A A A A A

Piibel ühe aasta


Ožujak 29


Qanunun Təkrarı 19:1-21
1. Allahınız Rəbb torpaqlarını sizə verəcəyi millətləri yox edəndə və siz onların mülkünü alıb şəhərlərində və evlərində yaşayanda
2. Allahınız Rəbbin mülk olaraq almaq üçün sizə verəcəyi torpağın mərkəzində özünüz üçün üç şəhər ayırın.
3. Bu şəhərlərə getmək üçün yollar çəkib Allahınız Rəbbin irs olaraq sizə verəcəyi ölkəni üç bölgəyə ayırın. Belə ki qətl edən bu şəhərlərdən birinə qaçsın.
4. Sağ qalmaq üçün oraya qaçan qatil haqqında – yəni qonşusu ilə əvvəlcədən ədavəti olmadan və bilmədən onu öldürən adam barədə belə bir qaydanız olsun.
5. Məsələn, odun kəsmək üçün qonşusu ilə meşəyə gedib ağac doğramaq üçün balta vuranda baltanın dəmiri sapından çıxıb qonşusuna dəyərsə və qonşusu ölərsə, ölümə bais adam bu şəhərlərdən birinə qaçıb canını qurtarsın.
6. Yoxsa qan qisasını alan qəzəblə qatilin izinə düşə bilər. Yol uzaq olarsa, çatıb onu öldürə bilər. Bu adamın öldürdüyü adamla əvvəllər heç bir ədavəti olmamışdı. Ona görə də ölüm hökmünə layiq deyil.
7. Bunun üçün “özünüzə üç şəhər seçin” deyə əmr edirəm.
8. Allahınız Rəbbi sevmək və daim Onun yolları ilə getmək üçün bu gün sizə buyurduğum bütün bu əmrlərə diqqətlə əməl etdiyiniz üçün
9. Allahınız Rəbb atalarınıza and etdiyi kimi sizin sərhədinizi genişləndirərsə və atalarınıza verməyi vəd etdiyi bütün torpaqları sizə verərsə, o zaman özünüz üçün bu üç şəhərdən əlavə üç şəhər də seçin.
10. Belə ki Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpaqda günahsız qan tökülməsin və həm də qan tökməkdə təqsirkar olmayasınız.
11. Lakin kiminsə qonşusu ilə ədavəti varsa, pusquda durub onu izləyərsə, hücum edərək onu vurub öldürərsə və bu şəhərlərdən birinə qaçarsa,
12. bu adamın şəhərinin ağsaqqalları adam göndərib onu oradan götürüb öldürmək üçün qan qisası alana təslim etsin.
13. Ona rəhm etməyin. Günahsız qanı İsraildən təmizləyin ki, güzəranınız xoş olsun.
14. Allahınız Rəbbin mülk olaraq almaq üçün sizə verəcəyi torpaqda alacağınız mülkdə qonşunuzun əvvəlki adamlar tərəfindən qoyulan sərhədini dəyişdirməyin.
15. Bir adamı işlədə biləcəyi hər hansı bir günahda yaxud cinayətdə təqsirləndirmək üçün bir şahid kifayət deyil. Hər iddia iki yaxud üç nəfərin şahidliyi ilə təsdiq edilsin.
16. Əgər bir yalançı şahid pis məqsədlə birini təqsirləndirərsə,
17. aralarında münaqişə olan iki adam Rəbbin hüzurunda, o dövrdə xidmət edən kahinlərin və hakimlərin qarşısında dayansın.
18. Hakimlər yaxşı-yaxşı araşdırsınlar. Əgər şahid yalançıdırsa, soydaşlarına qarşı yalandan şahidlik etmişsə,
19. onda soydaşına etmək istədiyini onun öz başına gətirin. Beləliklə, aranızdan pisliyi atın.
20. Qalanları da bunu eşidib qorxacaq və bir daha bu cür pislik etməyəcəklər.
21. Belə adama rəhm etməyin, can əvəzinə can, göz əvəzinə göz, diş əvəzinə diş, əl əvəzinə əl, ayaq əvəzinə ayaq ödənsin.

Qanunun Təkrarı 20:1-20
1. Düşmənlərinizə qarşı döyüşə çıxanda atları, döyüş arabalarını və sizdən böyük bir ordunu görəndə qorxmayın, çünki sizi Misir torpağından çıxaran Allahınız Rəbb sizinlədir.
2. Kahin döyüş qabağı ordunun yanına gəlib müraciət edərək
3. belə desin: “Ey İsraillilər, qulaq asın! Bu gün düşmənlərinizlə döyüşə çıxırsınız. Onlardan qorxub ürkməyin və təlaşa düşərək ürəyinizi yeməyin,
4. çünki Allahınız Rəbb düşmənlərinizlə döyüşmək və sizə qələbə qazandırmaq üçün sizinlə gedir”.
5. Zabitlər isə orduya belə desinlər: “Yeni ev tikib içində oturmayan kim var? Qoy evinə qayıtsın. Yoxsa döyüşdə ölər, evində başqası yaşayar.
6. Üzüm bağı salıb məhsulunu toplamayan varmı? Qoy o da evinə qayıtsın. Birdən döyüşdə ölər, məhsulunu başqası yığar.
7. Bir qıza nişanlı olub evlənməyən varmı? O da evinə qayıtsın. Yoxsa döyüşdə ölər, nişanlısını başqası alar”.
8. Zabitlərin orduya müraciətinin davamı belə olsun: “Kim qorxusundan ürəyini yeyirsə, evinə qayıtsın. Öz ürəyi kimi yoldaşlarının da ürəyini üzməsin”.
9. Zabitlər orduya müraciətini bitirəndən sonra bölmələrə rəhbərlər təyin etsinlər.
10. Hansı şəhərə yürüş etsəniz, əvvəl onun xalqını sülhə çağırın.
11. Əgər o sizinlə sülh yolu ilə razılaşıb qarşınızda darvazalarını açarsa, qoy oranın bütün əhalisi sizə mükəlləfiyyətçi olub qulluğunuzda dursun.
12. Yox, əgər sizin sülh çağırışınızı rədd edib döyüşə başlasa, onda şəhəri mühasirəyə alın.
13. Allahınız Rəbb şəhəri sizə təslim edəndə oranın bütün kişilərini qılıncdan keçirin.
14. Qadınları, uşaqları, heyvanları və şəhərdə olan bütün malları isə talan edin. Allahınız Rəbbin sizə verdiyi düşmən malını özünüzə sərf edə bilərsiniz.
15. Sizə yaxın millətlərə aid olmayan, sizdən uzaqlarda yerləşən şəhərlərin hamısına qarşı rəftarınız belə olsun!
16. Ancaq Allahınız Rəbbin irs olaraq sizə verəcəyi bu millətlərin şəhərlərində nəfəsi olan heç bir canlını belə, sağ buraxmamalısınız.
17. Xetliləri, Emorluları, Kənanlıları, Perizliləri, Xivliləri, Yevusluları Allahınız Rəbbin sizə əmr etdiyi kimi tamamilə yox edin ki,
18. allahlarına iyrənc adətlərlə səcdə edənlərdən bunları öyrənərək Allahınız Rəbbə qarşı günah işlətməyəsiniz.
19. Hər hansı bir şəhərlə döyüşəndə oranı almaq üçün mühasirəsi uzun çəkərsə, ağacları baltalayıb məhv etməyin. Bu ağacların məhsulundan yeyə bilərsiniz, amma onları qırmayın. Məgər çöldəki ağaclar insandır ki, onları mühasirəyə alasınız?
20. Biləndə ki bir ağac bar vermir, həmin ağacı kəsib yox edə bilərsiniz. Sizə müqavimət göstərən şəhəri alanadək mühasirə əməliyyatında bu ağaclardan istifadə edə bilərsiniz.

Zəbur 38:1-8
1. Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə,Hiddətlənib məni tənbeh eləmə.
2. Artıq Sənin oxların mənə saplanıb,Əllərin üstümə ağırlıq salıb.
3. Bədənimdə qəzəbindən sağ yer qalmadı,Günahıma görə sümüklərim də xəstəlik tapdı.
4. Çünki təqsirlərim başımdan aşır,Ağır yük tək onlara gücüm çatmır.
5. Ağılsızlığımın üzündənYaralarım iyrənc və irinlidir.
6. Mənim qəddim əyilib, ikiqat bükülmüşəm,Gün boyu yaslı gəzirəm.
7. Çünki belim qızdırmadan yandı,Bədənimdə sağ yer qalmadı.
8. Taqətim kəsildi, çox əzilmişəm,Ürəyimdəki iztiraba görə ah-zar edirəm.

Süleymanın Məsəlləri 12:23-25
23. Uzaqgörən bildiyini özü üçün saxlar,Axmaq qəlbinin səfehliyini hamıya yayar.
24. Çalışqanın əli özünü ağa edər,Tənbəllik insanı qula çevirər.
25. Qəlbi narahat olanın qəddi əyilər,Xoş söz könlü şad edər.

Luka 4:31-44
31. İsa Qalileyanın Kefernahum şəhərinə gəldi və Şənbə günü onlara təlim öyrətməyə başladı.
32. Onun təliminə təəccüblənirdilər, çünki O, səlahiyyətlə danışırdı.
33. Həmin vaxt sinaqoqda cinə – natəmiz ruha tutulmuş bir nəfər var idi. O ucadan çığırdı:
34. «Nə olub? Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən? Mən bilirəm Sən Kimsən: Allahın Müqəddəsisən!»
35. Amma İsa ona qadağan edib dedi: «Sus və bu adamdan çıx!» Cin bu adamı hamının qabağında yerə yıxıb heç bir zərər vermədən ondan çıxdı.
36. Hamı heyrətə düşdü və bir-birinə dedi: «Bu söz nədir? O, natəmiz ruhlara səlahiyyət və qüdrətlə əmr edir, onlar da çıxır!»
37. İsa haqqında xəbər bu bölgənin hər yerinə yayıldı.
38. İsa sinaqoqdan çıxıb Şimonun evinə gəldi. Şimonun qayınanası isə yüksək qızdırma içində yatırdı. Bu qadından ötrü İsadan kömək istədilər.
39. İsa ona yaxınlaşıb qızdırma xəstəliyinə qadağan etdi və qadının qızdırması düşdü. Qadın o anda durub onlara xidmət etməyə başladı.
40. Gün batanda hamı müxtəlif xəstəliyə tutulanları İsanın yanına gətirdi. O hər birinin üzərinə əllərini qoyub onlara şəfa verdi.
41. Bir çoxlarındansa cinlər «Sən Allahın Oğlusan!» deyə bağıraraq çıxırdı. O isə onlara qadağan edir, danışmağa izin vermirdi. Çünki onlar İsanın Məsih olduğunu bilirdilər.
42. Səhər açılanda İsa çıxıb kimsəsiz bir yerə getdi. Camaat isə Onu axtarırdı və İsanın yanına gəlib onları tərk etməsin deyə Onu yanlarında saxlamaq istədilər.
43. Lakin İsa onlara dedi: «Mən o biri şəhərlərə də Allahın Padşahlığının Müjdəsini yaymalıyam, çünki Mən bunun üçün göndərilmişəm».
44. Beləliklə, İsa Yəhudeyanın sinaqoqlarında vəz etməyə davam etdi.