A A A A A

Bible in one year


March 5


Saylar 7:1-89
1. Musa məskəni qurub qurtaranda onu və bütün avadanlığını məsh və təqdis etdi. Qurbangah və bütün avadanlığını da məsh və təqdis etdi.
2. Sonra İsrail rəhbərləri təqdimləri gətirdilər. Onlar nəsil başçıları, siyahıya alınan xalqa nəzarət edən qəbilə rəhbərləri idi.
3. Rəbbə təqdim olaraq üstü örtülü altı araba və on iki öküz gətirdilər; hər iki rəhbər üçün bir araba və hər rəhbər üçün bir öküz. Bu təqdimləri məskənin önünə gətirdilər.
4. Rəbb Musaya belə dedi:
5. «Onları bu adamlardan götür ki, Hüzur çadırındakı xidmətlərdə işlənilsin. Onları Levililərə, hər birinin vəzifəsinə görə ver».
6. Musa arabaları və öküzləri götürüb Levililərə verdi.
7. Gerşonlulara vəzifələrinə görə iki araba və dörd öküz verdi;
8. Merarililərə isə vəzifələrinə görə dörd araba və səkkiz öküz verdi. Onların hamısı kahin Harun oğlu İtamarın nəzarəti altında idi.
9. Lakin Qohatlılara bir şey vermədi, çünki onların vəzifəsi müqəddəs əşyaları çiyinlərində daşımaqdır.
10. Qurbangah məsh edilən gün rəhbərlər onun təqdisi üçün təqdimlər gətirdilər; onlar təqdimlərini qurbangahın qabağına gətirdilər.
11. Çünki Rəbb Musaya demişdi: «Qurbangahın təqdisi üçün hər gün bir rəhbər öz təqdimini gətirsin».
12. Birinci gün təqdimi gətirən Yəhuda qəbiləsindən Amminadav oğlu Naxşon oldu.
13. Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;
14. buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
15. yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;
16. günah qurbanı olaraq bir təkə;
17. ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Amminadav oğlu Naxşonun gətirdiyi təqdimlər bunlar idi.
18. İkinci gün İssakarlıların rəhbəri Suar oğlu Netanel təqdimlərini gətirdi.
19. Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini; yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;
20. buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
21. yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;
22. günah qurbanı olaraq bir təkə;
23. qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Suar oğlu Netanelin gətirdiyi təqdimlər bunlar idi.
24. Üçüncü gün Zevulunluların rəhbəri Xelon oğlu Eliav təqdimlərini gətirdi.
25. Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;
26. buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
27. yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;
28. günah qurbanı olaraq bir təkə;
29. qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Xelon oğlu Eliavın gətirdiyi təqdimlər bunlar idi.
30. Dördüncü gün Ruvenlilərin rəhbəri Şedeur oğlu Elisur təqdimlərini gətirdi.
31. Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;
32. buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
33. yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;
34. günah qurbanı olaraq bir təkə;
35. qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Şedeur oğlu Elisurun gətirdiyi təqdimlər bunlar idi.
36. Beşinci gün Şimeonluların rəhbəri Surişadday oğlu Şelumiel təqdimlərini gətirdi.
37. Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın un ilə dolu idi;
38. buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
39. yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;
40. günah qurbanı olaraq bir təkə;
41. ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Surişadday oğlu Şelumielin gətirdiyi təqdimlər bunlar idi.
42. Altıncı gün Qadlıların rəhbəri Deuel oğlu Elyasaf təqdimlərini gətirdi.
43. Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;
44. buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
45. yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;
46. günah qurbanı olaraq bir təkə;
47. ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Deuel oğlu Elyasafın gətirdiyi təqdimlər bunlar idi.
48. Yeddinci gün Efrayimlilərin rəhbəri Ammihud oğlu Elişama təqdimlərini gətirdi.
49. Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;
50. buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
51. yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;
52. günah qurbanı olaraq bir təkə;
53. ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Ammihud oğlu Elişamanın gətirdiyi təqdimlər bunlar idi.
54. Səkkizinci gün Menaşşelilərin rəhbəri Pedahsur oğlu Qamliel təqdimlərini gətirdi.
55. Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;
56. buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
57. yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;
58. günah qurbanı olaraq bir təkə;
59. ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Pedahsur oğlu Qamlielin gətirdiyi təqdimlər bunlar idi.
60. Doqquzuncu gün Binyaminlilərin rəhbəri Gidoni oğlu Avidan təqdimlərini gətirdi.
61. Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;
62. buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
63. yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;
64. günah qurbanı olaraq bir təkə;
65. ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Gidoni oğlu Avidanın gətirdiyi təqdimlər bunlar idi.
66. Onuncu gün Danlıların rəhbəri Ammişadday oğlu Axiezer təqdimlərini gətirdi.
67. Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;
68. buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
69. yandırma qurbanı olaraq bir dana, bir qoç, bir erkək toğlu;
70. günah qurbanı olaraq bir təkə;
71. ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Ammişadday oğlu Axiezerin gətirdiyi təqdimlər bunlar idi.
72. On birinci gün Aşerlilərin rəhbəri Okran oğlu Pagiel təqdimlərini gətirdi.
73. Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;
74. buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
75. yandırma qurbanı olaraq bir dana, bir qoç, bir erkək toğlu;
76. günah qurbanı olaraq bir təkə;
77. ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, birillik beş erkək toğlu. Okran oğlu Pagielin gətirdiyi təqdimlər bunlar idi.
78. On ikinci gün Naftalililərin rəhbəri Enan oğlu Axira təqdimlərini gətirdi.
79. Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş unla dolu idi;
80. buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
81. yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;
82. günah qurbanı olaraq bir təkə;
83. ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Enan oğlu Axiranın gətirdiyi təqdimlər bunlar idi.
84. Qurbangah məsh ediləndə İsrail rəhbərlərinin onun təqdisi üçün gətirdiyi təqdimlər bunlardır: on iki gümüş sini, on iki gümüş ləyən, on iki qızıl nimçə;
85. hər gümüş nimçənin ağırlığı yüz otuz şekel və hər ləyənin ağırlığı isə yetmiş şekel idi; bütün gümüş qabların ağırlığı Müqəddəs yerdəki şekelə görə iki min dörd yüz şekel idi;
86. buxurla dolu on iki qızıl nimçədən hər birinin ağırlığı Müqəddəs yerdəki şekelə görə on şekel olub. Beləliklə, nimçələrdəki bütün qızılın ağırlığı yüz iyirmi şekel idi;
87. yandırma qurbanı olaraq, taxıl təqdimləri ilə birlikdə heyvanların cəmi on iki buğa, on iki qoç, on iki erkək toğlu və günah qurbanı olaraq on iki təkə;
88. ünsiyyət qurbanı üçün heyvanların cəmi iyirmi dörd buğa, altmış qoç, altmış təkə, altmış erkək toğlu. Qurbangah məsh ediləndən sonra onun təqdisi üçün verilən təqdimlər bunlar idi.
89. Musa Rəbb ilə danışmaq üçün Hüzur çadırına girdiyi zaman Şəhadət sandığında olan kəffarə qapağının üzərindəki iki keruvun arasından ona xitab edən Rəbbin səsini eşidərdi. Rəbb Musa ilə danışardı.

Saylar 8:1-26
1. Rəbb Musaya belə dedi:
2. «Haruna de: “Yeddi çırağı elə qoy ki, çıraqdanın önünü işıqlandırsın”».
3. Harun belə etdi; Rəbbin Musaya əmr etdiyi kimi çıraqları çıraqdanın önündə yerləşdirdi.
4. Çıraqdanın quruluşu belə idi: altlığından gül təsvirlərinə qədər yastılanmış qızıldan hazırlanmışdı. Çıraqdan Rəbbin Musaya göstərdiyi nümunəyə görə düzəldilmişdi.
5. Rəbb Musaya dedi:
6. «İsrail övladlarının arasından Levililəri götür və onları pak et.
7. Onları pak etmək üçün belə et: paklama suyunu üzərlərinə çilə, sonra bədənlərindəki bütün tükləri qırxıb geyimlərini yusunlar. Beləliklə, pak olarlar.
8. O zaman bir buğa və onun taxıl təqdimi olan zeytun yağı ilə yoğrulmuş narın un götürsünlər. Günah qurbanı olaraq yenə bir buğa götür.
9. Levililəri Hüzur çadırının önünə gətir. İsrail övladlarının bütün icmasını da topla.
10. Levililəri Rəbbin önünə gətirdikdə qoy İsrail övladları əllərini onların üzərinə qoysunlar.
11. Harun yellətmə təqdimi olaraq İsrail övladlarının arasından Levililəri Rəbbin önünə gətirəcək ki, Rəbbə xidmət etsinlər.
12. Levililər əllərini buğaların başlarına qoysunlar; birini günah qurbanı və o birini yandırma qurbanı olaraq Rəbbə gətir ki, Levililər üçün kəffarə olunsun.
13. Levililəri Harunla oğullarının önündə dayandır. Sonra da onları Rəbbə gətirib yellətmə təqdimi olaraq həsr edəcəksən.
14. Levililəri İsrail övladları arasından beləcə ayır ki, Levililər Mənim olsun.
15. Levililəri pak edib yellətmə təqdimi olaraq həsr et; bundan sonra onlar Hüzur çadırında xidmət etmək üçün içəri girə bilər.
16. Çünki İsrail övladları arasından onlar tamamilə Mənə verilmişdir; İsrailli qadınların doğduğu bütün ilk oğlanların əvəzinə onları Özümə götürdüm.
17. İsrail övladları arasında ilk doğulan bütün oğlanlar və bütün heyvan balaları Mənimdir; Misir diyarında bütün ilk oğlanları məhv etdiyim gün onları Özümə təqdis etdim.
18. Ona görə də İsrail övladları arasında bütün ilk oğlanların yerinə Levililəri götürdüm.
19. İsrail övladları arasından Levililəri Haruna və oğullarına hədiyyə olaraq verdim ki, Hüzur çadırında İsrail övladları üçün xidməti yerinə yetirib kəffarə etsinlər və beləcə Müqəddəs yerə yaxınlaşan İsrailliləri bəlaya düçar olmaqdan qorusunlar».
20. Musa ilə Harun və bütün İsrail övladlarının icması Levililər üçün deyilənləri etdilər. İsrail övladları Rəbbin Levililər haqqında Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər.
21. Levililər özlərini pak edib geyimlərini yudular. Harun onları Rəbbin önünə gətirib yellədilən təqdim olaraq həsr etdi və onlar üçün kəffarə etdi ki, pak olsunlar.
22. Ondan sonra Levililər Harunla oğullarının nəzarəti altında Hüzur çadırında xidmətlərini icra etmək üçün Rəbbin Musaya əmr etdiyini yerinə yetirdilər.
23. Rəbb Musaya belə dedi:
24. «Bu qanun Levililərə aiddir. İyirmi beş yaş və ondan yuxarı olanlar Hüzur çadırının işini görmək üçün içəri girsinlər.
25. Əlli yaşa çatanda isə gördükləri xidmətlərini dayandırıb daha işləməməlidirlər.
26. Hüzur çadırında öz vəzifələrini yerinə yetirən qardaşlarına yardım edə bilərlər, lakin özləri xidmət etməsinlər. Levililərin vəzifələrini belə qaydaya sal».

Zəbur 31:1-5
1. Ya Rəbb, Sənə pənah gətirirəm!Heç vaxt məni xəcalətdə qoyma,Ədalətinlə məni xilas et!
2. Qulağını mənə tərəf çevir,Məni tez azad et!Bir qaya ol, qoy sığınım,Möhkəm bir qala ol, qoy qurtulum.
3. Çünki qayam da Sən, qalam da Sənsən!Öz ismin naminə mənə yol göstərib rəhbərlik et.
4. Məni qarşımda qurulan gizli tordan hifz et,Çünki Sən mənim sığınacağımsan!
5. Ruhumu Sənin əlinə verirəm,Ya Rəbb, sadiq Allah, Sən məni azad et.

Süleymanın Məsəlləri 11:4-6
4. Heç kimi var-dövləti qəzəb günündən xilas etməz,Amma salehlik insanı ölümdən qurtarar.
5. Kamil insanın yolunu salehliyi düz edər,Şər adamı pisliyi yıxar.
6. Əməlisalehi salehliyi qurtarar,Xaini acgözlüyü tələyə salar.

Mark 9:1-29
1. İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığının qüdrətli gəlişini görmədən ölməyəcək».
2. Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və Yəhyanı götürüb hündür bir dağa çıxdı. Onların qarşısında görünüşü dəyişdi.
3. Onun libası göz qamaşdırıcı ağ rəng aldı. Yer üzündə heç bir paltar təmizləyən onu belə ağ edə bilməzdi.
4. O an İlyas və Musa onlara göründü. Onlar İsa ilə söhbət edirdi.
5. Peter sözə başlayıb İsaya dedi: «Rabbi! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün».
6. O bilmirdi ki, nə desin, çünki onları dəhşət bürümüşdü.
7. Bu zaman bir bulud onların üzərinə kölgə saldı. Buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ona qulaq asın!»
8. Birdən ətrafa baxanda artıq yanlarında İsadan başqa kimsəni görmədilər.
9. Dağdan enərkən İsa şagirdlərinə qadağan etdi ki, Bəşər Oğlu ölülər arasından dirilənə qədər orada gördüklərini heç kimə deməsinlər.
10. Onlar da bu sözü ürəklərində saxladılar, amma bir-birlərindən soruşdular ki, ölülər arasından dirilmək nə deməkdir.
11. Ondan soruşdular: «Elə isə niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?»
12. İsa onlara belə dedi: «Düzdür, əvvəlcə İlyas gəlib hər şeyi yoluna qoymalıdır. Bəs Bəşər Oğlu barəsində nə üçün yazılıb ki, O, çox əzab çəkib alçaldılmalıdır?
13. Lakin sizə deyirəm: artıq İlyas gəldi və haqqında yazıldığı kimi, nə istədilərsə, onun başına gətirdilər».
14. Onlar şagirdlərin yanına gələndə böyük bir izdihamın toplaşdığını və bir neçə ilahiyyatçının şagirdlərlə mübahisə etdiyini gördülər.
15. İsanı görən kimi bütün izdihamı heyrət bürüdü və qarşısına qaçıb Onu salamladılar.
16. İsa adamlardan soruşdu: «Onlarla nə barədə mübahisə edirsiniz?»
17. Camaat arasından biri Ona cavab verdi: «Müəllim! Mən Sənin yanına lallıq ruhuna tutulmuş oğlumu gətirmişəm.
18. Ruh onu harada tutursa, yerə çırpır, uşağın ağzı köpüklənir, dişlərini qıcıdır və qıc olur. Şagirdlərindən xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar».
19. İsa da cavabında onlara dedi: «Ey imansız nəsil! Nə vaxta qədər sizinlə qalacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı yanıma gətirin!»
20. Uşağı Onun yanına gətirdilər və İsanı görən kimi ruh dərhal uşağı sarsıtdı. Uşaq yerə yıxılıb yuvarlanırdı və ağzından köpük daşırdı.
21. İsa onun atasından soruşdu: «Bu uşaq nə vaxtdan belə hala düşüb?» Uşağın atası dedi: «Körpəlikdən bəri.
22. Bu ruh onu həlak etmək üçün dəfələrlə oda və suya atıb. Amma bacarırsansa, bizə kömək et, bizə rəhmin gəlsin!»
23. İsa ona dedi: «“Bacarırsansa” nə sözdür? İman edən üçün hər şey mümkündür!»
24. Uşağın atası dərhal fəryad qopararaq dedi: «İman edirəm, kömək et ki, imansızlığım yox olsun!»
25. İsa camaatın qaçıb gəldiyini görəndə natəmiz ruha qadağan edib dedi: «Ey lallıq və karlıq ruhu, Mən sənə əmr edirəm, bu uşağın içindən çıx və bir daha ora girmə!»
26. Ruh çığırıb uşağı sarsıdaraq çıxdı. Uşaq ölü kimi düşdü və çoxları dedi: «O öldü!»
27. Lakin İsa uşağın əlindən tutub qaldırdı və o, ayağa qalxdı.
28. İsa evə girəndən sonra şagirdləri təklikdə Ondan soruşdular: «Bəs nə üçün biz o ruhu qova bilmədik?»
29. İsa onlara cavab verdi: «Bu cür ruhlar yalnız dua ilə çıxa bilər».