A A A A A

Bir il Bibliya


Mart 4


Saylar 5:1-31
1. Rəbb Musaya dedi:
2. «İsrail övladlarına əmr et ki, bütün iyrənc dəri xəstəliyi və xəstəliyə görə bədən axıntısı olan yaxud da meyitdən murdarlanan hər kəsi düşərgədən çıxarsınlar.
3. Onlar istər kişi olsun, istər qadın, arasında olduğum düşərgələrini murdar etməsinlər, onları düşərgədən çıxarın».
4. İsrail övladları beləcə etdilər: onları düşərgədən çıxardılar. Rəbb Musaya necə söylədisə, İsrail övladları elə də etdilər.
5. Rəbb Musaya dedi:
6. «İsrail övladlarına söylə: “İnsanların işlətdiyi günahlardan birini edərək Rəbbə xəyanət edən kişi yaxud qadın təqsirkardır”.
7. Qoy o işlətdiyi günahı etiraf edib təqsirinin əvəzinin beşdə birini əlavə edərək qarşısında təqsirkar olan adama ödəsin.
8. Əgər o adamın təqsirinin əvəzini ala biləcək qohumu yoxdursa, ödənəcək əvəz Rəbb üçün verilsin; qoy bu təqsirkar üçün verdiyi kəffarə təkəsi ilə birlikdə kahininki olsun.
9. İsrail övladlarının kahinə təqdim etdikləri bütün müqəddəs ianələr kahinə məxsusdur.
10. Hər kəsin özü üçün təqdis etdiyi əşyalar özünə məxsusdur, amma kahinə nə verərlərsə, kahinə aiddir».
11. Rəbb Musaya belə dedi:
12. «İsrail övladlarına belə söylə: “Bir kişinin arvadı əyri yola düşüb ona xəyanət etsə və
13. başqa kişi ilə yaxınlıq edib cinsi əlaqədə olduğu ərindən gizlədilirsə və beləcə qadının murdar işi ortaya çıxmamışsa, heç bir şahid olmadığı üçün günah üstündə tutulmamışsa,
14. əri qısqanclığa qapılıb murdar iş görən arvadından şübhələnməyə başlayarsa yaxud arvadı murdar iş görmədiyi halda yenə qısqanclığa qapılıb ondan şübhələnərsə,
15. kişi arvadını kahinin yanına aparsın və arvadı üçün təqdim olaraq istənilən efanın onda biri qədər arpa unu gətirsin. Onun üzərinə nə zeytun yağı töksün, nə də kündür qoysun, çünki bu qısqanclıq üçün taxıl təqdimidir. Təqsirkarlığı xatırladan xatirə təqdimidir.
16. Kahin qadını Rəbbin hüzuruna gətirsin;
17. gil qaba müqəddəs su alaraq müqəddəs məskənin döşəməsindən toz götürüb suya salsın.
18. Kahin qadını Rəbbin önündə dayandıraraq onun saçını dağıtsın. Sonra xatirə təqdimini onun ovuclarına qoysun. Bu, qısqanclıq üçün taxıl təqdimidir. Kahinin əlində isə lənət gətirən acı su olacaq.
19. Kahin qadına and içdirib desin: ‹Əgər sən başqa kişi ilə yaxınlıq etməmisənsə, ərinin nikahı altında olaraq əyri yola düşüb murdarlıq etməmisənsə, lənət gətirən bu acı su sənə zərər vurmayacaq.
20. Lakin əri ilə nikahda olaraq əyri yola düşərək ərindən başqa bir kişi ilə yaxınlıq edib murdar olmusansa›
21. onda kahin qadına lənət andını içdirib belə desin: ‹Rəbb sənin bətnini sonsuz edib qarnını şişirtdiyi zaman səni xalqının içində lənət və töhmətə düçar etsin.
22. Lənət gətirən bu su sənin qarnını şişirtmək və bətnini sonsuz etmək üçün bağırsaqlarına daxil olsun›. Qadın ‹Amin, amin!› desin.
23. Kahin bu lənətləri bir tumara yazsın və acı suda islatsın,
24. sonra lənət gətirən acı suyu qadına içirtsin. Lənət gətirən su onun bətninə girəcək və acı olacaq.
25. Kahin qısqanclıq üçün taxıl təqdimini qadının əlindən alsın və Rəbbin hüzurunda yellədikdən sonra qurbangaha gətirsin.
26. Xatirə təqdimi olaraq taxıl təqdimindən ovuc dolusu götürsün və qurbangahda tüstülədib yandırsın, sonra qadına suyu içirtsin.
27. Qadına suyu içirdikdən sonra əgər qadın murdar olub ərinə xəyanət etmişsə, lənət gətirən su onun bətninə girəcək və acılıq verəcək; onun qarnı şişəcək, bətni sonsuz olacaq və özü xalqının arasında lənətlənəcəkdir.
28. Əgər qadın murdarlıq etməmişsə və pakdırsa, su zərər vurmayacaq və uşaq doğa biləcəkdir.
29. Qısqanclığa aid olan qanun belədir: bir qadın əri ilə nikahda olarkən əyri yola düşüb murdar olanda
30. yaxud bir kişi qısqanclığa qapılıb arvadından şübhələnəndə kahin qadını Rəbbin hüzurunda qoysun və ona bütün bu qanunu icra etsin.
31. Kişi bu işdə cəzasız qalsın, o qadın isə öz günahının cəzasını çəksin”».

Saylar 6:1-27
1. Rəbb Musaya belə dedi:
2. «İsrail övladlarına söylə və onlara əmr et: “Bir kişi və yaxud bir qadın nəzirilik əhdi edib özünü Rəbbə həsr edərsə,
3. şərabdan və başqa kefləndirici içkidən çəkinsin. Hətta şərab sirkəsi də, başqa kefləndirici içkidən hazırlanmış sirkə də, üzüm suyu da içməsin; nə üzüm, nə də kişmiş yesin.
4. Nəziri olduğu müddətdə çəyirdəkdən qabığa qədər meynədən istehsal edilmiş heç bir şey yeməsin.
5. Nəziri olduğu bütün müddətdə başına ülgüc dəyməsin, saçını uzatsın; özünü Rəbbə həsr etdiyi müddət qurtarana qədər müqəddəs olsun.
6. Özünü Rəbbə həsr etdiyi günlərdə meyitə yaxınlaşmasın.
7. Atası və anası, qardaşı və bacısı ölsə, onlara görə özünü murdar etməsin; çünki özünü Allahına həsretmə rəmzi onun başı üzərindədir.
8. Nəziri olduğu bütün müddətdə o, Rəbbə həsr edilmişdir.
9. Yanında bir adam birdən-birə qəflətən ölərsə və nəzirinin saçını murdar eləyərsə, o təmiz olduğu gün – yeddinci gün başını qırxdırsın.
10. Səkkizinci gün Hüzur çadırının girişində kahinə iki qumru quşu yaxud iki göyərçin gətirsin.
11. Kahin birini günah qurbanı və o birini yandırma qurbanı kimi təqdim etsin ki, nəzirinin günahı üçün kəffarə olsun, çünki meyitlə bir yerdə olmaqla o günah işlətdi. Həmin gün yenidən başını təqdis etsin.
12. Nəziri olduğu müddətdə özünü Rəbbə yenidən həsr etsin və təqsir qurbanı olaraq birillik erkək toğlu gətirsin. Əvvəlki günlər isə boşa getsin, çünki nəziriliyi murdarlanmışdır.
13. Nəziriyə aid olan qanun budur: özünü həsr etdiyi müddət qurtaranda nəziri Hüzur çadırının girişinə gətirilsin.
14. Orada Rəbbə bu təqdimləri gətirsin: yandırma qurbanı olaraq birillik qüsursuz bir erkək toğlu, günah qurbanı olan birillik qüsursuz bir dişi toğlu, ünsiyyət qurbanı olan qüsursuz bir qoç,
15. bir səbət mayasız çörək, narın undan zeytun yağı ilə yoğrulmuş mayasız kökələrdən və üstünə zeytun yağı sürtülmüş mayasız qoğallardan ibarət olan taxıl təqdimləri və içmə təqdimləri.
16. Kahin Rəbbin önündə onları təqdim etsin; günah qurbanını və yandırma qurbanını gətirsin.
17. Mayasız çörək səbəti ilə birgə qoçu Rəbbə ünsiyyət qurbanı kimi gətirsin; kahin onun taxıl təqdimi ilə içmə təqdimini də gətirsin.
18. Nəziri Hüzur çadırının girişində öz həsr etdiyi saçını qırxsın, sonra saçını götürüb ünsiyyət qurbanının altındakı oda qoysun.
19. Nəziri həsr etdiyi saçını qırxdıqdan sonra kahin qoçun bişmiş bir qolunu, səbətdən götürdüyü mayasız bir kökə və mayasız bir qoğal ilə birgə nəzirinin ovuclarına qoysun.
20. Sonra yellətmə təqdimi kimi onları Rəbbin hüzurunda yellətsin. Onlar yellədilən döş əti və qaldırılan budla birgə müqəddəsdir, kahinə məxsusdur. Ondan sonra nəziri şərab içə bilər.
21. Özünü həsr etdiyinə görə Rəbbə təqdimini və buna əlavə olaraq verə biləcəyi başqa şeyləri əhd edən nəziri ilə əlaqədar qanun budur. Nəzirilik qanuna görə nəziri nə əhd etmişsə, onu icra etməlidir”».
22. Rəbb Musaya dedi:
23. «Harun və oğullarına belə de: İsrail övladlarına belə xeyir-dua verin:
24. “Qoy Rəbb sənə xeyir-dua verib səni qorusun;
25. Rəbb Öz nurlu üzünü sənə göstərərək lütf versin.
26. Rəbb üzünü sənə tərəf çevirsin, sənə sülh versin”.
27. Beləcə kahinlər Mənim adımla İsrail övladlarına xeyir-dua verəndə Mən də onlara xeyir-dua verəcəyəm».

Zəbur 30:8-12
8. Ya Rəbb, Səni çağırdım,Xudavəndə belə yalvardım:
9. «Qanımı töküb qəbirə düşsəm,Sənə fayda verərmi?Torpaq Sənə şükür edə bilərmi,Sədaqətini elan edə bilərmi?
10. Ya Rəbb, dinlə, mənə lütf et,Ya Rəbb, köməyimə çat».
11. Yasımı şənliyə çevirdin,Çulumu çıxarıb məni sevincə bürüdün.
12. Ona görə susmayacağam,Səni ucadan tərənnüm edəcəyəm.Ya Rəbb Allahım,Sənə daim şükür edəcəyəm!

Süleymanın Məsəlləri 11:1-3
1. Aldadıcı tərəzi Rəbdə ikrah yaradar,Rəbb düz çəki daşından razı qalar.
2. Lovğalıq gələndə şərəfsizlik gətirər,Hikmət itaətkarın yanına gələr.
3. Əməlisalehi kamillik yolu aparar,Xəyanətkar əyriliyindən məhv olar.

Mark 8:22-38
22. Onlar Bet-Saydaya gəldilər. Bəzi adamlar İsanın yanına bir kor adam gətirdilər və İsa bu adama toxunsun deyə Ona yalvardılar.
23. İsa korun əlindən tutub kənddən kənara apardı. Sonra onun gözlərinə tüpürüb əllərini onun üzərinə qoydu və soruşdu: «Bir şey görürsənmi?»
24. Kor yuxarı baxıb dedi: «Adamlar görürəm, ağaclara oxşayır, amma yeriyirlər».
25. Onda İsa əllərini yenidən bu adamın gözlərinin üstünə qoydu. Kor adam gözlərini açıb baxdı. O şəfa tapdı və hər şeyi aydın görməyə başladı.
26. İsa onu evinə göndərdi və dedi: «Kəndə belə, girmə».
27. İsa şagirdləri ilə birgə Filip Qeysəriyyəsinin kəndlərinə tərəf yollandı. Yolda şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Mən kiməm?»
28. Şagirdləri Ona belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, peyğəmbərlərdən birisən».
29. İsa onlardan soruşdu: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter Ona cavab verdi: «Sən Məsihsən».
30. İsa şagirdlərinə qadağan etdi ki, Onun haqqında heç kəsə danışmasınlar.
31. İsa onlara təlim öyrətməyə başladı: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd edilməli, öldürülməli və üç gündən sonra dirilməlidir».
32. İsa bu sözləri aydın deyirdi. Peter isə Onu bir kənara çəkib etiraz etməyə başladı.
33. Amma İsa dönüb şagirdlərinə baxdı və Peterə etiraz etdi: «Çəkil qarşımdan, Şeytan! Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən».
34. İsa şagirdləri ilə birgə camaatı da yanına çağırıb belə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin.
35. Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənimlə Müjdə uğrunda canını itirirsə, onu xilas edəcək.
36. İnsana bütün dünyanı qazanıb canını itirməyinin nə xeyri var?
37. İnsan öz canının əvəzinə nə verə bilər?
38. Bu vəfasız və günahkar nəsil arasında kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Atasının izzəti içində müqəddəs mələklərlə birgə gələndə o adamdan utanacaq».