A A A A A

Bir il Bibliya


Mart 24


Qanunun Təkrarı 9:1-29
1. Ey İsraillilər, qulaq asın! Bu gün sizdən daha böyük, daha qüdrətli millətlərin torpaqlarını irs olaraq almaq üçün İordan çayını keçmək ərəfəsindəsiniz. Onların şəhərləri böyük, hasarları göylərə çatır.
2. Bu güclü, ucaboy xalq Anaqlılardır. Onları tanıyırsınız və barələrində belə eşitmisiniz: “Anaqlıların qarşısında kim dayana bilər?”
3. Bu gün də bilin ki, sizin önünüzdə gedən Allahınız Rəbb hər şeyi yandırıb-yaxan alovdur. Rəbb onları qıracaq, qarşınızda boyun əydirəcək və sizə söylədiyi kimi onları qovub tezliklə yox edəcəksiniz.
4. Allahınız Rəbb onları önünüzdən kənara atanda ürəyinizdə deməyin ki, bu torpağı almaq üçün Rəbb bizi buraya salehliyimizə görə gətirdi. Belə ki Rəbb bu millətləri pis əməllərinə görə önünüzdən qovur.
5. Torpaqlarına girib irs olaraq oranı almağınız sizin salehliyinizə və ürəyinizin düzlüyünə görə deyil. Ancaq Allahınız Rəbb bu millətləri pis əməllərinə görə sizin qarşınızdan qovacaq ki, ata-babalarınız İbrahimə, İshaqa, Yaquba verdiyi vədi yerinə yetirsin.
6. Bilin ki, Allahınız Rəbb salehliyinizə görə bu gözəl torpağı mülk olaraq almaq üçün sizə vermir, çünki siz dikbaş bir xalqsınız.
7. Bunu yada salın və Allahınız Rəbbi səhrada necə qəzəbləndirdiyinizi unutmayın. Misir torpağından çıxdığınız gündən bu yerə gələnədək Rəbbə qarşı nə qədər itaətsizlik etdiniz.
8. Rəbbi Xorevdə qəzəbləndirdiniz. Rəbb sizi məhv edəcək qədər hiddətləndi.
9. Mən Rəbbin sizinlə etdiyi əhdin lövhələri olan daş lövhələri götürmək üçün dağa çıxanda orada qırx gün-qırx gecə qaldım: nə çörək yedim, nə də su içdim.
10. Rəbb Allah mənə Öz barmağı ilə yazdığı iki daş lövhə verdi. Yığıldığınız gün dağda Rəbbin sizə alovun içindən bildirdiyi bütün əmrlər onların üzərində yazılmışdı.
11. Rəbb iki daş lövhəni – əhd lövhələrini qırx gün-qırx gecənin sonunda mənə verdi.
12. Sonra Rəbb dedi: “Tez ol, dağdan en, çünki Misirdən çıxardığın xalq əxlaqsızlıq edir. Onlar buyurduğum yoldan yaman tez azdılar. Özlərinə tökmə büt yaradıblar”.
13. Rəbb mənə bunu da söylədi: “Görürəm ki, bu xalq dikbaş xalqdır.
14. Qoy onları yox edim. Adlarını səma altından silim. Səndən isə onlardan daha güclü, daha böyük millət törədim”.
15. Mən dönərək dağdan aşağı endim. Dağ alovlanıb yanırdı. Əhdin yazıldığı iki lövhə əlimdə idi.
16. Gördüm ki, Allahınız Rəbbə qarşı günah edirsiniz. Özünüz üçün danayabənzər bir tökmə büt düzəltmisiniz və Rəbbin sizə buyurduğu yoldan yaman tez azmısınız.
17. Buna görə də əlimdə tutduğum iki lövhəni atdım və gözünüz önündə onları parça-parça etdim.
18. Yenə Rəbbin hüzurunda heç nə yeyib-içmədən qırx gün-qırx gecə yerə sərilib qaldım, çünki günah etmişdiniz və Rəbbin gözündə pis sayılan işlər görərək Onu qəzəbləndirmişdiniz.
19. Rəbbin qızğın qəzəbi qarşısında qorxdum. Qəzəbi o qədər alovlanmışdı ki, O sizi yox etmək istəyirdi. Amma Rəbb yenə də yalvarışımı eşitdi.
20. Rəbb Haruna da hiddətlənmişdi. Onu da yox etmək istəyirdi. O an Harun üçün də yalvardım.
21. Etdiyiniz günah əşyasını – o danayabənzər tökmə bütü götürüb oda atdım və sındırdım, əzib toza döndərdim. Sonra tozu dağdan axan selə tökdüm.
22. Siz Taverada, Massada, Qivrot-Hattaavada da Rəbbi qəzəbləndirdiniz.
23. Rəbb sizi Qadeş-Barneadan yola salarkən belə buyurmuşdu: “Gedin, sizə verəcəyim torpağı özünüz üçün irs olaraq alın”. Siz isə Allahınız Rəbbin əmrinə qarşı çıxdınız, Rəbbə güvənmədiniz, sözünə qulaq asmadınız.
24. Sizi tanıyan gündən bu vaxta qədər dayanmadan Rəbbə qarşı üsyankar oldunuz.
25. Rəbb sizi yox edəcəyini söylədiyi üçün qırx gün-qırx gecə Onun hüzurunda yerə döşənib qaldım.
26. Rəbbə yalvarıb dedim: “Ya Xudavənd Rəbb, Misirdən böyük qüvvətinlə, qüdrətli əlinlə çıxararaq qurtardığın xalqını, Öz irsini yox etmə.
27. Qulların İbrahimi, İshaqı, Yaqubu yada sal. Bu xalqın dikbaşlığına, pisliyinə, günahına nəzər salma.
28. Yoxsa bizi çıxartdığın ölkənin xalqı deyəcək ki, Rəbb onları vəd etdiyi torpağa apara bilmədi və bu xalqa nifrət etdiyi üçün onları səhrada məhv etmək məqsədi ilə Misirdən çıxartdı.
29. Halbuki onlar Sənin xalqın, Sənin irsindir. Sən onları böyük qüdrətinlə, uzanan qolunla oradan çıxartmısan”.

Qanunun Təkrarı 10:1-22
1. O vaxt Rəbb mənə dedi: “Əvvəlki kimi özün üçün iki daş lövhə yon və dağa – yanıma çıx. Ağacdan bir sandıq da düzəlt.
2. Qırdığın əvvəlki lövhələrdə yazılan sözləri yeni lövhələrin üstündə yazacağam. Onları sandığa qoy”.
3. Əbrişim ağacından bir sandıq düzəldib əvvəlki kimi iki daş lövhəni yondum. Sonra bu iki daş lövhəni əlimə götürüb dağa çıxdım.
4. Rəbb yığıldığınız gün dağda alovun içindən Özünün sizə bildirdiyi On Əmri bu lövhələr üzərinə yenə də əvvəlki kimi yazdı və mənə verdi.
5. Mən dönüb dağdan enərək Rəbbin mənə əmr etdiyi kimi bu lövhələri düzəltdiyim sandığa qoydum və həmin lövhələr orada qaldı.
6. İsrail övladları Yaaqan övladlarına məxsus quyular olan yerdən Moseraya köçdülər. Harun orada ölüb dəfn olundu. Onun yerinə oğlu Eleazar kahin oldu.
7. Oradan Qudqodaya və Qudqodadan da axar sular diyarı olan Yotvataya köçdülər.
8. O zaman Rəbb Levi qəbiləsini ayırdı ki, Rəbbin Əhd sandığını daşısınlar, Rəbbə xidmət edərək, Onun adı ilə xeyir-dua verərək hüzurunda dayansınlar. Onlar bu günədək eyni işi görürlər.
9. Elə buna görə də Levililərə İsrailli soydaşları ilə birlikdə pay və irsi torpaq düşmədi. Allahınız Rəbbin onlara söz verdiyi kimi onların irsi Rəbb Özüdür.
10. Əvvəlki kimi yenə də qırx gün-qırx gecə dağda qalmışdım. Rəbb bu dəfə də məni dinlədi və ona görə sizi qırmaq istəmədi.
11. Rəbb mənə dedi: “Qalx köçən xalqın qarşısında get ki, atalarına vəd edib söz verdiyim torpağa daxil olub oranı irs olaraq alsınlar”.
12. İndi, ey İsrail, axı Allahın Rəbb səndən nə istəyir? Yalnız bunu istəyir: Ondan qorx, tamamilə Onun yolunu tut, Onu sev, bütün qəlbinlə və bütün varlığınla Allahın Rəbbə sitayiş et.
13. Bu gün xoş güzəranın üçün sənə buyurduğum Rəbbin əmr və qaydalarına riayət et.
14. Bax göylər, göylərin ən uca qatları belə, yer üzü və yer üzərində olan hər şey Allahın Rəbbindir.
15. Lakin Rəbb atalarınıza şəfqətli olmuşdur. Onları sevib sonrakı nəsil olan sizi bugünkü kimi bütün xalqlar arasından seçdi.
16. Elə buna görə ürəklərinizi sünnət edin ki, bir daha dikbaş olmayasınız.
17. Çünki Allahınız Rəbb allahların Allahı, hökmranların Hökmranıdır. O tərəfkeşlik etməyən, rüşvət almayan, böyük, qüdrətli, zəhmli Allahdır.
18. O, yetimin və dul qadının haqqını qoruyur. Qəribi sevir, ona çörək və paltar verir.
19. Siz də qəribi sevin, çünki özünüz də Misir ölkəsində qərib idiniz.
20. Allahınız Rəbdən qorxun, Ona sitayiş edərək sadiq qalın və yalnız Onun adı ilə and için.
21. Ona həmişə həmd edin. Gözünüzlə gördüyünüz əzəmətli və zəhmli əlamətləri edən Allahınızdır.
22. Atalarınız yetmiş nəfər olaraq Misirə getmişdi. İndi isə Allahınız Rəbb sizi çoxaldaraq göydəki ulduzlar qədər edib.

Zəbur 37:12-17
12. Şər adam salehin qəsdinə durur,Ona qarşı dişlərini qıcayır.
13. Amma Xudavənd şər adama gülür,Onun dövranının az olmasını bilir.
14. Məzlumu, fəqiri yerə vurmaq üçün,Düz yolda olanı boğazlamaq üçünPislər qılınc çəkər, ox-kamanını qurar.
15. Lakin onların qılıncları öz ürəklərinə saplanacaq,Ox-kamanları parça-parça olacaq.
16. Salehin az malıPislərin bütün sərvətlərindən yaxşıdır.
17. Çünki pislərin qol-qanadı qırılacaq,Rəbb isə salehlərin dayağıdır.

Süleymanın Məsəlləri 12:11-11
11. Torpağını əkib-becərən doyunca çörək yeyər,Qanmaz boş şeylərin ardınca gedər.

Luka 1:57-80
57. Elizavetin doğmaq vaxtı çatdı. O, bir oğlan doğdu.
58. Onun qohum-qonşuları Rəbbin ona böyük mərhəmət göstərdiyini eşidəndə onunla birgə sevindilər.
59. Səkkizinci gün körpəni sünnət etməyə gəldilər. Ona atası Zəkəriyyənin adını qoymaq istədilər.
60. Körpənin anası isə dedi: «Yox, onun adı Yəhya olacaq».
61. Ona dedilər: «Axı qohumların arasında belə adı olan bir kəs yoxdur».
62. Körpənin atasından körpəyə nə ad qoyulmasını işarə ilə soruşdular.
63. O, bir yazı lövhəciyi istəyib yazdı: «Onun adı Yəhyadır». Hamı heyrətə gəldi.
64. Həmin o anda Zəkəriyyənin dili açıldı. O, Allaha alqış etməyə başladı.
65. Qonşuların hamısı qorxuya düşdü. Bütün bu hadisələr haqqında Yəhudeyanın dağlıq bölgəsinin hər yerində danışırdılar.
66. Bu barədə eşidən hər bir kəs fikrə gedib deyərdi: «Bu körpə böyüyüb nə olacaq?» Çünki Rəbbin əli onun üzərində idi.
67. Körpənin atası Zəkəriyyə Müqəddəs Ruhla dolub belə peyğəmbərlik etdi:
68. «Alqış olsun İsrailin Allahı Rəbbə!Çünki Öz xalqına nəzər salıb onları satın aldı.
69. O, qulu Davudun nəslindənBizə qüdrətli Xilaskar yetirdi.
70. Qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi
71. Düşmənlərimizdən və bizə nifrət edənlərin əlindən bizi xilas etdi.
72. Beləcə ata-babalarımıza mərhəmət göstəribÖz müqəddəs Əhdini xatırladı.
73. Atamız İbrahimə and içdiyi kimiBizə elə güc verdi ki,
74. Düşmənlərimizin əlindən qurtulubHəyatımız boyu qorxmadan Rəbbin önündəMüqəddəslik və salehliklə Ona ibadət edək.
75.
76. Ey körpə, sən Haqq-Taalanın peyğəmbəri adlanacaqsan,Çünki Rəbbin önündə gedəcəksən,Onun yolunu hazırlayacaqsan.
77. Onun xalqına günahlarının bağışlanması iləXilas olunmaları barədə bildirəcəksən.
78. Axı Allahımızın ürəyi mərhəmətlidir,Onun bu mərhəmətinə görəUcalarda bizim üçün Günəş doğacaq ki,
79. Zülmətdə və ölüm kölgəsində oturanların üzərinə nur saçsın,Ayaqlarımızı sülh yoluna yönəltsin».
80. Körpə isə böyüyüb ruhən qüvvətlənirdi və İsrail xalqına görünən günədək çöldə qaldı.