A A A A A

Bir il Bibliya


Mart 28


Qanunun Təkrarı 17:1-20
1. Hər hansı bir qüsuru və çatışmazlığı olan öküzü ya da qoyunu Allahınız Rəbbə qurban etməyin. Belə etmək Allahınız Rəbb üçün iyrəncdir.
2. Allahınız Rəbbin sizə verəcəyi şəhərlərin birində aranızdan Onun əhdini pozub gözündə pis olanı edən hər hansı bir kişi və ya qadın çıxarsa,
3. əmrlərimin ziddinə gedib başqa allahlara sitayiş edərsə, bütlərə yaxud günəşə, aya yaxud səma cisimlərindən hər hansı birinə sitayiş və səcdə edərsə,
4. bu hadisədən xəbərdar olsanız, eşitdiklərinizi yaxşı-yaxşı araşdırın. Əgər bu xəbər doğrudursa və belə iyrənc halın İsraildə baş verdiyi sübuta yetərsə,
5. belə pis hərəkət edən kişini və ya qadını şəhərin darvazasına gətirib daşqalaq edərək öldürün.
6. Ölümə məhkum olan adam iki yaxud üç nəfərin şahidliyi ilə öldürülməlidir. Tək bir nəfərin şahidliyi ilə öldürülməsin.
7. O adamı əvvəlcə şahidlər, sonra isə bütün xalq daşqalaq etsin. Beləliklə, aranızdan pisliyi atın.
8. Əgər şəhərlərinizdə qatillik, dava və ya təcavüz barəsində qərar çıxarmaqda həll edə bilmədiyiniz çətinliklərə rast gəlsəniz, Allahınız Rəbbin seçəcəyi yerə gedin.
9. O dövrdə xidmət edən Levili kahinlərin və hakimlərin yanına gedib onlara müraciət edin. Qoy onlar araşdırıb məhkəmə qərarını sizə versinlər.
10. Rəbbin seçəcəyi yerdən sizə deyilən qərara əməl edin. Sizə nə öyrətsələr, ona diqqətlə əməl edin.
11. Öyrədilən təlimata və söylənilən hökmə görə rəftar edin. Əmr edilənlərdən nə sağa, nə də sola dönün.
12. Orada Allahınız Rəbbin hüzurunda vəzifəsini icra edən kahinə yaxud hakimə qulaq asmamaq iddiasında olan şəxs öldürülsün. Beləliklə, aranızdan pisliyi atın.
13. Bütün xalq bu xəbəri eşidib qorxacaq və bir daha bu iddiaya düşməyəcək.
14. Allahınız Rəbbin sizə verəcəyi torpağa girib, oranı irs olaraq alanda və orada məskunlaşanda əgər “bütün ətraf ölkələrdəki kimi bizə hökm edəcək bir padşah təyin edək” desəniz,
15. mütləq Allahınız Rəbbin seçəcəyi adamı padşah qoyun. Padşah təyin etdiyiniz adam öz soydaşlarınızdan olmalıdır. İsrailli soydaşlarınızdan olmayan yadelli bir adamı padşah edə bilməzsiniz.
16. Qoy padşah özü üçün at çoxaltmasın. İlxısını artırmaq üçün xalqı Misirə – geriyə qaytarmasın, çünki Rəbb sizə belə demişdi: “Bir də bu yoldan geri qayıtmayın”.
17. Padşah çox arvad almasın, yoxsa ürəyi haqq yolundan dönər. O özü üçün çoxlu qızıl-gümüş yığıb onu çoxaltmasın.
18. Padşah taxta çıxandan sonra Levili kahinlərin nəzarəti altında bu Qanundan bir surətini özü üçün kitaba köçürsün.
19. Qoy o, Qanunun bu surətini yanında saxlayaraq ömrü boyu hər gün oxusun. Bununla da padşah Allahınız Rəbdən qorxmağı, bu Qanunun bütün sözlərinə və bu qaydalara diqqətlə əməl etməyi öyrənsin.
20. Özünü soydaşlarından üstün tutmasın, əmrdən nə sağa, nə də sola dönsün. Onda İsraildə özünün və nəslinin padşahlıq dövrü uzun olar.

Qanunun Təkrarı 18:1-22
1. Levili kahinlərin, bütün Levi qəbiləsinin digər İsraillilərlə birgə payı və irsi olmayacaq. Onlar Rəbbə verilən yandırma təqdimləri ilə doyacaqlar və bu onların irsi olacaq.
2. Levililərin soydaşları arasında irsi torpaqları olmayacaq və Rəbbin onlara söz verdiyi kimi onların irsi Rəbb Özüdür.
3. Xalq arasında öküz və qoyun qurbanı təqdim edən qol, çənə və içalatı kahinlərə pay versin.
4. Taxılınızın, təzə şərabınızın, zeytun yağınızın nübarını və qoyunlarınızdan qırxdığınız ilk yunu kahinlərə verin.
5. Allahınız Rəbb onları və övladlarını bütün qəbilələriniz arasından seçdi ki, daim Rəbbin adına xidmətdə dayansınlar.
6. Əgər bir Levili yaşadığı İsrail şəhərlərinin birindən könüllü surətdə Rəbbin seçəcəyi yerə gedərsə,
7. orada Allahı Rəbbin qarşısında dayanan Levili soydaşları kimi Rəbbin naminə xidmət edə bilsin.
8. O, ata mülkünün satışından əldə etdiyi vəsaitdən əlavə, onlarla bərabər paydan da istifadə edə bilər.
9. Allahınız Rəbbin sizə verəcəyi torpağa girdiyiniz zaman o millətlərin iyrənc adətlərini götürüb təqlid etməyin.
10. Aranızda oğul və qızını oda qurban verən, falçı, gələcəyideyən, baxıcı, cadugər,
11. ovsunçu, cindarlara və ruhçağıranlara müraciət edən yaxud ölüləriçağıran olmasın.
12. Rəbb belə iş görənlərə nifrət edir. Elə bu iyrənc işlərə görə Allahınız Rəbb millətləri sizin qarşınızdan qovacaq.
13. Allahınız Rəbbin gözü önündə kamil olun.
14. Çünki torpaqlarını alacağınız millətlərin hamısı gələcəyideyənlərin və falçıların nəsihətlərinə qulaq asırlar. Amma Allahınız Rəbb sizin üçün buna izin vermir.
15. Allahınız Rəbb sizin üçün aranızdan – öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asın.
16. Çünki Xorevdə yığıldığınız gün Allahınız Rəbdən bunu diləmişdiniz: “Qoy bir də Allahımız Rəbbin səsini eşitməyək və bir daha bu böyük alovu görməyək, yoxsa ölərik”.
17. Onda Rəbb mənə dedi: “Dedikləri doğrudur.
18. Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz. O əmr etdiyim hər şeyi sizə söyləyəcək.
19. Mənim adımla söylədiyi sözlərə qulaq asmayan adamı ittiham edəcəyəm.
20. Lakin hansı bir peyğəmbər ona əmr etmədiyim sözü Mənim adımdan danışmağa cürət edərsə yaxud başqa allahların adından danışarsa, o peyğəmbər öldürülsün”.
21. “Axı bu sözün Rəbdən olub-olmadığını necə bilək?” deyə düşünə bilərsiniz.
22. Əgər bir peyğəmbər Rəbbin adından danışanda dediyi söz həyata keçməzsə yaxud düz çıxmazsa, bilin ki, onu Rəbb söyləməmişdir. O peyğəmbərin dediklərinin səlahiyyəti yoxdur. Ondan qorxmayın.

Zəbur 37:37-40
37. Kamil adama bax, əməlisaleh insana nəzər yetir,Gələcək sülhsevən adama bəxş ediləcək.
38. Amma bütün üsyankarlar birlikdə yox olacaq,Pislərin kökü kəsiləcək.
39. Salehlərin qurtuluşu Rəbdəndir,Dar gündə onlara pənah yeridir.
40. Rəbb onların imdadına çatır,Onları qurtarıb pislərin əlindən alır,Çünki onlar Rəbbə pənah aparır.

Süleymanın Məsəlləri 12:20-22
20. Şər quranın qəlbində hiylə olar,Nəsihət verib sülhə çağıran sevinc tapar.
21. Saleh heç vaxt bəlaya düşməz,Pislərin başı bəla ilə dolu olar.
22. Rəbb yalançı dilə ikrah edər,Həqiqəti yerinə yetirənlərdən isə razı qalar.

Luka 4:1-30
1. İsa Müqəddəs Ruhla dolaraq İordan çayından qayıtdı və Ruh tərəfindən səhraya aparıldı.
2. Orada İsa qırx gün ərzində iblis tərəfindən sınağa çəkildi. Bu müddətdə İsa heç nə yemədi və qırx gün keçəndən sonra acdı.
3. İblis Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşa əmr et ki, çörəyə dönsün».
4. Lakin İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə yaşamaz” deyə yazılmışdır».
5. Sonra iblis İsanı yuxarıya çıxardı və bir anda dünyanın bütün padşahlıqlarını Ona göstərdi.
6. İblis İsaya dedi: «Mən bütün bunların üzərindəki səlahiyyəti və şan-şöhrəti Sənə verəcəyəm. Çünki bunlar mənə verilib və mən kimə istəsəm, ona verə bilərəm.
7. Bax əgər Sən mənə səcdə etsən, bunların hamısı sənin olacaq».
8. İsa ona belə cavab verdi: «“Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır».
9. Sonra iblis Onu Yerusəlimə apardı və məbədin qülləsinə qoyub dedi: «Əgər Sən Allahın Oğlusansa, özünü buradan aşağı at.
10. Axı“Allah Sənə görə mələklərinə əmr edər ki,Səni qorusunlar,
11. Səni əlləri üstündə aparsınlar,Ayağın bir daşa dəyməsin”deyə yazılmışdır».
12. Amma İsa cavabında ona belə dedi: «“Allahın Rəbbi sınama” deyilmişdir».
13. İblis sınaqların hamısını qurtarandan sonra bir müddət Onu tərk etdi.
14. İsa Ruhun qüdrəti ilə Qalileyaya qayıtdı. Onun haqqında xəbər bütün bölgəyə yayıldı.
15. İsa oranın sinaqoqlarında təlim öyrətməyə başladı. Hamı Onu izzətləndirirdi.
16. İsa böyüdüyü Nazaret şəhərinə gəldi və adətinə görə Şənbə günü sinaqoqa getdi. O, Müqəddəs Yazılardan oxumaq üçün ayağa qalxdı.
17. Ona Yeşaya peyğəmbərin kitabını verdilər. İsa tumarı açıb bu sözlər yazılan hissəni tapdı:
18. «Rəbbin Ruhu üzərimdədir,Çünki fəqirlərə Müjdəni bildirmək üçünO Məni məsh etdi.Əsirlərə azadlıq,Korlara gözlərinin açılmasını elan etmək üçün,Məzlumları sərbəstliyə buraxmaq üçün,
19. Rəbbin lütf ilini bəyan etmək üçünMəni göndərdi».
20. Sonra İsa tumarı bağladı və xidmətçiyə verib oturdu. Sinaqoqda oturanların hamısı Ona diqqətlə baxırdı.
21. İsa onlara «eşitdiyiniz bu Müqəddəs Yazı bu gün yerinə yetdi» deyə danışmağa başladı.
22. Bu vaxt hamı Onun haqqında yaxşı sözlər deyirdi və Onun ağzından çıxan lütf dolu kəlmələrə heyrət edirdi. Onlar «Məgər bu, Yusifin Oğlu deyilmi?» deyirdilər.
23. İsa onlara belə dedi: «Əlbəttə, siz Mənə “Ey həkim, öz-özünə şəfa ver!” məsəlini xatırladacaqsınız. “Kefernahumda etdiklərin barəsində eşitmişik. Burada, Öz yurdunda da həmin işləri et!” deyəcəksiniz».
24. Sonra dedi: «Sizə doğrusunu deyirəm: heç bir peyğəmbər öz yurdunda qəbul edilməz.
25. Yenə də sizə həqiqəti deyirəm ki, İlyasın dövründə göy üç il altı ay ərzində bağlı qalıb bütün ölkədə böyük aclıq olanda İsraildə çoxlu dul qadın var idi.
26. Amma İlyas onlardan heç birinin yanına deyil, Sidonun Sarfat şəhərində olan bir dul qadının yanına göndərildi.
27. Elişa peyğəmbərin dövründə İsraildə çoxlu cüzamlı var idi. Ancaq onlardan heç biri deyil, yalnız Aramlı Naaman pak oldu».
28. Sinaqoqdakı camaatın hamısı bu sözləri eşidib hiddətləndi.
29. Onlar ayağa durdular və İsanı şəhərin kənarına qovdular. Onu uçurumdan atmaq üçün şəhərin qurulduğu təpənin başına gətirdilər.
30. Amma İsa onların arasından keçərək oradan çıxıb getdi.