin allahlarına sitayiş edərək onlara səcdə etdilər. Buna görə də Rəbbi qəzəbləndirdilər.
13. Onlar Rəbbi ataraq Baal və Aştoret bütlərinə qulluq etdilər.
14. Rəbbin İsrailə qarşı qəzəbi alovlandı və onları basqınçılara təslim etdi. Basqınçılar da onları talan etdilər. Rəbb onları ətraflarındakı düşmənlərə verdi. İsrail övladları isə düşmən qabağında tab gətirə bilmədilər.
15. Harada döyüşdülərsə, Rəbbin onlara dediyi və and içdiyi kimi Rəbbin əli onların əleyhinə qalxdı. Bundan İsraillilər pis vəziyyətə düşüb çox əziyyət çəkdilər.
16. Rəbb İsrail övladlarını talançıların əlindən qurtarmaq üçün hakimlər yetirdi.
17. Lakin onlar hakimlərə də qulaq asmadılar. Başqa allahlara sitayiş etməklə Rəbbə xəyanət etdilər. Rəbbin əmrlərinə itaət edən atalarına bənzəmədilər və tezliklə ata-babaları gedən yoldan azdılar.
18. Rəbb onlar üçün hakimlər yetirdi və Özü də hakimlərlə oldu. Hakimlərin ömrü boyunca Rəbb İsrailliləri düşmənlərin əlindən qurtarırdı. Ona görə ki onları əzənlərin və sıxışdıranların üzündən nalə çəkdikləri zaman Rəbbin xalqa rəhmi gəlirdi.
19. Hər hansı hakim öləndən sonra xalq yenə başqa allahlara sitayiş etməklə, onlara qulluq edib səcdə etməklə atalarından daha betər olurdu. Onlar bu əməllərindən, bu inadkarlıqlarından əl çəkmədi.
20. Ona görə də Rəbbin İsraillilərə qarşı qəzəbi alovlandı və dedi: «Madam ki bu millət Mənim atalarına əmr etdiyim əhdi pozub sözümə qulaq asmadı,
21. Mən də Yeşua vəfat edəndə bu torpaqlarda saxladığı millətlərin heç birini daha onların qarşısından qovmayacağam.
22. Ataları kimi bu yolla gedib-getməyəcəklərini görmək üçün İsrailliləri bu millətlər vasitəsilə sınaqdan keçirəcəyəm».
23. Rəbb bu millətlərin həmin torpaqlarda qalmasına izin verdi. Onları Yeşuaya təslim etməyərək dərhal qovmadı.

Zəbur 48:1-8
1. Allahımızın şəhərində,Öz müqəddəs dağındaRəbb çox əzəmətlidir,Bol həmdlərə layiqdir.
2. Şimala tərəf böyük Padşahın şəhəri –Sion dağı ucalığı ilə gözəldir,Dünyanın sevincidir.
3. Onun qalalarında Allah ÖzünüAlınmaz qala kimi göstərmişdir.
4. Padşahlar bir yerə yığıldılar,Siona yürüş etdilər.
5. Onu görəndə mat qaldılar,Qorxub tez qaçdılar.
6. Hamilə qadının ağrısı kimiCanlarına lərzə düşdü.
7. Sən şərq küləyi iləTarşiş gəmilərini parçaladın.
8. Ordular Rəbbinin şəhərində –Allahımızın şəhərindəNə eşitmişiksə, onu gördük,Allah oranı əbədi saxlayacaq.

Süleymanın Məsəlləri 14:15-17
15. Cahil hər sözə inanar,Uzaqgörən hər addımına nəzər salar.
16. Hikmətli qorxub pislikdən dönər,Axmaq ehtiyatsızdır, özünə güvənər.
17. Hövsələsiz səfeh-səfeh iş görər,Pisniyyət adama nifrət edilər.

Luka 14:1-24
1. Bir Şənbə günü İsa farisey rəhbərlərinin birinin evinə çörək yeməyə getdi. Hamı Ona göz qoyurdu.
2. Onun qarşısında hidropos xəstəliyinə tutulmuş bir adam var idi.
3. İsa qanunşünas və fariseylərə xitab edərək soruşdu: «Şənbə günü insanlara şəfa verməyə icazə var ya yox?»
4. Amma onlar dinmirdi. İsa o adama əli ilə toxundu, onu sağaltdı və buraxdı.
5. İsa onlara dedi: «Sizlərdən kimin oğlu yaxud öküzü Şənbə günü quyuya düşsə, onu dərhal oradan dartıb çıxarmaz?»
6. Onlar İsanın bu sualına cavab verə bilmədilər.
7. İsa fikir verdi ki, dəvət olunanlar yuxarı başda oturmağı seçdilər. Onlara belə bir məsəl söylədi:
8. «Bir nəfər səni toya dəvət edirsə, yuxarı başda oturma. Bəlkə ev yiyəsinin səndən də hörmətli bir qonağı var.
9. İkinizi də toya dəvət edən gəlib sənə “bu adama yer ver” desə, sən xəcalət içində aşağı başda əyləşməli olarsan.
10. Amma dəvət olunanda gedib ən aşağı başda otur ki, səni dəvət edən adam gəlib sənə “Dostum! Yuxarı başa keç” desin; o zaman səninlə birgə oturanların hamısının qarşısında hörmət qazanarsan.
11. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək».
12. İsa Onu dəvət edənə də dedi: «Günorta yaxud axşam yeməyi verdiyin vaxt öz dostlarını, qardaşlarını, qohumlarını, dövlətli qonşularını dəvət etmə ki, onlar da səni çağıraraq sənə əvəzini versin.
13. Amma qonaqlıq verəndə yoxsulları, əlilləri, topalları, korları çağır.
14. Onda onlar sənə əvəzini verə bilmədiyinə görə sən bəxtiyar olacaqsan. Çünki salehlər dirildiyi zaman sənə əvəz veriləcək».
15. Süfrəyə oturanlardan biri bunu eşidib İsaya dedi: «Allahın Padşahlığında çörək yeyən nə bəxtiyardır!»
16. Amma İsa ona dedi: «Bir adam böyük ziyafət hazırladı və oraya çoxlu qonaq çağırdı.
17. Yemək vaxtı gələndə öz qulunu dəvət olunanların yanına göndərdi ki, onlara desin: “Buyurun, indi hər şey hazırdır”.
18. Amma hamı birdən üzr istəməyə başladı. Birincisi ona dedi: “Mən bir torpaq sahəsi almışam, gedib ona baxmalıyam. Səndən xahiş edirəm, məni bağışla”.
19. Digəri isə dedi: “Mən beş cüt öküz satın almışam və onları yoxlamağa gedirəm. Səndən xahiş edirəm, məni bağışla”.
20. Üçüncüsü dedi: “Mən təzə evlənmişəm, buna görə də gələ bilmərəm”.
21. Qul qayıdıb bu şeyləri ağasına bildirdi. O zaman ev yiyəsi qəzəblənib quluna dedi: “Qaç, şəhərin küçə və tinlərində olan yoxsulları, əlilləri, korları və topalları buraya gətir”.
22. Qul isə dedi: “Ağa, sənin əmrin yerinə yetirildi, hələ artıq yer də qalıb”.
23. Ağası quluna dedi: “Get, bütün yolları və çəpərləri gəz. Evim dolsun deyə adamları gəlməyə vadar et.
24. Sizə bunu deyirəm: ilk dəvət olunanların heç biri mənim ziyafətimdən dadmayacaq”».