A A A A A

Bir il Bibliya

Aprel 12

Yeşua 13:1-33
1. Yeşua qocalıb yaşa dolmuşdu. Rəbb ona dedi: «Sən qocalıb yaşa dolmusan, ancaq mülk olaraq almaq üçün olduqca çox yer qalıb.
2. Qalan yerlər bunlardır: Filiştlilərin bütün əyalətləri, Geşurluların bütün torpaqları;
3. Misir qarşısında olan Şixor çayından şimala tərəf Kənanlıların torpağı sayılan Eqron sərhədinə qədər torpaqlar; Filiştlilərin beş ağasına məxsus Qəzzəlilərin, Aşdodluların, Aşqelonluların, Qatlıların torpaqları və Eqronluların ağalarına məxsus torpaqlar; Avvalıların torpağı;
4. cənubda bütün Kənan torpağı, Sidonlulara məxsus Mearadan Afeqə – Emorluların sərhədlərinə qədər olan torpaqlar;
5. Gevallıların torpağı, Xermon dağı ətəyində olan Baal-Qaddan Xamat keçidinə qədər gün doğana tərəf bütün Livan;
6. Livandan Misrefot-Mayimə qədər bütün dağlıq əhalisi və bütün Sidonluları da İsrail övladlarının qarşısından Mən qovacağam. Ancaq sənə əmr etdiyim kimi bu torpaqları İsraillilərə irs olaraq böl.
7. İndi bu yerləri doqquz qəbilə ilə Menaşşe qəbiləsinin yarısına irs olaraq böl».
8. Menaşşe qəbiləsinin yarısı ilə birgə Ruvenlilər və Qadlılar Musanın İordan çayının şərq tərəfində onlara verdiyi irs torpaqları, Rəbbin qulu Musanın onlara verdiyi bu torpaqları almışdılar:
9. Arnon vadisi kənarında olan Aroerdən vadinin ortasında olan şəhərlə Divona qədər bütün Medva yaylası;
10. Ammonluların sərhədinə qədər Xeşbonda hökmranlıq edən Emorluların padşahı Sixonun bütün şəhərləri;
11. Gilead, Geşurlular və Maakatlıların torpaqları, bütün Xermon dağı, Salkaya qədər bütün Başan;
12. Aştarot və Edreidə hökmranlıq edən, sağ qalan Rafalılardan biri olan Oqun Başandakı bütün torpaqları; Musa bütün bu torpaqlarda yaşayanları döyüşlə qovmuşdu.
13. Ancaq İsraillilər Geşurluları və Maakatlıları qovmadılar. Geşurlularla Maakatlılar bu günə qədər İsraillilər arasında yaşayır.
14. Amma Levi qəbiləsinə irs olaraq torpaq verilmədi, çünki Rəbbin Musaya dediyi kimi onların irsi İsrailin Allahı Rəbb üçün gətirilən yandırma təqdimləridir.
15. Musa Ruven övladlarının qəbiləsinə nəsillərinə görə pay verdi.
16. Onların sərhədi belə idi: Arnon vadisi kənarındakı Aroerdən, bu vadinin ortasındakı şəhər və Medva yanında olan bütün yayla;
17. Xeşbon və yaylada yerləşən şəhərlərin hamısı – Divon, Bamot-Baal, Bet-Baal-Meon,
18. Yahsa, Qedemot, Mefaat,
19. Qiryatayim, Sivma, dərə dağında olan Seret-Şahar,
20. Bet-Peor, Pisqa yamacları, Bet-Yeşimot,
21. bu yaylanın bütün şəhərləri, Xeşbonda hökmranlıq edən Emorlular padşahı Sixonun bütün ölkəsi idi. Musa Sixonu və Midyan başçıları olan və onun ölkəsində yaşayan ağaları – Evini, Reqemi, Suru, Xuru, Revanı öldürdü.
22. İsrail övladları öldürdükləri adamlarla birgə Beor oğlu falçı Bilamı da qılıncdan keçirtdilər.
23. Ruven övladlarının sərhədi İordan çayı ilə sahil torpaqları idi. Ruven övladlarının nəsillərinə görə irsi olan şəhərlər və onların kəndləri bunlar idi.
24. Musa Qad qəbiləsinə, Qad övladlarına nəsillərinə görə torpaq verdi.
25. Onların sərhədi isə belə idi: Yazer, Gileadın bütün şəhərləri və Rabba qarşısında olan Aroerə qədər Ammon övladları ölkəsinin yarısı;
26. Xeşbondan Ramat-Mispa və Betonimə qədər; Maxanayimdən Devir sərhədinə qədər;
27. dərədə Bet-Haram, Bet-Nimra, Sukkot, Safon, Xeşbon padşahı Sixonun ölkəsinin qalan hissəsi, İordan çayı ilə onun sahil torpaqları, İordan çayının şərq tərəfindən Kinneret gölünün cənub sahilinə qədər.
28. Qad övladlarının nəsillərinə görə torpaq irsi olan şəhərlər və onların kəndləri bunlar idi.
29. Musa Menaşşe qəbiləsinin yarısına torpaq verdi ki, bu da Menaşşe övladları qəbiləsinin yarısı üçün, nəsillərinə görə idi.
30. Onların torpağı Maxanayimdən, bütün Başan diyarı, Başan padşahı Oqun bütün ölkəsi və Başanda olan Yairin bütün qəsəbələri də daxil olmaqla altmış şəhər idi.
31. Gileadın yarısı Başan padşahı Oqun ölkəsindəki Aştarot və Edrei şəhərlərini də əhatə edirdi. Bunlar Menaşşe oğlu Makir övladlarına nəsillərinə görə Makir övladlarının yarısına verilmək üçün idi.
32. Yerixo şəhərinin qarşısında, İordan çayının şərq tərəfindəki Moav düzənliklərində Musanın böldüyü irs olan torpaqlar bunlar idi.
33. Ancaq Musa Levi qəbiləsinə irs olaraq torpaq vermədi. Rəbbin onlara dediyi kimi İsrailin Allahı Rəbb Özü onların irsidir.

Yeşua 14:1-15
1. İsrail övladları Kənan torpağından irs olaraq aldıqları torpaqlar bunlardır; bu torpaqları kahin Eleazar, Nun oğlu Yeşua və İsrail övladları qəbilələrinin nəsil başçıları,
2. Rəbbin Musa vasitəsilə buyurduğu kimi doqquz qəbilə və bir qəbilənin yarısı üçün irs olaraq püşk ilə böldülər.
3. Çünki Musa iki qəbilə ilə yarım qəbilənin irs olan torpağını İordanın şərq tərəfində onlara vermişdi, lakin onların arasında Levililərə irs olaraq torpaq verməmişdi.
4. Çünki Yusif övladları Menaşşe və Efrayim qəbiləsindən ibarət iki qəbilə oldu. Bundan sonra Levililərə yaşamaqdan ötrü şəhərlərdən, sürüləri və naxırları üçün otlaqlardan başqa heç bir torpaq hissəsi verilmədi.
5. İsrail övladları Rəbbin Musaya buyurduğu kimi etdilər və torpağı bölüşdürdülər.
6. Belə bir zamanda Yəhuda övladları Qilqala – Yeşuanın yanına gəldilər. Qenizli Yefunne oğlu Kalev Yeşuaya dedi: «Qadeş-Barneada Rəbbin səninlə mənim haqqımda Allah adamı Musaya dediyi sözü sən özün bilirsən.
7. Rəbbin qulu Musa ölkəni gözdən keçirtmək üçün Qadeş-Barneadan məni göndərəndə qırx yaşında idim. Mən ona səmimi qəlbdən müjdə gətirdim.
8. Lakin mənimlə birlikdə gedən soydaşlarım xalqın ürəyini üzdülər. Amma mən səmimi qəlblə Allahım Rəbbin ardınca getdim.
9. O gün Musa and içib dedi: “Sən qədəm basdığın torpaq mütləq sənə və sənin övladlarına əbədi irs olaraq veriləcək, çünki sən Allahım Rəbbin ardınca səmimi qəlblə getdin”.
10. İndi artıq İsraillilər səhrada gedərkən Rəbbin Musaya bu sözü dediyi vaxtdan qırx beş il keçir. Rəbb dediyi kimi mənə ömür verdi, bax mən bu gün səksən beş yaşındayam.
11. Musanın məni göndərdiyi vaxta olduğum kimi bu gün də qüvvətliyəm. O zaman qüvvətim necə idisə, indi də girib-çıxmaq və döyüşmək üçün elə qüvvətim var.
12. Buna görə də Rəbbin o zaman dediyi bu dağlıq yeri sən indi mənə ver. Bu dağlıq yerdə Anaqlıların, böyük və qala divarlı şəhərlərin olduğunu o gün sən də eşitdin. Bəlkə Rəbb mənimlə olar və mən də Rəbbin dediyi kimi onları qovaram».
13. Yeşua ona xeyir-dua verdi. Xevronu Yefunne oğlu Kalevə irs olaraq verdi.
14. Bunun üçün Xevron bu günə qədər Qenizli Yefunne oğlu Kalevin irs torpağıdır. Çünki o, səmimi qəlblə İsrailin Allahı Rəbbin ardınca getmişdi.
15. Xevronun adı əvvəlcə Qiryat-Arba idi. Anaqlılar arasında Arba ən böyük adam olmuşdu.Ölkə müharibədən dincliyə çıxdı.

Zəbur 44:20-26
20. Allahımızın ismini unutmuş olsaydıq,Yad allaha əl açmış olsaydıq,
21. Allah bunu araşdırmazdımı?Çünki qəlbin hər sirrini bilən Odur.
22. Biz gün boyu Sənin uğrunda öldürülürük,Qurbanlıq qoyunlar sayılırıq.
23. Ey Xudavənd, oyan, niyə yatmısan?Qalx, bizi əbədilik atma!
24. Niyə üzünü bizdən gizlədirsən?Əzab-əziyyətimizi nə üçün unutdun?
25. Qəlbimiz palçıq kimi əzilmişdir,Qəddimiz əyilib yerə dəyir.
26. Qalx, bizə kömək et,Bizi məhəbbətin naminə xilas et!

Süleymanın Məsəlləri 14:3-3
3. Səfeh lovğa sözlərinə görə kötək qazanar,Hikmətlinin dili onu qoruyar.

Luka 11:1-28
1. İsa bir yerdə dua edirdi. Duasını bitirəndə şagirdlərindən biri Ona dedi: «Ya Rəbb, Yəhya öz şagirdlərinə öyrətdiyi kimi Sən də bizə dua etməyi öyrət».
2. İsa onlara dedi: «Dua edəndə belə deyin:Göylərdə olan Atamız,Adın müqəddəs tutulsun,Padşahlığın gəlsin.Göydə olduğu kimi yerdə də Sənin iradən olsun.
3. Gündəlik çörəyimizi bizə hər gün ver.
4. Bizə borclu olan hər adamı bağışladığımıza görəBizim günahlarımızı da bağışla.Bizi sınağa çəkmə».
5. Sonra İsa onlara dedi: «Məsələn, sizlərdən birinin bir dostu var. O da gecə yarısı dostunun yanına gedib deyir: “Dostum, mənə üç kömbə çörək borc ver,
6. çünki yanıma dostum gəlib, qabağına qoyacaq heç nəyim yoxdur”.
7. Dostu da içəridən belə cavab verir: “Məni narahat etmə. Qapı artıq qıfıllıdır, uşaqlarım yanımda yatıb, mən durub sənə bir şey verə bilmərəm”.
8. Sizə deyim ki, o həmin adamla dost olduğu halda vermək istəməsə də, təkidlə xahiş etdiyinə görə qalxıb nə qədər ehtiyacı olsa, ona verəcək.
9. Mən sizə bunu deyirəm: diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq.
10. Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar.
11. Aranızdan hansı ata oğlu ondan balıq diləsə, ona balıq yerinə ilan verər?
12. Yaxud yumurta diləsə, ona əqrəb verər?
13. Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göydə olan Atanın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!»
14. İsa bir adamdan lal olan bir cini qovurdu. Cin çıxandan sonra lal danışmağa başladı və camaat heyrətləndi.
15. Amma onların bəzisi deyirdi: «O, cinlərin başçısı Baal-Zevulun gücü ilə cinləri qovur».
16. Başqaları isə İsanı sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin.
17. Nə düşündüklərini bilən İsa onlara dedi: «Öz daxilindən bölünmüş hər padşahlıq viran qalar və öz içindən bölünmüş ev dağılar.
18. Əgər Şeytan da öz daxilindən bölünübsə, onun padşahlığı necə davam gətirər? Siz də deyirsiniz ki, Mən cinləri Baal-Zevulun gücü ilə qovuram.
19. Əgər Mən cinləri Baal-Zevulun gücü ilə qovuramsa, bəs sizin adamlarınız kimin gücü ilə qovur? Buna görə də onlar sizin hakimləriniz olacaq.
20. Lakin Mən cinləri Allahın qüdrəti ilə qovuramsa, deməli, Allahın Padşahlığı üzərinizə gəlib.
21. Əgər güclü bir adam təpədən-dırnağadək silahlanıb öz evini qoruyursa, onun əmlakı əmin-amanlıqdadır.
22. Amma ondan güclüsü ona hücum edib qalib gələrsə, onda onun güvəndiyi silahları əlindən alıb talan mallarını bölüşdürər.
23. Mənimlə olmayan Mənə qarşıdır və Mənimlə yığmayan dağıdır.
24. Natəmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlərdə dolaşar, rahatlıq axtarar, lakin tapmaz. O zaman deyər: “Çıxdığım evə dönüm”.
25. Evə qayıdanda onu süpürülmüş və səliqə-sahman içində görər.
26. Bu vaxt o gedib özündən daha betər yeddi başqa ruhu götürər. Onlar da oraya girib məskunlaşar. Onda bu adamın axırı əvvəlkindən daha pis olar».
27. İsa bunu deyərkən bir qadın camaatın arasından uca səslə Ona dedi: «Səni bətnində daşıyan və Səni əmizdirən nə bəxtiyardır!»
28. Amma İsa dedi: «Daha doğrusu, Allahın kəlamını eşidib ona riayət edənlər nə bəxtiyardır!»